Şəhriyar del Gerani Notr-Dam yanğınına şeir ithaf etdi

Şəhriyar del Gerani Notr-Dam yanğınına şeir ithaf etdi
16 aprel 2019
# 17:29

Kulis.az Şəhriyar del Geraninin Paris Notr-Dam kilsəsindəki məşum yanğına ithaf etdiyi şeiri təqdim edir.

***

Şübhəniz olmasın Tanrının ədalətinə:
hamı üçün eyni olur ana bətni.
Daha sonra kimiləri torpağa, suya, külə qayıdır,
kimiləri İsa gedişli
çəkildiyi çarmıxdan göy üzünə - ata bətninə.

Tullayın bütün parfümlərinizi!
Körpə qoxusundan başqa bütün ətirlər əvvəl-axır gülə qayıdır.
Nədən ki,
Məryəmin bətnindən deyil, çarmıxdan dünyaya gəlmişdi İsa...

Qayıdacaqsa, hamı qayıdacaq,
hər şey geri dönəcək.
Qayıdacaqsa, İsayla birlikdə çarmıx da gələcək.
Və yonulduğu ağaca çevrilib İsadan üzr istəyəcək...

İslanacaqsa, yağışlar da əvvəl-axır islanacaq.
Üşüyəcəksə, küləklər də əvvəl-axır üşüyəcək.
Dağılacaqsa, ən əvvəl miflər dağılacaq,
bütlər yıxılacaq.
Günəş əbədi qürub edəcəksə,
daha əvvəl kölgələr işığa sığınacaq.
Həmin gün kitablardan deyil,
zamanlardan boylanacaq tarixin unutduğu qəhrəmanlar,
bizə bütün həqiqətləri pıçıldayacaqlar.

Və həmin gün
çarmıxa oxşayacaq bütün ağaclar...

# 2925 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #