Kulis.az riyaziyyatçı, Quzey Dakota Dovlet Universitetin (ABŞ) professor Azər Əhmədovun real faktlar əsasında yazdığı "Bəxtiyar Azərbaycan” hekayəsini təqdim edir.
gerçək hekayə
Karlo öldü. “Fakirsənsə, ölümün daha böyük” demiş şair. Karlo fakir deyildi. Amma böyük bir ölümlə ölmək istəyirdi. Milyonların onun ölümündən xəbər tutmasını istəyirdi. Sevdiyi, uğrunda vuruşduğu milyonların. Vuruşub məğlub olmuşdu. Məğlubsansa, ölümün daha böyük!
Xəbəri telefonda Nelda çatdırmışdı qardaşı uşaqlarına. Sonra xəbər dünyanı dolaşıb axırda gəlib mənə çatanda sakit qarşılamışdım – Karlo məni öz ölümünə çoxdan hazırlamışdı. Mətbəxlərində Neldayla mübahisə edirdilər, – birinci mən öləcəm, mənim vəziyyətim səninkindən pisdir, – yox, mən səndən tez öləcəm. Axırda Nelda bir əlini masanın küncünə dirəyib ayağa durmuşdu, donqarlı belini azca dikəldib şəhadət barmağını önündəki havada irəli itələyərək “vado io!” (mən gedirəm) demişdi, “basta!” (bəsdir) Bitdi yəni söhbət, finito! (bitdi)
- Əmi, bu nə yaxşı nərdtaxtadır, üstündə də Nərimanovun şəklini çəkiblər.
- Eşşəyin sıpası, Nərimanov nədir, görmürsən Üzeyir Hacibəyovun şəklidir.
- Yox, ay əmi, Nərimanova oxşayır.
Mən də söhbətə qoşulub arvadıma tərəf dururam.
- Nərimanova çox oxşayır.
- Ə, mən Nərimanovun şəklin heç evimdə saxlayaram? Apardı bağladı bizi ruslara! Sən nə təhər müəllimsən ki, Üzeyiri tanımırsan?
- Nə bilim, ona da oxşayır, buna da - mızıldayıram.
- Götur bir nərd ataq.
- Oynaya bilmirəm.
- Bəs nə bilirsən, elə müəllimliyi?
- Ayrı oyunları bilirəm.
- Heç kişi sənəti deyil haa, bu müəllimlik. Kişi aşçı olar, sənətkar olar. Mənim qonşularım da müəllimdirlər, heç zadın karı deyillər.
- Mən təkcə müəllim deyiləm, həm də elmi işlə məşğul oluram.
- Nə işlə dedin?
- Tədqiqat işi də. Oxuyub öyrənirəm həm də.
- Oxu, oxu, amma hər oxuyan da Molla Pənah olmur, onu da biləsən gərək.
- Onu da bilirəm.
Brooklindəki evlərini satıb Padovaya köçəndə artıq həyatla vidalaşmışdı. Uzun illər idi Padovada ev tikdirirdilər, amma bir dəfə də olsun, bu haqda danışmazdı. Ev nədir, ən sonda heç nə haqda danışmağa sözü qalmamışdı, deyəcəyi nə söz vardısa deyib qurtarmışdı. Yaşamağa yox, ölməyə gedirdi Padovaya.
Bu qürbət bilirsənmi nədir, bala, bu qürbət bir kəndirdir. Ucundan tutdunsa, buraxmırsan, dananın quyruğundan tutub buraxmayan uşaq görübsənmi, oylə. Sonra kəndiri əlinə dolayıb bir az da möhkəm yapışırsan ondan, ömrün boyu tuta-tuta, dolaya-dolaya gəlirsən, ömrünün axırında görürsən ki, kəndirin o ucunda bir ilgək varmış. İlgək axırda gəlib keçir boğazına. Özünü asıb öldürürsən. Bax, qürbət belə şeydir. Mənim dədəm öldü, görmədim, nənəm öldü, görmədim, - gözü yaşarır, - xalam öldü, görmədim, özü də nətəhər istəkli xalam, həmin o böyük xalami deyirəm, sənin dədənin nənəsini, - səsi titrəyir, - bacım öldü, görmədim, - səsi xırıldayır, - qardaşım öldü… – göz yaşı boğur onu burda, yenə nəsə deyirsə də eşidilmir.
La strada e aperta! (küçə açıqdır) - Nelda səsini qaldırmışdı ona bir dəfə. Bakıdan pensiyamı ala bilsəydim, bala, gedib oturardım orda.
Bilirik ki, pensiya bəhanədir, gedib Bakıda yaşamaqdan, oralara öyrəşə bilməməkdən qorxur. Həm də Nelda getməz, onu necə atıb getsin? Atmaz onu. Eləcə Bakıya getməkdən danışıb Neldaya minnət qoyur. La strada e aperta! – bu dəfə Neldanı da göz yaşı boğur.
Biz o vaxt dörd azərbaycanlı əsgər dörd italyan qızla evləndik. Mən müharibədən sonra İsveçrədəydim. Bizi bir fabrikada işlədirdilər. Bu da orda işləyirdi. Bir dəfə orda bir azərbaycanlı əsgər vardı, yaşda məndən böyük idi, dedim ki, boylə-boylə, bir qız var, gəldi mənə bir söz atdı, bu sözün mənası nədir? “Göyçək qızdırmı?” soruşdu. Pis deyil, dedim. “Onda ondan möhkəm yapış!”
Saçlarına vurulmuşdum - Nelda deyir. Gülürük. Sii, ma capelli erano bellissimi. (Amma saçları çox gözəl idi)
Bir dəfə qardaşım zəng elədi mənə, o vaxtlar da ordan bura zəng eləmək zarafat məsələ deyildi haa. “Oğlum olub, adını nə qoyum?” soruşdu. Bəxtiyar qoy, dedim. Ȕstündən on il keçəndən sonra gördüm genə zəng eləyib ki, bir oğlum da olub. Dedim adını Azər qoy. Bir də üstündən düz on il keçəndən sonra zəng elədi ki, üçüncü oğlum oldu. Dedim bunun da adını qoy Baycan. Oldu Bəxtiyar-Azər-Baycan! Sonra Bəxtiyar 24 yaşında öldü, Azərlə Baycan qaldı. Bəxtiyar Azərbaycanımın Bəxtiyarı öldü.
2-3 ayda bir dəfə, həftəsonları, Nyü Heyvandan qatara minib saat yarım sonra Qrand Sentralda düşürdük, ordan da bir saata metroyla Bruklindəki evinə çatırdıq. İsti qonaqpərvərlik göstərirdilər bizə, hər cürə rahatlıq yaradırdılar. Sərbəstlik verirdilər - bir otaqda olduqsa, heç vaxt o otağa girməzdilər, təzə ər-arvad bol-bol öpüşə bilirdik. Hara istəsək gedib gəzirdik, təki axşam yeməyinə vaxtında gələydik. Amma günümüzü çox zaman elə onlarla keçirirdik. Səhər-günorta-axşam yeməklərində özü qulluq eləyirdi bizə. 60-ci ildə Amerikaya gəldiyi ilk günlərdən restoran açıbmış özünə, sonra orda aşpaz kimi o qədər məşhurlaşıbmış ki, Manhettendəki bir restorana “chef” götürüblər onu, orda işləyib uzun illər. “Elə sizin düşüb gəldiyiniz Qrand Sentral yoxmu, onunla üzbəüz bir hotel vardı, o hotelin baş “chef”iydim…”
- Azərbaycanda yaxşı yemək bişirmirlər, hamısı cana ziyandır. Bundan yeməmisizmi Azərbaycanda, bilirsənmi nə deyirdilər buna?
- Yox.
- Məməcürə! Burda adı asparaqusdur. O qədər yığıb yeyridik ee, uşaq vaxtı. Cincilim varmı genə?
- Var.
- Bəs qırppığan, hajıqıjı?
- Onlar da var.
Neldayla ilk dəfə 70-lərdə getmişdilər SSRİ-yə. Azərbaycana getməyə icazə verməyiblər, Moskvadan kənara çıxmaq olmazmış. “Bir yerdə oturub çay içirsən, qənddanda qənd gətitirlər, hamı da əlini atıb o qənddandan qənd götürür” – Nelda deyir bunları. İyrənibmiş Moskvadan.
Bir dəfə axşamdan xeyli keçmiş döndük evə. Hirslənmişdilər. “Türklərin paradındaydıq” deyəndə Nelda daha da qızmışdı bizə. Küsmüşdük, mısmırığımızı sallayıb “yemək yemirik, toxuq” demişdik yalandan. “Qoy ac qalsınlar!” – Neldanın hirsi soyumurdu. Bizi zorla yemək otağına çəkmşdi, yedirtmişdi: “bibinizə fikir verməyin, bala, bibinizin könlü qırıqdır”.
Amerikaya gəlmədən əvvəl 10 il Izmirdə yaşamışdılar.
- Orda məni bir dəfə cərrahiyə etdilər” - səhərisi gün Nelda deyirdi bunu - “ xəbərim olmayıb, uşaqlığımın da ağzını büküblər, deyiblər qoy müsəlmanın bu xristian arvaddan uşağı olmasın” – aglayırdı danışdıqca.
- Nə olardı bizim uşağımız olsaydı, indi ikimiz bu evdə tək qalmazdıq.
Günahkar-günahkar “bizim parada getmək fikrimiz yox idi heç, dedik görək bəlkə Bakıdan kimsə olar orda” deyəndə, “gedin, gedin, niyə getmiyəsiz ki? bizim onlardan bir fərqimiz yoxdu ki, bala, eyni millətik” demişdi, “siz bibinizə fikir verməyin, bibinizin könlü çox sınıqdır”.
- Bu bibin var ha, Azərbaycanın anasıdır. Heç bilirsənmi nə qədər adam gəlib qalıb bizdə Azərbaycandan – hamısının qabağında qulluqçu olub bu.
Ta 70-ci illərdən onlara gəlib gedən azərbaycanlıları nəzərdə tutur. ABŞa bir azərbaycanlı gəldiyindən xəbər tutdusa, tapıb qonaq gətirimiş evinə.
- Bura Azərbaycandan professorlar, şairlər gəlib. “Dostluq” cəmiyyəti ilə əlaqələrimiz vardı. Biz onlar vasitəsilə milli təbliğat aparırdıq Bakıda, bilirsənmi?
Dedilklərindən şübhələnib “axı onlar KGBnin nəzarətində olublar” deyirəm.
- Bəs biz KGB-dəkiləri ələ almışdıq da. Bakıda KGBnin böyüyü vardı, Hüseynov. Onunla yazışırdıq. Onu da milli təbliğatla çəkimşdik öz tərəfimizə.
Bir-iki Azərbaycan sovet şairinin adını çəkir - “bizim adamlarıydı”. Başımı qaldırıb heyrətlə sifətinə baxıram. Gözlərində parıltı var. O da diqqətlə mənə baxır. Çalışıram anladığımı sifətimdə biruzə verməyim, qorxuram məyus ola. Baxışırıq, gözlərindəki parıltı getdikcə azalır, sifəti tutulur…
- Həmin o Hüseynov kömək elədi ikinci dəfə Azərbaycana gedəndə, mənə icazə də aldı ki, Bakıya gedim. Cəbrayıla yenə qoymadılar, amma Bakıda bir həftə qaldım. Heç hoteldən uzaqlaşmağa belə icazə yoxuydu.
Hoteldə yaxın qohumları ilə görüşə bilmişdi. Nelda getməmişdi onunla, amma qayıdandan sonra soruşubmuş “ordadamı hamı əlini salıb eyni qənddandan qənd götürür?”
Mən düz 1939-cu ildə, Cəbrayılda rus hökümətinin əleyhinə bir mitinqə qatılmışdım. Camaat yığışıb hökümətdən narazılıq eləyirdi, “belə hökümət bizə lazım deyil”, deyirdilər. O mitinqin səhərisi gün əsgər getdim. Əsgərlikdə olduğum vaxt müharibə başladı, ordan da məni müharibəyə götürdülər. Müharibədə biz neçə min azərbaycanlı ruslardan ayrıldıq. Baxdıq ki, ölənlərimizin çoxunu arxadan vururlar. Ruslar fağır azərbaycanlıları qabağa verib almanlara qırdırırdılar, özləri də daldan bizi qırırdı.
Karlo fağır deyildi. Təşkilatçılıq eləyib orduda üsyan qaldıra bilmişdi, minlərlə azərbaycanlı əsgəri öyrədib bir gecədə qaçmışdılar.
- 10 gün rus ordusu ilə alman ordusunun arasında qaldıq. Başımıza bombalar yağırdı. Axırda almanlarla əlaqə yaradıb onlar tərəfə keçdik. Rusları mən o vaxt tanıdım. Odu-budu rus dilini ağzıma almıram. Özün görürsən, neçə dil bilirəm, rus dilini də bilirdim, qəsdən danışmadım ki, yadımdan çıxsın. Müharibə bitəndən sonra bizim əsgərlərin hərəsini bir yerə göndərdilər, Amerikaya, Kanadaya, hər yerə. Məni hələ Misirə göndərmək istəyirdilər, getmədim, qaldım Avropada. Orda rus konsulosu bizim əsgərlərin bəzilərin şirnikləndirib geri götürmşdü. Dedim onlara ki, getməyin, bunlar dedilər, daha müharibə qurtarıb, qayıdaq gedək ev-eşiyimizə. Sonra eşitdik gedənlərin hamısını güllələyiblər. Çox çalışdım, amma ruslardan qisasımı ala bilmədim.
***
Qatarı Mərcanlıda saxlamışdılar, “daha burdan o tərəfə yol yoxdur!” Düşüb piyada üzü günbatana gedirdi. Yolboyu banı dolu maşınlar, beli şələli adamlar, arvad-uşaq, at-eşşək, qoyun-quzu.
- Tinliyə gedirmi bu yol?
- Tinli uzaqdır a kişi, hara gedirsən?
Soraqlaya-soraqlaya gedirdi. Ən sonda hərbçilər kəsmişdi qabağını.
- Yol bağlıdır, kişi, geri qayıt.
- Geri hara? Ağzı bu tərəfə hara qaçırsız?
- Erməni gəlir.
- Erməni gəlir, bəs niyə qaçırsız? Əsgər də davadan qaçarmı?
- Erməni deyil gələn, rusdur.
- Lap yaxşı, mən elə rusları axtarırdım.
Orta yaşlı bir komandirdir. Deyəsən hərbçı qüruruna toxunub qocanın belə köntey danışmağı.
- Sən axı əsgərsən, əsgər qaçmaz. Rusdanmı qorxursan?
- Rusa gücümüz çatmaz.
- Ə, sən heç bilirsənmi Cəbrayılda nə qədər rus qırıblar vaxtında.
- Geri çəkilək, plan quraq.
- Plan odur ki, vuruşasan. Hamınız qaçırsız, bəs nolacaq?
- Yağçı olacaq, dayı.
- Bala, mən də elə onu deyirəm ki, yağçı olsun, pendirçi olmasın. Yığ əsgərlərini başına, rusun başın vur əz.
Komandirə “geri qaçma” deyən olmamışdı hələ. İndi bu qəribə, deyəsən hərbidən başı çıxan qoca kim idi, hardan gəlib çıxmışdı bura? Sınayıcı nəzərlərlə əsgərlərinə baxırdı. Deyəsən təpər gəlmşdi qıçlarına.
Atışma səsləri eşidiləndə əsgərlər yenə pərən-pərən düşmüşdü. Qoca əlini atıb geri qaçan çəlimsiz bir əsgərdən silahını dartıb aldı.
- Hara gedirsən əşşi?
- Vuruşacayıq!
- Başın xarabmı olub? Alın onun silahını əlindən.
- Deyəsən qabağa düşməyə qorxursan, onda dalımca gəl. Vuruşacayıq!
- Alın silahını əlindən!
- Burax ə qolumu! Tinliyə gedirəm, orda vuruşacam ruslarla.
- Nə Tinli? Tinli haradır?
- Mən 55 ildir görməmişəm kəndimi, geri qayıtmaq nədir.
- Nə danışır ə, bu? Əşşi, bəs hardaydın bu vaxtacan?
- Amerikada.
Komandirin şübhəsi qalmamışdı deyəsən, bu bədbəxt qoca dəliymiş kimsə: “Qollarını burun, basın maşına. Yazığın başı xarab olub, gedib azıb ələ keçər. Maşına basın, aparın!”
Bu, onun üçüncü və son gəlişiydi. Bu dəfə nə Moskvaya getməyə ehtiyac vardı, nə ordan icazə almağa; nə qarşılayan vardı onu, nə güdən. Dava başlayandan onsuz da yuxusu ərşə çəkilmişdi. Cəbrayıldan xəbərlər yoğunladıqca Nyu Yorkda qərar tuta bilməyib özünü yetirmişdi. Gələn günün axşamı da döyüş bölgəsinə getməyə razı olacaq taksi tapmayınca dəmiryol vağzalına qaçıb bilet almışdı.
Həmin o avqust axşamı çox adam toplaşmışdı vağzala. Cəbrayıl işğal təhlükəsi altındaydı; son dəqiqələrdə gedib evini görmək istəyən kim, hökümətdən kömək istəməyə çağıran kim, ”silah da var, sursat da, vuruşan yoxdur” deyən kim, hündür səslə camaatı vuruşmağa çağıran kim. Hərənin ağzından bir avaz gəlirdi. Adamların arasında bir az kənara çəlilib danışanları dinləyən gənc bir Azər də vardı. Elə onun yanından etinasızca keçib qatara minmiş, birbaş Cəbrayıla üz tutmuşdu.
(Qaytaran Eyvazlı 2007-ci il noyabrın 26-da, Nelda isə 2010-cu ildə Padovada (Italiyada) vəfat etmişlər.)
Qaytaran Eyvazlı - Xalası nəticəsi Kəmalə Qasımlı ilə. New York. 2002.