"Sənin bu “qadın travmandan” xeyli həzz aldım" - Seymurla Aygün Aslanlının söhbəti

"Sənin bu “qadın travmandan” xeyli həzz aldım" - Seymurla Aygün Aslanlının söhbəti
19 yanvar 2021
# 18:40

Kulis.az yazıçı Seymur Baycanla kinoşünas Aygün Aslanlının söhbətini təqdim edir.

Seymur Baycan: Aygün, dahi kimi qəbul etdiyin qadın rejissorlar varmı? Məsələn, mən Larisa Şepitkodan savayı dahi qadın rejissor tanımıram. Ümumiyyətlə, qadın sənətkarlar arasında hörmət etdiyim iki adamdan biri Larisa Şepitkodur.

Aygün Aslanlı: Dahi saydığım qadın rejissor yoxdur. Hələlik yoxdur. Ona görə yox ki, qadınlar dahi ola bilməzlər. Ona görə ki, dərindən müqayisə eləmək imkanım olmayıb. Bu suala dəqiq cavab verə bilməkdən ötrü qadın rejissorların, ən azı, 90%-nin filmlərinə baxmalıyam. Mənim baxdıqlarımı toplasan, heç 40% alınmır. Amma istedadı, orijinal üslubu ilə kişilərdən heç də geri qalmayan, öz kino dilini yaratmış qadın rejissorlar çoxdur – Leni Rifenştal var, Kira Muratova var, Anyes Varda var, müasirlərdən argentinalı Lukretsiya Martel var – tamamilə fərqli üslüblarda çəkir və hər filmi yaxşı mənada böyük səs-küy yaradır. Sofiya Koppolanın filmləri çox maraqlıdır. Yəni xeyli maraqlı qadın rejissorlar var. Bundan sonra da lap çoxalacaq. Çünki dünya kino industriyasında qadınların sayının artmasına xüsusi diqqət yetirilir. Odur ki, bəlkə bundan sonra dahi adlandıra biləcəyimiz qadın rejissorlar da çıxacaq – kəmiyyətin, tədricən, keyfiyyətə çevrilməsi məsələsi.

Düzünü desəm, mən sənətdə qadın-kişi bölgüsünü həzm eləyə bilmirəm. Sənətin obyekti insandır, insanlıqdır – qadın, kişi, it, pişik sadəcə fikri ifadə vasitəsi ola bilər. Götürək, elə Larisa Şepitkonu. Onun “Yüksəliş” filmindəki mövzunu Terrens Malik də “Nazik qırmızı xətt” filmində işləyib – müharibədə insanlığı qorumaq, mənəviyyatla cismani mövcudluq arasında seçim və s. Bu iki film arasında çoxlu paralellər də var: “Nazik qırmızı xətt” də ekranizasiyadır, Ceyms Consun əsəri əsasında çəkilib, burada da bir İsa Məsih motivi var, özünü, yəni şəxsi maraqlarını seçən qadın xətti var. Amma Şepitko bunu daha təsirli göstərib.

S.B.: Terrens Malik Larisa Şepitkonun heç kəsilib-atılan dırnağı da ola bilməz. Bu iki adamın adının yanaşı çəkilməsi, ən azı, ədalətsizlikdir. Terrens Malik hoqqabazdır. Onun sənətdə deməyə sözü yoxdur. “Həyat ağacı” filmi, ümumiyyətlə, biabırçılıq idi. O filmin Kann festivalında “Qızıl Palma budağı” alması isə ikiqat biabırçılıq idi.

A.A.: Terrens Malik barədə dediklərinlə razıyam, “Həyat ağacı” barədə fikrinlə də ikiəlli və ikiayaqlı razıyam, şahidim də var, bunu Teymur Daimi ilə də danışmışdıq film təzə çıxanda. Sənətdə qadın-kişi bölgüsünün absurdluğunu göstərmək üçün çəkdim bu nümunəni. Mən Terrens Malikin filmlərinə nə çəkdiyindən xəbərim olsun deyə baxıram. “Qırmızı xətt”ə də bir dəfə baxdım və o film mənim üçün bitdi. Nə bilim, bəlkə kimsə ona bir neçə dəfə baxmaq istəyir. Hər halda məndə belə olmadı. Amma “Yüksəliş” elə deyil. Ona bir dəfə baxmaq yetmir, təkrar-təkrar baxmaq istəyirsən. İndi biz bunu “qadın kinosu-kişi kinosu”nun ayağına yazaq? Yəni məsələ müəllifin cinsi yox, sən deyən olmalıdır – sənətdir, ya yox…

Ya da qoy əks bir nümunə çəkim. Syamma Selinin “Yanan qızın portreti” filmi. O, niyə bu qədər təriflənir, göylərə qaldırılır, anlamıram. Adi melodramdır. Rejissorun qadın olmağını çıxsaq, nə özəlliyi var o filmin? İki qadının sevgisindən danışır? Nə olsun? Son dövrün trend mövzusudur. Hətta İran kinosu da artıq bu mövzulara keçib. Bakı Beynəlxalq Qısa Filmlər Festivalına gondərilən İran filmlərinin, yəni gənc rejissorların filmlərinin, az qala, yarısı LQBT mövzusundaydı. O yarısının da böyük hissəsi konyunktura idi. Deməli, real problemdən danışmaqdan daha çox, dəblə ayaqlaşmağa çalışıblar. Selinin rənglərlə oynamağında da yeni bir şey yoxdur. Bu priyom, Antonioninin “Qırmızı səhra”sında novatorluq idi, indi deyil. Feysbukda, instaqramda istənilən kino səhifəsini aç, üç postdan biri filmlərin rəng həlli haqqındadır. Yəni bu da trenddir. Ancaq Larisa Şepitkonun filmləri, həqiqətən, cəsarətlidir, onun seçdiyi mövzu da, üslubu da orijinaldır, iri planları – portretləri dövrə, ideologiyaya, sosializm realizminə meydan oxumaqdır. Şepitkonun filmlərində işıq, ağ rəng obraz olaraq ümid vermir, göz deşir, narahat eləyir adamı. Odur ki, burada müəllifin cinsiyyəti ancaq nümunə kimi önəmli ola bilər – kimsə istehza ilə “niyə əhəmiyyətli, adı dillərə dastan qadın rejissorlar yoxdur?” soruşanda, “niyə yoxdur, bəs Larisa Şepitko, bəs Anyes Varda?” deyə bilmək üçün. Demirəm ki, LQBT, qadın mövzuları işlənməsin. Təbii ki, işlənsin, lazımdır, kim istəyir, çəksin, yazsın. Amma təkcə mövzunu və müəllifin cinsiyyətini önə çəkib əsərin sənət dəyərini gözardı eləmək, yumşaq desək, adamı məyus eləyir.

Yeri gəlmişkən, “qadın sənətkarlar arasında hörmət etdiyim iki adamdan biri Larisa Şepitkodur” dedin. Maraqlıdır, o biri kimdi?

S.B.: Əvvala bildirmək istəyirəm ki, oxuduqlarım arasında dahi hesab etdiyim qadın yazıçı yoxdur. Ola bilsin, hardasa var, mən tanımıram. Günah yiyəsi olmaq istəmirəm. Oxuduqlarım arasında bir balaca Jorj Sand söhbətə yaxınlaşmış-fason görünür, amma o da qadından daha çox kişiyə oxşayır. Heç bilmirəm, Şopen kimi incəqəlbli bir adam, o qadının nəyinə aşiq olub. Çox güman, Jorj Sandın nəsə kəraməti varmış. Doğrusunu ALLAH bilir. Sualına gəldikdə isə, icazə ver, hörmət etdiyim ikinci qadın sənətkarın adın çəkməyim. Yaxınlarda onun haqqında ayrıca yazı yazmaq fikrim var .

A.A.: Necə məsləhətdir. Amma, doğrudan, maraqlı gəldi. Yazını gözləyəcəm.

S.B.: Dahi qadın rejissorların yetişməsinə mane olan əsas səbəblər hansılardır?

A.A.: Amerikalı sənətşünas Linda Nohlinin "Niyə dahi rəssam qadınlar olmayıb?" adlı uzun bir essesi var. Orda bunun səbəblərini ətraflı izah eləyib. O esseni AzLogos üçün tərcümə eləmişdim. Nohlin deyir ki, “bütün bunların təqsirkarı bizim taleyimiz, hormonlarımız, menstrual siklimiz, ya da cinsiyyət orqanlarımız deyil, institusional quruluşumuz və təhsilimizdir”. Əsrlər boyu ikinci, üçüncü növ əşya yerinə qoyulanda, heç bir hüququn, sərbəstliyə ixtiyarın olmayanda özünü ifadə eləmək üçün atdığın istənilən addım risk olur. Kimin risk eləməyə cəsarəti çatıbsa, az-çox özünü göstərə bilib və tarixdə də adı var. Belələri də çox az olub. Larisa Şepitkodan danışırıq. Unikal rejissordur, amma onun diplom işinin montajını Elem Klimov tamamlayıb. Şepitkonun sevgilisi olub, sonra da evləniblər. Elə “Yüksəliş” filminin özü. Berlin festivalında əsas mükafatı qazanmış ilk sovet filmidir. Amma kim qarantiya verə bilər ki, Klimov olmasaydı, gedib birbaşa Belorusiyanın birinci katibinin kabinetinə girməsəydi, o film arxivdə gizlədilməyəcəkdi, hətta “Elektrikin vətəni” filmi kimi neqativləri yandırılmayacaqdı? Heç kim. Fakt budur ki, “Yüksəliş” filmini Klimov xilas eləyib. Beyindəki tabuları, əsrlərlə formalaşan stereotipləri qırmaq hər igidin işi deyil. Daha doğrusu, deyildi, çünki zaman dəyişib, kütləvi hal aldığına, ictimai institutlar tərəfindən dəstəkləndiyinə görə, tabuları qırmaq artıq asanlaşıb. Kəmiyyət artır, kəmiyyət artdıqca keyfiyyət də artacaq. Hərçənd, indi də əks stereotiplər yaranır, ağzından çıxan hər söz reviziya olunur – filan söz seksistdir, filan sözü demək olmaz və s.

S.B.: Oxumuşdum o esseni. Özü də iki dəfə. Yəqin ki, bir daha oxuyacam. Əhatəli, informasiyalı esse idi. Tərcümə etdiyin üçün sənə şəxsim və millətim adından təşəkkürümü bildirirəm.

A.A.: O esseni Müşfiq Şükürovun sayəsində tapmışdım. Daha doğrusu, ona əsəbiləşdiyim üçün. Gündə bir status yazırdı, kişi şahmatçılar belə, qadın şahmatçılar elə, nə bilim, qadın ağlı belə, kişi ağlı elə, qadından dahi olmaz-filan. Mən də eləmədim tənbəllik, quqla “niyə dahi qadınlar yoxdur” yazdım. Bir neçə material çıxdı. Aralarında sualıma ən ətraflı cavab verən Linda Nohlinin essesiydi. Dedim, qoy tərcümə eləyim, bəlkə Müşfiq Şükürov bu mövzunu bağlayar.

S.B.: Amma essedə emosiya çatışmırdı. Bəzi mövzularda emosiya vacib şərtdir. Fransız mütəfəkkirlərindən biri, təxminən, belə deyirdi: elə həqiqətlər var ki, onları izah eləmək kifayət deyil, bəzi həqiqətləri başa salmaq üçün hiss etdirmək də lazım gəlir. Dolayısı ilə bəzi həqiqətləri həm başa salmaq, həm də başa düşmək üçün məntiqdən, intellektdən əlavə dərin hissiyyat da lazımdır. Dərin hissiyyat isə, təəssüf ki, hamıda olmur. Oxucuları, dinləyiciləri, tamaşaçıları qoyaq bir tərəfə, hətta sənətlə məşğul olanların çoxunda belə hissiyyat çatışmazlığı var. Olduqca böyük problemdir.

A.A.: Essedə emosiyanın çatışmamağı tərcümənin qüsuru da ola bilər. İngiliscə yazılıb, ruscaya tərcümə olunub, mən də rus dilindən tərcümə eləmişəm. Ola bilsin, emosiya üç dilin arasında itib.

S.B.: Yuxarıda gətirdiyin nümunə, sovet senzurasından danışarkən qadın-kişi bölgüsü aparmaq bir qədər yersizdir. Sovet zamanında senzuradan təkcə Larisa Şepitko əziyyət çəkməyib. Larisa Şepitkonun qadın olmasının burada məsələyə yaxından və uzaqdan dəxli yoxdur. Sovet zamanında kişi rejissorların da filmləri qayçılanıb, rəflərdə saxlanılıb. Bədbəxt Aleksandr Askoldovun “Komissar” filmi düz səksəninci illərin sonlarına qədər qadağan olunmuşdu. Əgər söhbət qadınların dahi kimi yetişməyinə nələrin mane olduğundan gedirsə, problemin məğzi başqadır. Məncə, qadınlar özlərini, həqiqi daxili dünyalarını, hisslərini ifadə etməkdən qorxurlar. Hətta qadın sənətkarların yaratdıqları, cəsarət nümunəsi kimi görünən səhnələr, təsvirlər belə aldadıcı, çaşdırıcı, azdırıcı mahiyyət daşıyır, belə səhnələr, təsvirlər əsl hissləri, sirləri yazmamaq üçün bir şirma rolun oynayır və yalnız sənət haqqında dərin anlayışı olmayan adamları aldada, heyran edə, azdıra, çaşdıra bilər. Sənətdə bu və ya digər formada səmimiyyət, həmçinin sənət yolunda, sənət dünyasında dəlilik, məcnunluq, tarana getmək, “başını buraxmaq” vacib şərtlərdir. Qadınlar isə çox praktik ağıla malik olduqlarına görə, istəsələr belə, sənətdə məcnunluq edib tarana gedə bilmirlər, istəsələr belə, ayaqları yerdən üzülmür. Ayaq yerdən üzülməyəndə fikirlər, düşüncələr çox da göyə qalxmır. Qadınlar ovucun içindəki sərçəni, damdakı göyərçindən üstün tuturlar. Nəticədə onların yaratdıqları əsərlər emosional sarsıntı yaşatmır. Qismən istisnalar var, amma bu qismən istisnalar ümümi mənzərəni dəyişmək iqtidarında deyil. Mən yazıçıları, sənətkarları xüsusi hallara, “boşluqlara toxuna bilmək, boşluğu ifadə edə bilmək” qabiliyyətinə görə qiymətləndirirəm.

Məsələn, Şervud Andersonun “Macəra” hekayəsində belə bir yer var:

“Alisa düşündü ki, yağış onun bütün yaralarını sağaldacaq. O düşündü ki, yağış ona nəsə çox möcüzəli bir təsir göstərəcək. Alisa illər boyu özünü belə gümrah, gənc və rahat hiss etməmişdi. O, dayanmadan qaçmaq, səsi gəldikcə çığırmaq və özü kimi tənha bir insan tapıb bağrına basmaq, qucaqlamaq istəyirdi. Həmin anda yol kənarında bir kişi asta-asta evinə sarı gedirdi. Alisa düşünmədən qaçmağa başladı.

– Onun kim olduğu vacib deyil. Əsas odur ki, o, təkdir. İndi gedib ona çatacam, — Alisa öz-özünə dedi və daha nələr baş verəcəyini düşünmədən astadan çağırmağa başladı:

– Gözləyin, gözləyin. Getməyin, kimsinizsə, məni gözləyin.

Yol kənarında hələ də getməkdə olan həmin adam bir anlıq duruxdu və indicə qulağına dəyən səsi eşitmək üçün diqqətlə dinləməyə başladı. Bu adam qoca bir kişi idi və həddindən artıq zəif eşidirdi.

– Elə bil nəsə səs eşitdim. Yoxsa mənə elə gəldi? — qoca mızıldandı.”

Bax, bu, çox dəhşətli səhnədir. Yoxsa aşağı-yuxarı əlinə qələm alan adamların hamısı nələrsə yazır, nələrsə qurub-quraşdırır. Biri zəif, biri orta, biri yüksək səviyyədə. Amma bu kimi xüsusi halları yazan, “boşluqlara toxuna bilən” yazıçıların yeri mənim üçün başqadır. Alisanın yağışın ona möcüzəli təsir göstərəcəyini də elə-belə, adi təsvir kimi qəbul etmək lazım deyil. Mənə elə gəlir, Anderson özü nəyinsə ona möcüzəli təsir göstərəcəyinə inanıb. Bu səhnə Andersonun özünə aid səhnədir. Sadəcə onun hissləri yaradıcılıq mətbəxində formasını dəyişərək tamam başqa cür təzahür edib, tamam başqa cür ifadə olunub. Burada, adını çəkmək istəmədiyim bir rus tənqidçisinə istinad etməliyəm: “Əgər Gerasim Mumunu suda boğmağı bacarmasaydı, Mumunu suda boğmasaydı, o, zəhlətökən xanımın malikanəsini tərk edə bilməyəcəkdi”.

Bəs Gerasim, Mumunu suda boğmayıb özü ilə apara bilməzdimi? Yəqin ki, apara bilməzdi. Mumu ona problemlər yaradacaqdı. Yazıq Gerasim öz başını güclə saxlayır, Mumunu hara aparsın? Özü də Gerasim Mumunu suda boğmazdan əvvəl onu yedizdirir. Dolayısı ilə haranısa tərk etmək, hansısa yolla inadla addımlamaq istəyirsənsə, belə bir məqsədin varsa, sözün həm məcazi, həm də birbaşa mənasında sevdiyin, bağlandığın, sənin üçün əziz olan canlını suda boğmağı bacarmalısan. Qadınlar “Mumunu suda boğmağı bacarmırlar”. Ona görə, “malikanəni tərk edə bilmirlər”. Ola bilsin, bu fikirlərin heç bir elmi əsası yoxdu. Ola bilsin, bu fikirlər xəstə təxəyyülün məhsullarıdır. Zaman-zaman bu mövzuda özümü tərbiyələndirməyə cəhdlər edirəm. Deyirəm, ayıbdır, iyirmi birinci əsrdə yaşayırıq, bu qədər kitab oxumusan, bəs bu axmaq fikirlər nədir belə, sənin başında dövran edir?

Sonuncu dəfə bu mövzuda üç il əvvəl özümü babat tərbiyələndirmişdim. Həmin vaxt bir konfransda iştirak etməli oldum. Konfransda bir qadın o qədər gözəl çıxış etdi ki, başımda qadınlar haqqında dövran edən axmaq fikirlərə görə lap xəcalət çəkdim, hətta dəqiq yadımdadır, necə xəcalət çəkdimsə, əməlli-başlı tərlədim. Sonra konfransda çay, kofe içmək üçün fasilə elan olundu. Gözəl çıxış edən, öz çıxışı ilə başımda fırlanan fikirlərimə görə məni utandıran qadın başqa bir qadının əlindən tutdu. Onlar konfrans zalını ikinci sinif şagirdləri kimi atdana-atdana elə bir səydəş, elə bir düşük tərzdə tərk etdilər ki, olmayan ətim töküldü. Təkcə saçlarının uclarına bağlanmış ağ bant çatışmırdı. Fikrləşdim, yox e, bunlarda nəsə problem var və beləliklə, bu mənzərənin nəticəsində özümü babat tərbiyələndirmək cəhdim, heyif ki, çilik-çilik oldu. Heç özüm də o əziyyətli, babat özünütərbiyələndirmənin elə qəfildən çilik-çilik olmasını istəməzdim…

Qadınlar çox vaxt enerjilərini axmaq-axmaq şeylərə xərcləyirlər. Mən bir qadın tanıyıram, illərdir, öz səsi ilə deyil, başqa səslə danışır. Guya bu, məlahətlidir. Adam beş dəqiqə başqa səslə danışsa, canı çıxar, enerjisi tükənər. Amma bunun canı çıxmır, enerjisi də tükənmir. Halbuki bu enerjini sərfəli, faydalı bir işə sərf etsə, həmin işdə böyük uğur qazanar. Deyir ağlayanda imam üçün də ağla, yezid üçün də. Haqqını vermək lazımdır, illərlə başqa səslə danışan o qadın, məlahətli olduğuna, doğrudan da, xeyli adamı inandırmağı bacarıb. İndi sual yaranır, nəyə lazımdır bu pəstahanı çıxartmaq?

Qadınlar daxili dünyalarını ifadə etməkdən qorxurlar, sonra da şikayətlənirlər ki, kişilər bizi tanımır, kişilər bizi başa düşmür. Kişi hardan bilsin, sənin başında hansı hisslər, fikirlər dolaşır? Somerset Moem deyirdi ki, bir qadının nəyə qadir olduğunu yalnız başqa qadın bilə bilər. Doğru deyib. Bir də görürsən ki, kişilərin mələk kimi tanıdığı bir qadınla başqa qadın amansızcasına dirəşir. Deyir yox e, siz onun özünü mələk kimi göstərməyinə baxmayın, o, xalis ifritədir, əsl ləçərdir. İlk baxışdan bu adi qadın rəqabəti kimi görünə bilər. Amma vəziyyət tam da elə deyil. Çünki kişilərin qadınlarda görə bilmədiyi cəhətləri qadınlar görə bilir. Ümümiyyətlə, tanrı, təbiət kişilərə qadınları tanımaq kimi bir qabiliyyət verməyib. Hansı kişi deyirsə ki, filan qızı tanıdım, gördüm, yaxşı qızdır və onu aldım, qələt edir, başını da daşa döyür. Kimin qarşısına evlənəndə yaxşı qız çıxıbsa, sadəcə bəxti gətirib. Vəssalam. Kişi kimdir ki, qadını tanısın? Belə şey yoxdur. Qadınlar arasında elə yüksək səviyyəli oyunçular var ki, onları hətta öz həmcinsləri belə tanımaqda çətinlik çəkirlər. Bir dəfə bir qız gəlinlərindən şikayətlənirdi. Gəlin də öz dayısı qızıdır. Ona haqlı olaraq belə bir sual verdim: yad deyildi ki, tanımayaydınız, dayın qızı idi, belə ifritəydisə, bəs niyə almısınız. O da mənə çox tutarlı cavab verdi: “Əyninə gəlin paltarı geyindirib evə gətirməyənə qədər heç kimi tanımaq olmur”. Bu sözü eşidəndə vücudumu vahimə bürüdü. Qorxudan tüklərim biz-biz oldu. Təhlükəli insanların arasında yaşayırıq, sağ qalmağımızın özü böyük bir möcüzə sayılmalıdır… Söhbətimiz hardan-hara gəldi. Digər tərəfdən baxanda bunların özü də əhəmiyyətsiz söhbətlər deyil.

A.A.: Doğrudan, hardan hara gəldin? Ürəyin doluymuş ki?! Psixoloqa danışmalı olduğun şeyləri mənə danışdın. Az qalmışdı deyim ki, kimi döymək lazımdır, göstər, gedim döyüm. Amma o biri tərəfdən də sənin bu “qadın travmandan” xeyli həzz aldım. Məndə də bir az ifritəlik var çünki. Ona görə, icazənlə, mübahisəyə girişməyəcəm. Ürəyini boşaltdınsa, təklif eləyirəm, mövzunu dəyişək.

S.B.: İfritə olmayan qadın, qadın deyil. Mənim sözüm deyil, Sevda Sultanovanın sözüdür.

A.A.: Sevda Sultanova baş ifritədir, ondan öyrənməli çox şey var. Amma mən bu ifritəlik mövzusunu çox davam etdirə bilməyəcəm, çünki, necə deyərlər, hələ də şəyirdəm. Odur ki, etiraz eləmirsənsə, gəl, az-maz başım çıxan mövzuya – kinoya qayıdaq. O mövzuda özümü daha rahat hiss eləyirəm.

S.B.: Ciddiliyə iddia edən əsərlərdə boşluqlar görəndə əsərə qarşı marağım tamam ölür. Ya hər şey, ya da heç nə. Bir növ – qanana da qurban olum, qanmayana da, dad yarımçıq əlindən. Ona görə də son iki-üç ildə daha çox bayağı filmlərə baxıram. Çünki bayağı filmlərdə iddia yoxdur, onlardan heç nə gözləmirəm. Bayağı filmlərə baxanda rahat oluram, başım dincəlir. Ötənlərdə Ceki Çanın baş rolda oynadığı “Sərxoş ustad” filminə baxdım. Filmə baxandan sonra başladım şərhləri oxumağa. Şərhlərin yazılış tərzindən hiss etdim ki, bu şərhləri yazan adamların kifayət qədər yüksək zövqü var. Sanki iki-üç dövrə vurub boşluğa düşərək Ceki Çanın başına yığışıblar. Onları bir yerə toplayıb “Boşluğa düşmüş adamlar” adlı klub da yaratmaq olardı. Biri hətta belə bir şərh yazmışdı: “Dostlar, biz burda nə edirik?”

Məni müasir, həm də ciddiliyə iddia edən filmlərdə, xüsusən, həyatın olmamağı narahat edir. Texnika yüksək səviyyədədir, amma həyat, insan, kolorit yoxdur. Varsa da, çox az var. Elə bil tər-təmiz, yüksək səviyyədə xidmət göstərilən restorana getmisən, restoranda hər yer par-par parıldayır, parıltıdan göz qamaşır, el dilində desək, döşəməyə bal tök yala, amma yeməklərdə dad tapa bilmirsən, dad yoxdur. Müasir filmlərdə qaldırılan problemlər süni, surroqat təsir bağışlayır. Elə bil hər şey əvvəlcədən festivallarda mükafat almağa hesablanıb. Konkret misal gətirim, nəyə işarə vurduğum aydın olsun. Məsələn, “Mağaza oğruları” məndə heç bir emosiya yaratmadı. “Kvadrat” lap belə başdan-başa saxtalıq idi. İnan, güclə baxdım, əməlli-başlı əzab çəkdim. Son vaxtlar baxdıqlarım arasında nisbətən “Roma” filmi həyata yaxın olması ilə digərlərindən seçilir. Əlbəttə, bütün bunlar subyektiv fikirlərdir. Buna baxmayaraq, sənə belə bir sual vermək istəyirəm. Səncə, müasir kino niyə həyatdan, insandan bu qədər uzaqlaşıb? Niyə müasir kinoda həyat, həqiqi insan problemləri göstərilmir? Belə bir iddia var ki, sosial şəbəkələr yaradıcı adamlara həyatı yaxından müşahidə etməyə, insanları yaxından tanımağa, yaradıcılıq prosesində dərinliklərə baş vurmağa mane olur. Aleksandr Sokurov isə müsahibələrində birində demişdi ki, müasir rejissorların ən böyük problemlərindən biri ədəbiyyat oxumamaqlarıdır. Lütfən həm kinoşünas, həm də sıravi tamaşaçı kimi məsələyə münasibət bildir.

A.A.: Qəliz sualdır. Son vaxtlar məndə də belə olur. Məsələn, bu yaxınlarda ard-arda bir neçə məşhur təzə filmə baxdım – “1917”, “Yanan qızın portreti”, “Səbəb”… Bir-iki başqa film də vardı, indi adlarını yadıma sala bilmədim. Baxdım və unutdum, heç bir emosional zövq almadım. Bu filmlərdən sonra dəhşətli dərəcədə köhnə filmlərə baxmaq istəyi yarandı – Bunüelin, Germanın, Bressonun, hətta Berqmanın filmlərinə. Mənə elə gəlir ki, birinci səbəbi sən dedin – gözləntilərimiz ola bilər. Əksəriyyət – kinoşünaslar, kinomanlar, prodüserlər tərifləyirlər, istər-istəməz müəyyən bir gözlənti yaranır. Ona görə, mən təzə filmlərə, adətən, səs-küy yatandan sonra baxmağa çalışıram. Və bu gözləntinin yaranmağına səbəb təkcə o səs-küy deyil, klassik kinonun da təsiri var. Necə deyim? Yəni daha yaxşısını görmüşük, ona görə də indi çəkilən filmlərin əksəriyyəti təkrar emal olunmuş təsiri bağışlayır.

İkinci səbəb də müəlliflərin cəsarətsizliyi, riskdən qorxmaları ola bilər. Bir şey çəkirlər, uğurlu alınır. Mövzu bitib, amma uğuru itirməmək üçün özlərini təkrarlamağa başlayırlar, sadəcə işin içinə texniki keyfiyyəti qatırlar. Ruben Estlündün “Kvadrat” filminin adını çəkdin. “Kvadrat”, Estlündün “Fors-major” filmindəki mövzunu davam etdirir – cəmiyyət fərdə bir don geyindirir, fərd də ömrü boyu o donun ölçülərinə uyğun gəlməyə çalışır, özü olmaqdan çıxır. “Fors-major”da bu mövzu çox yaxşı həll olunub, final səhnə də nöqtəsini qoyub. Orda mövzu bitdiyinə görə, “Kvadrat”da artıq əllaməçilik eləməyə başlayıb, klişeləri doldurub filmə – şəkil çəkən meymun, sosial təcrübələr-filan. Eyni şeyi Lantimosa da aid eləmək olar. “Lobster” də, “Müqəddəs maralın qətli” də “Caynaqlar”ın davamıdı. Daha doğrusu, artıq məşhur Hollivud ulduzları ilə çəkilən təkrarıdır. Üstəlik “Caynaqlar”dakı cəsarət, səmimiyyət də yoxdur. Hər halda mənim müşahidə elədiyim budur. Necə deyərlər, subyektiv fikrimdir. Hə, bir də “elə bil hər şey əvvəlcədən festivallarda mükafat almağa hesablanıb” deyəndə haqlısan. İndi belələri çoxdur. Məsələn, Ceylanın “Qış yuxusu” filmi belə hesablanmış filmlərdəndir. Hətta filmin operatoru Gökhan Tiryaki bir müsahibəsində “ssenarini oxuyan kimi bildim ki, “Qran-pri”ni alacağıq” demişdi. Amma intellektual baxımdan hazırlıqlı tamaşaçı o dəqiqə hiss eləyir ki, elə bil hər şey var filmdə, amma ürək çatmır.

S.B: Andrey Platonov iyirminci əsrin ən nəhəng yazıçılarından biridir, amma layiq olduğu şöhrəti qazanmayıb, haqqını almayıb. Az tanınır. Çox güman, kino sahəsində də belə hallar var. Səncə, hansı rejissorlar layiq olduqları şöhrəti qazanmayıblar?

A.A.: “Layiq olduqları şöhrət” deyəndə nəyi nəzərdə tutursan? Tam ciddi soruşuram. Məsələn, Platonov kütləvi şəkildə hər kəsin oxuyacağı müəllif deyil. Bununla belə, onu en qədər adam tanıyır və oxuyur. O başqa məsələdir ki, hamımız oxuduğumuzu anlayırıq, ya yox. Məncə, şöhrət şans məsələsidir, müasir dövrdə də piardan asılıdır. Piarın yaxşı təşkil olunanda məşhurlaşırsan, olunmayanda yox. Robert Bresson Tarkovsi qədər məşhur deyil, onun qədər çox baxılmır. Amma Tarkovski daxil bir neçə dahi var ki, Bressonu öz ustadı hesab eləyir. Bresson layiq olduğu şöhrəti qazanmış sayılır, ya sayılmır?

S.B.: Mənim intellektual səviyyəm bu suala cavab vermək iqtidarında deyil.

A.A.: Nə isə.. Sadəcə “layiqli şöhrət” kateqoriyasına nələrin daxil olduğunu anlamaq istəyirdim.

S.B.: Bəzən özümü axmaq yerinə qoymaq xoşuma gəlir. Adamlar axmaq fikirlərimə ciddi münasibət bildirəndə lap həzz alıram. Amma indi tam səmimiyəm. Tarkovskinin adı gələndə qorxuram. Fikir vermisənsə, bu vaxta qədər o adam haqqında bir kəlmə də yazmamışam. Nəsə heç qanım qaynamır o adama. Ola bilsin bu, kəskin intellektual pafosdan əziyyət çəkən adamların daima “Tarkovski, Tarkovski” deyib durmalarının təsiridir. İntellektual pafosa nifrət edirəm.

A.A.: Tarkovski ilə bağlı paradoksal bir nüans var – Tarkovskini təqlid etmək imkansız olduğuna görə, əksəriyyət – “art” həvəskarları onu çox rahat təqlid eləyirlər. Yəni elə bilirlər, Tarkovskidən sitat gətirəndə, kameranı 2 dəqiqə eyni rakursda saxlayanda, mənasız fəlsəfə guppuldanda “art” olurlar. Halbuki olmurlar. Ara yerdə adamı Tarkovskidən bezdirirlər. Yeri gəlmişkən, indi fikir verdim ki, söhbətimiz sülh və əmin-amanlıq şəraitində keçir, az qala, hər şeydə səninlə razılaşıram. Bu da özünü axmaq kimi göstərməyin bir variantıdır. Qarşı tərəfin dilini-ağzını bağlayırsan.

S.B.: Hansı rejissorları daha dərindən hiss edirsən? Nə demək istədiyim aydın olsun deyə, bildirim ki, məsələn mən Çexovu, Platonovu, Tomas Vulfu dərindən hiss edirəm. Yaman əziyyət çəkiblər. Heç bilmirəm, o cür əzab-əziyyətlə necə yaşayıblar.

A.A.: Mən sənin qədər həssas deyiləm, müəllif barədə bu qədər dərin fikirləşmirəm. Hətta lap əvvəllər filmlərdən aldığım təəssürat korlanmasın deyə rejissorların həyatları barədə oxumaq istəmirdim. Sonra səhvimi başa düşdüm. Ona görə, belə deyim də: Qodarın, Bunüelin, müasirlərdən Almodovarın, Zvyaqintsevin, Ulrix Zaydlın, hətta Vudi Allenin də – indi yadıma bunlar düşdü – filmlərinə baxıb sonra həyatlarını, müsahibələrini, mühazirələrini oxuyanda məyus olmuram. Filmlərindən onları necə təsəvvür eləyirəmsə, yaşayıb-dediklərində də onu görürəm.

S.B.: Aygün, yemək bişirməyi bacarırsan?

A.A.: Bacarıram, məncə, pis alınmır, əlimin dadı da var. Amma, adətən, yemək bişirə bildiyimi göstərmirəm. Çünki biş-düş prosesi, ümumiyyətlə, mətbəx, ev işi mənim antidepressantımdır. Gərginlik hiss eləyən kimi telefonu, kompyuteri bağlayıb mətbəxə keçirəm, ya qab yuyuram, ya da yeməklərlə eksperimentlər eləyirəm, dadları qarışdırıram-filan. Mətbəxdə saatlarla vaxt keçirə bilərəm.

S.B.: Gərginlik hiss edəndə mətbəxə keçməyin əladır. Yaxşı ki, gedib saçını kəsdirmirsən.

A.A.: Kəsdirmirəm, rəngini dəyişirəm. Amma bu ekstra gərgin hallar üçündür.

S.B.: Söhbətə vaxt ayırdığın üçün dərin minnətdarlığımı bildirirəm. Çox sağ ol. Ümid edirəm, yorulmadın.

A.A.: Sən sağ ol. Qətiyyən yorulmadım. Hərçənd səni dinləməyi və deyindirməyi daha çox xoşlayıram. Deyinməyini sevdiyim iki insan var: biri rəhmətlik nənəm idi, deyinsin deyə başına oyun açırdıq. İkincisi də sənsən. /azlogos.eu/

# 2860 dəfə oxunub

Müəllifin son yazıları

# # #