"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda
10 aprel 2026
# 17:15

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında həyata keçirilən “Ağıllı irs: Azərbaycan memarlığının rəqəmsal təqdimatı” layihəsi müasir dövrdə milli-mədəni irsin qorunması və təbliği istiqamətində innovativ yanaşmanın nümunəsidir. 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar davam edən bu layihə həm tarixi irsimizin dərin qatlarını üzə çıxarır, həm də süni intellekt texnologiyalarının imkanlarını nümayiş etdirir.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində hazırlanmış təqdimatlar Azərbaycan memarlığının ən əhəmiyyətli nümunələrini əhatə edir. Bu sırada Möminə Xatun türbəsi, Qarabağlar türbəsi, Şəki Xan sarayı və Heydər Əliyev Mərkəzi kimi dünya əhəmiyyətli memarlıq abidələri yer alır. Hər bir təqdimat özünəməxsus məzmunda hazırlanaraq həmin abidələrin həm estetik, həm də tarixi dəyərini geniş auditoriyaya çatdırır.

"Möminə Xatun türbəsi – memarlıq və eşqin şah əsəri" adlı təqdimatda XII əsr Azərbaycan memarlıq məktəbinin nadir nümunələrindən biri olan bu abidənin memar Əcəmi Naxçıvani tərəfindən inşa edildiyi vurğulanır. Türbənin mürəkkəb həndəsi naxışları, yazıları və simvolik məna daşıyan ornamentləri süni intellekt vasitəsilə daha interaktiv və vizual şəkildə təqdim olunur.

"Naxçıvanın firuzəyi tacı: Qarabağlar türbəsi" kimi təqdim olunan material bölgənin memarlıq irsini yeni baxış bucağından işıqlandırır, Qarabağlar türbəsi timsalında bölgənin tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasını diqqətə çatdırır.

"Qafqazın memarlıq incisi" adlandırılan Şəki Xan sarayına həsr olunmuş təqdimat abidənin zəngin dekorativ elementlərini, şəbəkə sənətini və unikal tikinti texnologiyasını ön plana çıxarır. Süni intellekt vasitəsilə hazırlanmış vizual effektlər sarayın incə detallarını daha aydın şəkildə nümayiş etdirir.

Qərb və Şərq memarlıq mədəniyyətinin bariz nümunəsi olan “Heydər Əliyev Mərkəzi: Gələcəyə dəyərlərlə!" adlı növbəti təqdimatda innovasiya, dinamika və futuristik dizaynın harmoniyası əks olunur. Bu təqdimatda süni intellekt texnologiyalarından istifadə olunaraq binanın memarlıq fəlsəfəsi, beynəlxalq mükafatları və qlobal səviyyədə tanınması interaktiv formatda işıqlandırılır.

Layihənin əsas üstün cəhətlərindən biri təqdimatların süni intellekt vasitəsilə hazırlanmasıdır. Müasir texnologiyalar sayəsində böyük həcmli məlumatların sistemləşdirilməsi və vizual materialların yaradılması daha sürətli və keyfiyyətli şəkildə həyata keçirilir. Süni intellekt bu sahədə yalnız texniki vasitə deyil, həm də yaradıcı tərəfdaş rolunu oynayır: tarixi faktları araşdırır, vizual kompozisiyalar qurur və istifadəçiyə daha cəlbedici məzmun təqdim edir.

Bu cür layihələr göstərir ki, rəqəmsal texnologiyalar milli irsin qorunması və təbliğində mühüm rol oynayır.

"Ağıllı irs: Azərbaycan memarlığının rəqəmsal təqdimatı" layihəsi yalnız memarlıq abidələrinin tanıdılması ilə kifayətlənmir, eyni zamanda süni intellektin mədəniyyət sahəsindəki tətbiqinin uğurlu nümunəsini yaradır.

"Ağıllı irs: Azərbaycan memarlığının rəqəmsal təqdimatı" layihəsi çərçivəsində hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/our-activity/sehersalma-ve-memarliq-ili-ai yerləşdirilib.

# 53 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər