Milli və bəşəri duyğuların vəhdəti

Milli və bəşəri duyğuların vəhdəti
6 sentyabr 2016
# 13:12

İbrahim Quliyev

Poetik söz real ölçülərdən çıxıb, kosmoqonik meyarlara dolduqda ölümlə həyatı özündə sintez edən fövqəlbədii mətn, daha doğrusu, vəhy kimi təzahür edir və yaddaşda ciddi assosiya və təbəddülat yaradan bir prosesə çevrilməklə müntəzəm olaraq ovqatı, əhval – ruhiyyəni tənzimləyir. İnsan bunu ilahi qüvvə kimi qəbul edir, çünki söz yüksəldiyi yeni məqamda əvvəl yer həyatından- xislətin naqisliyindən və müvəqqətiliyindən, maddi dünyanın mənasızlığından və dəyərsizliyindən imtina etməklə kədərin, ruh düşgünlüyünün, pərişanlığın ifadəçisinə, sonra iki dünya arasında çırpınan və öz yerini tapa bilməyən ruha, ən nəhayət isə, etiraf əzablarını yaşayan yarımilahi və yarıminsani obraza çevrilir. Burada şair və söz arasında fərq qoymaq, onları fərqli tərəflər kimi götürmək, şeiri mücərrəd fantazıiyanın təzahürü hesab etmək absurd və məntiqsizdir, hissi, duyğunu, təxəyyülü canlı aləmdən ayıraraq mücərrədləşdirməkdir və təxminən sualı “iki cahana sığmayan Nəsimi idi, yoxsa Nəsimi şeiri” kimi qoymaqdır.

Belə şeirdəki poetik qəhrəman da söz və misradan, ahəng və ritmdən ibarət olur, o özündə heç bir maddi dəyəri təcəssüm etdirmir, əksinə, yer üzündə olanlara qarşı onda bir inkarçılıq, rədd və təkzib hissi yaranır, o, real aləmdə qalmaq, yaşayışın, həyatın qanunlarına uyğunlaşmaq psixologiyasından uzaq olur, o, ilahi aləmə o qədər aşiq olur ki, “dünyanın qalmaz yer olduğunu” bütün vücudu ilə bağırmalı olur:

Baxdım sağıma-solma
Qolum boynuma doladım,
Dünya qalmaz yerdi, gördüm
Donan qanımı yaladım.

Dünya nə üçün qalmaz yerdi? Şair heç bir sualı cavabsız buraxmaq istəmir. O, bu kiçik mətndə öz bədii-fəlsəfi mühakimələrini konkretləşdirməklə, bitkinləşdirməklə maddi dünyadan imtina etməsinin səbəblərini izah etməyə çalışır: bunun üçün daxili dialoqa girir və faciəvi nəticələr ortaya qoyur – bütün ünsiyyət tellərinin qırıldığı, tənhalığın həyatı ağzına alıb apardığı, bir qəlbin fəryadını bir kimsənin eşitmədiyi dünyada qalmağa dəyərmi? (Boynuna dolanası qol qalmadığı üçün poetik qəhrəman özü-öz boynuna sarılıb, qanını (yarasını) bağlayan olmadığı üçün özü – öz qanını yalamalı olub).

Əli Hacı bununla bitib dayanmır, o, min illəri aşıb gələn sufiliyin mücərrəd tezislərinin özül prinsiplərini XXI əsr poeziyasının mürəkkəb poetik fiqurları ilə addım-addım əyaniləşdirməklə, səbəb və nəticəni fəlsəfənin qədim dialektik dialoq üslubu ilə polemika meydanına çəkməklə yerdən imtina və ilahi məqamda yox olma istəyinin parametrlərini müəyyənləşdirməyə çalışır. Lakin onu da vurğulayaq ki, bu şeirlərdə klassik milli düşüncə bəşəri ideallarla tamamlandığından, hansısa mənfi emosiya, pessimizm yükü, mürtəce əhvali-ruhiyyə yoxdur, daha çox kamilləşmə və mükəmməlləşmə meyli, zərif, isti, xeyirxah fantaziyalar aləmində yaşama ehtirası var. Elə buna görədir ki, bütün şeirlərdə bəşəri xislətin ağır günahı yer alsa da, yaxşı ilə pisin, doğru ilə yalanın, ağ ilə qaranın bir – birinə qarşıdığı makroaləm təsvir edilsə də, Əli Hacı şeirindən isti, xeyirxah bir enerji axır, onlarda insan sevgisi qaynayır.

Sinəmdəki dağa çıx
Gör dünya necə dəyişir.
Bu dərd ilan kimi, ancaq
Qabığın gecə dəyişir.
Gözümdə yaşı gizlədib
Büküb qoymuşam qırağa.
Dedim gözümdən düşərsən
Yaş yerinə bu torpağa.
Almısan cənub vaxtımı
Şimal gecəsi vermisən
Deyirsən saat dayanıb,
Demirsən niyə ölürsən?!

Bu şeirdəki bədii ifadə vasitələri, sözün enerjisi, hər bir ifadənin məxsusi poetik yük daşıyıcısı olması, nəzm və qafiyə xatirinə “yad element” kimi görünə biləsi bircə sözün belə bu şeiri “yaralamaması” onu göy üzünün sözünə çevirir, adamı ovsuna salır, amma əsas ovsun bu deyil, sözün insanı tanrı dərəcəsinə yüksəltmək qürətindədir: Müdhiş Xocalı faciəsindən tutmuş, Çingiz Mustafayevin qucağındakı ölü uşağa kimi ən ağır cinayətlərə əl atmış insanın taleyi hər an şairi həyacanlandırır, qəzəbləndirir, hətta onun (yəni insanın) biganəliyi, laqeydliyi, dünyaya aludə olması belə onda mənfi emosiya deyil, rəhm hissi yaradır, sevgi doğurur, nəticədə insan onun gözündə göz yaşına dönsə belə, şair onun torpağa düşməsini, kiçilməsini, sınmasını istəmir. Budur, Əli Hacı şeirinin sirri, onun insanı sehirləyən daxili qatının mahiyyəti, onun solmamasını səbəbi. Şair hər bir əmələ qadir olan (yaxşı – pis, fərq etməz ) insana münasibətdə ümidsiz deyil, çünki insan yaradıcıdır, tanrı onu özünə oxşadıb. Buna görə də onun müraciət etdiyi, danışdığı, umduğu ən əsas poetik və mənəvi mənbə sarsıntıları, dərdi, ələmi müqabilindəki ən əsas təskinlik və ümid yeri – Tanrıdır.

Vaxtım öldü sevgiyə,
Qoymadılar yaşayım!
İndi buyur qapı aç,
Yoxluğumu daşıyım.

Yaxud:

Yerimi yanında salmışam, Allah!
Yerimi heç kimə demə…
Yerimi balama demə…
Qoy yolumu gəlib tapsın!

Bu iki ayrı-ayrı şeirdən verdiyimiz nümunələrdə insan ruhunun əbədiyyətə doğru yürüşü, iki dünya arasındakı rabitə, insanın o biri aləmə daşıdığı “yük”, ruhun köçündən sonra real dünyanın taleyinə acıma və s. məsələlər barədə şairin poetik mühakimələri onun “poetik meracında” əksini tapmışdır. Əksər müqəddəs dini kitablarda olduğu kimi, fikir versəniz görəcəksiniz ki, bu şeirlərin də ritm və intonasiyası əmr cümlələri üzərində qurulmuşdur: məs., qapını aç, yerimi demə, gəlib tapsın və s. Bizcə, bu da təsadüfi deyildir, çünki sufilik insanın Allaha qovuşmasını “zərrənin sonda küllə qovuşması” kimi izah etdiyindən və bunun mümkünlüyünə iddialı olduğundan, insanın həm də ilahiləşməsi, yəni Allah səviyyəsinə yüksəlməsi (hürufilik) onun keyfiyyətlərinə yiyələnməsi məntiqini irəli sürür ki, bu da “şairin tanrı kimi hökm vermək hüququ”nu meydana çıxarır, şerlərdəki əmr intonasiyası da, bizcə, bununla bağlıdır.

Yuxarıda qeyd etdiyimiz ikinci şeir parçasında şair “Yerimi balama demə, qoy yolumu gəlib tapsın!” deyir ki, bizcə, bu da “təriqətlə irəliləmək istəyən hər bir kəs öz yolunu özü müəyyənləşdirməlidir” məntiqinin qısa poetik ifadəsidir. Sufilik insanın fərdi yolu olduğundan, bu yolla gedən hər bir insan onun əsas şərtlərini – maddi dünyadan imtinanı, real aləmlə mübarizəni sonadək öz taleyində sınamalıdır. Bu isə, böyük cahanla ölənədək müharibə, mücadilə, döyüş deməkdir, amma təmizliyə, əxlaqa, paklığa əsaslanan, özü də özündən qat-qat güclü olan dünya ilə döyüş, necə deyərlər, Don Kixotluq! Burada yadıma yazıçı Elçinin müasir şairlərdən birinin şeirlərini təhlil edərkən yazdığı bir fikir düşür: “… Don Kixot təmizdir, pakdır, dünyanın dərdini çəkir və öz kədərli obrazlar aləminə qapanıb öz qeyri-adi fantaziyalar dünyasında qeyri-bərabər mübarizə aparır, qüvvələr tənasübü təsəvvür olunmayacaq dərəcədə onun ziyanınadır, amma onun daxili təpəri öz hissiyyatı ilə xislət əməllərinə (dirilər dünyasına) qarşı dayana bilir. Yəqin elə buna görə də onun üçün ən uca məqamda, ən ali mərtəbədə Tanrıdır…”

Tanrı Əli Hacı üçün təkcə uca, ali yox, həm də doğmalardan doğma, yaxınlardan yaxındır və buna görə onun dərgahı şairin üz tutduğu dost qapısı, könül qibləsidir. Təbii ki, bu munislik münasibətində inciklik də, küskünlük də ola bilir və görünür, Əli Hacının “Allah! Küsdüm daha sənnən” misrası da məhz belə məqamlarda, salikliyə gedən yolda yaranıb. Bu şeir ilk çap olunanda bəziləri onda asilik, üsyankarlıq aramağa başladı, mən isə əksinə, onu ilahi doğmalığın, yaxınlığın əlaməti, “uman yerdən küsmək” məsəlinin real ifadəsi kimi sevdim və qəbul etdim.

Ümumiyyətlə, Əli Hacı poeziyası qan yaddaşında türkçülük yaşadan, yəni “içində Boz qurd oyadan”, “Araz həsrəti ilə alışıb yanan” milli poeziya olduğu qədər, ruhu səmimiyyətdən, sevgidən, məhəbbətdən, insanlıqdan yoğrulmuş humanist duyğulara söykənən bəşəri bir poeziyadır. Həm də təkcə məzmunca deyil, forma baxımından da bu poeziya rəngarəngliyi və əlvanlığı özündə ehtiva edir: onun şeirlərinin özünəməxsus və mövcud standartlarla heç də həmişə üst-üstə düşməyən ritmi var, burada misraların əksəriyyəti daşlaşmış meyarlardan, heca bölgüsündən, təqtidən uzaqdır, bununla bərabər, həmin destruktiv formaların gəraylı, bayatı kimi milli janrlarla ümumi cəhətləri çoxdur. Bu isə epoxal dəyişikliklərə baxmayaraq, müasir çağla səsləşən poeziyanın əsas yükünü çiyninə götürən bir şairin novotorluq və ənənəni uğurla davam etdirməsinin bariz nümunəsi sayılmalıdır.

Bütün bu saydığımız ümumbəşəri dəyərlərin təcəssümü ilə bərabər, yeri gələndə şairin yaradıcılığında milli təəssübkeşlik, türkçülük prizmasından dünyaya baxmaq və onu dəyərləndirmək, türkün tarixi əzəmət və möhtəşəmliyi ilə qürur duymaq meyilləri özünü açıq – aydın büruzə verir və şair bu düşüncə və mühakimələrində sonadək özünü haqlı sayaraq, hətta türkün peyğəmbərlik iddialarına belə bəraət qazandırır:

Oxudum dörd kitabı,
Tanrım, birin də yaz.
Kitablara bəyliyi
Mən bəyin dilində yaz.
Dindən dinə keçəndə
Qan gördüm qan içində
İsa, Musa köçündə
Mən türkün yerində yaz.

Amma buradaca onu qeyd edək ki, Əli Hacının şeirlərindəki türkçülük, türksevərlik meylləri heç vaxt şovinizm, milli üstünlük fəlsəfəsinə gətirib çıxarmır, çünki onun tərənnüm obyekti milli, dini, irqi baxımdan fərqləndirilməyən, tanrının özünə bənzətdiyi insandır, dərdi, qəmi zaman-zaman təzələnən insan, tanrıya doğru can atan insan. Ona görə şair məhz insan qəlbində yer tutmağı, insan dərdini bölüşməyi arzulayır:

Üşüyürəm
Ürəyində yer elə!
At bayıra hər şeyi
Köhnə dərdi, sevgini
Məni təzə dər elə.

Ümumiyyətlə, Əli Hacının yeni şeirlər toplusu fikir, ideya baxımından daha mükəmməl, ideya baxımından daha konkret, dil-üslub baxımından daha əlvan, daha rəvan və daha rəngarəngdir. Bu şeirlər onun bir şair kimi artıq yetkin yaradıcılıq mərhələsinə daxil olduğunu, bir filosof kimi maddi dünyanın təbiətini aydın dərk etdiyini və bir ruh yolçusu kimi Tanrısı ilə dialoqa tam hazır olduğunu göstərir.

Uğur olsun, şair qardaşım!

# 1126 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #