Bir neçə gündür ətrafında qalmaqal yaşanan "Səkkiz" serialının yayımı bərpa olunub.
Kulis.az xəbər verir ki, bu haqda serialın quruluşçu rejissoru və baş rol ifaçısı olan aktyor Hikmət Rəhimov məlumat yayıb.
O bildirib ki, serialın bərpası ilə bağlı müraciətlərinə müsbət cavab gəlib:
"Şükür, "Səkkiz" qayıtdı, yayımı bərpa olundu. Dövlət həm yaradıcı heyətə, həm tamaşaçıların maraq və istəklərinə müsbət cavab verdi. Buna görə həm öz, həm də yaradıcı heyət adından onlara təşəkkürümüzü bildiririk. Ədalətli qərar verən, Azərbaycan kino və serialının inkişafını dəstəkləyən hər kəsə sonsuz minnətdarıq. Qoyulan hər bir senzura qadağası incəsənətin inkişafına maneə olan amildir. Biz bütün qanunlara hörmətlə yanaşırıq".
Aktyor əlavə edib ki, ekran işi bu həftənin şənbə günü ARB TV-də efirə gedəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl serialın ilk bölümündə qeyri-etik ifadələrin işlədildiyi üçün ARB kanalı cəzalandırılıb. Audiovizual Şuranın kanalın yayımının müvəqqəti dayandırılacağını açıqlayıb. Bildirilib ki, qurum həmin kadrları "Media haqqında” qanunun tələblərinə zidd sayıb.
"Səkkiz” serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir.