"İran şpionu" kimi həbs olundu, dostları əleyhinə ifadə verdi, gecəyarısı güllələndi - Səhnəmizin yunan ulduzu haqqında maraqlı faktlar

"İran şpionu" kimi həbs olundu, dostları əleyhinə ifadə verdi, gecəyarısı güllələndi - Səhnəmizin yunan ulduzu haqqında maraqlı faktlar
15 oktyabr 2025
# 13:30

Bu gün yunan əsilli Azərbaycan aktrisası, repsressiya qurbanı Panfiliya Tanailidinin anım günüdür.

Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.

Milliyyətcə yunan olan Panfiliya Nikolayevna Tanailidi 1891-ci ildə İrəvan xanlığı Zəngəzur mahalının Basarkeçər rayonunda doğulub. Ailəsi buraya Türkiyənin Qars şəhərindən gəlib və bir müddət yaşayandan sonra Tiflisə köçüblər.

***

Türkcə təmiz danışan Panfiliya xanım Tiflisdə rus və gürcü dillərini də öyrənib. Xüsusi təhsil görməyib. Zərif bədəni sayəsində o, ən müxtəlif ritmli rəqsləri uşaq yaşlarından məharətlə oynayıb. Buna görə də 14-15 yaşlarından Tiflisin “Kazyonnı” teatrında və “Zubalov adına Xalq evi" kimi böyük salonlarında azərbaycanlıların keçirdikləri müsamirələrdə, müxtəlif həvəskar teatr truppalarının hazırladıqları tamaşalarda "Zəngəzurskaya" və "Sürəyya" təxəllüsləri ilə çıxışlar edib.

***

Mustafa Mərdanov və Mirseyfəddin Kirmanşahlının təşkil etdikləri truppalarla İran və Türkiyədə qastrollarda olan Tanailidi dram, opera və operetta tamaşalarında oynayıb. Bu dövrdə ayrı-ayrı illərdə Bakıya gələrək müxtəlif teatr truppalarının tərkibində tamaşalarda müxtəlif obrazları canlandırıb.

Kraliça (Viktor Hüqo tərəfindən gülən adam). 1929-1930-cu illər

***

Panfiliya Tanailidi Tiflis Dövlət Azərbaycan Teatrının yaradıcılarındandır. 1925-ci ildə Tiflisdən gəlmiş baş rejissor Aleksandr Tuqanovun dəvətilə Panfiliya Tanailidi yenidən Milli Dram Teatrının truppasına daxil olub.

***

1937-ci ildə tüğyan edən repressiya dalğası ondan da yan keçməyib.

Teatrşünas İlham Rəhimli müsahibələrinin birində Panfiliya xanımın həbsi barədə deyir:

“Aktyor Mirzağa Əliyevin sovet dövründə İrana gedib. 1937-ci ildə Bakıya gələndə “İnturist”də qalıb. Tiflisdən tanış olduğu Panfiliya xanımla oteldə görüşüb və ona hədiyyələrlərlə bərabər bir neçə qutu papiros verib. Tanailidi də səhər saat 11-də məşqə gələndə həmin papiroslardan bir qutunu şəstlə stolun üstünə atıb və “çəkin, vətən papirosudur”, deyib. Həmin axşam “sən İran şpionusan” bəhanəsi ilə onu həbs ediblər. Onun əri, sonralar xalq artisti fəxri adını alan aktyor arvadı haqqında elə dəhşətli, elə iyrənc ifadə verib ki, oxuyanda tüklərim biz-biz oldu. Barat Şəkinskaya danışırdı ki, Əbülhəsən Kamalovu və daha iki aktrisanı yetimlər evindən gətirib 1935-1936-cı illərdə atdılar bizim teatra. Onlar kimin üzünə lazım idi, həyasızcasına dururdular. Həmin Kamalov “Xalq düşmənlərini ifşa edəlim” adlı iclasların birində Ülvi Rəcəb haqqında ifadə verib ki, bizi aparırdı evinə, patefonda türk mahnılarına qulaq asdırırdı. Ülvi Rəcəbin ona sualı var: “Sən deyə bilərsənmi mənim patefonum nə rəngdədir? Otağın harasına qoyulub?” Təbii ki, Kamalov cavab verə bilməyib, ancaq həmin iclası aparanlardan biri “Patefonun rənginin mətləbə dəxli yoxdur, sən türk şpionusan” deyərək Ülvini təhqir edib. Abbasmirzə Şərifzadənin əleyhinə ifadə verənlərin hamısı Azərbaycanın qüdrətli aktyorlarıdır. Onların arasında aktrisa da var. Şərifzadənin 1956-cı ildəki bəraətindən sonra həmin adamların hamısı aktyor barədə əla rəy yazıblar”.

***

Tədqiqatçı jurnalist Elşad Qoca araşdırmasında aktrisanın kapitan Meşeryakovun araşısı əsasında həbs olunduğunu qeyd edir:

“Hər şey NKVD-nin 3-cü şöbəsinin rəis əvəzi kapitan Meşeryakovun 15 dekabr 1937-ci ildə tərtib etdiyi arayışdan başlayır. Sənəddən məlum olur ki, milliyyətcə yunan, SSRİ vətəndaşı, keçmiş İran vətəndaşı, bitərəf, Azərbaycan Dövlət Dram Teatrının aktyoru, Bakı şəhəri, Məmmədyarovsk küçəsi 67-də yaşayan Panfiliya Nikolayevna Tanailidi Bakıdan tranzit vasitəsilə keçməklə İrandan Almaniyaya gedən və geri qayıdan, casusluq şübhəsi doğuran şəxslə yaxından əlaqə saxlayır. Ondan qiymətli hədiyyələr alır. Teatrda antisovet təbliğatı aparır, kapitalist quruluşunu tərifləyir. Hərbi qulluqçuların arasında geniş əlaqəsi vardır. Göstərilənlərə əsasən onun həbs edilərək cinayət məsuliyyətinə cəlb olunması vacib sayılır. Təbii ki, kapitan Meşeryakovun arayışı nəzərə alınır. Elə həmin gün onun həbsi üçün order hazırlanır və yaşadığı mənzilində axtarış aparılır. Tərtib edilmiş protokolda şübhə doğuran əşyaların və digər ləvazimatların tapılmadığı göstərilir”.

Pəri Beriliuna (Mavi Quş, M. Maeterlinck). 1936-1937

***

16 dekabr tarixində aktrisa barəsində cinayət işi açılır və o, müstəntiq Abakumov tərəfindən dindirilir. Dindirmə protokolunun giriş hissəsində Panfiliya xanımın tərcümeyi-halına dair mühüm məlumatlar yer alır. Sənəddən məlum olur ki, o, 1891-ci ildə Ermənistan SSR-in keçmiş Zəngəzur rayonunun Başkənd kəndində doğulub. Onun 68 yaşlı anası Filanini böyük qızı ilə birlikdə Tiflisdə yaşayır. Tanailidi “Əmək Qəhrəmanı” adına layiq görülüb (sənəddə bu ifadə olduğu kimi yazılıb) və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Fəxri Fərmanı ilə təltif olunub.

***

Müstəntiq Tanailidinin xarici səfərləri ilə maraqlanır. Aktrisa cavabında bildirir ki, sovet hökumətinin icazəsi ilə 1922-ci ildə Tiflis Dövlət Türk Teatrının aktrisası kimi 15 nəfərlik truppa ilə təxminən iki ay müddətində Türkiyənin Qars, Ərzurum və Sarıqamış şəhərlərində qastrolda olub. Həmin heyətlə birlikdə daha sonra İranda, o cümlədən Təbrizdə səhnə çıxışları edib.

***

Elşad Qocanın qeyd etdiyinə görə, Panfiliya xanıma qardaşı Qustavdan məktublar gəlib:

“İstintaqdan o da aydın olur ki, Belçika vətəndaşı olan qohumu Qustav Alfonsoviç Simonis Moskva şəhərində yaşayır, Belçika səfirliyində sürücü işləyir. 1935 və ya 1936-cı ildə ondan məktub aldığını və həmin məktub vasitəsilə Simonisin səfirlikdə işlədiyini öyrəndiyini bildirir. Eyni zamanda, əlavə edir ki, anasından eşitdiyinə görə, Simonisin anası sovet vətəndaşıdır, Tiflisdə yaşayır və oğlu Moskvada Belçika səfirliyində işləyir. Panfiliya Nikolayevna Tanailidi Simonisdən aldığı məktubun şəxsi xarakterli olduğunu, cavab məktubu yazmadığını, ümumiyyətlə, heç bir zaman onunla yazışmadığını, həyatda onu cəmisi bir dəfə gördüyünü söyləyir. 1936-cı ilin axırı və ya 1937-ci ilin əvvəlində Simonisdən teleqram aldığını, Tiflisə anasını görməyə getdiyini və Tiflisdən qayıdarkən Bakı dəmiryolu vağzalında onu qarşılamağı xahiş etdiyini, vağzalda yolüstü onunla qısa müddət ərzində görüşdüyünü də istintaqa olduğu kimi danışır.On gün sonra, 26 dekabrda Abakumov onu yenidən dindirir. “Başqa dövlətin vətəndaşı olmusunuzmu?” sualına aktrisa belə cavab verir: “1925-ci ildə İranda qastrolda olarkən mənə fəaliyyət göstərməyim üçün İran hökuməti pasport vermişdi. Mən etiraz etdim, amma geri dönəndə bu barədə hakimiyyət orqanlarına məlumat vermədim. Qorxdum ki, məni yenidən İrana göndərə bilərlər. Buna görə pasportu dövlət orqanlarına təhvil vermədim, yandırdım”.

Müstəntiq onu xarici nümayəndələrlə tanışlığı barədə də sorğu-suala tutur. Panfiliya cavab verir: “1932-ci ildə Kirovabadda qastrolda olarkən İranın keçmiş konsulu Möhsüm xan tamaşama baxmağa gəlmişdi. Tamaşadan sonra bizi evinə dəvət etdi, ertəsi gün qonağı olduq. Teatrın direktoru Bilal Əhmədov bunu biləndə tapşırdı ki, bir daha ora getməyin. Mən də getmədim.”

***

1938-ci ilin yanvarında Panfiliya Nikolayevna yenidən dindirilir. Bu dəfə ondan Gövhər xanım adlı qadın barədə soruşurlar. Aktrisa onunla 1909-cu ildə Tiflisdə aktyor kimi fəaliyyət göstərdiyi illərdə tanış olduğunu deyir. O, Gövhər xanımın İran vətəndaşı və həkim olduğunu bildirir. Sonuncu dəfə onu 1937-ci ildə Bakıda, Gövhər xanımın qardaşı Əlabbas bəyin evində bir saatlıq görüşdə gördüyünü, hədiyyə almadığını, yalnız iki qutu siqaret qəbul etdiyini müstəntiqlərə izah edir.

Panfilia Tanailidi - "Almas" (1936)

***

Bu işdə ölkənin dörd tanınmış teatr xadiminin də adı keçir. Onlar şahid qismində müstəntiq Bodrov tərəfindən dindiriliblər. Şahidlər Panfiliyanı yaxından tanıdıqlarını, onun sovet hakimiyyətinə qarşı ifadələr işlətdiyini, fəhlələrin kapitalizm quruluşunda daha yaxşı yaşadığını dediyini, xalq düşməni Əhməd Triniçə “ürəyimiz birdir, yada sal, kommunizmə qarşı necə mübarizə aparırdıq” söylədiyini bildiriblər.

Onların deyiblər ki, elə buna görə Triniç onu “Əmək Qəhrəmanı” adına təqdim edib. Həmçinin şahidlər onun Nağı Babayev və Heydər Vəzirovla əlaqəsi olduğunu, İranın Gəncədəki konsulunun bacısı Gövhər xanımla yaxınlıq etdiyini, 1937-ci ilin oktyabrında Bakıda Gövhər xanımın qardaşının evində görüşdüyünü və orada Gövhər xanımdan plaş və papiros aldığını, onun Almaniyadan qayıdarkən ona saat gətirəcəyini dediyini vurğulayıblar.

***

İstintaq şahidlərdən yalnız biri ilə Panfiliyanı üzləşdirir. Aktrisa deyilənləri təkzib edir, Əhməd Triniç və Heydər Vəzirovla əlaqəsi olmadığını, lakin Nağı Babayevin ailəsini tanıdığını bildirir.

***

13 mart 1938-ci ildə müstəntiqlər tərəfindən hazırlanan ittihamnamədə şahid ifadələri əsas dəlil kimi göstərilir. İttihamnamədə qeyd olunur ki, müttəhim özünü günahkar saymır və yalnız şahidlərin ifadələri ilə “ifşa” olunur. Beləliklə, NKVD əməkdaşlarının “fəaliyyəti” nəticəsində yunan əsilli azərbaycanlı aktrisa Panfiliya Nikolayevna Tanailidi “casusluqda” ittiham edilir.

9 oktyabr 1938-ci ildə NKVD-nin “üçlüyü” (Troyka) onun işinə baxır və şəxsi əmlakının müsadirəsi ilə ən ağır cəza olan güllələnmə cəzası çıxarır.

***

Altı gün sonra, 15 oktyabr 1938-ci ildə gecəyarısı hökm icra olunur.

müəyyən edilməmiş

***

1957-ci ildə Tiflisdə yaşayan bacısı Yevgeniya Simonis Panfiliyanın taleyi ilə bağlı Azərbaycan Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinə müraciət edir. İş yenidən araşdırılır, şahidlər təkrar dindirilir. Məlum olur ki, müstəntiqlər ifadələri təhrif ediblər. Bundan başqa, aktrisanın casusluq fəaliyyətinə dair heç bir məlumat yoxdur və işin saxtalaşdırıldığı sübuta yetirilir. Həmçinin işi aparan müstəntiqlərin bir çoxunun sonradan bolşevik repressiya aparatının qurbanına çevrildiyi müəyyən olunur. Nəticədə, 1958-ci ildə Panfiliya Nikolayevna Tanailidiyə bəraət verilir.

Lakin bacısı Yevgeniya Tanailidi-Simonis artıq vəfat etdiyindən və digər qohumlar aşkar olunmadığından, bəraət sənədi istintaq işinə tikilmiş şəkildə qalır.

# 315 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər