"Öləndə də belə öləsən e..." – Fəxri Xiyabandan REPORTAJ

"Öləndə də belə öləsən e..." – Fəxri Xiyabandan REPORTAJ
14 may 2025
# 15:00

Kulis.az İlkin Naibin I Fəxri xiyabandan hazırladığı reportajı təqdim edir.

“Kimlər gəldi, kimlər getdi, bu dünyadan, bu dünyadan...”

Fəxri Xiyabana daxil olanda qeyri-ixtiyari Zeynal Cabbarzadənin bu misralarını pıçıldadım. Hələ xiyabanın giriş qapısında dayanıb içəri baxanda düşündüm ki, öləndə də belə öləsən e...

İçəridə fotoqrafımız Rüfətlə bərabər Tahir Salahovun məzarının harda olduğunu soruşmaq üçün bir nəfər axtarırdıq. Rüfətə bura birinci dəfədir gəldiyimi dedim. Təəccübləndi, açığı, bir anlıq özüm də duruxdum və düşündüm, görəsən, bura yalnız dəfn olunmaq üçün gələn olubmu?

Ömründə ilk dəfə Fəxri xiyabana gələsən, ondan da torpağa tapşıralar səni...

Fəxri xiyabanın torpağı digər yerlərdən fərqlidir, zəhimlidir. İçəri addım atanda həmin zəhmi hiss etdim. Süpürgəçi xaladan Tahir Salahovun məzarının yerini soruşdum. Xala çox mehriban səslə: “Sola dön, düz get, görəcəksən”, – dedi. Dönüb getmək istəyəndə səsləndi:

– Oğlum, dünən qızı da gəlmişdi.

Gülümsəyib o dediyi tərəfə getdim. Qəribədi, bəlkə də, o xala burda bütün məzarların yerini, hətta onların yanına kim gəlir, kim gedir – hamısını bilir. Doğrudan, görəsən, kimin məzarına dostları, övladları tez-tez gəlir? Ya da kimin dostu təklikdə gəlib məzarı üstündə onunla dərdləşir? Bilmirəm, amma yəqin ki, o xala bilir.

Bir az gedəndən sonra gözümə Vaqif Səmədoğlunun məzarı sataşdı, ayaq saxladım. Məzarının üzərinə yazılan "İlahi, mən burdayam" misralarını görəndə adam elə bilir, o həmişə burda olub, bax elə burda, bu məzarda.

Çünki o sözləri sanki elə bura üçün, məzarı üçün yazıb Vaqif Səmədoğlu...

Arxadan Rüfətin səsi gəlir:

– Deyəsən, Tahir Salahovun məzarı ordadır.

Geri çevriləndə bir qrup adamın toplandığını gördüm. Yaxınlaşanda tələbə olduqlarını bildim. Hələ qəbirüstü abidəsi tam hazır olmayan böyük rəssam Tahir Salahovun məzarı önündə bir az dayanıb irəlilədilər. Məzarın yanında dayanıb sakitcə bir nöqtəyə, rəssamın şəkli asılmış lövhəyə baxırdıq, bu dəfə onun əsərlərinə yox, Allahın ölüm əsərinə baxırdıq, kainatın ən böyük əsərinə.

Ölüm Allahın ən böyük əsərdir. Elə bir əsəri ki, ölümlər müxtəlif olsa da, müəllif yalnız birdir, Allah. Adam elə yerdə ölüm haqqında çox fikirləşir, amma hər adamın həyatı, hər adamın ölümü bura layiq olmur.

Yazının əvvəlindəki cümləni bir daha xatırladım:

Öləndə də belə öləsən e...

Birdən çiynimə bir əl toxundu. Bayaq mənə yolu başa salan həmin süpürgəçi xala başımın üstündə dayanıb danışırdı:

– Oğlum, tapa bildin? Bayaqdan baxıram yaman fikirli oturmusan, yanındakı oğlan da çölə çıxdı. Odeeeey, çöldə səni gözləyir.

Ayağa duranda gördüm ki, Qara Qarayevin məzarının yanında oturmuşam, bura nə vaxt gəldiyim yadıma deyil, heç nə qədər vaxtdır oturduğumu da xatırlamıram.

– Narahat olma, xala, yaxşıyam, yorulmuşdum deyə bir az oturum, – dedim.

Sanki bayaq fikrimi oxuyubmuş...

"Mən bilirəm kimin dostu, kimin həyat yoldaşı təklikdə gəlir onu ziyarət etməyə, qadan alım, bilirəm" – dedi və yavaş addımlarla uzaqlaşdı.

Bir neçə dəqiqə donub qaldım...

Bayaq gördüyüm tələbələr dahi bəstəkar Qara Qarayevin məzarının yanına gəldilər və yadıma düşdü ki, bu gün 13 may Qara Qarayevin vəfat etdiyi gündür. Onda bura necə gəldiyimi başa düşdüm.

# 250 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #