“Ölkəmin gələcəyinə töhfə vermək istəyirəm” - Amerikanın 10 nüfuzlu universitetindən qəbul dəvəti alan Sara

Sara Nabikoğlu

Sara Nabikoğlu

4 aprel 2023
# 13:27

Bakıdakı Avropa Azərbaycan Məktəbinin şagirdi Sara Nabikoğlu ABŞ-ın 10 nüfuzlu ali məktəbindən qəbul dəvəti alıb.


Böyük uğura imza atan azərbaycanlı gəncin qəbul olunduğu universitetlər arasında ABŞ-ın Boston, Virciniya Texnologiya, Mayami, Pensilvaniya, Corc Vaşinqton kimi nüfuzlu ali təhsil müəssisələri var. Azərbaycanlı şagird eyni zamanda, Böyük Britaniyanın Queen Mary və Bristol universitetlərindən də qəbul dəvəti alıb.


Sara Nabikoğlunun seçimi isə Boston Universiteti olub.


Kulis.az öz təəssüratlarını, qazandığı uğurun sirlərini, gələcək planlarını bölüşən Sara Nabikoğlu ilə müsahibəni təqdim edir:


Sara, Amerikanın nüfuzlu universitetlərindən qəbul dəvəti alanda hansı hissləri keçirdiniz?

Bu, şübhəsiz ki, indiyə qədər yaşadığım ən yaxşı hisslər idi. Aldığım hər qəbul məktubundakı “təbriklər” sözünü görmək məni xoşbəxt edirdi. Sözlə ifadə olunması çətin hisslərdir.


Sizin fikrinizcə, bu uğuru əldə etmək üçün nə etmək lazımdır?


Bu, çətin məqsəd kimi görünsə də, mümkünsüz deyil. Çalışmaqla, qətiyyətlə və ümidi itirməməklə hər şey mümkün ola bilər. Məncə, yalnız ardıcıl olmaq və inanmaq lazımdır.


10 universitet arasında seçim etmək çətin olmadı ki? Niyə görə məhz Boston Universitetini seçdiniz?


Əlbəttə, çətin idi. Hər bir universitetin güclü tərəflərini və müraciət etdiyim ixtisası nəzərdən keçirdim, təhlil etdim. Bəzi universitetlər üçün kompüter mühəndisliyini seçdim, Boston Universitetində isə aerokosmik konsentrasiya ilə mexanika mühəndisliyi ixtisasına sənədlərərimi göndərmişdim. İnanıram ki, Boston Universiteti öz resursları ilə mənə ən yaxşı təhsil verəcək.


Dərs oxuyarkən vaxtınızı necə bölürdünüz? Özünüzü nələrdənsə məhdudlaşdırırdınız?


Vaxtımı konkret dərslərə ayırıram. Xüsusilə bu dövrdə, beynəlxalq bakalavr imtahanıma bir aydan az vaxt qaldığı üçün prioritet yalnız dərslərdir. Mənim öz iş planım var. Bu zaman əsasən, fizika və riyaziyyat kimi fənlərə diqqət yetirirəm. Dərs oxuduğum zamanlarda telefondan istifadə etmirəm, çünki sosial media diqqətimi yayındıra bilər. Sosial mediadan çox az istifadə edirəm. Vaxt bölgümdə proqramlaşdırma dərsləri və xarici dil dərslərinə də yer ayırmışam. Mən hazırda bir neçə proqramlaşdırma dilində işləyə bilirəm, dərslərdən geri qalan vaxtımı proqramlaşdırmaya həsr edirəm.

– Dərsdən kənar hansı hobbiləriniz, maraqlı məşğuliyyətləriniz var?


Artıq 5 ildən çoxdur ki, pianoda ifa edirəm. Dərs vaxtları arasında istirahət üçün fasilələrimi piano ifa etməklə keçirirəm. Həftədə bir dəfə dərsdən sonra voleybol oynamaq üçün məktəbdə qalıram. Düzünü desəm, orta məktəb boyu bir çox idman növləri ilə - gimnastika, üzgüçülük, aykido ilə məşğul olmuşam. Üzgüçülük və voleybolla isə daha çox məşğul olmuşam. Mən həm də debatlarda iştirak etməyi çox sevirəm. Özüm də məktəbimizdə Birləşmiş Millətlər Təşkilatı modelində debatın təşkilatçısı olmuşam. Həmçinin, bizim məktəblərin şəbəkəsində keçirilən bu cür debatların çoxunda iştirak etməyə çalışıram. Daha sərbəst vaxtım olanda isə kosmik inkişafla bağlı araşdırmalar etməyi və Netflixdə filmlərə baxmağı xoşlayıram. Həmişə oxuduğum kitab mütləq var. Daha çox elmi və detektiv janrı xoşlayıram.


Xaricdə təhsilinizi bitirdikdən sonra vətənə qayıtmaq fikriniz var, yoxsa karyeranızı elə orda davam edəcəksiniz?

Mən bu ölkənin gələcəyinə töhfə vermək istəyən gənc bir Azərbaycan vətəndaşı kimi geri qayıtmaq və Azərbaycanda aerokosmik sənayenin inkişafı üzərində işləmək istərdim. Təbii ki, dünyanın digər məşhur aerokosmik şirkətlərində də işləmək mənim arzularımdan biridir. Amma hesab edirəm ki, bu məqsədlərin hər ikisini eyni anda reallaşdırmaq mümkündür.


Gələcəyiniz barədə əsas hədəflər nədir?


Universiteti hədəflərimə doğru bir addım kimi görürəm. Ali təhsilimi başa vurduqdan sonra aerokosmik sənayenin inkişafı ilə bağlı araşdırma aparmaq istərdim. Düşünürəm ki, bizim ölkəmizdə də gələcəyin bu perspektivli sənayesini inkişaf etdirmək üçün ciddi araşdırmalara ehtiyac olacaq.

Qeyd edək ki, Sara Nabikoğlu ixtiraları və ideyaları ilə bir neçə beynəlxalq olimpiadada uğur qazanıb. O, 5 dildə sərbəst danışır.

Azedu.az

# 1480 dəfə oxunub

Müəllifin son yazıları

# # #