Fuad Poladovun xatirəsi– Rafiq Həşimov yazır...

Fuad Poladovun xatirəsi– Rafiq Həşimov yazır...
25 may 2021
# 13:25

26 may 2018-ci il...

Ramazan ayının 11-ci günü... Şənbə...

Mayın 24-də Fuadın (Poladovun) 70 yaşı tamam oldu.

Biz bir neçə nəfər “Qurd qapısı” qəbristanlığına onun qəbri üstünə gedirdik. “Qurd qapısı” qəbristanlığı Bakının çıxışında hər iki tərəfi yüksək təpələrlə sıralanmış uzunsov bir dərədə, Xəzərdən əsən küləyin məcrasında yerləşir. Buradan şəhərə baxmaq istəsən, bir neçə kilometr aralı olmasına baxmayaraq, elə bil, tamam başqa bir yerə, uzaq bir dərinliyə düşmüsən...

Qəbristanlığın ortası ilə uzanan bir maşınlıq ensiz yol, sağdan-soldan baş daşlarından boylanan, sanki dil açıb danışmaq istəyən şəkillər, məni həmişə diksindirən, nədənsə quş səsindən daha çox həyəcan işarəsi təsiri bağışlayan qarğa səsləri, insan həyatının bir-birinə bənzəyən son maddi təsviri-faniliyin yerüstü rəmzi-torpaq təpəcik...

Nədənsə, buradan oradakılar - şəhərdəkilər haqda düşünürdüm, beynimdən müxtəlif fikirlər keçirdi...

Bura mənə şəhərin güzgüsü təsiri bağışlayırdı...

Qəribədir, müxtəlif ölçülü, mərtəbəli şəhər evlərinin hamısı bu güzgüdə eyni görünürdü...Və fikirləşirdim—bunların hansı daha real, daha həqiqidir, görəsən?

Görəsən oradakılar bura haqqında düşünürlərmi?..

Onda bəs NİYƏ binaları belə hündür, üzü göyə doğru ucaldırlar...

Niyə şəhər təsviri bu güzgüdə təhrif olunmuş inikas olunur...

Axı biz yeriyəndə üfüqi gedirik, yuxarı yox...Yoxsa hündürlük, ucalıq sözləri artıq başqa məzmun kəsb edir...

Molla oxuyur... Qəbir daşlarının ətrafını basmış sarımtıl-boz otlar, yovşanlara sığal çəkə-çəkə onların arası ilə sürünən, öz dilində nəsə pıçıldayan dərə küləyi...

Mollanın telefonuna arası kəsilmədən gələn votsap zəngi...

Yaşamağın ölümdən daha görünən olduğunu göstərən kəpənəklər...

Qəbiristanlığın kənarından sürətlə şəhərə doğru şütüyən maşınlar...

...Və çoxlarının mənasını anlamadığı dillər əzbəri əl-Fatihə...

# 3755 dəfə oxunub

Müəllifin son yazıları

# # #