Nəsimi hansı sirrə görə edam edildi? – Polemik

Nəsimi hansı sirrə görə edam edildi? – Polemik
9 oktyabr 2019
# 13:04

Kulis.az Emin Mustafanın “Nəsimi, Vəhdət-Vücud, Hürufilik” essesini təqdim edir.

Bəli, yazımızın başlığı təsadüfi seçilməyib. Tarix boyu bu mövzular barəsində geniş miqyaslı mübahisələr olmuşdur. Azərbaycan tarixində və ədəbiyyatında silinməz iz buraxan İmadəddin Nəsimi haqqında çoxlu qərəzli və qərəzsiz mübahisələr olmuşdur. Şəxsiyyətinin rəngarəngliyi, zəkası, əsərləri hələ də dartışma mövzusu olub və olacaqdır. Amma tədqiqatçıların araşdırması nəticəsində bəzi mətləblər var ki, çalışacağıq onları qeyd edək və qısa izah ilə nəticəyə çataq. Ümumiyyətlə, İmadəddin Nəsimi xələflərinə tabe olaraq irfan və sufilik yoluna tabe olmuşdur. Ondan öncə ariflərin böyük şeyx adlandırdıqları Muhyiddin ibn Ərəbi sufiliyi öz “Futuhatul Məkkiyyə” və “Fususul Hikəm” adlı əsərlərində geniş izah etmişdir. İbn Ərəbinin ortaya qoyduğu vəhdət-vücud konsepsiyası Nəsimi də daxil olmaqla bütün ariflərin həyat və ibadət əsaslarını təşkil etmişdir. Bəs görəsən nə deyirdi İbn Ərəbi bu konsepsiyada? Ümumi olaraq İbn Ərəbi islamda olan təkallahlığı sufi həssaslığı ilə daha incə izah edirdi. İbn Ərəbiyə görə vəhdət-vücud varlığın bir olduğunu müdafiə edən düşüncə sistemidir. Vəhdət-vucud varlıq və birlik sözlərindən yaranmış və varlığın birliyi anlamında işlənilmiş allah və kainatın birliyini qurmağa çalışan düşüncə sistemidir. Bu düşüncə sistemi allahı mütləq varlıq digər varlıqları onun ad və sifətlərinin təzahürü hesab edirdilər.

Dolayısı ilə bütün yaranmışlar onun nurunun təcəllilərindən yaranmışdır. Vəhdət-vücudu mənimsəyən insan üçün mütləq varlıq (allah) və onun təcəllilərindən başqa heç bir şeyin varlığının gerçəkliyi yoxdur. İbn Ərəbinin öz əsərində dediyi kimi; allah özünü nəsnə və kainat sürətində açığa vurmuşdur. Nəsnə və kainat allahın zahiri, allah isə nəsnə və kainatın batini, yəni ruhu qismindədir. İbn Ərəbiyə görə kainat kölgədir və allah bu kölgənin sahibidir. Allah hər varlıqda təcəlli edər. Ancaq varlıq nə qədər yüksək və mükəmməl olarsa, onun təcəllisi də bir o qədər yüksək və mükəmməl olar. Bu konsepsiyada “kamil insan” düşüncəsi önəmli yer tutur. Ona görə allahın ən yetkin və mükəmməl təzahürü insan kamildir. Bu, tam mənada bioloji insan deyil, hətta bilinc qanunlarından kənarı hiss edən irrasional insandır. “Kamil insan” mütləq gerçəyin kiçildilmiş halı kimi vəsf olunur, sanki kamil insan özündə allah və kainatı ehtiva edir. Nəsimi dili ilə desək “məndə sığar iki cahan” burada şairin hədəfi bu məsələni şeir dili ilə izah etmək olmuş və bu misra ilə sanki peyğəmbərimizin bu hədisinə işarə etmişdir; “Heç yerə sığmaz ikən mömin qulumun qəlbinə sığdım.”

Ümumiyyətlə, sufiliyin özəyini qəlb təşkil edir. Şihabəddin Şöhrəverdinin ortaya atdığı “İşraq” yoluna görə həqiqətlərə yalnız qəlb təsfiyəsi və təmizlənməsi yolu ilə çatmaq olar. İşraqilik bəzən nur fəlsəfəsi də adlanır, çünki bu yolun əsası Quranın bu ayəsi ilə mütabiqlik edir. Ayədə deyilir: “Allah iman gətirənlərin himayədarıdır, onları zülmətlərdən nura çıxarır, Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar, Onlar od sakinləridir və orada əbədi qalacaqlar.” (Bəqərə 257). Bu ayədən yola çıxaraq Şöhrəverdi deyirdi ki, gerçəklik nur və zülmətdən ibarətdir. Nur şüurla zülmət isə şüursuzluqla eynidir. Nurlar nuru (allah) şüurun başlanğıcıdır.

Sufilər ayəni izah edərkən deyirdilər: Allah nur ilə insanı nəfsin zülmətlərindən paklanmağa kömək etməlidir və bununla allah insanı himayə edir. Allahın nuru ilə insan zülmətlərdən, yəni günahlardan nura çıxır və artıq maddə asılılığından çıxır və “kamil insan”a çatır, bununla da kamil insan artıq hər yerdə öz himayəçisini (allahı) axtarir. Nəhayət böyük şairimizi bu deyilənlərlə nə bağlayır? Əvvəla, biz deyirik ki, Nəsimi vəhdət-vücud ideyasını dəstəkləyirdi və sufi idi. Hansı ki bu misralarda bir daha bunu göstərir.

Çün aləmin Nəsimi qurtuldu kəsrətində,
Vəhdət kimi bəqası bi-müddəti əcəldir.

Misralardan göründüyü kimi onun bu ideyanı dəstəkləməsi aşkardır. Dediyimiz kimi, vəhdət-vücudda allahın təcəllisi kamil insanda ən gözəl zahir olur. Nəsimi bu həqiqəti bilərək, işraq ideyasına sadiq qalaraq nəfs təmizlənməsinin 7 yolunu keçərək, kamil insan olmuşdu. Həmişə haqq və kamillikdən car çəkirdi, amma burada bir məsələ olaraq bunu qeyd etməliyik ki, ariflərdən biri öz kitabında ariflər fikirlərini qəsdən anlaşılmaz deyirlər söyləyir. Çünki bu sözlər bu yolun əhli olmayanlara dərkedilməz olduğu üçün ariflər onları öz məqsədlərindən xəbərdar olmasını istəmirlər. Nəsimi buna ən böyük misal idi. Amma soruşula bilər, niyə istəmirdilər? Çünki bu yol fəna və fəda yoludur. Bu yola tabe olmaq üçün mütləq mürşidə tabe olmalısan, necə ki, Nəsimi Nəimiyə tabe olub ondan yolun sirlərin öyrənmişdi.

Həmçinin arif sufilərin mukaşifələri olmuş hansı ki, bu, hər bir insan üçün səciyyəvi deyil. Nədir mukaşifə? Sual oluna bilər. Mukaşifə insan nəfsi maneələri aşıb onlara müqavimət göstərdikdən sonra ayədə deyilən nura qovuşur. Yəni zülmətlərdən nura çıxır. Bunun nəticəsində insan kamilləşir. Allahın nuru ilə insanların görüb duya bilmədiklərini görür və duyur. Bu məsələlər qəlb ilə əlaqəli olduğundan ariflər qəlbin izahı ilə bağlı müxtəlif sözlər işlədirlər: Bəzən onu nəfs, bəzən qəlb, bəzən ruh, bəzən sirr adlandırırlar.

Nə qədər ki, insanın qəlbi şəhvətlərin əsiridir onu nəfs adlandırırlar. İlahi mərifətləri kəsb etdiyində onu qəlb adlandırırlar. İlahi sevginin nuru ona saçılanda ruh adlandırırlar. Müşahidə və mükaşifə mərhələsinə çatanda isə sirr adlandırırlar. Maraqlıdır, qəlb sirr adlanır. Çünki sirr mərhələsinə çatdıqda arif allahın nuru ilə bəzi qəribə şeyləri görüb və kəşf edir. Soruşula bilər, nəyi görüb və kəşf edir? Cavabında deyilir ki, dünyanın hikmətinə sirlərinə aid olan nəsnələri müşahidə edir və kəşf edir. Bu məqamda görüb kəşf etdiyini arif sirr saxlamalıdır. Çünki bunu sadə insanlar anlamayıb ona kafir və s. bu kimi damğalar vura bilərlər.

Yenə qayıdırıq ulu şairimizə. Bəli, Nəsimi bu sirr mərhələsinə çatmışdı. Bu məqama uyğun olaraq bəzi hallara düşürdü və o, elə bu hallara görə edam olundu.

Sufilərdə “zövq” deyə bir hal olur. Onlar deyir, zövq - dadmaq mənasındadır. Ariflər inanırlar ki, bir şeyin haqqında sırf elmi məlumata malik olmaq insanda həmin şeyə qarşı cazibə yaratmır. Cazibə o zaman olur ki, insan əvvəl həmin şeyin ləzzətini dadmış olsun. Beləliklə, zövq ləzzəti dadmaq deməkdir. İrfanda zövq dedikdə təcəllalardan və mükaşifələrdən hasil olan ləzzəti birbaşa olaraq duymaq nəzərdə tutulur. Allahın nurlarının zövqünü duyan insan məstlik halında olur və buna görə ədəbiyyatda mey və şərab sözlərindən çox danışılır. Sanki arif zövqdən mey və şərab içmiş kimi məst, divanə olur, yalnız allahı istəyir və onu bilir.

İkinci hal və Nəsimidə ən çox özünü büruzə verən hal “məhv” halıdır ki, ariflər bu haqda əsərlərində çox danışmışlar. Məhv arifin elə bir məqama çatmasıdır ki, allahın zatında fani olur, yəni onda “mən” məhv olur və başqalarından fərqli olaraq, özünü “mən” olaraq dərk etmir. Bu məqamda arif mən dedikdə yalnız yaradanı nəzərdə tutur. Çünki o, yaradanda fani olmuşdur. Nəsiminin şeirlərində də deyilən “Mən” kəlməsi onun məhv məqamına çatmasından xəbər verir. O, mən dedikdə allahdan danışır, allahın dili ilə danışır.

Amma bəzi mülahizələrdə görürük ki, Nəsiminin sirr vəzifəsinə görə edam edildiyinə işarə olunur. Əslində, belə idi, çünki dediyimiz kimi, əgər qəlb müşahidə məqamına çatırsa, bildiklərinin bir hissəsini sirr saxlamalıdır. Amma dahi şairimiz allaha olan sevgisindən hər tərəfdə allahı təbliğ etdi. Sirli sözləri ilə dərin kəlamları ilə nəticəsində dayaz düşüncəli insanlar onun ölümünə səbəb oldu.

Nəhayət Suriyanın Hələb şəhərində edam olundu, dayaz müftilərin fətvası ilə. Bura qədər yazılanlardan şair haqqında bəzi şeylər bizə aydın oldu. Şairin digər tərəfi onun hürufi əqidəsinə bağlı olmasıdır. Qısa desək, hürufiliyin əsli çox qədimlərə qədər gedir. Hələ müqəddəs kitabımız olan Quranın 29 surəsinin ərəb hərfləri ilə başlaması, yəni “Hürufi muqatta” ilə alimləri ciddi müzakirələrə aparmışdır. Eləcə də hürufilər öz ideyalarında hərflərə müxtəlif mistik mənalar yükləmişlər. Əvvələn, hürufilərə görə “kəlimə” önəmli idi, çünki allah kainatı “kun”, yəni “ol” deyə yaratmışdı. Hürufilər ərəb və fars hərflərini müqəddəs hesab edirdilər. Onlara görə 7, 28, 32 rəqəmləri müqəddəs idi. 7 rəqəmi üzdə olan düz xətlərin sayıdır.

Müvafiq olaraq insan üzündə 2 qaş, 4 kirpik, 1 ağız düz xətt formasındadır. Bunların sayı 7 edir. Soruşula bilər, niyə düz xətli insan orqanizmi müqəddəs sayılır deyə bilərik ki, hürufi əqidəsinə görə ərəb və fars əlifbasının 1ci hərfi “əlif” ilə başlayır. Bundan əlavə, “əlif” hərfi allah kəlməsinin ərəbcədə birinci hərfidir. Ərəbcə və farscada bütün hərflər “əlif”in müəyyən formalarıdır. 28 və 32 rəqəmlərinə gəldikdə, 28 rəqəmi ona görə müqəddəsdir ki, ərəb əlifbasında 28 hərf var və allah öz kitabını bu 28 hərf üzərində nazil etmişdir. 32 rəqəmi isə fars əlifbasını təmsil edirı. Bu Fəzlullah Nəiminin farsca yazdığı əsərlərə, xüsusən “Cavidannamə”yə aiddir. Hürufilər hərifləri məna yükləmək üçün “istihqaqi kəbir” metodundan istifadə edirdilər.

Azərbaycanlı sufi Seyyid Yəhya Bakuvi “Şəfaul-Əsrar” əsərində sufi sözünü belə mənalandırmışdı: Sufi adını 4 şeydən aldılar - səfadan, vəfadan, fənadan və yəqindən. Əlbəttə, bu mənalar ərəb hərflərinə uyğun aparılırdı. Burada bir şeyi də nəzərə çatdırmalıyıq ki, hürufiliyin fikir bazası çox mürəkkəb olub Nəimidən əvvəl də mövcud idi. Sadəcə, Nəimi bu ideya üzərində əqidə qurdu və Nəsimi onun təbliğatçısına çevrildi.

Nəsimi ilə bərabər, Nəiminin şagirdi, sonralar mürşidi ilə aralarında kəskin fikir ayrılığı olmuş Məhəmməd Pəsixani Gilani “Nöqtəviyyə” adlı təlimini yaratmışdır. Biz burada Seyyid Yəhya Bakuvinin “əlif” hərfinə verdiyi izahı göstərmək istərdik: əlifə dörd kəramət verdilər - düzgünlük, təklik, ehtiyacsızlıq və yüksəklik.

Məlumat üçün bildirək ki, “əlif” ərəbcədə şaquli uzanmış düz xətt şəklində təsvir olunur. Sanki dimdik ucalmış insan, sədaqət, düzlük və s. mənalarda izah olunmuşdur. Hətta hürufilər belə demişlər: “Əlif” allah kəlməsinin baş hərfidir və digər hərflər onun müəyyən formaya salınmış halıdır. Bu məsələni allah və kainat üzərində tətbiq etmişlər, demişlər, necə ki, “əlif” allahı təmsil edir, digər hərflər də “əlif”in müəyyən formalarıdır.

Kainatın başlanğıcı da allahdır. Digər yaranmışlar onun nurunun müəyyən formalara salınmış halıdır.

Sonda bir daha Nəsiminin üzərində dururuq və deyirik ki, şairin hürufiliyə meyl etməsi, onun insana qiymət verməsindədir. Çünki, dediyimiz kimi, vəhdət-vücud və hürufiliyin əsasları allah və insan mövzusunda mərkəzləşib.

# 7953 dəfə oxunub

Müəllifin son yazıları

# # #