İki dəfə oğlu ilə sürgün olundu, ac qalmamaq üçün şahın qızıl saatını satdı, oxuya-oxuya öldü – Əməkdar artistin faciəvi həyatı

Cahan Talışinskaya və bacısıyla

Cahan Talışinskaya və bacısıyla

9 fevral 2022
# 21:00

Bu gün əməkdar artist Cahan Talışinskayanın doğum günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.

Cahan xanım Talışinskaya 1909-cu ildə fevralın 9-da Lənkəran şəhərində anadan olub. O, Mir Rzaxan Talışinski ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovanın qızı idi. 1918-ci ildə ailəsi ilə birgə Bakıya köçüb. Cahan böyük bacısı Bilqeyis xanımın evində qalırdı. Bilqeyis xanım “Yeni yol” qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun həyat yoldaşı idi. Cahanın gözəl musiqi duyumu olduğundan o, bacısının evindəki pianoda, tarda müxtəlif musiqilər ifa edirdi.

***

Bacısının yanında qaldığı illərdə Azərbaycan Qızlar Seminariyasına daxil olur. Təhsil almaqla yanaşı Əli Bayramov klubundakı bədii özfəaliyyət dərnəyinə gedir. 1927-ci ildə Bakı şəhərinin radio şəbəkəsində işə qəbul olur. Elə həmin il ailə qurur. 1928-ci ildə oğlu Nazim dünyaya gəlir. Övladı doğulan kimi Cahan xanım həyat yoldaşı Məmməd Hacıbəyovdan ayrılır.

Cahan xanım bir çox konsertlərdə çıxış edir, Azərbaycanın bir çox rayonlarına və hərbi hissələrə qastrola çıxır. O, həmçinin xalq mahnılarının, Azərbaycan muğamlarının gözəl ifaçısına çevrilir. Onunla bir dövrdə yaşayıb yaratmış musiqiçilərin sözlərinə görə Cahan xanımın ifa etdiyi “Şahnaz”, “Segah”, “Bayatı-Şiraz”, həmçinin “Qarabağ şikəstəsi” muğamları özünəməxsusluğu ilə seçilir. Xüsusilə “Qatar” muğamı onun repertuarının şah əsəri olur. Çox vaxt onu Qatar Cahan da çağırırlar.

***

30-cu illərin əvvəlində Əfqanıstan şahı Əmənulla xan Bakıya səfər edir. Onun şərəfinə qonaqlıq verilir. Qonaqlıqdan sonra konsert proqramında iştirak edən Cahan xanımın ifası şahın xoşuna gəlir və minnətdarlıq əlaməti olaraq şahın xanımı qızıl qol saatını Cahan xanıma hədiyyə edir.

***

Ertəsi gün Cahan xanımı NKVD-yə dəvət edirlər və saatı bir günlüyə ondan alırlar. Növbəti gün saatı ona qaytaranda arxasında “Cahan Talışinskayaya Əmənulla xandan” sözləri yazılmış olur.

Çox az adama məlumdur ki, “Qubanın ağ alması”, “Uca dağlar”, “Dəli Ceyran”, “Kürdün gözəli” kimi məşhur xalq mahnıları ilk dəfə Cahan xanımın ifasından yazılmış və ifa edilmişdir. Müğənninin oğlu müsahibələrinin birində deyir: “Cahan xanım bu mahnılardan bəzilərini ucqar dağ rayonlarında, çay qırağında paltar yuyan bir qadından eşitmiş və yazmışdır.

***

1937-ci ildə müğənninin bacısı Sitarə xanım əri ilə birgə həbs olunur. Cahan xanım heç nədən çəkinmədən bacısının qızı Bəhicəni öz evində saxlayır. Digər bacısı Bilqeyis xanımın da əri həbs olunduğundan ona da köməklik edir.

***

Cahın xanımın keçmiş əri Məmməd Hacıbəyov və qardaşı Rüstəm Talışinski də həbs edildiyindən o, oğlu Nazim və anası Məryəm xanımla birgə yaşayır.

***

Günlərin birində NKVD ona gizli əməkdaşlıq təklif edir. Bundan qəti şəkildə imtina edən müğənninin 1938-ci ildə Moskvada keçirilən ilk Azərbaycan incəsənət ongünlüyündə iştirak etməsinə icazə verilmir. Onun adı iştirak edənlərin siyahısından silinir. Həmin əhvalat müğənniyə çox pis təsir edir.

1940-cı ildə Cahan Talışinskaya əməkdar artist adını alsa da, onu 14 yaşlı oğlu ilə birlikdə yalançı donos nəticəsində Qazaxıstanın Petropavlovsk rayonuna sürgün edirlər. Sürgündə olanda aclıq çəkdikləri üçün Əfqanstan şahının ona hədiyyə etdiyi saatı satır.

***

“Xalq düşməni” adı altında oğlu Nazimlə birlikdə 1942-ci ilin avqust ayına qədər güclü nəzarət altında olurlar. Bir müddət sonra Cahan xanım Özbəkistana köçməyə icazə ala bilir. Yolda bütün əşyaları oğurlanır. O, oğlu Nazimi Bakıya qardaşı professor-travmatoloq Əbülfət Talışinskinin yanına göndərir.

***

Daşkənddə Cahan xanım şəhər filarmoniyasında solist kimi işləməyə başlayır. Amma oğlunun və qohumlarının həsrətini çox çəkir. Onları görmək üçün vətənə can atır. Vətənə bir qədər yaxınlaşmağa Cahan xanıma bir təsadüfi hadisə kömək edir. 1943-cü ildə Daşkəndə SSRİ Xalq komissarlığı nəzdində yerləşən musiqi idarələrinə V.Surin adlı yeni rəhbər gəlir. Müəyyən bir vaxta Ümumittifaq estrada artistlərinin müsabiqəsində münsiflər heyətinin üzvü idi. Həmin müsabiqədə Cahan xanım laureat adına layiq görülmüşdü. O, Cahan xanımı tanıyır, onunla söhbət etdikdən sonra Tbilisi şəhərində incəsənət işləri üzrə idarəyə təyinat verir. Beləliklə, Cahan xanım Tbilisi şəhərində Azərbaycan teatrının səhnəsinə qayıdır.

***

Bakıda NKVD təşkilatı Tiflisə məktub göndərir və bu məktubda Cahan xanımın yenidən Orta Asiyaya sürgün edilməsi məsələsini qaldırır. Onu bu dəfə keçmişdə Bakıda yaşamış Zaqafqaziya hərbi şurasının üzvü, SSRİ Ali Sovetinin deputatı Xavər Vəliyev xilas edir. Onun köməkliyi ilə Cahan xanım Tiflisdə qalır və bir çox xahişdən sonra nəhayət vətənə qayıdır. Həmin dövrdə musiqi teatrının direktoru və bədii rəhbəri Şəmsi Bədəlbəyli onu teatra dəvət edir. Teatrda o, bir-birindən maraqlı, yaddaqalan rollar ifa edir.

***

1949-cu ildə repressiya və sürgünlərin yeni dalğası başlanır. Cahan Talışinskaya yenidən oğlu ilə Daşkəndə sürgün edilir. Yalnız 1954-cü ildə - Stalinin ölümündən və M. C. Bağırovun həbsindən sonra Cahan xanımın və onun oğlunun azad olunması barədə qərar qəbul olunur.

Cahan xanım Daşkənddə yaşamağa davam edir. O, demək olar ki, işləmir, lakin hər ay radioda konsertləri səslənir. Daşkəndə oğlu evlənir, nəvələri dünyaya gəlir. Onlar tez-tez Bakıya qohumlarını görməyə gəlirlər.

***

1966-cı ildə Daşkənddə baş verən zəlzələ onların Vətənə qayıtmağına təkan verdi. Yaşadıqları ev tamamilə uçur və təsadüf nəticəsində sağ qalan Cahan xanım və ailəsi təcili Bakıya qayıdırlar. Cahan xanım bir il sonra 1967-ci ildə 58 yaşında pianoda çalıb oxuduğu zaman qəfil iflic vurması nəticəsində dünyasını dəyişir.

# 21939 dəfə oxunub

Müəllifin son yazıları

# # #