2026-cı ilin ən yaxşı kitabları seçilir: ABŞ-nin nüfuzlu ədəbiyyat mükafatının qısa siyahısı açıqlandı

2026-cı ilin ən yaxşı kitabları seçilir:  ABŞ-nin nüfuzlu ədəbiyyat mükafatının qısa siyahısı açıqlandı
7 oktyabr 2026
# 11:30

ABŞ-nin ən mötəbər ədəbiyyat mükafatlarından biri olan Milli Kitab Mükafatının (National Book Awards) 2026-cı il üzrə 25 finalisti elan edilib.

Kulis.az xəbər verir ki, namizədlər bədii ədəbiyyat, qeyri-bədii ədəbiyyat, poeziya, tərcümə ədəbiyyatı və gənclər üçün ədəbiyyat olmaqla beş fərqli kateqoriya üzrə mübarizə aparacaqlar.

Nəşriyyatlar tərəfindən ümumilikdə 1912 kitabın təqdim edildiyi builki yarışmada qısa siyahı 25 nəfərlik münsiflər heyəti tərəfindən seçilib. Qaliblərin adları noyabrın 18-də keçiriləcək 77-ci təqdimat mərasimində məlum olacaq.

Bədii ədəbiyyat nominasiyası üzrə qısa siyahıda Hanna Lillit Assadi ("Paradiso 17"), Edvic Dantikət ("Dèy"), Xulian Delqado Lopera ("Özünü ölü kimi apar və mən səni daşıyım"), Valeriya Luiselli ("Başlanğıc, Orta, Son") və Morqan Tomas ("Dəli Cənnət") kimi yazıçılar yer alıb. Qısa siyahıya düşən əsərlərdə miqrasiya, müharibə, nəsillərarası travmalar, iqlim dəyişikliyi və şəxsiyyət axtarışları kimi qlobal mövzulara toxunulub.

Salman Rüşdiyə xüsusi mükafat veriləcək

Qaydalara əsasən, hər kateqoriya üzrə qaliblər 10 min dollar, bürünc medal və xüsusi heykəlcik, finalistlər isə 1000 dollar və bürünc medal əldə edəcəklər. Tərcümə ədəbiyyatı kateqoriyasında pul mükafatı müəllif və tərcüməçi arasında bərabər bölünəcək.

Mərasimin ən diqqətçəkən məqamlarından biri isə xüsusi fəxri mükafatların təqdimatıdır. Məşhur yazıçı, esseist və ictimai xadim Salman Rüşdi Amerika ədəbiyyatına göstərdiyi misilsiz xidmətlərə görə Milli Kitab Fondunun xüsusi medalı ilə təltif ediləcək. Mükafatı ona digər tanınmış yazar Kiran Desai təqdim edəcək. Həmçinin yazıçı və pediatr Perri Klass da Amerika ədəbi ictimaiyyətinə göstərdiyi xidmətlərə görə "Literarian" mükafatını alacaq (bu mükafatı isə ona Ceyson Reynolds təqdim edəcək).

Milli Kitab Mükafatı (National Book Awards)

1950-ci ildə təsis edilən Milli Kitab Mükafatı ABŞ-ın ən qədim və ən nüfuzlu ədəbi təltiflərindən biridir. Hər il Milli Kitab Fondu (National Book Foundation) tərəfindən təşkil edilən bu mükafat yalnız ABŞ vətəndaşları tərəfindən yazılmış və il ərzində ölkə daxilində nəşr olunmuş əsərlərə verilir (tərcümə ədəbiyyatı istisna olmaqla). Yarışma oxucuları müasir ədəbiyyatın ən yaxşı nümunələri ilə tanış etməklə yanaşı, həm də mütaliə mədəniyyətini təbliğ edən böyük bir kampaniya xarakteri daşıyır. Mükafatın əvvəlki qalibləri arasında Uilyam Folkner, Filip Rot, Con Apdayk və Toni Morrison kimi dünya ədəbiyyatının nəhəngləri var.

# 68 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər