Kulis.az Xəyalə Muradlının “Oxucular ölkəsinə çevrilmək üçün nə edək?” araşdırma-məqaləsini təqdim edir.
Bu o zamanlardı ki, kitab həyatımızın ayrılmaz hissəsi idi. Evimizin ən munis guşəsində düzəltdiyimiz rəflərə kitablarımızı boyuna, həcminə, rənginə, illərinə uyğun sıralayıb düzərdik. Hər gün rəflərin, kitabların tozu alınardı. Yerlərini dəyişməyə isə heç kimin ixtiyarı olmazdı... O qədər də yüksək olmayan aylıq məvacibimizdən kitab üçün də müəyyən məbləğ ayırıb qoyardıq kənara. Yeni kitab çap olunan kimi də alıb, oxumağa tələsərdik. Üstəlik, paytaxtdan tapa bilmədiyimiz yeni nəşrləri Moskvadan da sifariş edərdik. Bəlkə indi də əksəriyyətimizin evində o vaxt aldığımız ensiklopediyanın bütün cildləri qalır...
Bu o zamanlardı ki, rayon, kənd kitabxanalarında bir kitabı oxumaq üçün günlərlə, həftələrlə növbə gözləməli olurdun. Vay o haldan ki, tanışın o kitabı səndən qabaq oxuyub qürrələnəydi. Uduzmuş oyunçu kimi "niyə mən birinci olmadım”, - deyə için-içini yeyərdi. Belə bir oxumaq rəqabəti aparırdıq aramızda gizlincə...
Bu o zamanlardı ki, gecə kitab oxumadan yuxuya getməzdik. Hətta işıqlar sönəndə belə, şam, lampa işığında oxumağa davam edərdik. Və o qaranlıqda oxunan əsər bizə daha mistik, daha təsirli, daha sehrli görünərdi. Bir ayrı zövq alardıq, bir başqa həzz yaşayırdıq... Belə bir aclıq vardı kitablara qarşı içimizdə...
Bir də "qadağan olunmuş” əsərlər vardı bizim üçün. Yaşımıza uyğun olmadığı üçün böyüklərimiz o kitabı açıb səhifələrini vərəqləməyə də icazə verməzdilər. Amma öyrənmək, oxumaq təşnəsi, kitab ehtirası o qədər güclü olardı ki, qadağalarla da qarşısı alına bilməzdi. Fürsət tapıb böyüklərdən gizlin, küncdə-bucaqda o əsəri mütləq oxuyardıq...
Bu gün isə... Etiraf edək ki, çoxumuz övladımıza, nəvəmizə kitabı məcburən, zorla, telefon, planşet, kompüter qadağası ilə təhdid edərək oxuduruq. Axı niyə müasir gənclərin mütaliəyə marağı, sevgisi əvvəlki kimi deyil? Oxucularda kitaba olan şövqün sönük olması nə ilə bağlıdır? Azərbaycanı oxucular ölkəsinə çevirmək üçün nə etmək lazımdır? Ədəbiyyatımızın bugünkü mənzərəsinə yazıçılarımızın gözü ilə baxaq.
"Bu gün kitab transformasiyaya uğrayır”
İlk həmsöhbətimiz xalq yazıçısı Elçindir. Deyir ki, "Mən bütün həyatım boyu oxumuşam və bu yaşa gəlib çatmışam, ancaq indi baxıb görürəm ki, sən demə, az qala, heç nə oxumamışam”. Ona görə də heç bir ölkədə və heç bir vaxt kitab oxuyanın sayı qənaətedici ola bilməz, çünki bəşəri ədəbiyyat elə bir məqama gəlib çıxıb ki, dibi görünməyən bir dəryadır: "Kitaba marağın azalması bütün postsovet məkanını ehtiva edir və bu, əlbəttə, bizim üçün təskinlik deyil, ancaq faktdır. Bir müddət əvvəl Moskvada nəşr olunan "Literaturnaya qazeta”da oxudum ki, hətta Çin kimi sürətlə inkişaf edən (və oxuyan!) bir ölkənin belə, məşhur ədəbiyyatşünas professoru 20-30 il bundan əvvəlkinə nisbətən kitaba marağın azalmasından şikayət edir. Başqa bir məsələ də var ki, biz istəsək də, istəməsək də, bu gün kitab transformasiyaya uğrayır, yəni klassik kitab öz formasını dəyişir. Artıq elektron kitab mütaliəsi sürətlə inkişaf edir və bu, hələ "oxuyanlar” statistikasına düşmür. Mən rəflərə düzülmüş kitabları sevən bir oxucu kimi belə bir transformasiyaya heç vəchlə alışa və bununla barışa bilmirəm. Ancaq bu, nə məndən, nə səndən, nə də bir başqasından asılıdır. Bu dəyişmə prosesi - dövrün, zamanın sifarişidir”.
Xalq yazıçısı söyləyir ki, bu gün ədəbiyyatımızda istedadlı gənclər var, yazırlar, özü də yaxşı yazırlar. Xüsusən poeziyamızda. Lakin onları "ədəbi nəsil” adlandırmaq olmur: "Doğrusunu deyim ki, həm say, həm də bədii-estetik yeni söz baxımından ədəbi nəsil siqlətini, sanbalını mən, təəssüf ki, görmürəm. "Ədəbi nəsil” anlayışı - fərdi yox, bu fərdiliklə bərabər, estetik amalın birliyi, ümumiliyidir. "Ədəbi nəsil” - zaman kateqoriyasından artıq dərəcədə həmin amal birliyinin ifadəsidir. Bax, belə bir güclü ədəbi birliyi hələ ki, dediyim kimi, mən görmürəm”.
Bəs bu gün yazıçı populyarlığını şərtləndirən əsas amillər hansılardır? Xalq yazıçısı Elçinin fikrincə, əgər populyarlıqla keyfiyyət üst-üstə düşürsə, bu yerdə əsas amil istedaddır. Yox, əgər populyarlıq bəsit "məhəbbət gözyaşları”, yalançı "millət qəhrəmanlığı”, ucuz çılpaqlıq və s. sayəsində yaranırsa, bu yerdə artıq həmin əsas amil istedadsızlıqdır: "Buna görə də populyarlıq həmişə sənətin göstəricisi deyil. Puşkinin zamanında Vladimir Benediktov ondan populyar şair idi, indi hardadır? Sovet dönəmində ən populyar dramaturqlardan biri, 40-50-ci illərdə bəlkə də birincisi 5-6 dəfə Stalin mükafatı almış Aleksandr Korneyçuq idi, yaxud ən populyar ssenariçilərdən biri Georgi Mdivani idi, yaxud da ən populyar nasirlərdən biri Semyon Babayevski idi, indi onları mütəxəssis sovetşünaslardan başqa heç kim tanımır”.
"Kitab oxumaq istəyirik, amma pul verib almaq yox”
Azərbaycanda əsərləri ən çox oxunan və satılan yazıçı, detektiv roman ustası Elxan Elatlı oxucularının sayından razıdır. Deyir ki, ölkəmizdə oxumağa meyil var, sadəcə nədənsə pul verib kitab almaq istəmirlər: "Azərbaycan müstəqillik qazanandan sonra azı 10 il kitab oxunmadı və satılmadı. 2000-ci illərdə yavaş-yavaş maraq yarandı. Metrolarda Azərbaycan dilində kitablar görünməyə başladı. Elə o vaxtlar kitablarım sürətlə satılıb yayıldı. Metrolarda satışın ləğvi isə oxucuların da azalmasına təsir etdi. Sevindiricidir ki, son vaxtlar kitab evlərinin sayı artır. Bu, kitaba marağın da getdikcə çoxalmasına səbəb olur. Burda orta məktəblərdəki ədəbiyyat müəllimlərinin də üzərinə iş düşür. Əvvəl sinifdənxaric oxu saatları var idi. İndi də şagirdi kitab oxumağa məcbur etmək lazımdır. Bu, onların xeyrinədir, nəinki ziyanına. İstəsək, oxucu sayını 2-3 dəfə artıra bilərik. Ümumilikdə isə mən oxucularımdan narazı deyiləm. Sadəcə olaraq oxucu sayı ilə kitabın satış sayı fərqlidir. Yəni kitabı oxumaq istəyirik, amma almaq yox! Səbəbi mənə hələ də aydın deyil! Desəm ki, bu, maliyyə ilə əlaqədardır, o da deyil. Dəfələrlə olub mənə restoranda bahalı qonaqlıq veriblər. Ancaq kitabımın imza günündə həmin şəxslərə demişəm 200 manatlıq kitab alın, tələbələr pulsuz aparsın, almayıblar. Halbuki mənə bu lazımdır, qonaqlıq yox”.
"Son vaxtlar yazanda maliyyəni düşünməyə məcbur oluram”
Yazıçı müasir oxucunun ədəbiyyatdan nə istədiyini, tələblərini deməyə çətinlik çəkir. Ancaq hesab edir ki, oxucu əlinə aldığı əsərdə səmimiyyəti, aldanmamağı, özlərini, ətraflarını görmək istəyir. Qısası, doğma ədəbiyyat istəyir: "Mən romanlarımda bunları verməyə çalışıram. Bəlkə elə ona görə də oxunuram. Düzdür, çox vaxt əsərlərimi "qeyri-ciddi ədəbiyyat” adlandırırlar. Bəli, mən sadə yazıram. Əslində bunun özü də çətindir. Uzun illər riyaziyyat müəllimi işləmişəm. Müəllim kimi də sevilmişəm, çünki riyaziyyat kimi çətin fənni şagirdlərə sadə dillə izah edə bilmişəm. Əgər müəllim bir fənni özü yüz faiz tam anlayırsa, sadə dilə çevirib danışa bilir. Anlamırsa, kitabdan oxuduğunu əzbər danışır. Bəzən insanlar aldanırlar, kitab cümləsi ilə danışanı dərin adam hesab edirlər. Ədəbiyyat da sadə olmalıdır. Son 20 ildə həyat ritmimiz çox dəyişib. Bu gün məktublar internet üzərindən yazılır. Hətta gənclərin "salam”, "necəsən” sözlərini tam yazmağa da hövsələsi çatmır, saitləri ixtisar edir. Bu cür həyat ritmilə yaşayan gənclərə qəliz cümlələrlə, fəlsəfi yazılarla necə təsir etmək, kitab oxutmaq olar? Oxumurlar”.
E.Elatlının sözlərinə görə, onun əsərləri ənənəvi detektivlərdən kəskin fərqlənir: "Tutaq ki, ciddi ədəbiyyat sayılanlar romanlarını hansısa qlobal məsələyə həsr edirlər. Əgər istədiklərinə nail olurlarsa, çox gözəl, mən də alqışlayıram. Yox, nail olmurlarsa, ondansa bir detektiv, ya məişət mövzusunda sadə roman yazıb müsbət cəhəti aşılaya bilsəilər, daha çox uğur qazanarlar. Bir də ki, mən bütün romanlarımda vətənpərvəliyə, böyüyə hörmətə, anaya məhəbbətə, milli birliyə və digər adət-ənənələrə yer verirəm. "Görünməyən izlər”də gəncləri narkomaniyadan uzaqlaşdırmağa çalışmışam, körpələri uşaq evlərinə verən analardan yazmışam. Bütün əsərlərim də mütləq xeyrin şər üzərində qələbəsi ilə bitir. Məgər bunlar qlobal məsələlər deyil?”
Detektiv romanlar müəllifi heç bir yerdə işləmədən və kənar gəliri olmadan əsərlərinin satışı ilə dolanan yeganə azərbaycanlı yazıçı olduğunu söyləyir. 24 kitabından 20-sini biznes marağı güdmədən yazdığını bildirir. Lakin etiraf edir ki, son vaxtlar biznes marağını da güdməyə məcburdur: "Bu vaxta qədər heç kəsə maliyyə, sponsorluq üçün ağız açmamışam. Ümumiyyətlə, kiminsə borcu da deyil yazıçıya maddi yardım göstərsin. Yazıçısansa, yazdığın az da olsa satılacaq, pul gətirəcək. Satılmırsa, ümid etmək də düz deyil ki, gələcəkdə satılacaq. Çünki 10 il sonranı proqnoz etmək mümkün deyil, oxucu sabah nə istəyəcək bilinmir. Əvvəllər kitablarım sürətlə satılırdı, nəşriyyat da pulu mütəmadi verirdi. Üstəlik, əvvəlki kitablarımı da yenidən nəşr edirdi. İki ildir "Teas press” nəşriyyatı əlyazmamı alıb, pulu banka köçürdür. İldə iki kitab yazıram. Hərdən düşünürəm, o məbləği mənə hansısa təşkilat versə, 2 dəfə qüvvətli əsər yazaram, çünki tələsmərəm. Lakin son vaxtlar artıq maliyyəni düşünməyə məcbur oluram. Xarici ölkələrdə bir romanın satış pulu ilə yazıçı illərlə dolanır. Onunla müqayisədə bizdə məbləğ, əlbəttə, çox aşağıdır. Amma fəxr edirəm ki, yalnız kitablarımla dolanıram”.
"Biz haçan zövqsüz dediyimiz insanlara zövqlü əsərləri təbliğ etdik?”
Xeyli vaxtdır Türkiyədə yaşayan gənc şair Aqşin Yenisey ilk olaraq qardaş ölkədən Azərbaycan ədəbiyyatının bugünkü mənzərəsini təsvir etdi: "Hər nə qədər əyalət təsiri bağışlasaq da, ədəbiyyatımız, xüsusilə klassik ədəbiyyatımız vəziyyətimizi xeyli yaxşılaşdırır. Rus ədəbiyyatına yaxınlıq son dövr ədəbi əsərlərimizin görkəmini xeyli ciddiləşdirir. Türkiyə yazıçı və şairlərinin heyranlıqla baxdığı rus ədəbiyyatını biz demək olar ki, öz ədəbi mətnlərimizin içində əritmişik. Amma ədəbiyyatımız uzun illər sovet təsiri altında olduğu üçün peşəkarlığına xeyli ziyan dəyib. Peşəkarlıq baxımından türk yazarları bu gün bizdən üstündür. Bu da onların Qərb ədəbiyyatı ilə birbaşa təmasının olmasıdır. Bizə bu azadlıq uzun illər verilməyib. İkinci bir məsələ tərcümə və kitab çapı məsələsidir ki, biz bu işdə yubanırıq. Düzdür, son zamanlar naşirlər dünyada yeni nəşr olunan kitabların tərcüməsinə və çapına can atırlar, amma bu, hələ başlanğıcdır. Xüsusilə dünya müəlliflərinin ikinci, üçüncü dildən deyil, öz dillərindən tərcüməsi bizdə yeni istiqamətdir. Alqışa layiqdir. Oxucuların ədəbiyyata münasibətinə gəlincə, demək olar ki, eyni mənzərədir, hətta say etibarı ilə Azərbaycan oxucusu daha çoxdur. 80 milyonluq ölkə üçün ədəbi nəşrlərin və kitabların tirajı çox aşağıdır Türkiyədə. Bir balaca maraq oyadılsa, Azərbaycanı oxucular ölkəsinə çevirmək elə də çətin məsələ deyil, çünki bizdə orta təhsilin səviyyəsi Türkiyədən qat-qat yaxşıdır”.
Bəs o marağı necə oyatmaq lazımdır? A.Yenisey hesab edir ki, ilk növbədə sənətlərarası əlaqəni bərpa etmək lazımdır. Rejissorlar, yazıçılar, aktyorlar, bəstəkarlar bir-birlərini tanımalı, bir-birləri ilə işləməyə can atmalıdırlar. İkinci məsələ kütləvi informasiya vasitələrinin diqqətini yeni yaranan əsərlərə, yeni çap olunan kitablara cəlb etmək və bunun ardıcıllığını qorumaqdır: "Televiziyalar kitaba ayıracaqları vaxtı ciblərinə dəyəcək ziyanla ölçməməlidir. Bilirsiniz, kütlə hər yerdə eyni xüsusiyyətlərə malikdir. Ona nəyi təbliğ edəcəksinizsə, ona oxşamağa çalışacaq. Bu gün Azərbaycanda hamı sosial şəbəkə istifadəçilərinin zövqündən şikayətlənir. "Niyə belə zövqsüz kütlə yetişib”, - deyə hamı bu sual ətrafında fikirləşir. Biz haçan zövqsüz dediyimiz insanlara zövqlü əsərləri təbliğ etdik ki, onlar bizə inanmadılar? Modern çağın öz oyun qaydaları, təbliğat metodları var. Biz bundan yararlanmağın yollarını öyrənməliyik. İstedadlı, intellektual insanlarla işləməyə üstünlük verməliyik. Əgər bu dediklərimin bir qismini də olsa reallaşdıra bilsək, yüksək nəticələrə çatmaq elə də çətin deyil. Azərbaycanın intellektual potensialı buna imkan verir”.
"Oxucu ilə dil tapmaq üçün onun qapısına getmək lazım deyil”
Şairin qənaətincə, müasir oxucu ədəbiyyatda öz həyatının, ətrafında baş verənlərin bədii həllini axtarır, tarixə yeni gözlə baxmaq, intellektlə əyləncəni bir arada görmək istəyir. O, istəyir ki, özü ədəbiyyata deyil, ədəbiyyat ona vaxt ayırsın: "Oxucu siyasətdən, dindən umduğu kimi, sənətdən də bir şeylər umur. Zövqünün, yaddaşının yenilənməsinə maraqlıdır. Oxucu istəyir ki, sənət onu tanış olmadığı, həm də yaşadığının eynisi olmayan bir dünyaya aparsın, onu başqa bir dünyanın sakininə çevirsin. Təəssüf ki, bu gün yazıçı və şairlərimizin özlərinin həyatı oxucuların həyatından fərqlənmir, adamlar çox vaxt buna görə əsərlərlə maraqlanmırlar. Sənət adamları çox əlçatan olub, sanki sənətin sehri dağılıb. Müasir oxucu öz yazıçısından sehrbazlıq istəyir, intellektual, fəlsəfi, bədii, hətta həyati sehrbazlıq. Amma bu, o demək deyil ki, sənət oxucunun istəyinə, sifarişinə uyğun mövqe seçməlidir. Oxucu onsuz da öz həyatından daha maraqlı yaşadığı mətni gec-tez tapacaq. Oxucu ilə dil tapmaq üçün onun qapısına getmək lazım deyil. Bu gün yazıçı və şairlərimiz məhz oxucunun qapısına özləri getdikləri üçün onların yaradıcılığına maraq azdır. Mən yazıçı ilə oxucu arasında platonik sevginin tərəfdarıyam”.
Yazıçıların qonorar probleminə də toxunan A.Yeniseyin fikrincə, əgər naşir hansısa yazıçının kitabından pul qazanacağını bilsə, istədiyi məbləği düşünmədən verər. Yazıçı da bilsə ki, kitabı satılacaq, özünə lazım olan məbləği rahatlıqla naşirdən alar: "Sistem dəyişib deyə bizdə naşirlər də hələ öz işlərini qura bilmirlər. Məsələn, Türkiyədə naşir əvvəlcə imzanın şöhrətinin üzərində işləyir, yəni istedadlı bildiyi bir və bir neçə müəllifə sərmayə yatırır, sonra onun kitablarını çap edib, qoyduğu pulun iki qatını götürür. Bizdə naşirlərin özlərinin maliyyələşdirdiyi bir ədəbi orqan, yaxud kitabşünaslar varmı? Bizdə naşirlərin sərmayə qoyduğu bir gənc müəllifi varmı? Yoxdur! Bunlar yoxdursa, demək, bazar da yoxdur! Məsələn, mən ədəbi istedad deyilən bir müftə sərvətə sahib olduğumu sübut etmək üçün iyirmi ildir özümü öldürürəm. Bir naşir varmı pul ayırıb, lap sifariş versin ki, bizim üçün filan mövzuda bir əsər yaz? Yoxdur! Bundan ikinci nəticəyə gəlmək olur - ya məndə istedad yerli-dibli yoxdur ki, heç kim maraqlanmır, ya da naşirlər müftə müəllif axtarır. Əgər biz bu işə bazar qanunları ilə yanaşmaq istəyiriksə və naşirin də, müəllifin də qazanmasına can atırıqsa, bazar qanunları ilə işləməyi öyrənməliyik. Pul qoymalıyıq ki, pul götürə bilək. Məsələn, dünya şöhrətli Orxan Pamuk da, Elif Şafak da ortabab yazıçılardır, amma naşirlər onları Nobel mükafatına qədər aparıb çıxara bilib, öz ciblərinin xeyrinə. Bu gün dünya ədəbiyyatında "at oynadan” onlarla müəllif var ki, istedad baxımından yel olub yanımızdan ötə bilməzlər, halbuki naşirlər təbliğat hesabına onları dünyada milyon tirajlarla satdırır. Yəni kitab bazarının özünəməxsus tələb-təklif qanunları yoxdur. Müəlliflərə sərmayə qoyulmasa, bu işin başqa çarəsi olmayacaq”.
Nobel mükafatından söz düşmüşkən, Aqşin Yenisey Azərbaycan ədəbiyyatının təmsilçilərinin 118 yaşı olan bu mükafata hələ də layiq görülməməsinə fikir bildirib: "Hamı bilir ki, bu mükafat təkcə əsərin bədii keyfiyyətinə görə verilmir. Sözsüz, Nobel almış yazıçıların da arasında ədəbi nəhənglər var, amma bu o demək deyil ki, bizim ədəbiyyat, ümumiyyətlə, "Nobel”in ədəbi kriteriyalarına cavab vermir. Sadəcə, bizdə bu mükafata gedən yolda heç vaxt "tikinti-quruculuq” işləri aparılmayıb, ona görə də kökü öz neftimizin hesabına qoyulan mükafata əlimiz çatmır. Hərdən deyirlər ki, "Nobel”dən əvvəl Azərbaycan yazıçısı dünyanı fəth etməlidir, məncə, boş söhbətdir. Nə qədər ki biz ölkə olaraq Avropanın siyasi maraqlarının toqquşduğu bir məsələdə tərəf olmayacağıq, bizə o mükafat verilməyəcək və ədəbiyyatımız da bundan çox şey itirmir”.
Bunlar ədəbiyyatımızın bugünkü durumuna yazıçılarımızın yanaşmasıdır. Bəli, problemlər, çətinliklər çoxdur, təkliflər, fikirlər də eləcə. Bu sahənin biliciləri, peşəkarları, bütün kitabsevərlər bir araya gəlib problemləri müzakirə etsələr və əl-ələ verib, həlli istiqamətində konkret işlər görsələr, bəlkə biz də oxucular ölkəsinə çevrilə bilərik. Bax, o zaman övladımıza, nəvəmizə kitabı məcburən, zorla, telefon, planşet, kompüter qadağası ilə təhdid edərək oxutmağa ehtiyac da qalmayacaq. Özləri sevərək, həvəslə, maraqla, təhrik olunmadan əsl oxucu olacaqlar.
Xəyalə Muradli,
"Azərbaycan”