Ən yaxın dostunun dəfninə getmədi, məşhur şairin evindən qovuldu, Müslüm Maqomayev onu bağışlamadı...

Polad Bülbüloğlu qızı ilə birlikdə

Polad Bülbüloğlu qızı ilə birlikdə

4 fevral 2022
# 12:00

Bu gün bəstəkar, müğənni, Xalq artisti Polad Bülbülolunun doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir.

Polad Bülbüloğlu 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfini bitirib. İlk mahnılarını 1962-ci ildə, 17 yaşı olanda bəstələyib.

Dünya şöhrətli müğənni Müslüm Moqamayevlə uşaqlıq dostu, həm də qonşu olublar. O, ilk mahnılarından birini məhz Müslüm Maqomayev üçün bəstələyib. Ancaq məşhurlaşandan sonra onların münasibətlərində soyuqluq yaranıb. Hər iki məşhur müğənni Moskvada yaşadıqları zaman bir neçə dəfə dalaşıb, küsüşüblər. Hətta iş o yerə çatıb ki, Müslüm Maqomayev belə bir söz işlədib:

"Nə qədər Polad nazirdir, Azərbaycana gəlməyəcəm".

Müsahibələrinin birində Polad Bülbüloğlu deyir:

“Müslüm məndən üç yaş böyük olsa da, heç zaman yaş fərqi hiss olunmayıb. Biz Maqomayevlər ilə divar qonşusu idik. Binaya girişlər fərqli idi, amma mənzillər bitişik idi. Müslüm ilə divarı döyəcləyərək danışmaq üçün hətta şifrə belə düşünmüşdük”.

Ortaq dostlarının cəhdlərinə baxmayaraq, onların arasındakı soyuqluq heç vaxt aradan qalxmır. Müslüm Maqomayev aralarındakı incikliyi Polada bağışlamır və onunla küsülü dünyasını dəyişir.

Polad Bülbüloğlu ilə şair Tofiq Bayram möhkəm dost olublar. Bu dostluğun isə maraqlı tarixçəsi olub. 1960-cı ildə Yazıçılar Birliyindən Tofiq Bayrama “Moskviç – 408” maşını verilir. Bülbülün evi Yazıçılar Birliyinin yanındakı binada yerləşirdi. Günlərin birində, səhər-səhər pəncərədən bayıra baxan Polad Yazıçılar Birliyinin qabağında Tofiqin maşınını görür. Düşür aşağı, gəlir binanın qarşısına, maşının kimin olduğunu soruşur. Deyirlər ki, bəs Tofiq Bayramındır. Polad Tofiqdən onun maşınını sürmək üçün icazə istəyir. Tofiq özü maşın sürə bilmədiyi üçün, həm də Bülbülə görə razılaşır. Bu razılıqdan sonra Polad böyük həvəslə onun maşınını sürür. Beləcə, onların dostluğu başlanır.

Lakin iş elə gətirir ki, sonralar bu dostluq pozulur. Hətta vəziyyət o həddə çatır ki, Polad Bülbüloğlu Tofiq Bayramın xəstə vaxtı onun yanına getmir. Yalnız ölümündən sonra onun evinə ayaq basır. Tofiqin bacısı xatirələrində qeyd edir:

“Ölümündən sonra Polad bizə gəldi. Anamı görmək, ona başsağlığı vermək istəyirdi. Mən də qarşısını kəsib soruşdum: sən niyə indi gəlirsən ki? Niyə Tofiq xəstə olanda gəlmədin? Niyə Tofiq əməliyyat olundu, gəlmədin? Hətta Tofiq sağlam ola-ola Namiq Kamal Zeybəkə demisən ki, o elə haldadır ki, sizin görüşməyinizi istəmirəm. Soruşdum ki, Tofiq nə halda imiş ki? Mənə cavab vermədi. Mən də ona qapını göstərdim. Dedim, get burdan. O, hətta Tofiqin ölümünü evlərində də deməmişdi. Anası Ada xanım qardaşımın öldüyünü təsadüfən kimdənsə eşitmişdi. Deyəsən, 40-na yaxın gəlib çıxmışdı bizə… Heç yadımdan çıxmaz: pilləkənləri qalxa-qalxa ancaq Poladı qınayırdı. O da anlamırdı ki, oğlu niyə belə iş tutub. Elə hey deyirdi: mən indi bu ailənin üzünə necə baxacam”.

***

Polad Bülbüloğlu özünü kino musiqisi sahəsində ilk dəfə 21 yaşında, 1966-cı ildə ekranlara çıxan “İstintaq davam edir” (rej. Əlisəttar Atakişiyev) filminə musiqi yazmaqla sınayıb.

Ancaq ona ən böyük uğuru 1968-ci ildə “Uşaqlığın son gecəsi” filminə yazdığı musiqi gətirir. 1969-cu ildə Kiyevdə keçirilən “Prometey-69” kinofestivalında film birdən-birə iki mükafat alıb. “Ən yaxşı musiqi tərtibatına görə” və “Müasir mövzunun musiqidə müasir üslubda ən yaxşı həllinə görə”.

***

60-cı illərin ortalarında Polad Bülübüloğlu artıq bütün SSRİ məkanında pop-ulduza çevrilmişdi. Lakin onun əsl ulduzu 1981-ci ildə Lev Durovla birlikdə çəkildiyi “Qorxma, mən səninləyəm” filmi ilə parlayır. “Gəl, ey səhər” mahnısını məşhur Hollivud aranjemançısı və bəstəkarı, “Qremmi” mükafatı laureatı Pol Con Bakmaster aranjeman edib.

İki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı Ukraynanın məşhur opera müğənnisi Bela Rudenko olub. Onlar SSRİ Xarici İşlər Nazirliyinin qəbul evindəki tədbirlərdən birində tanış olublar. Onda Polad Bülbüloğlunun 25, Bela Rudenkonun isə 37 yaşı olub. Polad Bülbüloğlu sonrakı xatirələrində özündən düz 12 yaş böyük olan məşhur opera müğənnisinin məftunedici görünüşü və tünd-qəhvəyi gözlərinin işıltısının onu dəli etdiyini bildirmişdi. Bela Rudenko 2021-ci ilin oktyabr ayında dünyasını dəyişib. 1975-ci ildə Bela xanımdan bir oğlu olub. Oğluna Teymur adını verib. Atasının yolunu davam etdirən Teymur Bülbül Pyotr Çaykovski adına Dövlət Akademik Böyük Orkestrin konsertmeysteri və Rusiyanın əməkdar artistidir. 12 il sonra iki məşhur müğənninin ailə münasibətlərində soyuqluq yaranır və onlar ayrılmağa qərar verirlər.

Polad Bülbüloğlunin ikinci evliliyi mədəniyyət naziri vəzifəsində işləyərkən gerçəkləşib. Məlumatlara görə, Gülnarə Şıxəliyeva Polad Bülbüloğlu nazir işləyərkən onun referenti olub. Bu evlilikdən onun Leyla adlı bir qızı, Murtuza adlı bir oğlu dünyaya gəlib.

***

Mədəniyyət naziri olduğu dövrdə Azərbaycanda müğənnilərin konsert zallarında fonoqrama oxumasını qadağan etmişdi.

# 20762 dəfə oxunub

Müəllifin son yazıları

# # #