Prezident Kitabxanasının İncəsənət ədəbiyyatı zalında “Heydər Əliyev və mədəniyyət” mövzusuna həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilib.
Kulis.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənət xadimlərinə və musiqi irsinə göstərdiyi böyük qayğıdan bəhs edib.
O, Əməkdar incəsənət xadimi Aydın Əzimovun özünəməxsus dəsti-xətti ilə milli musiqi mədəniyyətimizin inkişafına töhfələr verdiyini, onun əsərlərində dərin fəlsəfi məzmun və milli ruhun parlaq şəkildə təcəssüm olunduğunu vurğulayıb.
Qeyd olunub ki, bu cür tədbirlər milli-mənəvi dəyərlərimizin, görkəmli sənətkarlarımızın zəngin yaradıcılığının gələcək nəsillərə çatdırılması və təbliği baxımından müstəsna əhəmiyyət kəsb edir.
Daha sonra bəstəkar Aydın Əzimovun həyat və fəaliyyətini, onun Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi dəyərli töhfələri əks etdirən videoçarx nümayiş olunub.
Əməkdar incəsənət xadimi Aydın Əzimov çıxış edərək yaradıcılıq yolu, əsərlərinin yaranma tarixi və musiqi dünyası haqqında təəssüratlarını bölüşüb, tədbirin təşkilinə görə kitabxana rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirib.