“Müxtəlifliyin gözəlliyi” adlı sərgi açılacaq

“Müxtəlifliyin gözəlliyi”  adlı sərgi açılacaq
11 iyun 2024
# 11:30

İyunun 13-də ölkəmizdə ilk dəfə Azərbaycan Milli Xalça Muzeyində Monteneqro xalqının milli mədəni özünəməxsusluğunu, dünyagörüşünü, həyat tərzini, etnik, dini xüsusiyyətlərini təcəssüm etdirən sərgi açılacaq.

Kulis.az xəbər verir ki, “Müxtəlifliyin gözəlliyi” adlı sərgidə fərqli mədəniyyətlərin bir-birinə qarşılıqlı təsirindən yaranan 170-dən artıq eksponat nümayiş olunacaq.

Mədəniyyət Nazirliyi, Monteneqro Mədəniyyət və Media Nazirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Monteneqro Milli Muzeyinin təşkilatçılığı ilə reallaşacaq sərgidə qədim Balkan, Roma, Bizans, yunan və slavyan irsinin özəlliklərini əks etdirən XIX-XX əsrlərə aid ənənəvi geyimlər, aksesuarlar, zərgərlik nümunələri, silahlar nümayiş olunacaq.

Eksponatların arasında qədim Monteneqro xalqının milli kimliyinin vacib elementinə, əsas atributuna çevrilən, çoxsaylı nəbati, həndəsi, zoomorf motivlərlə bəzədilmiş rəsmi geyim dəstləri də mövcuddur.

Əsasən şəhər və kənd, xristian və müsəlman, həmçinin gündəlik və mərasim libasları kimi xarakterizə edilən geyimlər naxış elementlərinə, rənglərin harmoniyasına, biçiminə, formasına görə yüksək zövqlə hazırlanıb. Kişi geyimləri əsasən sadə, qadın geyimləri isə zəngin naxışlı və rəngarəngdir.

Sərgi iyunun 14-dən avqustun 31-dək davam edəcək.

# 524 dəfə oxunub

Müəllifin son yazıları

# # #