Azərbaycan Milli Kitabxanası tərəfindən Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş “Xalq rəssamı Lətif Kərimov” adlı biblioqrafik icmal hazırlanıb.
Kulis.az xəbər verir ki, biblioqrafik icmalda Prezident İlham Əliyevin Lətif Kərimovun 120 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı, sənətkarın həyat və yaradıcılığına dair materiallar, əsərləri, kitabları və izonəşrləri, həmçinin onun haqqında nəşr edilmiş kitab və izonəşrlər, dövri mətbuat materialları sistemli şəkildə təqdim edilib.
Lətif Kərimovun zəngin elmi, bədii və pedaqoji irsini sistemli şəkildə əks etdirən biblioqrafik icmal sənətkarın yaradıcılığının öyrənilməsi, tədqiqi və təbliği baxımından mühüm elmi-informasiya mənbəyi kimi əhəmiyyət daşıyır. Vəsait kitabxanalara Lətif Kərimovun irsi ilə bağlı informasiya resurslarını müəyyənləşdirmək, fondlarda müvafiq ədəbiyyatın mövcudluğunu araşdırmaq, habelə istifadəçilərin informasiya tələbatının daha dolğun ödənilməsini təmin etmək üçün zəruri məlumatlar təqdim edir.
Biblioqrafik icmalın elektron formatda hazırlanması və internet vasitəsilə istifadəyə verilməsi onun informasiya əlçatanlığını və istifadə imkanlarını genişləndirir. Bu baxımdan, elektron resurs milli mədəni irsin öyrənilməsi və təbliği ilə yanaşı, kitabxanaların rəqəmsal informasiya xidmətlərinin inkişafına və məsafədən informasiya xidmətinin təşkilinə də töhfə verir.
Biblioqrafik icmalla linkindən istifadə edərək tanış olmaq mümkündür.