Filmimiz Beynəlxalq Festivalda

Filmimiz Beynəlxalq Festivalda
29 may 2019
# 13:20

“Edam günü” tammetrajlı filmi ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən Qızıl Hollivud Beynəlxalq Festivalında bədii filmi kateqoriyası üzrə qızıl mükafat uğrunda mübarizə aparacaq.

Festivalın “Golden Hollywood Grand Jury” mükafatına pul mükafatı, dünya film bazarına yerləşdirilmə və digər mükafatlar daxildir.

Bu barədə filmin ssenari müəllifi və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Bildirib ki, “Edam günü” psixoloji trillerində hadisələr Sovet dövrünün son illərində həbsxanada cərəyan edir.

C.Qasımov deyib ki, ekran əsərinin çəkilməsində məqsəd istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir.

“Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş Sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam”, - deyə ssenari müəllifi bildirib.

Filmdə rolları Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri canlandırıblar. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir. /azertag.az/

# 1866 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #