Tanınmış telejurnalist: “O oğlana elə vurulmuşdum ki...” - MÜSAHİBƏ

<span style="color:red;">Tanınmış telejurnalist:  “O oğlana elə vurulmuşdum ki...” - <span style="color:red;">MÜSAHİBƏ
17 iyul 2018
# 09:00

Kulis.az “Oxucu” layihəsindən tanınmış telejurnalist, rejissor Mintac Elsevərlə müsahibəni təqdim edir.

- Neçə yaşdan kitaba marağınız var?

- Hər şey şəkil kimi yadımdadı... Şəkildə əyin-başı çirkli, kasıb, amma xoşbəxtlik nəğməsi oxuyan balaca bir oğlan uşağı təsvir olunmuşdu. Bu, Qavroşun acı taleyindən danışan balaca, bircə barmaq naziklikdə kitab idi. Onda elə Qavroşla eyni yaşda idim. Kitabın üz qabığındakı oğlana elə vurulmuşdum ki, onun taleyini də bilmək istədim. Oxudum. Və bu mənim bir neçə nəsnələrdə ilkim oldu. Sevdiyim ilk maraqlı şəkil, əsl kişi obrazı, ilk üsyankarlıq duyğusu və yaxşılığın hər şeydən yaxşı olduğuna inanmaq!.. Fəqət böyüdükcə çox nəsnələr dəyişdi, əsl mahiyyətini itirdi. Dəyişməz qalan sadəcə Qavroşun yaddaşımdakı şəklidi.

- Əsasən hansı mövzularda kitabları oxuyursunuz?

- Bəşəri mövzulara daha çox üstünlük verirəm. Əgər hər hansı bir əsərin ən azından bir obrazı ömür boyu oxucunun yadında qalmayacaqsa, mənə görə bu uğurlu əsər deyil. Yaxşı kitab, ya da yaxşı mətn ola bilər. Amma kitabı əlimə alanda mənimlə üz-üzə kiminsə oturduğunu hiss etməli, ya da düşünməliyəm. Memuar janrında yazılan kitabları da sevirəm. Əgər memuar sahibi Xüsusən də hansısa eks dövlət adamı və onun xanımının yazdığı memuarları. Ancaq mənimçün konkret kitablar var, hansı ki, onların çəkisi öz tarazlığını həmişə yüksəkdə saxlayır. Misal üçün, Dostoyevskinin “İdiot”u...

- Müasir yazarlarımızı mütaliə edirsinizmi? Kimləri bəyənirsiniz?

- Etməyə çalışıram deyim. Bu öz yerində. Rahatlıqla deyim ki, çox istedadlı gənc yazarlarımız var. Aqşin Yenisey, İlqar Rəsul və digərləri. Sevdiyim yazarların əksəriyyəti daha çox şair, jurnalist kimi tanınırlar. Misal olaraq əziz dostum İlham Tumas, Cəlil Cavanşir, Ayxan Ayvaz. Təbii başqaları da var.

- Sizcə kitab insanları dəyişir? Elə isə sizi götürək.

- Yox, dəyişmir. Bəzi məqamlarda xırda təsirlər ola bilir. Mənim təməlim, içim, dışım nədirsə oyam. Dəyişməyin adı elə dəyişməkdi, artıq mən deyil. Bütün mənalarda. Sadəcə elə əsərlər var ki, onlar insana bəzi sirli mətləblərdən xəbər verir. İnsanı sadəcə yaşadığı nəşələr və ya faciələr dəyişə bilər. Elə bunun da bir adı kitabdır. Yəni hər kəsin öz taleyi, öz kitabı. Bu, mənim subyektiv fikrimdir. Hər halda 43 yaşım var və oxuduğum heç bir kitab məni dəyişməyib...

- Ev kitabxananızda nə qədər kitab olar?

- Təxminən 400-ə yaxın. Otağımın yeganə maraqlı guşəsidir. Aralarında üz qabığı cırılanı, səhifəsi korlananları da var. Amma ən çox qoruduğum da niyəsə elə onlardı.

- Əsasən, hansı dildə oxuyursunuz və Azərbaycan dilinə tərcümələri bəyənirsinizmi?

- Daha çox Azərbaycan dilində mütaliə edirəm. Ara-sıra da rus dilində. Türkcə sadəcə şeir mütaliə edə bilirəm. Tərcümə məsələsini bəzən çox şişirdirlər, zəifdir deyə. Amma bəzən də elə tərcümələr olur ki, orijinaldan daha gözəl təsir bağışlayır. Əsəri orijinaldan oxumaq təbii ki, ən yaxşısıdır. Sadəcə dilin incəlikləri məsələsi də var burda. Yazarın hansısa bir cümləsində elə bir ifadə ola bilər ki, məhz o ifadənin əsl tərcüməsi olmasın. Olmayanda isə fikrin də, cümlənin də təsiri dəyişir. Yəni tərcümə həssas sahə olduğuna görə, bu məsələdə çox da dərinə gedə bilmirəm.

- Daha çox roman oxuyursunuz, ya hekayə kitabları, ya şeir?

- Roman və şeir. Hekayələrə daha çox əhvalsız olanda üstünlük verirəm. Sonluqdan daha tez xəbərim olacaq deyə. Çünki əhvalsız olanda hövsələmin də çənbəri daralır.

- Deyirlər, indi kitab oxunmur, sizcə doğrudur?

- Kökündən yanlış fikirdir. Hamı yaza bilmədiyi kimi, hamı da oxuya bilmir. Zənnimcə yazanla oxuyanın sayı təxminən eynidir. Şəxsən mənim ətrafımda kifayət qədər mütaliə edən dostlar var. Sadəcə, sosial şəbəkələr insanların vaxtını çox alır, buna da təbii yanaşıram. Ümumilikdə mənim qənaətim budur ki, istedadlı yazar problemimiz yoxdur. Heç oxucu problemi də yoxdur. Bəlkə bir az kobud müqayisə olacaq, əgər qazanda yemək və süfrədə ac insan varsa o yemək yeyiləcək. Yeməyin nə qədər dadlı olub-olmaması sonrakı məsələdir. Yəni yemək çox dadlı, orta dadlı, ya da tamamilə dadsız ola bilər. Və mənə görə istənilən sahədə möhtəşəm, korifey olacaq şəxsiyyətlər tez-tez yarana bilməz. Yüz ildə, hətta, bəlkə iki yüz ildə bir...

- Şairlərimizdən kimləri bəyənirsiniz?

- Bu barədə məncə tanrı bizdən səxavət payını əsirgəməyib. Vaqif Səmədoğlu, Mikayıl Müşfiq, Vaqif Bayatlı Odər, Ramiz Rövşən, Rüstəm Behrudi, Salam Sarvan, Qulu Ağsəs. Gənc şairlərimizin də yaradıcılığını çox izləyirəm və çox da bəyənirəm. Aqşin Yenisey, Aqşin Evrən, Şəhriyar Del Gerani, Qismət Rüstəmov. Və bir də gənc şair var - Fuad Cəfərli. Hərçənd çox məşhur deyil, amma əminliklə deyim ki, böyük istedaddı.

- Özünüz də şeir-hekayə yazırsınız...

- Hə, ara-sıra cızma-qara edirəm. Çox az hallarda mətbuatda dərc olunuram. Televiziya jurnalisti olduğuma görə, daha çox öz işimlə məşğulam. Yəni, kiminsə yerini dar etmək istəmərəm.

- Saytlarda bədii əsərlər oxuyursunuz?

- Qətiyyən oxumuram. Hətta etiraf edim ki, qarşıma çıxan xırda həcmli hekayənin belə həcminə baxıram. Uzundursa oxumayacam. Ələlxüsus da romanı heç vaxt saytdan oxumaram. Kitabın ləzzəti başqadır.

- Son olaraq kitab sizin üçün nədir?

- İnsan oğlunun taleyi... Və insanlığın indiki halında az da olsa özünü qorumaq cəhdi.

# 1461 dəfə oxunub

Müəllifin son yazıları

# # #