İlin son “Azərbaycan”ı

İlin son “Azərbaycan”ı
5 yanvar 2021
# 18:40

Azərbaycan Yazıçılar Birliyinin (AYB) ədəbi orqanı olan “Azərbaycan” ədəbi-bədii jurnalının yeni, 12-ci nömrəsi çapdan çıxıb.

Jurnalın 2020-ci ilin dekabr nömrəsi xalqımıza mübarək Zəfər qüruru yaşatmış Orduya, Əsgərə, Sərkərdəyə və Anaya minnətdar duyğuların ifadəsi olan şeirlərlə açılır.

“Vətən müharibəsinin bədii salnaməsi Azərbaycan yazıçısının qələmi ilə ədəbi tariximizin yaddaşına yazılacaq” - baş redaktorun bu fikrini Ayaz Arabaçı, Fuad Vəliyev, İlham İnam, Aybəniz Kürəkçaylının şeirləri davam etdirir.

“Poeziya” rubrikasında Əkbər Qoşalı, Güləmail Murad çıxış edirlər.

Azərbaycan poeziyasının unudulmaz şairi Nisə Bəyim oxucularına, həyata, dünyaya son şeirləri ilə vida söyləyir. Südabə Ağabalayevanın “Payıza yolun düşsə...” essesi bu gözəl şairin xatirəsinə həsr olunub.

Mir Cəlal adına II Beynəlxalq hekayə müsabiqəsində qalib olmuş müəlliflərin mətnləri ilə də bu nömrədə tanış ola bilərsiniz.

“İnsanın vaxta, vaxtın insana xəyanətinin əlaməti nədir? Diqqətsizlik. İnsan vaxta qarşı diqqətsiz olanda dünya qarışır, ömür uçur. Vaxt insana qarşı diqqətsiz olanda fələk onu hər addımında mat eləyir”. Aydın Talıbzadənin Xalq yazıçısı Kamal Abdullanın 70 illik yubileyinə yazdığı “Vaxtı edam etmək” essesi bir ayrı zövq və üslub təqdim edir.

“Nəsr” rubrikasında Mübariz Cəfərli və Kamil Əfsəroğlunun hekayələri var.

Qəşəm Nəcəfzadə bu dəfə fərqli ampluada çıxış edir: “Ölüm o dünyada qaldı” pyesini Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr edib.

İsrafil İsrafilov yenə də “qəhrəmanına” fərqli rakursdan baxır: “Dramaturqluğa məhkum olan A.P.Çexov” .

“Yeni tərcümələr”in təqdimatında Məmməd Oruc “Sonuncu şüa” hekayəsini çevirib. Tərcüməçinin qeyd etdiyinə görə Moskva ədəbi mühitində hadisə kimi qiymətləndirilən bu hekayənin müəllifi gənc yazıçı İ.Korotkovdur. Rusdilli gənc yazıçı Rüfət Mustafazadənin “Pandemiya” hekayəsini isə Y.Qayıbov çevirib.

“Tənqid və ədəbiyyatşünaslıq” rubrikasını izləyənlərə professor Qorxmaz Quliyev “Mətnlərin səsləşməsi”ni şərh edir. Baba Babayev bədii şərtilik və psixologizm məsələlərini Elçinin “Qatil” dramında izləyir.

“Ədəbi portretlər” rubrikasında ədəbiyyat fədaisi Qulam Məmmədlini İntiqam Mehdizadə “bu gün dünəndən başlayır” niyyəti ilə yad edir.

Ötən il jurnalda dərc olunmuş bütün materialların xronologiyası yenə də etibarlı bələdçi kimi köməyinizə gəlir. Oxucular yeni nəşrlərlə “Kitab rəfi”ndə tanış ola bilərlər.

# 1513 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #