"Netfliks"in qalmaqallı serialı üçüncü mövsümlə qayıdır: "Ovçu qadınlar"da oyun qaydaları dəyişir

"Netfliks"in qalmaqallı serialı üçüncü mövsümlə qayıdır:  "Ovçu qadınlar"da oyun qaydaları dəyişir
8 oktyabr 2026
# 13:30

"Netfliks" platformasında yayımlanan "Ovçu qadınlar" (The Hunting Wives) serialının üçüncü mövsümünün çəkiləcəyi təsdiqlənib.

Kulis.az xəbər verir ki, bu qərar noyabrın 26-da tamaşaçılara təqdim olunacaq ikinci mövsümün premyerasından əvvəl elan edilib.

Əvvəlcə "Starz" kanalı üçün nəzərdə tutulan, lakin 2025-ci ildəki premyerasından əvvəl "Netfliks" tərəfindən satın alınan "Lionsgate" və "3 Arts" istehsalı olan bu layihə bundan sonra da "Netfliks" orijinal serialı olaraq yoluna davam edəcək.

Baş rollarında Brittani Snou və Malin Okermanın çıxış etdiyi serial Mey Kobbun eyniadlı bestseller romanı əsasında ərsəyə gəlib. Lakin ikinci mövsümdə hadisələr artıq kitabın süjet xəttindən tamamilə kənara çıxacaq. Birinci mövsümdə ailəsi ilə birlikdə Şərq sahilindən Texasın dərinliklərinə köçən Sofi Onilin yüksək cəmiyyətin tanınmış siması Marqonun qarşısıalınmaz cazibəsinə qapılması, daha sonra isə həyatının vəsvəsə, ehtiras və qətllərlə alt-üst olması təsvir edilirdi.

Rəsmi sinopsidə qeyd olunur ki, ikinci mövsümdə Sofi və Marqonun yolları ayrılır. Lakin çox keçmədən köhnə sirlər və yeni düşmənlər onları yenidən bir araya gəlməyə məcbur edir. Onlar təhlükəli oyunlarını oynayarkən əsas sual ortaya çıxır: "Onlar ovçudurlar, yoxsa ov?"

Genişlənən aktyor heyəti və yaradıcıların vədi

Layihənin genişlənmiş aktyor heyətinə Dermot Malruni, Ceymi Rey Nyuman, Evan Coniqeyt, Corc Ferrier, Karen Rodriges, Hanter Emeri, Brenton Boks, Deyl Dikki, Kim Matula, Kem Jiqande, Aleks Fitzalan, Con Stamos və Encel Riz kimi məşhur simalar daxildir. Serialın yaradıcısı və əsas şouranneri Rebekka Katterdir. İcraçı prodüserlər sırasında Katterlə yanaşı yazıçı Kobb və Ervin Stoff da yer alır.

Rebekka Katter yeni mövsümlə bağlı bəyanatında tamaşaçılara müraciət edib:

"Meypl Bruka geri dönəcəyim üçün çox həyəcanlıyam. Söz verirəm ki, ikinci mövsümü bitirdikdən sonra nələrin baş verəcəyini görmək üçün səbirsizlənəcəksiniz. Kəmərlərinizi bağlayın, çünki üçüncü mövsüm daha da qalmaqallı və gözlənilməz olacaq".

Ülvi Bahadır

# 94 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər