Rejissor İlqar Nəcəfin"Suğra və oğulları" filmi 13 aprel saat 21:30-da ilk dəfə Mədəniyyət TV-də yayımlanacaq.
Kulis.az xəbər verir ki, film İkinci Dünya müharibəsi dövründə Azərbaycan kəndində yaşayan insanların taleyindən bəhs edir.
Həyat yoldaşı Böyük Vətən müharibəsində döyüşlərdə iştirak edən Suğra iki oğlu ilə birgə dağ kəndində yaşayır. Bu ərəfədə isə onun böyük oğluna da çağırış vərəqəsi gəlir. Oğlunu da itirəcəyindən narahat olan Suğra tərəddüd edir və sonda böyük oğlunu dağlarda gizlənən qaçaqların yanına göndərir.
Bundan sonra o, hakimiyyətin yerli nümayəndəsinin timsalında müharibə və imperializmin ağır əziyyətləri ilə üz-üzə qalır.