Tanınmış futbol şərhçisi: “Varisin kitablarını bir də heç vaxt oxumayacam”

Tanınmış futbol şərhçisi: “Varisin kitablarını bir də heç vaxt oxumayacam”
29 yanvar 2016
# 08:30

Kulisin kitabla bağlı suallarını tanınmış futbol şərhçisi Gündüz Abbaszadə cavablandırır.

- Bədii ədəbiyyatla aranız necədir?

- Yaxşıdır. Təəssüf ki, indi oxumağa vaxtım olmur. Əslində vaxt olanda da oxuya bilmirəm. Mənim atam da yazıçı olub. Yazıçılar birliyinin üzvü idi, ədəbiyyata bağlı adam idi. Evimizdə 5000-dən artıq kitab var. Atam evi təzə alanda 4 otaqdan birini kitabxana kimi təmir etdirdi. 4 divar kitablarla doludur. Bunu atamdan mənə qalan ən böyük miras hesab edirəm. Orta məktəbin son sinfindən etibarən məni kitab oxumağa məcbur edirdi. Həmişə də deyərdi ki, jurnalist olmaq istəyirsənsə çoxlu kitab oxumalısan. Gənc yaşda nə oxudun, oxudun, 30-35 yaşdan sonra istəsən də alınmayacaq. Məhz indi onun dediklərinin həqiqət olduğunu anlayıram. Atamın dostları da ədəbiyyat adamları olub. Nəriman Əbdürrəhmanlı, Arif Əmrahoğlu... Ədəbiyyata bağlı mühitdə böyümüşəm. Hazırda Joze Saramaqonun “İsanın İncili” kitabını oxumağa çalışıram. Vaxt tapıb tamamlaya bilsəm, özümü qəhrəman hesab edəcəyəm.

- Sizcə, şərhçi ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?

- Birmənalı olaraq, savadlı olmalıdır! Oyun zamanı elə epizod yarana bilər ki, oxuduqların köməyinə çatar. Məsələn, bir futbolçu matçın gedişində meydana çıxmağa hazırlaşır. Həmin anda Səməd Vurğundan “Geyib əsgər paltarını silahlandı qəhrəman” misrası yerinə düşür. Bunu səhv etmirəmsə İlqar Mikayıloğlu demişdi. Oyun zamanı folklor janrı daha çox yada düşür. Məsələn, bu yaxınlarda şərh etdiyim oyunda komandalardan biri 3-cü topu buraxandan sonra qırmızı vərəqə aldı. Mən buna belə şərh verdim: “Əri döymüş arvadı it də qapdı bir yandan...” Bilmirəm, nə qədər uğurlu alındı? Danışmaq üçün söz ehtiyatın olmalıdır. Çörəyi isə danışdığımıza görə qazanırıq. Gərək, danışanda da boş-boş danışmayaq.

- Şərhçilər bəzi hallarda vurğunu düz demir, bəhs etdiyi mövzuya yaxından bələd olmur...

- Adını ilk dəfə eşitdiyin futbolçu, idmançı ola bilər. Bunun üçün internet var. Müxtəlif dillərdə şərh olunmuş fraqmentlərə baxmaqla həmin futbolçunun adının əslində necə tələffüz edildiyini bilmək olar. Yaxud bildiyinə əmin olduğun insandan öyrənmək mümkündür. Məncə, sözün deyilişi oxumaqla bağlı olan məsələ deyil. Hər biri aparıcı, şərhçi efirə ciddi hazırlaşmalıdır. Təkcə mütaliə ilə iş bitmir.

- Türk-rus şərhçiləri ciddi mütaliəlidirlər. Sizcə, bizdə belələri varmı?

- Əlbəttə, var. Məsələn, Fikrət Adıgözəlli. Fikrət müəllimin mütaliəsi o qədər güclüdür ki, iki saat davam edən şahmat matçını dayanmadan şərh etmək üçün söz ehtiyatı var. Sevilib sevilməməyi isə zövq məsələsidir. Eləcə də Asif Bağırov. ANS-də birgə şərhçilik etmişik. Söz ehtiyatı çoxdur. Hiss olunur ki, çox oxuyub. Hazırda Rüstəm Əfsərli, Şəmsəddin Abbasov, Elnur Məmmədov bu baxımdan seçilirlər. Məncə, bu mənada adını çəkdiyim şərhçilər türkiyəli həmkarlarımızdan daha üstündür. Ruslardan, o da bəzilərindən azacıq geri qala bilərik.

- Sizcə, kitab mədəniyyəti nə vaxt formalaşacaq bizdə? Hansı ki, sovet vaxtı bu normal idi.

- Məndə hərdən elə təəssürat yaranır ki, biz azərbaycanlılar bir şeyi etmək üçün küyə düşməliyik. Məsələn, uşağımızı məktəbin birinci sinfinə belə küyə düşüb aparırıq. Özü də ailəlikcə, hamılıqla. Sentyabrın 15-də şəhərdə həyat dayanır. Niyə? Həmin uşaqlar ilin digər günlərində də məktəbə gedirlər də… Təbii ki, sözlərim hamıya aid deyil. İstisnalar var. Kitab oxumaq üçün də küyə düşməliyik. Məncə biz dəblə yaşamağı sevirik. Kitab oxumaq dəb olmalıdır, məncə. Kitab oxumağı dəbə çevirə bilsək, bu mədəniyyətin formalaşması üçün zəmin yaranacaq. Hazırda Türkiyədə kitab oxumaq dəbi var. Orda yazarlar yaxşı qazanır. Niyə bizim yazarlar da qazanmasın ki? Ümid edirəm, bu dəb bizə də keçəcək.

- Bəlkə elə birinci sənət adamlarından başlamaq lazımdır. Örnək olaraq...

- Təəssüflər olsun ki, bizdə dəbi efirlərdən düşməyən “sənət adamları” formalaşdırır.

- Şeir əzbərləyirsiniz heç?

- Çox nadir hallarda. Şeir əzbərləmək də istedaddır. Hər adam bacarmır.

- Azərbaycandan sevdiyiniz şeirlər, hekayələr, romanlar haqda da danışın mümkünsə.

- Əgər müasir dövrü nəzərdə tutursunuzsa, təəssüf ki, oxumaq imkanım olmayıb. Oxuduğum, daha doğrusu rastıma çıxıb vərəqlədiklərimin isə adını çəkmək istəməzdim.

- Dünya ədəbiyyatından sevdiyiniz əsərlər hansılardır?

- Mənim yazıçım Çingiz Aytmatovdur. Ondan oxuduğum bütün əsərlər yaddaşımdadır. Amma başqaları da var.

- Yeni dövr yazarlarımızdan kimi tanıyırsınız?

- Nəriman Əbdürrəhmanlını, Şərif Ağayarı, Cəlil Cavanşiri, Şəhriyar Del Geranini, Ayxan Ayvazı, Kəramət Böyükçölü. Şəxsi tanışlığım da var çoxu ilə. Bundan başqa Aqşinin, Qan Turalının adını çəkə bilərəm. Maraqlı bir şey deyim. Bir dəfə Varisin bir kitabı əlimə keçmişdi. 30-40 səhifə oxuyandan sonra anladım ki, mən bir də heç vaxt Varisi oxumayacam.

- Svetlana Aleksieviçi tanıyırsınız?

- Oxumamışam. Təkcə onu bilirəm ki, 2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatını alıb. Bunu da xəbərlərdən oxumuşdum.

- Sizcə niyə ciddi bir kitaba 5 manat verməyən azərbaycanlı saiti samitdən ayıra bilməyən toy müğənnisinə və tamadalara minlərlə manat sayır? Bu ciddi problemdir, yoxsa heç bir zərəri yoxdur?

- Çox ciddi problemdir. Həll olunması çətin olan problemdir. Əslində, bir qədər əvvəl dediyim dəb məsələsidir. Müğənniyə pul vermək indi dəbdədir. İnsanlar bir-biri ilə bəhsə girir. Filankəsin toyunda Aygün oxudu, mən gərək Röyanı çağırım. Kaş insanlar kitab oxumağın bəhsinə girərdi. Zaman gələcək müğənniyə pul vermək başqa dəblə əvəzlənəcək. Amma çətin ki, kitaba maraq dəb olsun

- Səmavi kitablardan hansıları oxumusunuz?

- Qurani Kərimi və Bibliyanı... Tövratı da oxumaq istəyirəm.

- Son olaraq həmkarlarınıza və sizi şərhçi kimi sevənlərə ədəbiyyatla, kitabla bağlı nə dəmək istəyirsiniz?

- Can sağlığı. Hə, bir də... Gəlin, kitab oxumaq dəbini birlikdə yaradaq.

# 1139 dəfə oxunub

Müəllifin son yazıları

# # #