Adamı nəğməsindən tanımaq olmur - Filip Rotun hekayəsi

Adamı nəğməsindən tanımaq olmur - <span style="color:red;">Filip Rotun hekayəsi
25 may 2018
# 21:00

Kulis.az sim-sim.aza istinadən bu günlərdə dünyasını dəyişən yazıçı Filip Rotun “Əlvida, Kolumbus” kitabından “Adamı nəğməsindən tanımaq olmur” hekayəsini təqdim edir.

Keçmiş cinayətkar Alberto Pelaqutti ilə on beş il əvvəl doqquzuncu sinifdə, proforientasiya (1) dərsində tanış olmuşam. İlk həftə bizi bir sıra sınaqlardan keçirdilər ki, bacarıqlarımızı, çatışmazlıqlarımızı, meyillərimizi və mənəvi xüsusiyyətlərimizi təyin etsinlər. Həftənin sonunda proforientasiya müəllimi cənab Russo bizim bacarıqlarımızı toplayacaq, çatışmazlıqlarımızı çıxacaq və istedadımıza hansı peşənin daha çox uyğun gəldiyini bizə deyəcək; bütün bunlar hədsiz məxfi, lakin elmi əsaslarla baş verirdi. Yadıma gəlir ki, birinci “üstünlük testi”ndən keçdik: “Nə etməyə üstünlük verərdiniz: bunu, yoxsa o birini…” Albi Pelaqutti məndən arxada solda otururdu və dərslərin ilk günü mən testləri addım-addım keçib, gah qədim qazıntıları araşdırarkən, gah da məhkəmədə cinayətkarları müdafiə edərkən, Albi Vezuvi kimi nəfəs alır, coşur, yüksəlir, enir, sönür, şişirdi. O, qərarını verəndə isə tam verirdi. Karandaşı ilə daha ağıllı seçim hesab etdiyi peşənin qarşısındakı sütunda qətiyyətlə xaç çəkirdi. Seçim edərkən çəkdiyi əzablar onun haqqında yayılmış əfsanələri sübut edirdi: on yeddi yaşı var idi, Cemsberq koloniyasından yenicə çıxmışdı; bizim məktəb onun üçüncü məktəbi idi – üçüncü il idi ki, doqquzuncu sinifdə qalmışdı; daha bir xaç cızdığını eşitdim – o, “düzəlmək” qərarına gəlmişdi.

Dərsin ortasında cənab Russo sinifdən çıxdı.

– Gedim bir şey içim, – dedi. Russo həmişə bizə göstərməyə çalışırdı ki, necə dürüst adamdı və bəzi müəllimlər kimi ön qapıdan çıxıb arxa qapıdan özümüzü necə apardığımızı pusmur. Həqiqətən, o, içməyə gedirdisə, nəmli dodaqlarla qayıdırdı, tualetdən qayıdanda isə əllərindən sabun iyi gəlirdi. – Tələsməyin, uşaqlar, – dedi və qapını bağladı.

Onun qara-qara ayaqqabıları mərmər döşəməni döyəclədi və çiynimə beş toppuş barmaq sancıldı. Çevrildim, Pelaqutti idi.

– Nə var? – dedim.

– İyirmi altıncı test. Cavabı nədir?

Düzünü dedim:

– Nə istəsən.

Pelaqutti yerində dikəldi və gözlərini hiddətlə mənə dikdi. O, lap begemot idi: böyük, qara və iy verən; köynəyinin qısa qolları gonbul əllərini elə sıxırdı ki, elə bil, həmin vaxt kəllə-çarxa çıxan təzyiqini ölçürdü.

– Cavabı de!

Təhdidlə üz-üzə gəldiyim üçün sorğu kitabçamı üç səhifə geriyə vərəqlədim və iyirmi altıncı testi oxudum: “Nəyə üstünlük verərdiniz: (1) Beynəlxalq ticarət konfransında iştirak etmək; (2) Albalı yığmaq; (3) Xəstə dostun yanında qalıb ona kitab oxumaq; (4) “Avtomobil mühərrikini təmir etmək”. Soyuqqanlılıqla Albiyə baxdım və çiyinlərimi çəkdim.

– Vacib deyil – düzgün cavab yoxdur. Hər biri uyğundur.

Az qaldı stulundan sıçrasın.

– Gic-gic danışma! Cavab!

Sinifdəki başlar bizə çevrilmişdi – hamı gözlərini qıymışdı, pıçıldaşır, qımışırdılar, – həmin an anladım ki, indicə nəmlidodaq Russo gələcək və elə ilk dərs günündə məni cığalçılıq – sinif yoldaşına kömək üstündə tutacaq. Yenidən iyirmi altıncı suala, sonra bir də Albiyə baxdım, onunla münasibətlərimdə həmişə olduğu kimi, qəzəb, mərhəmət, qorxu, sevgi, intiqam və qarşısıalınmaz istehza ilə pıçıldadım:

– Xəstə dostunun yanında qalıb ona kitab oxumaq.

Vulkan yatdı və beləcə, Albi ilə tanış olduq.

***

Biz dostlaşdıq. O, sınaqlarda da, səhər yeməyində də, dərslərdən sonra da yanımda idi. Öyrəndim ki, Albi cavan yaşında mənim kimi “ağıllı oğlan”ın etmədiyi hər hoqqadan çıxa bilib: o, müxtəlif mənşəyi naməlum restoranlarda qamburgerlər yeyib; qış vaxtı soyuq duşdan sonra saçları yaş-yaş küçəyə çıxıb; heyvanlarla qəddar rəftar edib; fahişələrlə cütləşib; oğurluq edib, oğurluq üstə tutulub və cəzasını çəkib. Ancaq mənə belə demişdi: “Boş-boş gəzməklə qurtarmışam. Təhsil alacam. Çalışacam, – məncə, bu ifadəni bu yaxınlarda ədəbiyyat dərsində baxdığımız musiqili filmdən götürmüşdü – çalışıb özümü yaxşı tərəfdən göstərəcəm.” Növbəti həftə Russo sınağın nəticələrini oxuyanda, bu yaxşı tərəf gözlənilmədən və möhtəşəm şəkildə üzə çıxmışdı. Russo döyüş silah-sursatı kimi düzülmüş test qalaqları ilə dolu masasının arxasında, nəhəng cədvəl və diaqramların fonunda oturub bizə talelərimizi açırdı. Mən və Albi hüquqşünas olacaqdıq.

Albinin mənə birinci həftə danışdıqlarının içindən bir fakt ağlımda özünə yaxşıca yer eləmişdi. Onun doğulduğu Siciliya şəhərinin adını tez unutdum, atasının peşəsini tez unutdum (o ya buz düzəldir, ya da paylayırdı), Albinin oğurladığı maşınların illərini və modellərini unutdum, lakin onun Ceymsberq koloniyasında beysbol komandasının ulduzu olduğunu yadımda saxladım. İdman müəllimi məni sinfimizin softbol2 komandasının (biz beysbol üzrə ölkə çempionatı bitənədək softbol oynayır, sonra kontaktsız futbola3 keçirdik) kapitanı təyin edəndə, Pelaquttini komandamıza cəlb etməyə qərar verdim. Onun böyük əlləri topu bir kilometrdən çıxara bilərdi.

Komandalar yığılan gün paltardəyişmə otağında formamı geyinəndə – futbolka, bandaj, xaki rəngli şort, qalın corab, ked – Albi yanımda boş-boş var-gəl edirdi. Özü artıq əynini dəyişmişdi: bandaj taxmamışdı, xaki rəngli şortun altında isə onun qəribə haşiyəli, şəxsi səkkiz santimetrlik açıq-bənövşəyi bandajı sallanırdı. Futbolka əvəzinə alt maykası geyinmişdi, ayağında isə kömür qarası kedlər və yanları ox naxışlı nazik ipək corablar var idi. Belə adam qədim dövrlərdə yalın əlləri ilə Kolizeydə şir yıxa bilərdi; geyimi, bir söz deməsəm də, ona yaraşmırdı.

Paltardəyişmə otağından tərpənib qaranlıq zirzəmi dəhlizlə sentyabr günəşində qızınan meydançaya çıxanda, o dayanmadan üyüdüb-tökürdü:

– Uşaq vaxtı idmanla məşğul olmurdum, koloniyada isə beysbol oynamağa başladım və gördüm ki, getdikcə daha yaxşı alınır.

Başımı yellədim.

– Pit Rizeri bəyənirsən? – soruşdu.

– Yaxşı oyunçudur.

– Bəs Tommi Henriç xoşuna gəlir?

– Tanımıram, – dedim. – Yəqin etibarlıdır.

“Docerlər”in azarkeşi kimi mən Rizerə “Yankiz”in Henriçindən daha çox üstünlük verirdim; bundan başqa mənim zövqüm həmişə özünəməxsus olub və top dalıyca qaçanda dəfələrlə divara girən Rizer mənim beysbol aləmimdə xüsusi mükafat qazanmışdı.

– Hə, – dedi Albi, – mən bütün “Yankiz”liləri xoşlayıram.

Albidən bununla nə demək istədiyini soruşmağa macal tapmadım: bürüncü dərili, gülümsəyən, ucaboy cənab Hopper artıq qəpik atmışdı; başımı qaldırdım, qəpik gün işığında bərq vurdu və mən dedim: “Qartal”. Gerbsiz tərəf düşdü və birinci seçimi o biri komandanın kapitan etdi. O, Albinin əllərinə baxanda ürəyim düşdü, lakin yanından ötüb hündür arıq oğlanı, tipik birinci beysmeni(4)seçəndə sakitləşdim. Dərhal dedim: “Pelaquttini götürürəm”. Həmin an onun üzündə yaranan təbəssümü nadir halda görmək olar: kənardan baxan deyərdi ki, onun ömürlük həbs cəzasını ləğv eləmişəm.

***

Oyun başladı. Mən şort-stop(5) mövqeyində oynayırdım və ikinci zərbəni mən vururdum, Albi meydanın mərkəzində idi və dördüncü olmağı xahiş eləmişdi. Onlar ilk zərbəçilərini birinci bazada yerləşdirmişdilər: topu yerdən götürdüm və birinci beysmenə atdım. Növbəti oyunçu topu yüksəyə vurdu, rahat və düz meydanın mərkəzinə. Albinin topun ardınca qaçmağını görən kimi başa düşdüm ki, Tommi Henriç və Pit Rizer onun üçün boş adlardı: beysbol haqqında bildiklərini dünən axşam əzbərləyib. Top havada uçduqca Albi onun altında hoppanır, əllərini qaldırıb ovuclarını başının üstündə birləşdirir, kəpənək qanadları kimi əl çırpır və topu öz yanına səsləyirdi:

– Bura, – qışqırırdı səmaya, – bura, əclaf… – bir ayaqdan o birinin üstünə hoppanırdı.

Ümid edirəm ki, ölümüm bu lənətə gəlmiş topun yerə düşdüyü qədər uzun çəkməyəcək. O, elə hey havada süzülürdü, Albi isə onun altında hoppanıb düşürdü. Nəhayət top düz Albinin sinəsinə düşdü. Qaçan artıq ikinci bazanı keçmişdi və üçüncüyə tərəf şığıyırdı. Albi isə dövrə vurub əllərini açdı, elə bil, iki gözəgörünməz uşaqla yallı getməyə hazırlaşırdı.

– Arxada, Pelaqutti, – qışqırdım.

O dondu:

– Nə?

Mərkəzə qaçdım.

– Top arxadadır, ötür!

Onların oyunçusu üçüncüyə çatdı, mən isə dayanıb Albiyə “ötürməyin” nə demək olduğunu başa salmalı idim.

Birinci inninqin6 ilk yarısından sonra onların səkkiz houmranı(7) var idi – hamısı Albinin gecikmiş ötürmələri sayəsində idi. Biz oyuna 0:8 hesabı ilə başladıq.

Sırf mazoxizmə görə, Albinin topu necə vurduğunu təsvir etməliyəm. Əvvəlcə üzü pitçerə8 tərəf dayandı; sonra topa zərbə endirmək istəyəndə – bu hər dəfə baş verirdi – yandan yox, üstdən vururdu, elə bil, yerə paya çaxırdı. Onun sağ əllə, yoxsa sol əllə işlədiyini soruşmayın. Bilmirəm.

Paltardəyişmə otağında əynimizi dəyişirdik, susurdum. Gözucu Pelaquttini izləyirdim, içim qaynayırdı. O, axmaq qara kedlərini atdı və maykasının üstündən çəhrayı “qauço” köynəyini keçirdi – bədənində hələ də topun ilk dəfə düşdüyü yerdəki ləkə qızarırdı. İdman şortlarını çıxarmamış boz şalvarını geyindi və onu əvvəlcə biləklərində qalan qırmızı ləkələrin, sonra pitçerlərin atdığı topların iz qoyduğu dizlərinin və çanaqlarının üstü ilə yuxarı dartmağa başladı.

Dözməyib dilləndim:

– Sən keysən, Pelaqutti, Pit Rizerlə burun-buruna gəlsəz belə, onu tanımazdın.

Kedləri şkafına qoydu və cavab vermədi. Onun çəhrayı köynəkli geniş kürəyi ilə danışırdım.

– Niyə yalandan həbsxana komandasında olduğunu dedin?

Burnunun altında nəsə mızıldadı.

– Nə? – dedim.

– Oynamışam.

– Yalançı!

O, çevrilib qəzəbli qara gözlərini mənə zillədi.

– Oynamışam!

– Gör komanda nə gündə olub!

Biz paltardəyişmə otağını tərk edəndə danışmırdıq. Proforientasiya dərsinə gedəndə cənab Hopperin otağının yanından keçdik və o başını qaldırıb mənə göz vurdu. Sonra başı ilə Pelaquttini göstərdi: guya necə xəzinə seçdiyimə eyham vurur, – bəs mən necə inandım ki, bu sarsaq beysbol ulduzudur? Cənab Hopper yenidən başını aşağı saldı.

– İndi, – dedim Pelaquttiyə, – sən bütün mövsüm boyu üstümdə qaldın.

O, məndən qabaqda sakitcə addımlayırdı, onun öküzə oxşayan dalında bircə milçəkləri qovmaq üçün quyruq çatışmırdı – məni dəli eləyirdi.

– Bədbəxt yalançı! – dedim.

O, bir öküz nə qədər cəld ola bilərsə, o cəldlikdə çevrildi:

– Üstündə-zadda qalmamışam. – Biz pilləkənin başında, şkafların sıralandığı dəhliz başlayan meydançada dayanmışdıq. Bizdən sonra pillələri qalxan uşaqlar dayanıb qulaq asırdılar – Üstündə-zadda qalmamışam, sümsük!

Bircə düz ağzıma tərəf gələn tüklü yumruğu görə bildim. Əyilsəm də, gec idi, burnumun xırçıltısını eşitdim. Bədənimin orta hissəsi arxaya, başım və ayaqlarım isə qabağa gəldi, ovuclarım soyuq mərmər döşəməyə dəyməmiş, “c” hərfi kimi əyilib beş metr geri sürükləndim. Albi yanımdan keçib proforientasiya kabinetinə girdi. Bu vaxt başımı qaldırıb cənab Russonun qara ayaqqabılarının da ora girdiyini gördüm. Əminəm ki, Albinin mənə ilişdirdiyi yumruğu görüb, ancaq sübutum yox idi. Albi də, mən də, heç birimiz heç vaxt bu hadisəni yada salmadıq. Ola bilsin, Albiyə yalançı deməklə düz eləməmişdim, amma parlaq beysbol oyunçusu olsa da, hansı oyunçular arasında olduğunu demək çətin idi.

Kontrast yaratmaq üçün Dyuk Skarpı da təqdim edim. O da keçmiş cinayətkar idi və bizə həmin il qoşulmuşdu. Yeri gəlmişkən, Albi də, Dyuk da bizim rayondan deyildilər. Hər ikisi Nyuarkın o biri tayında, “Aşağı boğaz”da yaşayırdı və Təhsil şurası onları bizə Albi iki, Dyuku isə dörd məktəbdən qovulduqdan sonra göndərmişdi. Şura lap Marks kimi əmin idi ki, ali mədəniyyət əvvəl-axır primitiv olanın öhdəsindən gələcək.

Albi və Dyuku yan-yana otuzdurmurdular: Albi bu işlərin başını buraxmağa qərar vermişdisə də, hiss olunurdu ki, Dyuk, bu qıvraq, sürüşkən lal-dinməz oğlan nəsə planlaşdırır. Onlar bir-birilərinə qarşı mehriban hisslər bəsləməsələr də, Dyuk həmişə Albi ilə mənim arxamca gəzirdi. Belə başa düşürəm ki, Albi onunkimilərə yaxşı bələd olduğu üçün nifrət edirdi, belə yoldaşa dözmək isə səni anlamadan nifrət edənə dözməkdən daha asan idi. Əgər Albi begemot idisə, Dyuk sürünən idi. Mənmi? Bilmirəm; başqalarını heyvana bənzətmək daha asandır.

Bəzən nahar vaxtı Dyukla kafeteriyanın qarşısındakı dəhlizdə sparrinqlə(9) məşğul olurduq. O, huku cebdən(10) ayıra bilmirdi və qarabuğdayı dərisində yara izlərinin qalmasını, saçının səliqəsiz olmasını xoşlamırdı; lakin elə həvəslə dalır, əyilir, qıvrılır, açılırdı ki, yəqin mənimlə ilan-ilan oynamaq zövqü üçün pul da verərdi. O, məni hipnoz edirdi. Dyuk qəlbimdəki sarı simə toxunurdu, Albi isə daha dərində yerləşən bir simi, ümid edirəm ki, daha nəcib olanını axtarıb onu gərirdi.

***

Axı elə bil, Albini lap mələk, yaxud quzu balası kimi təsvir elədim. Onda gəlin sizə cənab Russonun başına açdığımız oyundan danışım.

Russo öz sınaq testinin nəticələrinə mühacir valideynlərinin (Albinin də valideynlərinin, bəlkə elə özünün də) papanın günahsızlığına inandıqları kimi inanırdı. Əgər sınaqlar Albinin vəkil olduğunu deyirdisə, deməli o vəkil olacaqdı. Albinin keçmişinə gəldikdə isə, bu, cənab Russonun öz öncəgörməsinə inamını daha da gücləndirirdi: Albi ilə məşğul olanda onun gözlərində xilas işığı parlayırdı. Sentyabrda oxumaq üçün Albiyə Oliver Vendell Holmsun bioqrafiyasını vermişdi; oktyabrda yazığı hər həftə ekspromt şəkildə sinif qarşısında çıxış etməyə məcbur edirdi, noyabrda isə ona Konstitusiya haqqında məruzə yazmağı tapşırdı, mən yazası oldum; dekabrda isə lap ağ elədi – Albini və məni (bir də hüquqa meyilini kəşf etdiyi başqa iki nəfəri) Esseks mahalının məhkəməsinə göndərdi ki, “əsl hüquqşünasları iş başında” görək.

Soyuq, küləkli bir səhər idi və biz siqaretimizin kötüklərini məhkəmənin qarşısındakı meydanda olan Linkoln heykəlinin dibinə tulladıqdan sonra, uzun ağ sement pillələrlə qalxmağa başladıq. Birdən Albi üzünü çevirib meydanla əks istiqamətdə Market-stritə tərəf getməyə başladı. Onu çağırdım, o isə dedi ki, bunları çoxdan görüb – bunu deyəndən sonra artıq gəzmir, mərkəzin qələbəlik küçələri ilə polisdən yox, keçmişindən qaçırdı. O, bizi məhkəməyə göndərdiyi üçün Russonu axmaq hesab etmirdi, əksinə müəllimlərə çox hörmət edirdi. O, belə düşünürdü ki, Russo sadəcə onun keçmişini gözünə soxmaq istəyir.

Təəccüblü deyil ki, səhəri gün idman dərsindən sonra Albi proforientasiya müəlliminə qarşı hərbi hərəkata başladığını elan etdi – düzgün yola gələndən sonra planlaşdırdığı ilk cinayət bu idi. O, məni hərəkat planı ilə tanış etdi və bunu qalan şagirdlərə də göstərməyi təklif elədi. Albi ilə sinifin yerdə qalan intizamlı, məhkəməyə cəlb olunmamış heyəti arasında vasitəçi kimi qapıda dayanıb hər içəri girənin qulağına planı pıçıldayırdım: “Saat on birə on beş dəqiqə işləmişdən sonra Russo lövhəyə çevrilən kimi əyil və öz ayaqqabılarının bağını düyünlə”. Sinif yoldaşım təəccüb dolu baxışlarla cavab verirdisə, masanın başında dağ kimi dayanmış Pelaquttini göstərirdim; təəccüb dərhal yoxa çıxırdı və növbəti iş ortağımız öz yerinə keçirdi. Bircə Dyukla problem yaşandı. O, planı dinlədi və mənə elə baxdı ki, elə bil onun öz qruplaşması vardı və bizimkindən heç xəbəri belə yox idi.

Nəhayət zəng çalındı; mən qapını arxamca örtdüm və sakitcə öz masama yaxınlaşdım. Sonra dəqiqə əqrəbinin üçə yaxınlaşmasını gözlədim; əqrəb yerinə çatdı; sonra Russo alüminium istehsalında işçilərin maaş şkalasını yazmaq üçün üzünü lövhəyə çevirdi. Mən bağlarımı düyünləmək üçün əyildim və bütün masaların altında gülən simaları gördüm. Solda, arxa tərəfdə Albinin pıçıltısını eşitdim; əlləri ilə qara ipək corablarını qurdalayırdı və pıçıltısı getdikcə yüksəlir, anlaşılmaz, qəzəbli, siciliyasayağı olurdu. Dialoq onunla Russo arasında keçirdi. Qan beynimə vurdu və gicgahlarımda döyünməyə başladı, əllərim bağları açıb-bağlayırdı; lövhəyə tərəf baxdım. Russonun ayaqları çevrildi. Yəqin gözlərinə inanmırdı – bayaq iyirmi beş sifətin ona baxdığı yerdə indi heç nə yox idi. Ancaq masalar idi.

– Bəsdir, – səsi eşidildi, – bəsdir. – Əllərini bir-birinə çırpdı. – Kifayətdir, uşaqlar. Şitini çıxarmayın. Oturun.

Bu zaman Albinin pıçıltısı masanın altında qanla dolub qızarmış bütün qulaqlara çatdı; o, bizi yeraltı axın kimi əhatələdi.

– Çıxmayın!

Russo bizdən qalxmağımızı xahiş edirdi, lakin biz tərpənmirdik. Albi əmr edənə qədər oturmadıq; sonra onun göstərişi ilə oxuduq:

Alma kölgəsində oturma,

Məndən başqa bir kəslə.

Məndən başqa bir kəslə.

Məndən başqa bir kəslə.

Yox, yox, alma kölgəsində oturma…

Sonra melodiyanın ritminə uyğun əl çalmağa başladıq. Bir səs-küy qalxdı ki!

Cənab Russo təəccübdən donub qalmışdı. Əynində ütülü mavi cızıqlı kostyum, RR oyması olan sancaqlı bej qalstuk, ayağında qara ayaqqabılar var idi, ayaqqabılar işıldayırdı. Cənab Russo – səliqəyə, dürüstlüyə, dəqiqliyə, planlaşdırılmış taleyə inanırdı, gələcəyə, professional orientasiyaya inanırdı! Mənim isə yanımda, arxamda, içimdə, hər tərəfimdə Albi var idi! Biz bir-birimizə baxdıq, sinəm sevincdən qabarmışdı: “Alma kölgəsində heç kimlə oturma…” – Albinin səsi guruldayırdı, sonra başqa bir səs, Dyukun qatı, şirin səsi yayıldı; o da tanqo ritmində əl çalırdı.

Russo bir saniyəlik “İxtisaslı işçilər: ixtisaslaşma və maaş ölçüləri” cədvəlinə söykəndi, sonra kresloya çökdü – özü də elə çökdü ki, elə bil, oturacağı yox idi. O, yekə başını masanın üstünə qoydu, çiyinləri islaq kağız kimi büküldü; Albi son zərbəni vurdu. Oxumağı kəsdi; biz də susduq. Russo sükut içində başını qaldırdı; qara, şişmiş gözlərlə atamanımız Alberto Pelaquttiyə baxdı. Russo asta-asta başını yelləməyə başladı: bu artıq Al Kapone yox, Haribaldi idi! Russo gözləyirdi: mən gözləyirdim; hamı gözləyirdi. Albi yavaşca ayağa qalxdı və oxudu: “De, sən görürsənmi sübh işığında, qürurla vidalaşırdılar…” Biz də ayağa qalxıb oxuduq. Uzun qara kirpiklərində yaş gilənənən məğlub olmuş cənab Robert Russo masasının arxasından qalxdı və Pelaquttinin gurultulu, məhvedici bas səsini təkrarlayaraq dodaqlarını tərpətdi: “… səmaya şığıyan bombalar, sübut edirdi…” Əla oxuyurduq!

***

Albi məktəbi həmin ilin iyununda tərk etdi – o yalnız proforientasiya dərsindən keçmişdi – lakin bizim yoldaşlığımız, bu qəribə gəmi o getməmişdən bir neçə ay əvvəl parçalanıb qırıq-qırıq olmuşdu. Əhvalat mart ayında baş vermişdi, Dyukla kafeteriyanın qarşısındakı dəhlizdə boksla məşğul idik; melodik səsi ilə xorumuza qoşulandan sonra Dyukla dostlaşan Albi hakim olmaq istədiyini bildirdi. Gah bizi ayırmaq üçün araya girir, gah qurşaqdan aşağı zərbələr barədə xəbərdarlıq edir, gah da Dyuku dartışdırırdı – deyəsən, bundan zövq alırdı. Yadımdadır, bir-birimizdən yapışanda rahatca Dyukun böyrəyinə zərbələr endirirdim, o isə əlimin altında qıvranırdı. Günəş kürəyinin arxasındakı pəncərədən düşür, onun ilan yuvasına bənzəyən saçlarının arasından keçirdi. Onun böyründən vururdum, o, qaçmağa çalışırdı, mən onun ilanvari saçlarına baxıb ağır-ağır nəfəs alırdım. Birdən Albi aramıza girib bizi araladı – Dyuk kənara çəkildi, mən isə inersiya ilə qabağa uçdum, yumruğum Dyukun küncündəki pəncərəyə girdi. Addım səsləri gəldi, bir neçə saniyə sonra ağızlarında yemək gövşəyən bir sürü dəxilsiz adam məni əhatələyib şit-şit zarafatlar eləməyə başladı. Özü də məni tək. Albi və Dyuk buxar olub yoxa çıxmışdılar. Onların ikisini də lənətlədim, ləyaqətsiz alçaqlar! Tibb bacısı – nəhəng, varikozlu ayaqları, əynində kraxmallı ağ xalatı olan matrona – gəlib soyadımı qeyd etməmiş və yumruğumdan şüşə qırıntılarını çıxarmaq üçün tibb kabinetinə aparmamış camaat yarımçıq qoyduqları nahara qayıtmadı. Daha sonra məni ilk və son dəfə direktor cənab Uendellin yanına çağırdılar.

Həmin vaxtdan on beş il keçib və mən Albi Pelaquttinin başına nə gəldiyini bilmirəm. Qanqster olubsa da, Kifover komitəsini maraqlandıracaq qədər məşhur və varlı olmayıb. Komitə Nyu-Cersi ştatı ilə məşğul olmağa başlayanda araşdırmaları diqqətlə izlədim, lakin qəzetlərdə nə Pelaquttinin, nə də Dyuk Skarpanın soyadına rast gəlmədim – amma kim bilir, bəlkə də Dyuk indi başqa soyadı götürüb. Lakin proforientasiya müəllimimizin taleyini dəqiq bilirəm. Sonralar başqa senat komitəsi ştatı təmizləyəndə məlum oldu ki, təxminən 1935-ci ildə, o vaxt pedaqoji kollecin tələbəsi olan Robert Russo marksist olub. Russo komitənin bəzi suallarına cavab verməkdən imtina etdi, Təhsil şurası yığışıb onu danladı və qovdu. Vaxtaşırı Nyu-Ark qəzetində oxuyuram ki, Vətəndaş Azadlıqları Birliyi hələ də bu qərarla bağlı şikayət etməyə çalışır. Hətta özüm də Şuraya yazmışdım ki, əgər mənə kimsə pis təsir edibsə də, dəqiq bilirəm, bu, müəllimim Russo deyil; o, kommunist olsa da, bunu göstərmirdi. Məktuba “Ulduzlu bayraq” mahnısını oxumağımızla bağlı epizodu salmağa ürək eləmədim: nə bilmək olar, bu əhvalat təhsil şuralarında oturan və elə ordaca ölən ərköyün xanımlara və mağazalar şəbəkəsinin sahiblərinə nəyi sübut edəcək, yaxud etməyəcək.

Əgər (başqa sözlə ifadə etsək) insanın hekayəsi onun taleyidirsə, onlar yazdığım məktubu nəzərə alacaqmı, nə bilək? Başqa cür desək, müdirin yanına çağırıldığım gün on beş ilim dəfn olundumu?

… O, hündürboy, alicənab bir centlmen idi və mən içəri girəndə ayağa qalxıb əlini uzatdı.

Bayaq Dyukun ilanvari saçlarını dəlib keçən günəş indi cənab Uendellin jalüzlərinin arasından sıyrılıb yaşıl xalısını qızdırırdı.

– İş-güc? – soruşdu.

– Həə… – sarğılı əlimi sağlam əlimin altımda gizlədib yersiz cavab verdim.

Nəzakətlə təklif etdi:

– Oturun.

Qorxmuş, təcrübəsiz şagird, yəni mən təzimə bənzər bir şey edib oturdum. Cənab Uendell metal kartoteka şkafına yaxınlaşdı, bir yeşiyi çıxardı və ordan böyük ağ kart götürdü. Onu stolun üstündə qoyub məni yaxınlaşdırdı ki, üzərində yazılanı oxuya bilim. Yuxarıda böyük hərflərlə soyadım, birinci və ikinci adım yazılmışdı; aşağıda roma yazısı ilə bir rəqəmi və yanında: “Dəhlizdə dalaşıb pəncərəni sındırıb (19/3/42)”. Artıq sənədləşdirilib. Böyük kartda xeyli boş yer var.

Öz stuluma qayıdıb oturdum, cənab Uendell isə dedi ki, bu kart məni ömür boyu müşayiət edəcək. Əvvəlcə qulaq asırdım, lakin nitq uzandıqca dramatizmini itirdi və diqqətim onun kartotekasına getdi. Oradakı kartları təsəvvür elədim. Albinin, Dyukun kartını… onda anladım ki, – və demək olar bağışladım – onlar niyə aradan çıxıb qırıq pəncərənin günahını boynumda qoydular. Başa düşürsünüz, Albi həmişə kartotekadan və əlifba sırası ilə düzülmüş kartlardan xəbərdar idi; mən bilmirdim; Russo, yazıq Russo isə bu yaxınlarda öyrənmişdi.

1. İxtisas seçmə dərsi.

2. Beysbolun bir növü

3. Amerikan futbolunun növü

4. Beysbolda müdafiə mövqeyində oynayan oyunçu

5. Beysbolda oyun mövqeyi

6. Beysbolda vaxt ölçüsü

7. Beysbolda oyun vəziyyəti

8. Beysbolda topu atan oyunçu

9. Döyüş, boks

10. Zərbə növləri

Tərcümə etdi: İlahə Əkbər

# 1485 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #