Türk ədəbiyyatının görkəmli yazıçısı Yaşar Kamalın İstanbuldakı həyatının mühüm dayanacaqlarından olan Menekşe qəsəbəsi bu dəfə yazıçının adını daşıyan mədəniyyət mövsümünə ev sahibliyi edəcək.
Kulis.az xəbər verir ki, Küçükçekmece Bələdiyyəsi 2026-2027-ci illər Mədəniyyət və İncəsənət Mövsümünü Yaşar Kamala həsr edərək ədibin bu bölgə ilə bağlarını sərgi, sənədli film və panellərlə yenidən gündəmə gətirəcək.
Cənnət Mədəniyyət və İncəsənət Mərkəzində təşkil olunacaq açılış proqramında "Yaşar Kamal Menekşeydi, Menekşe Yaşar Kamal" başlıqlı sərgi sənətsevərlərə təqdim olunacaq.
Qeyd edək ki, tədbir çərçivəsində jurnalist Nebil Özgentürkün hazırladığı "Yaşar Kamal’ın Menekşesi" sənədli filminin ilk nümayişi keçiriləcək, aktyorlar Levent Ülgen və Cezmi Baskının iştirakı ilə yazıçının irsinə həsr olunmuş mühazirə və Cengiz Özkanın konserti təşkil ediləcək.