Anar plagiatçı deyil POLEMİKA

Anar plagiatçı deyil <span style="color:red;">POLEMİKA
12 dekabr 2014
# 17:03

Səidə Haqverdiyevanın yazısı

Təxminən iki ay bundan qabaq Nigar An imzalı müəllif kult.az saytında Anarın yaradıcılığıyla bağlı yazı yazmışdı. Əsasən Anarın əsərləri barədə alman, İsveçrə, Türkiyə mətbuatında dərc olunmuş maraqlı təhlillərdən sitat gətirən ədəbiyyatşünas Azərbaycan tənqidində də yazıçının “dolğun yaradıcılığına ciddi, elmi – analitik, namuslu münasibəti” xüsusi qeyd edirdi. Oktyabrın 17 – də həmin yazı “Ədəbiyyat qəzeti”ndə də dərc olundu. Yazıdan daha bir sitat: “Ağ liman”ın davamı olan “Beşmərtəbəli evin altıncı mərtəbəsi” ni isə Azərbaycan ədəbiyyatında yaranan “İlk modernist eşq romanı” adlandıra bilərik...

“Anarın əsərlərinin mühüm cəhətlərindən biri qəhrəmanların ideallaşdırılmaması, sadə qəhrəmanlar olmasıdır. Bu qəhrəmanlar bizdən heç də uzaqda deyil, bəlkə də hər gün rastlaşdığımız insanlardan biridir”

Bütün məqalə belə təqdir və tərif ruhunda yazılıb. İki ay sonra isə Nigar An Anara tamam başqa münasibət sərgiləyərək yazdığı yaxud da yazılana imza atdığı və yenə də həmin kult.az saytında yerləşdirilən mətndə Xalq yazıçısını nə az, nə çox plagiatda suçlayır. Yazır:

“Vaqif Sultanlının 1982-ci ildə yazıb tamamladığı, ilk dəfə 1988-ci ildə nəşr etdiyi (sonralar povest Azərbaycanda və xaricdə bir neçə dəfə çap olunub) nəşr etdirdiyi “Ölüm yuxusu” povestindəki “Qəbirdən xortlama” səhnəsinin xalq yazıçısı Anarın 2014 – cü ildə yazdığı “Göz muncuğu” povestində çox az fərqlə təkrar olunmasına rast gəlirik.

Nigar An Vaqif Sultanlının povestini hətta neçənci ildə tamamlandığını bilirsə də Anarın əsərini ya heç oxumayıb, ya çox səthi şəkildə vərəqləyib, ya da heç vərəqləmədən deyilənlərə inanıb, yazılan mətnə imza atıb.

Əgər əsərə öz təbiri ilə desək “ciddi, elmi – analitik və namuslu münasibət” bəsləsəydi plagiat kimi ağır ittihamı dilinə gətirməzdi. Ədəbiyyatşünaslıq peşəsinin ən mühüm şərtlərinə əməl edərək hər iki mətnin bir-birindən nə qədər fərqli üslubda yazıldığını, psixoloji zənginliyi, fəlsəfi tutumu, problematikası etibarıyla müxtəlif səviyyəli mətnlər olduğunu duymaya bilməzdi və “çox az fərqlə təkrar olunması” kimi absurd fikir söyləməzdi. Amma görünür məqsəd başqaymış... Yazır:

“Vaqif Sultanlı Əlişin xortladığı anları daha təsirli səhnələrlə verib, nəinki Anar”.

Nigar Anın öz elmi rəhbərinin mətnindən daha çox təsirləndiyini əlbəttə başa düşmək olar... Amma Anarın nəinki oxumadığı, heç üzünü belə görmədiyi kitabdan Nigar Anın dediyi kimi “bilərəkdən, ya bilməyərəkdən süjeti özününküləşdirməsi” ifadəsi ədəbi əxlaq və etika çərçivələrindən çox uzaqdır. Gənc ədəbiyyatşünas Anara “hörmət” göstərərək yazır: “Təbii ki Anarın povestini başdan – ayağa plagiat adlandırmırıq, əsərdə təqdir olunacaq məqamlar da çoxdur” Belə yerdə deyirlər: “İltifatın artıq olsun”.

Anarın şüuraltı düşüncələrindən belə xəbərdar olan ədəbiyyatşünasın qayğısı ondandır ki, oxucular “Göz muncuğu”nu stolüstü kitaba çevirəcəyi halda, müəllifin iddiasına görə neçə dəfə Azərbaycanda və xaricdə nəşr olunmuş əsər qəflət yuxusunda olan oxucuların diqqətini çəkməyib. Yaxşı ki, yazı müəllifi hər iki povestdən müvafiq parçaları gətirib. Bunları oxuyanlar üçün - əgər tamamilə insaf və obyektivlik hissini itirməyiblərsə - hər şey aydın olacaq.

Doğrudur hər iki povestdə bəzi hadisələr qəbiristanlıqda cərəyan edir. Amma məgər Şeksprin “Hamlet”ində və C.Məmmədquluzadənin “Ölülər”ində qəbiristanlıq səhnələri yoxdur, Ölünün qəbirdə dirilməsi səhnəsi də ancaq zahiri cəhətdən bənzəyə bilər, amma bu epizodlar hansı sərgidə, hansı bədii vasitələrlə və nə məqsədlə qələmə alınıb – bu heç irad tutanın ağlına gəlmirmi? Ona qalsa elə Yunis İmrənin Anarın povestində epiqraf kimi verilmiş misralarında da, ədəbiyyatımızda çox sayda “Vücudnamə” şəklində yazılmış şeirlər də insanın qəbrin içində təsviri verilir, bunların hamısı bir-birindən plagiatdır? Bu məntiqlə məsələn iki xəstə adamı ölüm yatağında təsvir edən iki müxtəlif əsər də plagiat sayılmalıdır. “Göz muncuğu”nun plagiat hesab edən Nigar Anın bir “tutarlı” dəlili də odur ki personajların adında oxşarlıq var, orda Əliş, burda Əhliman. Daha buna nə söz ola bilər? Yəqin ki, bütün qəhrəmanların “Ə” hərfiylə başlanan adları-plagiatdır.

Lüğətlərdən plagiat sözünün izahını öyrənən gənc ədəbiyyatşünas “böhtan” sözünün mənasını da bilsəydi yaxşı olardı.

# 1144 dəfə oxunub

Müəllifin son yazıları

# # #