Əlvida deyə bilmirik Məşhurların xanımları

Əlvida deyə bilmirik <span style="color:red;">Məşhurların xanımları
14 aprel 2014
# 12:17

Mərhum Tofiq Abdinin həyat yoldaşı Gülnaz xanım “Məşhurların xanımı” layihəsində danışır.

Onsuz o evin qapısına getmək o qədər qəribə hissdir ki... Tofiq Abdin, demirdiniz, hər zaman gəlin, qabağınıza çıxaram qızlar... İndi hardasız? Qapını bizə siz acın.

Nədənsə yaman utanırdıq, birtəhər dizimizdə taqət tapıb içəri girdik. Evdən tək Tofiq müəllim getməmişdi. Nə əvvəlki hərarəti, nə sevinci, nə həvəsi gördük. Hər şey donub qalmışdı. Elə bil həyata yenidən başlamaq ucun, 40 gün bundan qabaq ölümlə edilmiş zarafatın sona çatmasını gözləyirdilər... Zaman bir tək Gülnaz xanımın üzərindən adlamışdı. Özü də bizə elə gəldi ki, onunla 40 gün yox, sanki 40 il bundan qabaq görüşmüşük. Hanı o əvvəlki sevinc dolu gözlər Gülnaz xanım...? Yoxsa Tofiq Abdin onu da özüylə aparıb?

Bilmirəm nədən başlayım...

O ölümdən qorxan adam olub. İki dəfə öskürsə, üçüncüdə təlaşlanıb xəstəxanaya gedərdi. Həkimə o qədər zəng edirdi ki, deyirdim bəsdir, bezdirmə həkimləri, ən kiçik şeydə qorxuya düşmək nəyə lazımdır? Tofiqə səhhəti ilə bağlı nəsə demək mümkün deyildi. O saat olum qorxusu canını alardı. Hər şeyi ona deməyə ehtiyat edərdik. Amma son dəfə xəstələnəndə heç əl-ayağa düşmədi. Gecə yata bilməməsi, yaxşı yemək yeməməsi, rənginin dəyişməsi ona heç nə demirdi. O ayın 25-i köçmədi, artıq bir həftəydi ki, olmuşdu. Gözləyirdi, sakitcə oturub, əcəlin gələcəyi anı səbirsizliklə gözləyirdi. Ölümdən qaçan adam, özünü ölümə təslim etmişdi. Sanki dolu-dolu yaşadığı həyatdan tək bunu istəyirmiş.
Aman Allah, bir qadın əzabdan yəqin ancaq bu qədər göynəyə bilər. Hisslərindən danışanda, bax gor körpə təki necə hıçqırır...

Bir həftə idi ki, halsızam, zəhərlənmişəm deyirdi. Mən də adi vaxtlarda olduğu kimi ona qulluq edirdim. Hardan bilim son günləridir? Həmin gün iştahası da yaxşı idi. Zəng edib, dost - tanışlarıyla danışdı. Öz-özümə “bu kişi niyə konturu boş yerə xərcləyir” deyə deyinirdim. Axşam tərəfi idi. Gördüm narahatdır. Yerində otura bilmir, nəfəs alması çətinləşir:
– Niyə belə ağır nəfəs alırsan, Tofiq?
– Nə bilim, alıram da!

Özgə vaxt bu sözü ona desəydim, təlaşdan özünü itirərdi. Heç beş dəqiqə keçməmiş, nəfəsində xışıltı duyuldu. Əlim çatan həkimləri çağırdım. Oğluma da xəbər verdim. İnanılmaz idi, amma iki-uc dəqiqə bundan əvvəl eşitdiyim xışıltı, xırıltı olmuşdu... Əlini sinəsinə uzadıb:
– Xırıltıya bax eyy... – dedi.

Təcili yardım çağırdım. Bir iynə vurdular. İkincidə damara düşmək mümkün olmadı. Hər dəqiqə başqalaşırdı. Təcili yardım maşını ilə xəstəxanaya getdik. Artıq uzana da bilmirdi. Sanki xəstəxanada bir az rahatlaşmışdı. Reanimasiyada olduğunu əsas gətirib, bizi içəri buraxmırdılar. Təxminən 10 dəqiqə keçmiş, həkim dedi ki, xəstə sizi çağırır. Yanına getdim:
– Nəsə istəyirsən? –deyə soruşdum
– Mənə su ver! –dedi. Əsəbi görünürdü.

Su verdim. Ürəyi yanırmışcasına, doyunca içdi. Nə vaxtsa bir insanın bu qədər iştahla su içdiyini görməmişdim. Çölə çıxdım. Qərara gəldik ki, bu gecəni birtəhər yola verib, sabahısı əməliyyata götürək. Amma sabah olmadı...
Həkim gəlib:
–Sizin xəstəniz can verir, – dedi.

Mənə heç nə çatmırdı. Səs – küy salmağa da macalım olmadı. Oğlum içəridəydi. Palatadan çıxanda ata itkisi gözlərindən oxunurdu.
– Allaha şükür et ana, atam əzab çəkmədən bu dünyanı tərk etdi...

Evə gələndə həyat yoldaşımın uzunu acıb, son dəfə baxdım. Qara adam necə ağarmış, üzündəki qırışlar sanki yoxa çıxmışdı. Üzündəki nur yox, bəyaz işıq idi. Təsəlli tapmaq ucun bəhanələrimiz var. Deyirik rahat gedib, əlimizdə can verib. Əzab çəkmədən həyatdan köçüb. Amma ölüm öz sözünü dedi.

Tofiq Abdin, necə qıymısan yarına? Atası yox, anası yox. Balaları da ki, ata dərdi çəkir... İndi kim onu sakitləşdirəcək? Artıq peşmanlıq çəkirdik. Gülnaz xanımın qaysaqlamamış yarasına bir ovuc duz da biz tökmüşdük...
Mənə nəsə olanda Tofiq deyərdi:
– Sənə heç nə olmasın, yerinə mən xəstələnim...

Dərdləri çiynimdən elə alardı ki, heç xəbərim də olmazdı. Ailəmizdə çox faciəvi, vaxtsız ölümlər olub. Amma Tofiq heç birinin əzabını yaşamağa qoymayıb. Mən ağlayanda dözməzdi. Görərdim ona pis təsir edir, mən də ağlamazdım. Amma indi göz yaşımı silən yoxdur. Ağlama deyənim qalmayıb...

Gözləyirəm, nəyi gözlədiyimi heç özüm də bilmirəm. Səhər olur, gecə gəlsin deyirəm, gecə olur səhər açılsın deyirəm. Gecələrsə yaman uzun imiş... Bir gecədə aylar keçir, il olur, səhər açılmaq bilmir... Darağı, axırıncı dəfə çıxardığı şalvar-köynək, eynəyi necə qoyubsa elə də yerində qalır. Heç birinə dəyməmişəm. Axı o hər şeyin yerini məndən daha yaxşı bilirdi. İndi mən onları hara qoyum? Bilmirəm, heç nəyi bilmirəm.

Bir daha olmayacağını dərk etmək istəmirəm. Ən böyük təsəllim təklikdir. Deyirəm bəlkə tək qalıb düşünsəm, nəsə çarə taparam. Bəzən bunun faydasız olduğu yadıma gəlir. Amma düşüncələr az da olsa qəlbimi rahatlaşdırmağı bacarır. Mənə elə gəlir bütün bunların bir sonu var. Bu sonda ya məğlub olub Tofiqin gedişini qəbul edəcəm, ya da başqa gözlədiyim, istədiyim nəsə olacaq. Oturub şəkliylə danışıram. Ürəyimdə olan hər şeyi düz üzünə deyirəm. Danlayıram, ağlayıram... Yoxluğundan şikayətlənirəm.

O qədər çarəsiz görünürdü ki, içimdən dua etdim. “Allahım nə olar Tofiq müəllim içəri girib onun bütün əzablarını dindirsin”. Olmayacaq duaya, amin deməyim gəlmirdi. Amma Gülnaz xanımın iniltisinə qulaq asmaq daha çətin idi. Təsəvvür edirdim, gedənimiz geri gəlsə, qalanımız necə sevinər.

İnana bilmirdik ki, bu qadın Tofiq müəllimin öləcəyini həyat boyu bir dəfə də olsun ağlına gətirməyibmiş...

O cür şıltaq, həyat dolu, çılğın insan 5-10 dəqiqənin içində yoxa çıxmışdı... 4-5 il bundan əvvəl Tofiq xəstələnmişdi. Halı bir az qarışan kimi, məni yanına çağırıb vəsiyyət zəminli sözlər deyərdi. Çox məyus olurdum.
– A kişi, sən yenə başladın? - deyə zarafata çevirib, söhbəti dəyişərdim.

İndi bir həftə idi ki, halsız idi. Bəs niyə məni bircə dəfə yanına çağırıb heç nə demədi? Heç, nə ölümlə mübarizə apardı, nə bircəmizə onsuz olacaq gələcəkdən söz açdı. Hər şeyi axarına buraxıb, təslim olması məni narahat edir. Bəlkə ölümün özü ilə danışmışdı? Bəlkə tək qorxusunun ölüm olduğunu bilən Əzrayıl ona cəsarət suyu verib, rahat aparacağına söz vermişdi? Gedəcəyini qəbul etmişdisə, yoxluğundan danışıb, məni niyə xəbərdar etmirdi? Gedirdi gedirdi, bəs niyə məni heç kimə tapşırmadı?

İnsan xoşbəxt olanda heç özünün xəbəri olmur. Zaman bir göz qırpımında axır. Başını elə qatır ki, bəzən həyatdan şikayətlənə də bilmirsən. O zamana qədər ki, həyat əllərindən körpə quş tək uçub gedir...

Hər şey mənə dünənmiş kimi gəlir. Uşaqlar nə vaxt böyüyüb bilmirəm. Amma Tofiq mənə adiləşməmişdi. Heç ayrı qala bilməzdik. Bu evdə ikicəmiz yaşayırdıq. Axır vaxtlar hara getsəm cəmi iki saat dözər, sonrasında zəng edib məni çağırardı.
– Hardasan, hara getmisən? Çalış çox yubanmayasan!
– Allah sənə kömək olsun gələcəm də, nədir, nəsə olub?

Hər zəng edəndə oturduğum yerdə dura bilməzdim. Qayıdıb evə gəlirdim. Bilsəm yanından ayrılmazdım. Həmin gün onu xəstəxanaya da aparmazdım. Zaman tez keçib. Həmişə onsuzluğa öyrəşməyimi istəyirdi. Amma heç nə alınmayıb. Varkən onu yox saymağı bacarmamışam... 37 il ərzində, iynənin ucu boyda gileyim olmayıb. Məni özünə çox bağlayıbmış. Onsuzluğa bir dəqiqə olsun belə öyrəşə bilmirəm. Həyatımın hər bucağında o var imiş. Onun mənə bu qədər yaxın olduğunu bilməmişəm.

Axı heç düşünməmişdim. Onsuz qalmaq ağlıma belə gəlməyib. Vəfasızdı deyirəm. Qoyub gedibsə deməli vəfasızdır. Sənin bu qədər bivəfa olduğunu bilmirdim, Tofiq... Hərdən istəyirəm küsüm ondan, görürəm yox bu da faydasızdır... Bəlkə görünüşü məni aldadırdı. Deyirlər, Tofiqin 73 yaşı var imiş. Axı buna necə inanım. Mənimlə yaşayan Tofiq, o yaşda deyildi ki.

Söhbətimiz boyu bir dəqiqə belə Gülnaz xanımın göz yaşları susmadı... Bu ağrılı-acılı müsahibənin ideya müəllifi yenə də Tofiq Abdinin özü idi...

Məhəbbət HACIYEVA,
Firəngiz AĞALAR

525.az

# 1827 dəfə oxunub

Müəllifin son yazıları

# # #