Markesin etdiyini yuxuda da edə bilərdim - MÜSAHİBƏ

Markesin etdiyini yuxuda da edə bilərdim - <span style="color:red;">MÜSAHİBƏ
2 sentyabr 2015
# 11:55

Cim Kreys öz yazı prosesini çərpələng uçuran oğlana bənzədir

Cim Kreys 1946-cı il martın 1-də Britaniyanın Hertfordşeyr əyalətində anadan olub. “Qitə” (“Continent”), “Daşlardan hədiyyə” (“The gift of stones”), “Ölü olmaq” (“Being dead”), “Altı” (“Six”), “Qarantin” (“Quarantine”) və s. Kitabların müəllifidir. “Gəlir” (“Harvest”) əsərinə görə 2015-ci ildə “İMPAC Dublin” beynəlxalq ədəbi mükafatına layiq görülüb. Yazarın “Paris Review” jurnalından Adam Beqli ilə olan söhbətini təqdim edirik.

Cim Kreys yalançıdır. Onun romanları həqiqəti möhtəşəm hiyləgərliklə gizlədib, özünü fakt kimi təqdim edən detallarla maskalanıb: Tarboni ağacları, Bulvar likörü, Manax lobyası, Panaşe avtomobilləri, Mondazi adlı ağıllı, qədim şair. Diqqətsiz oxucu asanlıqla böyük planın hissələri olan həqiqət və yalanları qarışıq sala bilər.

Cim Kreys həm də olduqca dürüstdür. Hər yerdə israrla kitablarının tamamilə uydurma olduğunu və bu hekayələri həyatı onunku kimi sıxıcı və tamamilə planlanmış şəkildə irəliləyən insanlar üçün kəşf etdiyini deyir. Cim Birmingem ətrafında olduqca sadə bir evdə xanımı ilə birgə yaşayır. Övladlarından biri kolleci yeni bitirib, digəri isə artıq universitetdə oxuyur. Olduqca həvəsli bağbandır. 57 yaşlı olduqca sağlam və yaraşılqlı yazıçı yorulana kimi tennis oynamaqdan zövq alır.

Cim Kreys həm də olduqca təmkinli və qapalıdır, özü isə hər şeyi olduğu kimi danışdığını deyir. Əsla şəxsi həyatını oxucu auditoriyası ilə paylaşmır. Onunla həmsöhbət olmağa nail olmuş adamlar əminliklə Cimin daxili dünyasının ideya və emosiyalarla qaynadığını iddia edə bilər.

- Əsərlərində açıq-aşkar avtobioqrafik olduğu bilinən hissələr var. Bu səndə tamamilə sənin və yazı prosesin haqqında suallardan ibarət olan uzun bir müsahibə vermək məcburiyyəti və narahatlığı yaratmır ki? Məsələn, Selincerinki kimi utancaq keçmiş uşaqlığın və ya Devid Koperfildi xatırladacaq bərbad həyatın haqqında suallarımı cavablandırmaqdan utanacaqsan?

- Bu müsahibədə verəcəyim cavablara məsulam, odur ki, nə qədər bərbad da olsa, avtobioqrafik suallardan qaçmaq fikrim yoxdur. Gözünün içinə baxa-baxa yalan danışmayacağam, amma cavabları dumanlı ekranlar kimi görə bilərsiniz. Mümkün olduğu qədər sosial, amma eyni zamanda, sirr dağarcığı olaraq qalmağı planlaşdırmışam.

- İntrospeksiya ilə bağlı sizi narahat edən nədir? Niyə avtobioqrafiya sizə maraqsız mövzu kimi gəlir?

- Xoşbəxt hekayəni redaktorlarınıza qəbul etdirməyə çalışın, qətiyyətlə rədd edəcəklər. Haqlıdırlar, insanlar mənim avtobioqrafiyamı niyə oxumaq istəsinlər? Olduqca rahat və xoşbəxt xatırladığım uşaqlığım keçib, ata döyməyib, valideynlərimdən dava, təhqir, aqressiya görməmişəm. 30 il davam edən xoşbəxt bir nikahdan doğulmuş uşağam. İstedadlı və yaşıdları ilə müqayisədə hər zaman seçilən, sağlam, hansısa psixoloji travmadan və ya dərman aludəçiliyindən əziyyət çəkməyən, hər zaman depressiv impulslardan uzaq durmuş və həyata optimist baxmaqdan əl çəkməmiş uşaqlar insanların diqqətini çəkə biləcək tragik, qanlı, şiddət və ağrı dolu avtobioqrafiya yaza bilərmi?

- Avtobioqrafik elementlər romanlarınızda necəsə işə yarayırmı?

- Bir dəfə belə olub. “Daşlardan hədiyyə” (“The gift of stones”) romanında qolu amputasiya olunmuş kişi var. Sonralar bədənində qanayan yaralar və buna bənzər şeylər əmələ gəlir. Həyatımın bir dönəmi o insanın varlığı ilə keçib. Atamda osteomielit deyilən xəstəlik var idi, sol qolunun dirsək-çiyin arasında olan hissəsi qurumuşdu, uşaqlığımın bir dövrü onun sol qolunun həmin hissəsindən gələn irinlərin necə təmizləndiyini izləməklə keçib. Yəni romanlarımda yer almış bu tip avtobioqrafik detallar mənim olduqca yaxından şahid olduğum şeylərdir. Düzdür, atamın qolu həmin hekayədəki obrazın qolu kimi daşyonan alətlə kəsilmədi. Amma hər halda həmin ağrının təsvirinin tam istədiyim kimi alınmasının başlıca səbəbi mənim həmin ağrının içindən keçmiş olmağım idi. Daş dövründə yaşamış daşyonan Lifin hekayəsinin atamla heç bir əlaqəsi yoxdur.

- Onda səndən gənc Cim Kreysin hekayəsini gözləyənləri bağışlayasan gərək.

- Məsələ belədir ki, bu qədər romandan sonra siz mənim yazdıqlarıma inanmayacaqsınız da, çünki mən artıq başqa formada yaza bilmərəm, mütləq onu da müəyyən konkret formaya salacağam, parlaq nöqtələri seçməyə çalışacağam, hər şeyi yazmayacağam.

- Yazıçı olmaq istəyirdin?

- 16-17 yaşına kimi yaradıcılığını sevərək mütaliə etdiklərim əsasən siyasi yazıçılar idi – Steynbek, Corc Oruel kimi. Sonra isə ailəmin aid olduğu sinfin uşaqları arasından dilçilik məktəbinə qəbul edilən yeganə uşaq oldum, elə birinci ilin sonunda evə qayıdanda yaşıdlarıma “Uolt Uitman möhtəşəmdir, hə” sualını vermişdim. Sonralar Kerouak, Qinsberq, Bit kimi yazıçılar həyatımın möhtəşəmləri oldular, onlarla böyüdüm, formalaşdım. Amma həmin dövrlərdə ədəbiyyat siyasət qədər ciddi qəbul edilmirdi, mən də siyasətin içində gizlədə biləcəyim ədəbiyyatla məşğul olmağa başladım. Özümdə siyasətçi, fəal kimliyi formalaşdırmağa başladım. Hələ də eləyəm. Nəzərdə tutmuşdum ki, əgər irəlidə yolum yazmaqdan keçsə, özümə ya ciddi siyasi jurnalist kimliyi formalaşdıracam, ya da Steynbek, Oruel kimi siyasi yazar olacağam.

- Nəhayət, nə zaman birmənalı şəkildə hekayə yazmağa girişdiniz? “Qitə” hissə-hissə yazıldı? O, beyninizdə uzun müddətdir formalaşmış hekayələrdən əmələ gəldi, yoxsa elə əvvəldən roman idi?

- İlk bir neçə hekayəm çap olunanda çoxsaylı ədəbi agentlər və naşirlərlə tanış oldum. Hamısı Londonun mənim olduqca uzağında olduğum ehtişamlı çevrəsindən idilər. Yalnız naşirlərdən biri - Devid Qodvin yazdıqlarımla həqiqətən maraqlandığı üçün Birmingemə mənimlə tanış olmağa gəldi. Devid – hal-hazırda da mənim naşirimdir – kitab müqaviləsi imzalamağı təklif etdi. Odur ki, mən də oturub siyasi roman sayıla biləcək bir parça yazmağa başladım. Həqiqətən ortaya zibil yığını çıxdı. Bu mənim 17 yaşımda yazmaq istədiyim roman idi, halbuki onda mənim artıq 40 yaşım vardı. Növbəti cümlə nə olacaq, növbəti paraqrafda nə baş verəcək, kitabın geri qalan hissəsi nə haqqında ola bilər, heç bir fikrim yox idi. Devid zəng vurub işin nə yerdə olduğunu soruşur, mənsə irəlilədiyini deyirdim, halbuki bir addım yol qət edə bilməmişdim. Bütün gün yaza bilmədiyim cümlələr üzərində düzəlişlər aparırdım. Həmin aralar Qabriel Qarsia Markesin “Şeytan saatında” (“İn evil hour”) və buna bənzər bir neçə romanını oxumağa başlamışdım. Qəfildən özümə sual verdim - əslində bu romanlar həqiqətən möhtəşəmdir, bəs mən niyə onlardan zövq almıram? Çünki pivəxanada oturanda mən də buna bənzər şeylər xəyal edir, hətta çərənləyirəm. Bununla da dünyanın üzünə güzgü tutmadan, onun üçün nələrsə etməyə çalışıram, Markesin etdiyi də məhz bu idi. Bunu yuxumda da edə bilərdim, odur ki, düşündüm və bu üsulu sınaqdan keçirməyə qərar verdim. Belə sosial realist axtarışlarımı ortadan yığışdırdım və “Qitə”ni yazmağa başladım. Bu, mənim 17 yaşımda yazılan kitablar kimi alındı, ritmik nəsr, əhval yüksəldən burjua hekayəsi. Bu, heç vaxt mənim müəllifi olmaq istəməyəcəyim şeylərin yazıldığı roman idi, amma məhz burada öz səsimi, kölgəmi tapdım. Mənim səsim başqa yerdə belə eşidilə bilməzdi.

Çox keçmədən “Qitə”nin ilk hekayəsi tamamlandı və mən artıq nəinki növbəti hekayənin və ya növbəti kitabın mövzusunu və üslubunu, hətta yazacağım növbəti dörd kitabın bütün sxemini bilirdim. Hələ ilk hekayəyə başlayanda anlamışdım ki, mən siyasi realistdən çox, yalançı və macəraçıyam.

- Bu kitabların hamısı oturub yazmağa başlamazdan əvvəl beyninizdə tamamilə hazır vəziyyətdə olub?

- Mən sadəcə, beynimdə kitabı yaza bilmək üçün haradan əsəcək küləyə ehtiyacım olduğunu bilirdim. Bu əcaib metafora üçün bağışlayın, amma mən yazı prosesimi çərpələng uçuran oğlana bənzədirəm. İplərlə inanılmaz şəkildə oynamaq qabiliyyəti olan oğlana. O, səmaya qaldırdığı çərpələngin ipini nə zaman dartıb, nə zaman buraxacağını bilir. Amma külək olmasa, onun bacarığının da bir mənası yoxdur. Küləyin oğlanın bacarığı ilə idarə olunduğunu və ya oğlanın bacarığının küləkdən asılı olduğunu düşünmək ağılsızlıqdır. Çünki küləklə oğlan arasındakı qüvvətli vasitəçi çərpələngdir – mənim üçün isə roman. Ah, çox şükür, tamamlaya bildim.

- “Daşlardan hədiyyə” davamlı nəqletmə formasında olduğu üçün “Qitə”dən bir xeyli fərqlənir. Onu yazanda yük, ağırlıq hiss etdinizmi, yoxsa proses əylənərək keçdi? Məqsədə çatmaqda çətinlik çəkdinizmi?

- Heç biri çətin olmadı. Ümumiyyətlə, yazmaq mənim üçün çətin bir iş deyil. Az hallarda səhv edirəm, sözləri nadir hallarda başdansovdu istifadə etdiyim üçün az hallarda hekayə harasa yanlış yönə sürüklənir. Qısa hekayələr yazmaq olduqca çox vaxt aparır, bunun da səbəbi düzəlişi zaman tələb edən səhvlərimin olması yox, məhz tənbəlliyimdir. Mən kürəkçəkmə yarışçısı deyiləm, qayıqda oturub, ağır-ağır seyrə dalan adamam.

- Sadəcə, özünüz üçün yazırsınız?

- Başqaları haqqında düşünmürəm. Romanlarımın hamısında özünü günahlandırma, özünü xoşbəxt etmək cəhdlərinə rast gələ bilərsiniz, bunların hamısı mənim özümlə bağlıdır, oxucunu hansısa üsulla əyləndirmək üçün deyil. “Genesis”i yazarkən mən kimin haqqında düşünməliydim ki? Ən yaxşı halda xanımımı düşünə bilərəm.

- Bir az necə yazdığınız haqqında danışaq. Proses necə gedir?

- Yazdığım kitablar haqqında danışanda onları yanlış təqdim edirəm. Romanlarımdakı özünəqapalılığımın məhsulu olan detallar, yazıya olan əngəllər haqqında danışa bilərəm, ancaq prosesi dəqiqliyi ilə təsvir edə bilməyəcəyəm. Haçansa bir bəstəkarla eyni müsahibə alınsa, bu cavaba görə özünü qəribə hiss etmə. Çünki bunun haradan necə gəldiyini bilmədiyini deyən bəstəkarı günahlandırmaq olmaz. Mən notları kağıza necə düzmək lazım olduğunu bilirəm, beynimdəki orkestri anlamaq və ayırmaq qabiliyyətim də var, amma melodiyalar kainatın hədiyyəsidir.

# 1379 dəfə oxunub

Müəllifin son yazıları

# # #