"Beş hecaçılar"dan biri - Onun hansı şeiri Zəki Mürenin ifasında məşhurlaşmışdı?

"Beş hecaçılar"dan biri - Onun hansı şeiri Zəki Mürenin ifasında  məşhurlaşmışdı?
23 oktyabr 2025
# 10:35

23 oktyabr türk şair, jurnalist və siyasətçi Orxan Seyfi Orhonun doğum günüdür.

Kulis.az bu münasibətlə şairin həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.

Türk ədəbiyyatında dərin izlər buraxan şairlərindən biri Orxan Seyfi Orhon 23 oktyabr 1890-cı ildə Çengelköydə Miralay Emin bəy və Nimet xanımın ailəsində dünyaya gəlib.

İlk təhsilini Hovuzbaşı Məktəbində, orta təhsilini Bəylərbəyi Rüşdiyyəsində, lisey təhsilini isə 1909-cu ildə Mərcan İdadisində tamamlayıb.

Orhonun ədəbiyyata marağı tələbəlik illərində formalaşıb. Onun müəllimi, məşhur şair Celal Sahir Erozan gənc Orxana poeziyanı sevdirmişdi.

O, ilk dövrlərdə Əbdülhəq Hamid Tarhan və Tofiq Fikrətin təsiri altında şeirlər yazırdı.

1909-cu ildə “Samanyolu” dərgisində ilk şeirləri çap olunan Orxon 1913-cü ildə yazdığı “Fırtına və qar” adlı şeiri ilə ədəbiyyat aləmində tanınmağa başladı.

Əvvəlcə Tibb Məktəbində təhsil alan Orhon bir əməliyyat zamanı anesteziya prosesində halı pisləşdiyi üçün məktəbi yarımçıq qoydu.

Daha sonra İstanbul Universitetinin hüquq fakültəsini 1914-cü ildə bitirdi və qısa müddət "Məclis-i Məbusan"da katib kimi çalışdı.

Ankarada hökumət qurulduqdan sonra o, müxtəlif məktəblərdə — Hərb Akademiyası, Hərbiyə Məktəbi, İstanbul Kişi Liseyi, Erenköy Qız Liseyi, Pertevniyal Liseyi və italyan Liseyində ədəbiyyat müəllimi kimi fəaliyyət göstərdi.

Orxan Seyfi Orhon, Enis Behiç Koryürek, Halit Fahri Ozansoy, Yusuf Ziya Ortaç və Faruk Nafiz Çamlıbellə birlikdə Türk ədəbiyyatında “Beş hecaçılar” kimi tanınan ədəbi cərəyanın yaradıcılarından biri idi.

Bu qrup “Milli ədəbiyyat” cərəyanının prinsiplərinə uyğun şeirlər və yazılarla çıxış edərək “Türk qadını”, “Şair”, “Servet-i Fünun”, “Ümit” və “Yarın” kimi dərgilərdə çap olunurdu.

Qurtuluş Savaşı illərində Orhon “Aydede” dərgisində satirik məqalələr yazdı və 1919-cu ildə sosial hadisələri tənqidi dillə ifadə edən “Peri qızıyla çoban hekayəsi” adlı kitabını nəşr etdirdi.

Milli ədəbiyyat cərəyanını mənimsəyən şair, saf türk dili ilə yazdığı duyğulu və səmimi şeirləri ilə ədəbiyyat tarixində xüsusi yer tutdu.

O, divan poeziyasının klassik qəliblərini heca vəzninə uyğunlaşdıraraq qəzəl tərzində əsərlər də qələmə aldı. Onun bir çox şeirləri sonradan bəstəkarlar tərəfindən musiqiyə çevrildi.

Orhon “Könüldən səslər” adlı kitabının ön sözündə belə yazırdı: “Fırtına və qar”ı yazdığım zaman 23 yaşım vardı. Artıq öz üslubumu tapmışdım. Əruz vəzninə hakim idim. Bu mənzumədə təbiətin fırtına sonrası səssizliyini ritmlə ifadə etməyə çalışdım. Bütün gurultulara baxmayaraq, bu şeirlərin yaşayacağına inanıram. Böyük bir iş olmasa da, könlümdən qopan bu sətirləri məndən sonrakılara buraxmaqdan məmnunam.”

1930-cu illərdən etibarən Orhonun yazıları “Edebiyat Gazetesi”, “Ayda Bir”, “Her Ay” və “Her Şey” kimi jurnallarda dərc olunurdu. 1941–1944-cü illərdə o, türkçü ideologiyanı təbliğ edən “Çınaraltı” dərgisini nəşr etdirdi.

Dərgi 161 nömrə çıxmış və həmin dövrün ən önəmli ədəbi mənbələrindən birinə çevrilmişdi.

1945-ci ildə “Tasvir-i Efkar” qəzetində yazmağa başlayan Orhon, 1946-cı ildə CHP-dən Zonguldak millət vəkili, 1965–1969-cu illərdə isə "Adalet" partiyası sıralarından İstanbul millət vəkili seçilmişdi.

Bu illər ərzində o, “Milliyet”, “Cumhuriyet”, “Ulus”, “Zafer”, “Havadis” və “Son Havadis” qəzetlərində publisistik məqalələr dərc etdirirdi.

Şair 22 avqust 1972-ci ildə İstanbulda ürək tutmasından vəfat etmiş, Zincirlikuyu qəbiristanlığında dəfn edilmişdir.

Orhon 1970-ci ildə “Hayat Tarih” jurnalına verdiyi müsahibədə belə demişdi: “Mercan İdadisində oxuyurdum. Müəllimimiz Celal Sahir idi. Ədəbiyyat və şeir sevgisini ondan öyrəndik. Məktəbdə bir divar qəzeti çıxarırdıq, mən də ora şeirlər yazırdım. Celal Sahir onları çox bəyənirdi. Mənim qazandığım ilk tərif də ondan gəlmişdi.”

Ədəbiyyat tarixçisi Nihad Sami Banarlı, Orhon haqqında belə yazmışdı: “Orhan Seyfi, həm əruz, həm də heca vəznini mükəmməl bilən nadir şairlərdəndir. Onun əruzu, türk dilinin ritmik imkanlarına uyğunlaşdırılmış bir əruzdur. Bu baxımdan o, Muallim Naci, Tofiq Fikret, Məhmət Akif və Yəhya Kamal xəttinin davamıdır.” Digər tərəfdən, şair Turqut Uyar “Beş Hecaçılar” haqqında daha sərt fikir səsləndirmişdi: “Onların ədəbiyyatda tarixi missiyası çox şişirdilmişdir. Bəlkə də dilin sadələşməsinə xidmət ediblər, amma poeziyaya yeni bir dərinlik gətirdiklərini söyləmək çətindir. Əruzu atıb, hecanı geyinməyə çalışdılar, amma bu dəyişiklik səmimi deyildi.”

Orhonun şeirlərində uşaqlıq təmizliyi və romantik duyğular hiss olunur. Əsərlərində əsasən sevgi və qadın mövzularına yer verən şair, həyatdan çox xəyallardan bəslənirdi.

Romantik təbiət təsvirləri, sevginin kədər və həsrətlə yoğrulmuş ifadələri onun üslubunu müəyyənləşdirirdi. Onun ən məşhur əsərlərindən biri — “Vida” şeiri 1951-ci ildə bəstəkar Yusuf Nalkəsən tərəfindən bəstələnmiş, 1970-ci illərdə Zəki Mürən tərəfindən oxunaraq məşhurlaşmışdı.

Bu əsər zamanla türk sənət musiqisinin klassik incilərindən birinə çevrildi. Orxan Seyfi Orhonun yaradıcılığına nəzər salanda onun yalnız bir “hecaçılar” nümayəndəsi deyil, həm də milli duyğuları saf bir dillə ifadə edən, təbiətən romantik və satirik ruhlu bir sənətkar olduğunu görmək mümkündür.

Onun başlıca əsərləri sırasına “Fırtına və qar”, “Pəri qızıyla çoban hekayəsi”, “Könüldən səslər”, “O bəyaz bir quşdu”, “Karvan” kimi şeir kitabları daxildir.

# 106 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər