Çirkli pullar kino sənayesində yuyulur - Məqsəd Nur

Çirkli pullar kino sənayesində yuyulur - Məqsəd Nur
19 iyul 2023
# 12:00

Kulis.az Məqsəd Nurun "Hollivud üsyanı" yazısını təqdim edir.

BBC xəbər verir ki, ABŞ-da minlərlə Hollivud aktyoru və televiziya işçilərinin etiraz aksiyası keçirilib. 160 min aktyor və televiziya işçisi gecəyarısı öz işini dayandırıb. Bu, ABŞ kino və teleradio sənayesində son 63 ilin ən izdihamlı aksiyası sayılır. Aksiya "Avatar” və "Qladiator” da daxil olmaqla, istehsalda olan bır sıra filmlərin çəkilişini ləngidə bilər. İştirakçılar orta təbəqəyə aid aktyorların maaşlarının artırılmasını istəyir. Bu tələb "ulduz"lara aid edilmir, çünki onlarla bağlanan müqavilələr xüsusi şərtləri əhatə edir. Aksiyaçılar həmçinin istəyirlər ki, süni intellekt texnologiyası ilə yaradılan səs və obrazlar aktyorları əvəz etməsin. Eyni zamanda, Netflix və Amazon kimi platformalardan əldə edilən mənfəətin ədalətli bölüşdürülməsi tələb olunur.

Bax belə. Bu, təkcə kinonun deyil, ABŞ təbliğat maşınının və "beyinyuma" institutlarının yenilənməsi deməkdir. Kino çox böyük silahdır. Hollivudda dövr edən milyardlarla vəsait həm kinonu, həm də dünya mədəniyyətini yanı üstə qoyub. İndi isə bu sənayenin özü süni intellektə transfer etmək üçün insan faktorunu necə aradan qaldırmaq barədə çağırışlarla üz-üzədir.

Yaxşı ki, uşaq vaxtı klubda hind filmlərinə baxanda bir neçə dəqiqədən sonra böyük bacımın qucağındaca yuxulayırdım. Heç böyüyəndə də hind filmlərinə sonadək baxa bilmədim. Amma "həyat gerçəkliyinə yaxın" olan "Bir dəfə Amerikada" filmini iki dəfə izlədim (Filmlərə təkrar-təkrar baxmağı sevmirəm). Sən demə, "həyat gerçəkliyi"nə yaxın Hollivud filmləri hind filmlərindən fərqli olaraq beyinləri başqa cür "yuyurmuş". Asta-asta, hiss etdirmədən - tütünü, narkotikləri, şəhvəti, kapitalı və kapitalın insan həyatında mühüm rolunu təbliğ edə-edə, ailə institutunu, dəyərləri, keçmişin xatirələrini yuyub apararaq. Yumşaq güclə (Soft power).

Kino (seriallar da daxil olmaqla) dünya siyasəti üçün yumşaq gücə çevrilib. İndi heç bir Hollivud filmi (o cümlədən Netflix, digər bu kimi platformalar) və "ulduz aktyor" mənim üçün maraqlı deyil. Hər hansı bir ulduz və onun həyatı ziyanverici xarakter daşıyır. İnsanı gerçəklikdən və təbiətdən ayırır. Aktyor sənətinin fəlsəfəsini də Hollivud məhv etdi. Bu mənada Hollivudla Bollivud eyni məxrəcdədir. Bəs görəsən, dünyanı tamamilə dəyişə bilən, inqilablar edən, sonuncu imperiyanı dağıdan kinonun yerini tutan sosial media və süni intellekt bizi necə dəyişəcək? Biz o dövrün çağırışlarına necə cavab verəcəyik?

Təsəvvür edin, süni intellektin bazasına XX əsrin bütün mədəniyyəti, o cümlədən kino kontentlər daxil edilib. Süni intellektə tapşırıq verəcəksiniz ki, məni film qəhrəmanına bənzət, mənim haqqımda film təqdim et, mənim üçün sevgi haqqında yeni bir film istehsal et və sair. Bir də görəcəksiniz ki, sizi Hollivud və Bollivud filmləri qəhrəmanına sintez edib. Əslində, isə bu siz deyilsiniz.

Mən süni intellektdən qətiyyən narahat deyiləm. Heç Hollivuddan da. Qorxulusu Hollividda üsyan edən o kütlədir. Onlar pul xətrinə nə desəniz edəcək, iş tapmaq üçün süni intellektin beynini dolduran layihələrə transfer olunacaqlar. Və əmin ola bilərsiniz ki, bu kütlənin etdikləri, süni intellektin "analitik təfəkkürünü" - alqoritmini müəyyənləşdirəcək.

Mədəniyyəti sənayeləşdirmək, yeniləşdirilmiş dəyərlər çələngi istehsalını gücləndirmək və istehlakçıların sayını artırmaq qlobal dünyanın çoxdankı taktikasıdır. Zaman keçdikcə anlayıram ki, ən yaxşı Hollivud filmi belə "sosial-iqtisadi" layihədir. Beyin yuyulması və Amerika həyat tərzinin dünyaya sırınmasıdır. Ən yaxşı filmlər belə anesteziyadır. Çirkli pulların yuyulmasında kino sənayesinin rolu danılmazdır. Hollivud istehsalı da futbol çempionatları kimi xoşməramlı xarakter göstərmək istəyir, amma çoxdan qumarxana ocağına çevrilib.

Bizdə isə kino üsyanı indi başlayır. Köhnə kino qurdları Hollivud, Kann festivallarına can atan təzə uşaqlarla kinomuzu şöhrətləndirmək üçün yola çıxırlar. Sənayeniz mübarək.

Qaynarinfo

# 1423 dəfə oxunub

Müəllifin son yazıları

# # #