Bişkekdə Hidayətin “Burdan min atlı keçdi” əsəri türk dilində nəşr olunub
"Burdan min atlı keçdi”ni oxuyanlar oradan Azərbaycanın son əlli illik siyasi tarixinə, regionun coğrafi tarixindən düşüncə və ədəbiyyat tarixinə qədər xeyli məlumat ala bilərlər. Əsərin adı onun ruhunun ifadəsidir. Türkün həyatında at müstəsna rol oynayıb və yaşadığı çətinlikləri onunla yaşayıb, onunla keçib.
Kulis.az xəbər verir ki, bu sözlər yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Hidayətin türk dilinə tərcümə olunaraq Bişkekdəki Qırğızıstan-Türkiyə Manas Universitetinin nəşriyyatında nəşr edilən “Burdan min atlı keçdi” əsərinə həmin universitetin rektoru, qədim tarix, türk mədəniyyəti, tarixi coğrafiya və strategiya üzrə nüfuzlu ekspert, professor Alparslan Ceylanın yazdığı “Ön söz”də yer alıb.
Kitabda yer alan “İrəvana yeddi məktub” fəslində verilən o məktubların hər birində ötən əsrin 60-cı illərinin sonlarından 1982-ci ilədək müddətdə ümummilli lider Heydər Əliyevin Qərbi Azərbaycanda, sonradan Ermənistan SSR adlanan nominal dövlətdə yaşayan soydaşlarımızla bağlı narahatlığı, şəxsi nüfuzundan istifadə edərək onların sosial həyatının yaxşılaşdırılması istiqamətindəki fəaliyyəti əks olunur.