Filmə çəkildiyini gizlətdi, haqqında inanılmaz şayiələr yayıldı, məktəbli qıza aşiq oldu – “Əhməd hardadır?” filminin Uzun Oqtayı haqqında maraqlı faktlar

Filmə çəkildiyini gizlətdi, haqqında inanılmaz şayiələr yayıldı, məktəbli qıza aşiq oldu – “Əhməd hardadır?” filminin Uzun Oqtayı haqqında maraqlı faktlar
30 yanvar 2023
# 12:00

Kulis.az “Əhməd haradadır?” filminin uzun Oqtayı kimi tanınan aktyor Novruz Axundov haqqında maraqlı faktları təqdim edir.

Novruz Ağa oğlu Axundov 1938-ci il may ayının 9-da Naxçıvanda doğulub. Anası Qərbi Azərbaycanın Dərələyəz mahalından, atası Şərurdandır. Novruz uşaq olanda, ailə Bakıya, Pirşağı kəndinə köçür. O vaxt Pirşağıda məktəb olmadığı üçün o, orta məktəbi Kürdəxanıda oxumalı olur.

***

Orta məktəbi oxuya-oxuya Novruz qardaşları ilə birgə kəndlərdə olan dərnəklərə gedir. Orada hazırlanan tamaşalarda aktyor kimi çıxış etməyə başlayır. Sonralar iş elə gətirir ki, pul qazanmaq üçün ticarətlə məşğul olur, lakin içindəki incəsənət sevgisi onu sakit buraxmır.

1962-ci ildə Mədəniyyət və İncəsənət İnstitutuna hazırlaşır. Qardaşı onun bu həvəsini biləndə, etiraz edir. Lakin Novruzun atası bu barədə ona dəstək olur. Beləliklə, institutun “Dram və kino aktyorluğu” fakültəsinə, Xalq artisti Adil İsgəndərovun kursuna qəbul olunur.

***

Həmin illəri xatırlayan aktyor müsahibələrinin birində deyir:

“O vaxtlar elə idi ki, instituta daxil olmaq üçün sənətkarların qarşısında imtahan verməli idin. Mən, demək olar ki, imtahanların hamısından uğurla keçdim. Bir dənə alman dili imtahanından narahat idim, sağ olsun rejissor Rza Təhmasib. O dedi ki, "əgər sənə imtahandan yaxşı qiymət vermişəmsə, deməli, burda oxuyacaqsan". Sonra elə Rza Təhmasibin də rejissorluğu ilə çəkilmiş "Əhməd Haradadır?" filmi ilə kino aləminə ayaq açdım".

***

Uzun müddət Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. Aktyorun ilk ekran işi "Əhməd haradadır" filmində uzundraz Oqtay obrazdır.

***

Novruz Axundov "Mozalan" Satirik Kino jurnalında silsilə rollarda da çəkilib. "Mozalan" süjetlərinin xarici dillərə tərcüməsində rejissor kimi çalışıb. Əsas iş yeri olan "Dublyaj" şöbəsində əla dərəcəli rejissor kimi 500-ə qədər xarici filmin Azərbaycan dilinə dublyajına rejissorluq edib. Novruz müəllim 1998-ci ildən təqaüdə çıxıb.

Novruz Axundovun uzundraz Oqtay roluna təsdiq olunması Moskvadan filmin operatoru kimi dəvət olunmuş Yuri Fogermanın israrı ilə baş verir. Belə ki, Axundovun fotolarını görən Fogelman bu rola məhz Novruz Axundovun uyğun gəldiyini deyir. Adil İsgəndərov uzundraz Oqtayı oynamaq üçün digərlərinin də sınaqdan keçməsini təklif edir. Fogerman razılaşmır. Beləcə N. Axundov ilk dəfə olaraq filmdə rol alır.

***

Filmdə Oqtayın taxdığı eynək adi şüşədən olur. O, "Əhməd haradadır?" filminə çəkiləndə, həm də müəllim işləyir.

Aktyor müsahibələrinin birində həmin illəri belə xatırlayır:

“Müəllim kimi çalışdığıma görə istəmirdim filmdən sonra məni küçədə tanısınlar. Heç uşaqlara da bəlli etmirdim ki, kinostudiyada işləyirəm. Çoxu məni rəssam bilirdi. Ciddiliyimi hər zaman qoruyurdum. 22 yaşındaydım filmə çəkiləndə. İşlədiyimə görə tələbə təqaüdümü kəsmişdilər. Bir gün rektor Rahim Hüseynovun yanına getdim. Bildirdim ki, işlədiyimə və filmlərdə çəkildiyimə görə, mənim təqaüdümü kəsiblər. Çağırıb tapşırdı ki, təqaüdümü versinlər. Bildirdilər ki, işləyir, yaxşı geyinir nə ehtiyacı var təqaüdə?.. Amma Rahim Hüseynovun təkidi ilə təqaüd bərpa edildi. Özümə fikir verən idim.

Bəziləri məndən şikayət yazmışdı Adil İsgəndərova... O da adamları çağırdı yanına dedi: "Bu oğlanı instituta mən qəbul etmişəm. Demək, ona layiqdir. Bəs nə şikayətlərdir bura yazmısız?".

Şikayət bundan ibarət idi ki, Novruz Axundov işləməkdən başqa, hər şey edir, geyiminə baxır, kitab oxuyur". Adil İsgəndərov bərk hirsləndi. Dedi ki, "Novruza mən tapşırmışam ki, yaxşı geyinsin. Aktyor yaxşı geyinər, küçələrdə piyan gəzməz, aktyor təmiz olar!”

Bəzən imtina etdiyim obraz da olub. Tofiq Tağızadə "Arşın mal alan" filminin ikinci variantını çəkəndə məni filmdə Süleyman obrazını ifa etmək üçün dəvət elədi. Lakin gedib dedim ki, bu rolu canlandıra bilmərəm, mənlik deyil".

Novruz Axundov deyir ki, iki filmdə Oqtay obrazını canlandırıb:

""Əhməd haradadır?" filmindəki uzundraz Oqtay obrazından sonra "İstintaq davam edir" filmində də leytenant Oqtay obrazını canlandırdım. Bu obrazlar xarakter etibarilə bir-birindən tamamilə fərqlənirdi. Operator, ssenarist Əlisəttar Atakişiyevin Adil İsgəndərovla arası olmadığı üçün "İstintaq davam edir" filmində mən olan səhnələrin çoxu çəkilmədi. Çünki Əlisəttar müəllim bilmişdi ki, mən Adil İsgəndərovun tələbəsiyəm. "İstintaq davam edir" filmi ilə bərabər mən "Yenilməz batalyon" filmində də çəkilmişdim. O filmdə epizodlardan birində fəhlə obrazını canlandırmışam".

Aktyor tələbəlik illərində orta məktəbdə oxuyan Nofeliya adlı xanımla tanış olur. Xanıma aşiq olan Novruz evi olmadığı üçün dörd il sevdiyi xanımla nişanlı qalır. Bir gün Adil İsgəndərova ondan evlənə bilməməyinin səbəbini soruşur. Ev problemi olduğunu öyrənəndə ona ev növbəsinə dayanmağı təklif edir. Nəhayət Novruz bəyin 32 yaşı olanda sevdiyi xanımla ailə qurur. Cütlüyün iki oğlu, bir qızı dünyaya gəlir.

***

Aktyor ailəsi haqqında danışanda, deyir:

“Övladlarımın hər biri ali təhsillidir, yaxşı vəzifələrdə işləyirlər. Onların aktyor olmağın istəyərdim, lakin heç birinin bu sahəyə həvəsi yox idi, mən də övladlarıma azad seçim verdim. Həyat yoldaşımı çox sevmişəm, indi də sevgim davam edir, məndə ömrüm boyu xəyanət deyilən bir şey olmayıb. Nofeliya ilə qısqanclıq üstündə böyük davalarımız olmayıb. Bir maraqlı hadisəni də danışım.

Yadımdadır, Kinostudiyada administrator işləyirdim. Adil müəllim məni otağına çağırıb dedi ki, bəs sənin haqqında söz-söhbət gəzir ki, 3-4 yerdə arvad saxlayırsan. And-aman elədim ki, 4 ildir nişanlıyam, evim olmadığına görə ailə qura bilmirəm, haradadır məndə o imkan ki, 3-4 yerdə arvad saxlayım? Dedi, bəs burda 3-4 evin nömrəsini qoymusan ki, səni axtaranda ora zəng edək. Cavab verdim ki, hər dəfə bir qohumun evində qalıram, ona görə kimsə axtarar deyə dəftərdə 3-4 nömrə qeyd etmişəm".

# 17133 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #