Kölgədə qalan dahi: Ceyms Coys haqqında az bilinən məqamlar

Kölgədə qalan dahi: Ceyms Coys haqqında az bilinən məqamlar
2 fevral 2026
# 12:00

Bu gün görkəmli irland yazıçı, şair Ceyms Coysun doğum günüdür.

Kulis.az onun həyatı və yaradıcılığı haqqında az bilinən maraqlı faktları təqdim edir.

XX əsr dünya ədəbiyyatında elə adlar var ki, onlar təkcə əsərləri ilə yox, bütöv düşünmə tərzini dəyişməklə yadda qalırlar. Yazıçı Ceyms Coys bu adların önündə gedir.

Onun həyatı da, mətnləri də hazırlıqlı oxucu üçündür. Coys asan anlaşılan şöhrəti deyil, çətin və uzunömürlü təsiri seçmiş yazıçıdır.

Elə buna görə də onun şəxsi həyatı və ən məşhur romanı "Uliss" hələ də maraq doğurur.

Ceyms Coys klassik mənada “rahat yazıçı həyatı” yaşamayıb. Ömrü boyu ciddi görmə problemləri ilə mübarizə aparıb, dəfələrlə əməliyyat olunub. Bəzən qaranlıq otaqda, bəzən də yazıları kağıza diktə edərək işləməli olub. Buna baxmayaraq, dil və struktur baxımından ədəbiyyat tarixinin ən mürəkkəb mətnlərini məhz o yaradıb.

Gəncliyində yazıçıdan çox musiqiçi olmağı arzulayırdı. Güclü tenor səsi vardı və bir müddət səhnə arzusuyla yaşayırdı. Sonradan musiqi mətnlərinə keçdi - Coysun romanlarının ritmik, melodik dili bir az da buradan qaynaqlanır.

Onun şəxsi həyatı da çərçivələrə sığmırdı. Nora Barnaklla uzun illər rəsmi nikah olmadan yaşadı; Coysun ona yazdığı erotik məktublar bu gün ədəbiyyat tarixinin ən açıq və səmimi sevgi məktubları sayılır. Pul məsələsində isə tam uğursuz idi: qazancını saxlaya bilmir, tez-tez borc içində yaşayırdı və çox vaxt dostlarının dəstəyi ilə dolanırdı.

Ən ağır zərbələrdən biri qızı Lusiyanın ruhi xəstəliyi oldu. Coys bu faciəni öz daxili dünyasının, hətta yaradıcılıq dahiliyinin bir bədəli kimi qəbul edirdi.

Coys ömrü boyu 11-dən çox göz əməliyyatı keçirib, yazarkən bəzən rəngli karandaşlarla, qaranlıq otaqda işləyirdi.

“Uliss”in bir hissəsini yataqda uzanaraq yazıb. Sağlamlıq problemləri ucbatından aylarla yataq rejimində qalır, bölümləri şifahi diktə ilə də yazdırırdı.

Coys pulu idarə edə bilmirdi. Qazandığı pulları tez xərcləyir, tez-tez borca düşürdü. Onu illərlə dostları və oxucuları maddi cəhətdən saxlayıb.

Öz ölkəsində sevilmədiyini düşünürdü. Dublinlə obsesiv bağlılığına baxmayaraq, İrlandiyanı “məni anlamayan yer” adlandırır, həyatının çoxunu sürgündə keçirirdi.

“Finneganlərin oyanışı”nı çoxları başa düşmürdü. Son romanını yazarkən dostları belə etiraf edirdi: “Biz anlamırıq”. Coysun cavabı məşhurdur:

“Bu kitabı başa düşmək üçün yox, hiss etmək üçün yazmışam”.

Ölümündən sonra belə mübahisəli qaldı. Uzun illər ailəsi onun məktublarının və əlyazmalarının dərcinə icazə vermirdi, Coys hətta ölümündən sonra da “çətin müəllif” olaraq qaldı.

Bu gün həm də yazıçının "Uliss" romanının 1922-ci ildə ilk dəfə Parisdə, "Shakespeare and Company" kitab mağazası tərəfindən nəşr olunduğu tarixdir. Həmin vaxt Coysun 40 yaşı tamam olurdu.

Əsərdə bütün hadisələr cəmi bir gündə -16 iyun 1904-cü ilin Dublinində baş verir.

Həmin tarix hər il dünyada Bloomsday kimi qeyd olunur; oxunuşlar, yürüşlər, performanslar təşkil edilir.

Roman Homerin “Odisseya”sının müasir şəhər variasiyasıdır; hər bölüm mifoloji bir epizoda uyğundur.

Şüur axını inqilabı yaradan əsərdə daxili monoloq texnikası elə radikal işlədilib ki, sonrakı modernist ədəbiyyatı köklü çəkildə dəyişib.

Roman uzun illər ABŞ və Britaniyada “ədəbsiz” sayılaraq qadağan edilib; 1933-də ABŞ məhkəməsi romanı leqal elan edib.

Son bölümdəki Molli Blümün durmadan axan monoloqu ədəbiyyat tarixinin ən məşhur parçalarındandır və qadın monoloqunun zirvəsi hesab edilir.

Roman o qədər təfərrüatlı yazılıb ki, Dublin xəritəsi ilə addım-addım izləmək mümkündür.

Əsərdə hər bölümdə dil və üslub tam başqa qaydada qurulub — parodiya, qəzet dili, elmi traktat tonu və s.

Klassik süjet yoxdur; roman səbr və hazırlıq tələb edir. Bələdçi nəşrlər boşuna yaranmayıb.

Kitab haqqında “ən çətin” reputasiyası var. Tez-tez “ən çətin roman” adlandırılsa da, ədəbiyyatşünaslar onu "XX əsrin ən təsirli əsəri" hesab edirlər.

Ədəbiyyat tarixində Ceyms Coys və “Uliss” bir-birindən ayrı düşünülə bilməz. Yazıçının ağrıları, obsessiyaları, daxili xaosu və sərhəd tanımayan düşüncəsi bu romanın damarlarında axır.

“Uliss” hamı üçün asan oxu deyil, amma onu oxuyan insan ədəbiyyata artıq əvvəlki kimi baxa bilmir.

Bu, oxucunu əyləndirməyə yox, düşüncəni sarsıtmağa yazılmış bir əsərdir — müəllifinə tam uyğun şəkildə.

# 126 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər