Mədəniyyət Nazirliyi mükafat fondu 300 min manat olan “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsinin qaliblərinə mükafatların verilməməsi ilə bağlı iddialara münasibət bildirib.
Kulis.az xəbər verir ki, Nazirlikdən APA-nın sorğusuna cavab olaraq mükafatların yaxın zamanda sahiblərinə təqdim olunacağı bildirilib.
“Ölkədə kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə və qurumlara dəstək olmaq, onların fəaliyyətini stimullaşdırmaq, bununla da milli kino sənayesinin inkişafına təkan vermək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş "Tammetrajlı bədii film layihələrinə dəstək - 2022" müsabiqəsinin münsiflər heyəti tərəfindən seçilmiş qalib layihələrinin mükafatlandırılması istiqamətində görülən müvafiq işlərin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulub”, - məlumatda deyilir.
Qeyd edək ki, müsabiqənin qalibləri aşağıdakılardır:
1. “Ata və oğullar” – “Buta Film” MMC;
2. “Əlvida, noyabr” – “Ultra Production”;
3. “Qıfıl” – “Nova Gorica” Kino Mərkəzi MMC;
4. “Mavi sviterli adam” – “Mandarin Agency” Co;
5. “Müqəddəs inək” – “Narimanfilm” MMC;
6. “Ölü Həsən” – “Ultra Production”