Acizin erkəyi, dişisi olmaz – Dostoyevskinin “Krotkaya”sından TAMAŞA

Acizin erkəyi, dişisi olmaz – <span style="color:red;">Dostoyevskinin “Krotkaya”sından TAMAŞA
17 aprel 2017
# 16:27

Dostoyevski yazır: “Krotkaya“, yəni aciz, həlim, müti, məzlum qızcığaz, qadın.

Emil Bakuvi qurur: “Krotkiy “ (“Aciz”), yəni aciz, həlim, müti, məzlum kişi.

Mən də deyirəm ki, acizin erkəyi, dişisi olmaz.

Hər şey bir qəzet xəbərindən başladı. Qəzetdə valideynlərindən qalmış bir-iki əşyanı götürüb Peterburqa gələn qızcığazın itihar etdiyini oxuyan Dostoyevski yamanca təsirlənir. Oturub bir povest yazır–adı “Krotkaya“, janrı fantastik hekayə. Əsər ümidini itirmiş, xəyalları puç olmuş qızın intiharla bitən həyat hekayəsidir. İntihar – imtinadır. Keçmişindən və bu günündən imtina edib, gələcəyə ümidini itirəndə, ağlına gələn ilk çıxış yolu intihar olur. Alış-veriş prosesində tanış olub evləndiyi Kişi (Müamiləçi) ilə evliliyindən də kamını ala bilməyən bu aciz, həlim, müti qız (Qadın) Müqəddəs Məryəmin ikonasını bağrına basır, bu dünyanın pəncərəsindən aşıb, o dünyaya yola düşür.

Emil Bakuvinin tamaşası qızın deyil, Kişinin taleyini, yaşantılarını hədəfləyir. Gənc rejissor əsərin ideyasını yüngülvari dekonstruksiya edib, epik–dramatik struktura malik “Aciz“i qurub. Cəsarətli və bəyənilən addımdır… Allah axırını xeyirə calasın.

Mixail Baxtin Dostoyevskinin romanlarını “polifonik roman“, yəni dürlü, şaxəli ideyaları özündə qapsayan roman kimi dəyərləndirirdi. Mən də Emil Bakuvinin “Aciz”ini “polifonik tamaşa“ adlandırardım . Nədən ki , tamaşanın çoxlaylı konsepsiyası və polifonik ideyalar sistemində eninə-uzununa gəzişmək, geninə-boluna yozumlar qondarmaq olar. Bica deyil ki, hörmətli mədəniyyət yazarı, kinoşünas Sevda Sultanova tamaşa haqda yazısını intihar motivi üzərində qurub, cəmiyyət içrə aktuallığını bəyan etmişdi . Ondan yana mən tamaşanın başqa qatlarında gəzişmək iddiasındayam .

Seyrçi salonu yavaş–yavaş dolur. Tamaşa isə artıq başlayıb. Səhnədə gənc, sısqa bir qız ( Qadın – Xəyalə Meydanova) dinməz – söyləməz qurdalanır , nə isə edir. Pauza və səssizlik uzandıqca uzanır. Uzun–uzun uzanan pauza nəhayət semantikləşir. Aydın olur ki, qız tabutunu , məzarını çəkir. Mark Avrelinin sözü olmasın, həyatdan könüllücə getməyə hazırlaşır. Fonda qurulmuş ekrana proyeksiya edilən seyrçi salonu cəmiyyəti, toplumu eyhamlaşdırır. Bununla rejissor toplumun və toplumsal dəyərlər sisteminin fərd üzərindəki repressiv-psixoloji etkisini fokuslayır.

Ön səhnəyə gəlib stulda oturan qızcığaz inim-inim inildəməyə, ulamağa başlayır. Əsəbiləşirsən, darıxırsan, yerində qurcalanırsan… nə vaxt bitəcək bu inilti. İnilti isə bitmir, saqqız kimi uzanır. Atmosferin rəngi qaraldıqca qaralır. Tamaşa səni ilan qurbağanı udan kimi udur. Və budur özünü Dostoyevski yaradıcılığına xas pessimist realizm burulğanında bulursan.

Çox keçmir ki, səhnə planşetinin sol küncündə Kişi (Müamiləçi-Şövqi Hüseynov) görünür. İndi ki, tamaşanın baş qəhrəmanı bu müamiləçi kişidir, onda onun psixoloji portretini yaradaq və tamaşanın konsepsiyasını bu nöqtədən açaq, ideanı struktur elementlərinə parçalayıb mahiyyətə çataq.

“Dostoyevskinin qəhrəmanı özü haqqında özgə sözlərinin (ictimai-toplumsal rəyin, söz-söhbətin) yaratdığı öldürücü (boğucu) çərçivəni dağıtmağa çalışır. Bəzən bu mübarizə onun həyatının faciəvi (həlledici) məqamına çevrilir.” Əla formuldur. Tamaşanın hüsnünə, Müamiləçinin boyuna biçilib. O da cəmiyyət tərəfindən dışlanıb, haqqında urvatsız fikir çərçivəsi yaradılıb. Şərəfsiz, qorxaq elan edilib. Nədən ki, cəmiyyətin dəyərlər sisteminə qarşı gəlib. Üzvü olduğu polk haqda mənfi fikirlər səsləndirən şəxslə duelə çıxmaqdan imtina edib. Düşünüb ki, bu onun fikridir, insanları fikirlərinə görə öldürmürlər. Düşünməyinə düşünüb, amma dilə gətirməyi, mövqeyini müdafiə etməyi, necə deyərlər, sözünü deməyi bacarmayıb. Toplumun fikrinə boyun əyib, qaçıb gizlənib və günlərin bir günü müamiləçi kimi, sələmçi kimi ortalığa çıxıb. Özünü bu cür təsdiqləməyə çalışıb. Axı həyatda hər kəsin bir dəfə də olsa borca, sələmə, müasir iqtisadiyyatın diliylə desək, kreditə ehtiyacı olur. Borc alanda sən əyilirsən, sınırsan, məhkum olursan, gözüqıpıq olursan. Müamiləçinin də məqsədi elə bu idi–tərəfindən dışlandığı, təhqir edildiyi şəxsləri, qabağından qaçdığı toplumun nümayəndələrini qarşısında boynubükük, gözükölgəli görmək.

Təzəcə tanış olduğu və evləndiyi gənc və üzüyola qız isə sonuncu ümididir. Özünü təsdiq edə bilmədiyi cəmiyyətin mikromodelini bu yazıq qızcığazla qurduğu ailədə yaratmağa çalışır. Qızı dünyaya onun gözlərindən baxmağa məcbur edir. Qızı nə öz dünyasına, nə də cəmiyyətə buraxmaq istəmir. Öz dünyasına ona görə buraxmır ki, özünə bələddir və qorxur ki, qız onun ruhuna, varlığına hakim kəsiləcək. Cəmiyyətə də buraxmır ona görə ki, qızın bu alaqaranlıq mühitdə itib-batacağını yaxşı bilir. Sevgi, qorxu, əndişə, şübhə və ehtiyac… hamısı qarışıb bir-birinə. Nə özünə, nə də sevdiklərinə sahib çıxmağı bacarmayan miskin müamiləçi üçün çox tünd qatışıqdı.

Rejissor tamaşanı ekzistensial konflikt modelində qurub. Şövqi Hüseynovun Müamiləçisi varlıqla yoxluğun sərhəddində, emosional həssaslığın sıfırlandığı nöqtədə dayanıb. Tez-tez əli ilə özünü tumarlayır, yoxlayır, çimdikləyir – bəlkə ölüb, bəlkə də hələ sağdır…

İndi yuğ desəm hamı diksinəcək, amma bu həm də bu bir yuğlama prosesidir. Müamiləçi özünü, ölmüş “mən”ini, sevgisini və intihar etmiş sevgilisini yuğlayır. Yuğladıqca dərk etməyə, düşdüyü vəziyyəti aydınlaşdırmağa çalışır. Dərk etdikcə dəhşətə gəlir… Şövqi Hüseynov personajın yaşantı spektrını bütün çalarlarıyla bədənləşdirir. Fikrimcə, Şövqi bəyi hal-hazırda oynadığı heç bir tamaşada bu qədər maraqlı, bu qədər dolğun və içdən görmək mümkün deyil.

Elə ki Müamiləçi danışmağa başlayır hardansa bir stenoqraf sədası gəlir. Əvvəl çax-çax baş ağrıdır. Getdikcə bu çax-çax tamaşanın ritmində əriyib itir, sanki melodiyaya, musiqiyə çevrilir. Bu Mixail Baxtinin bəhs etdiyi həmən “fantastik stenoqraf”dır. Eyni zamanda tamaşanın psixoloji suggestiyasına, emosional sferanın yaradılmasına hesablanmış elementlərdən biridir.

Emil tamaşanın müəyyən fraqmentlərini ekran estetikasında vizuallaşdırıb. Bunu da iki yozum variantında çözmək olar. Birinci variant budur ki, rejissor cəmiyyətin önəmsəmədiyi “kiçik” problemləri böyük ekrana proyeksiya etməklə kütləviləşdirməyə, böyütməyə, qabartmağa əlləşir. İkinci yozum variantı isə daha aktual və daha müasirdir. Burdan sosial şəbəkələr dünyasına, virtuallaşan insanın “kimsəsiz adası”na lağımlar atmaq, çığırlar tapmaq mümkünmü?.. Mümkün… görün bir nə qədərdir “canlı yayım” edib, “facebook”da sonuncu “status”unu yazıb intihar edənlər. Bu da Emil Bakuvinin tamaşa üçün hördüyü polifonik idealar çələngindən bir yarpaqdı.

Tamaşanın mizan konfiqurasiyasında kamil rejissuranın işartılarını sezmək mümkündür. Mizanlar ilmə kimi hörülüb, naxış kimi işlənib. Orijinal və dəqiq qurulub.

Musiqi partiturası (Alfred Şnitke) da zövqlə hazırlanıb. Tamaşa musiqinin ritminə oturdulub və psixoloji vəziyyətin məkanda harmonik atmosferi məharətlə yaradılıb.

Gəlib çıxdıq 1 saat 15 dəqiqəlik tamaşanın “quyruğu”na. Düzdür, “quyruğ” (final) o qədər dadlı olmadı. Ritorik və yağlı olduğundan bəzi (hörmətli və dəyərli) seyrçilərin təbini bir balaca vurdu. İndi quyruqdur da… bir quyruğa baxıb “Aciz”ə qulp qoyası deyilik ki…

Emil Bakuvinin tamaşasına baxdım, baxa-baxa düşündüm, düşünə-düşünə nurlandım- içimdən bir ümid seli axıb keçdi. Qeybi-mütləqdən səda gəldi ki, bəs gözünüz aydın olsun, məqamınıza daha bir rejissor doğuldu. Mən də bu alabəzək resenziyamın “quyruğu”na çathaçatda sağ əlimi qoyuram ürəyimin üstünə, sol əlimlə klavişləri döyəcləyirəm: -Y a ş a s ı n t e a t r!..

Müəllif: Dağlar Yusif Əfəndi

# 1130 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #