Elçin: “Nobel ədəbi meyar deyil” MÜSAHİBƏ

Elçin: “Nobel ədəbi meyar deyil” <span style="color:red;">MÜSAHİBƏ
27 oktyabr 2014
# 15:51

Kulis.az Xalq yazıçısı Elçinin “Aydın yol” qəzetinə verdiyi müsahibəni təqdim edir.

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbu orqanı olan “Aydın yol” qəzetinin ilk sayının müsahibi bu Mərkə­zin yaranmasında xüsusi əməyi və xidmətləri olmuş xalq yazıçısı Elçindir. İşinin çoxluğuna, vaxt məhdudiyyətinə baxmayaraq Elçin müəllim müraciətimizi müsbət cavablandırdı.

Görkəmli yazıçımızla müsahibəni oxuculara təqdim edirik.

- Elçin müəllim, işinizin çoxluğuna baxmayaraq qəzetimizin suallarını cavablandırmağa razılıq verdiyinizə görə Sizə təşəkkür edirik. Sizin də təşəbbüsünüz, dəstəyiniz və zəhmətiniz sayəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılan Tərcümə Mərkəzi artıq fəaliyyətə başlayıb. İlk öncə Sizin Tərcümə Mərkəzindən gözləntiləriniz və Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin belə bir qurumun yaradılmasıyla bağlı verdiyi sərəncamın əhəmiyyəti barədə fikirlərinizi öyrənmək istərdik.

- Fürsətdən istifadə edib, Tərcümə Mərkəzinin, Afaq xanım başda olmaqla, bütün yaradıcı kollektivini bu mühüm qurumun yaranması münasibətilə təbrik edirəm. Bu Mərkəzin yaradılması çox vacib, əhəmiyyətli və vacib, əhəmiyyətli olduğu qədər də məsuliyyətli, həm də geniş miqyaslı bir fəaliyyətin başlanması deməkdir. Bu baxımdan mən cənab Prezidentin sərəncamına ictimai fikrimizdə yeni bir mərhələnin bünövrəsi kimi baxıram. Tərcümə – bir tərəfdən dünya ədəbiyyatı da daxil olmaqla dünya ictimai fikrinin nümunələri ilə öz ana dilində tanış olmaq, o biri tərəfdən də sənin ana dilində yaranmış əsərləri dünya birliyinə təqdim etmək deməkdir.

- Siz Azərbaycanın ən mütaliəli yazarlarından biri, çox güman ki, birincisi kimi qəbul olu­nursuz. Dünya ədəbiyyatının şah əsərlərindən tutmuş ən gənc müəlliflərin yazdıqlarına qədər, demək olar ki, heç bir dəyərli bədii nümunə diqqətinizdən kənarda qalmır. Bu mənada yəqin ki, dilimizə tərcümə olunan əsərləri də izləyirsiz. Bu gün Azərbaycanda heç vaxt olmadığı qədər bədii tərcümə bumu yaşanır, bu vaxtacan yalnız adlarını eşitdiyimiz müəlliflər, əsərlər ana dilimizdə “danışır”. Amma bu proses sistemli aparılırmı? Keyfiyyət kəmiyyətlə ayaqlaşa bilirmi?

- Yaşar, sən düz deyirsən ki, bu gün bizdə bir tərcümə bumu yaşanır. Ancaq bunun yaxşı tərəf­ləri olduğu kimi, pis tərəfləri də az deyil. Mənim bu tərcümələrin hamısını oxumaq imkanım yoxdur, ancaq tərcümə olunan bu təsərrüfatın elə ancaq adlarına baxmaq, onları sadəcə vərəqləmək kifayətdir ki, bu kəmiyyətin içində xeyli dərəcədə bayağı, səviyyəsiz, zövqsüz, primitiv yazıların və eyni səviyyəli də tərcümələrin olduğunu görəsən. Eyni zamanda, səviyyəli, lazımlı əsərlərin də tərcüməsi bəzən qüsurlu olur, orijinal səviyyəsinə qalxa bilmir.

Bu prosesi sənin dediyin kimi sistemli aparmaq çətin məsələdir, “lisenziyalı tərcümə” mümkün deyil, Mərkəz bütün tərcümə nəşrlərinin bədii-estetik redaktoru ola bilməz. Burada məncə, əsas məsələ əyanilikdir. Yəni Mərkəz elə tərcümələri meydana çıxarmalıdır ki, onlar öz səviyyələri ilə nümunə olsunlar və oxucunu primitivlik və zövqsüzlük bataqlığından uzaqlaşdırsınlar.

- Aydın məsələdir ki, “Bibliya”nı oxumadan Dostoyevski, Folkner, Bulqakov, hətta Markes, Aytmatov kimi yazıçıların bir çox əsərlərini tam dərk etmək mümkün deyil. Və təəssüflər olsun ki, “Bibliya” hələ də dilimizə tərcümə olunmayıb. “Uliss” də, “Doktor Jivaqo” da... Bu siyahını xeyli uzatmaq olar. Elçin müəllim, bilmək maraqlı olardı, Siz hansı əsərləri Azərbaycan dilində görmək istərdiz?

- Sovet dönəmindən nəhəng və qiymətli bir tərcümə ədəbiyyatı bizə miras qalıb. Aydın məsələdir ki, onların hamısı yüksək səviyyəli tərcümələr deyil, ancaq onlar bir küll halında bizim dünya ədəbiyyatı ilə tanışlığımızda mühüm rol oynayıb. Ən çatışmayan cəhət o olub ki, bu tərcümələrin böyük əksəriyyəti orijinaldan yox, ikinci dildən çevrilib, yəni, misal üçün, Servantes, yaxud Balzak ispan dilindən, ya da fransız dilindən rus dilinə çevrilib, sonra da rus dilindən Azərbaycan dilinə tərcümə olunub. Bu mənada təskinlik yalnız ondadır ki, rus ədəbiyyatını – Qoqolu, Tolstoyu, Dostoyevskini, Çexovu… biz bilavasitə orijinaldan tərcümə etmişik.

Digər tərəfdən, inzibati-ideoloji sərhədlər var idi və tərcümə bu sərhədləri keçməkdə aciz idi. Sən “Bibliya”nı deyirsən, heç “Quran”nın da tam və mükəmməl müasir tərcüməsi yox idi. Yadıma gəlir, mən tələbə olarkən rəhmətlik Əli Fəhminin tərcümə etdiyi bir neçə surə makinadan çıxmış kağızlarda əldən-ələ gəzirdi. İlahi kitablar bəşəri sərvətdir və hər bir xalqın bu bəşəri sərvəti öz ana dilində oxuyub, əxz və dərk etmək imkanı olmalıdır. Mən çox istərdim ki, Antik ədəbiy­yat da, qədim Çin, yapon, hind ədəbiyyatı da Azərbaycan dilinə tərcümə edilsin. Özü də yalnız yazılı bədii ədəbiyyat yox, miflər, fəlsəfi traktaktlar, tarixi əsərlər. Gənc bir tarix həvəskarı Plutarxı oxumadan gələcəyin böyük tarixçisi ola bilərmi?

Vaxtı ilə rəhmətlik professor Əli Sultanlı antik ədəbiyyatla bağlı müntəxəbat düzəltmişdi, ancaq bu, dəryada damladır. Ayrı-ayrı tərcümələr də var. Misal üçün, “İliada”nı Mikayıl Rzaquluzadə, “Odisseya”nı isə Ələkbər Ziyatay rus dilindən tərcümə ediblər. Bu gün də o tərcümələri nəşr etmək olar, ancaq bir şərtlə ki, onların üzərində ciddi poetik və tekstoloji redaktə işi aparılsın. Güman edirəm ki, Mərkəz bu istiqamətdə də fəaliyyət göstərəcək, həm də yalnız Homerlə bağlı yox. Dantenin, Bokkaççonun, Şekspirin, Molyerin, Bayronun, Hötenin, Balzakın, Hüqonun, Dikkensin və bu qəbildən başqa böyük müəlliflərin, eləcə də rus klassiklərinin vaxtilə Azərbaycan dilinə tərcümə olunmuş əsərlərini də Mərkəz məhz tərcümə baxımından “gözdən keçirə” və onları bədii-estetik cəhətdən, eləcə də dilimizin müasir inkişafı baxımından “təmir” edə, dirçəldə bilər.

- Məlum olduğu kimi, Sizin yaradıcılığınızda tərcümənin xüsusi yeri var. Hələ ədəbiyyata gəldiyiniz gənc yaşlarınızdan bu sahə ilə də ciddi və ardıcıl məşğul olmuş, dilimizə xeyli dəyərli əsərlər tərcümə etmisiz. Bu siyahıda pyeslər də var: Molyerin “Jorj Danden”, “Skapenin kələkləri”, Pirandellonun “Axmaq”, Sartrın ”Yalnız həqiqət”, Abenin “İstehkam” pyesləri Sizin tərcümənizdə işıq üzü görüb.

Son illər teatrlarımız xarici dramaturqların əsərlərinə daha çox müraciət edir. Həm vəzifənizlə, həm də dramaturq kimi şəxsi yaradıcılığınızla əlaqədar təmasda olduğunuz teatrlarımızın bu yanaşmasını necə dəyərləndirərdiz? “Kənar” müəlliflərə üstünlük verməklə teatrlarımız udur, yoxsa uduzur?

- Teatrlar səviyyəli əsərlərə üstünlük verməlidir, bu – “kənar” da ola bilər, özümüzünkü də. Meyar – bədii-estetik səviyyədir. Yalnız bir cəhəti qeyd etmək istəyirəm ki, sovet dönəmində bizim teatrımız XX əsr dünya dramaturgiyasında və teatr sənətində gedən estetik proseslərdən kənarda qaldı, dediyim həmin ideoloji-inzibati sərhədlər, misal üçün, absurd dramaturgiyanı yaxına buraxmadı. Ona görə də bu gün birdən-birə İoneskonun, yaxud Bekketin absurd pyeslərini tamaşaya qoymaq nəinki çətin, hətta heç mümkün də deyil, çünki ilk növbədə tamaşaçılarımız buna hazır deyil. Biz gərək həmin ideoloji-inzibati sərhədləri keçməyən əsərlərin, həm də yalnız dramaturgiya nümunələrinin yox, nəsrdə də, poeziyada da, fəlsəfi-estetik fikirdə də müxtəlif təmayülləri ifadə edən əsərlərin tərcüməsinə, oxucuların bu əsərləri qavramaq üçün hazırlanmasına xüsusi fikir verək.

- Tərcüməmizin yaralı yerlərindən biri də dublyajdır. “Azərbaycanfilm”in bir vaxtlar dublyaj etdiyi bir neçə filmi çıxsaq, bu sahədə görülən işlər qeyri-qənaətbəxşdir. Son illər kütləvi şəkildə dublyaj olunan filmlərdə, seriallarda isə nəinki keyfiyyətdən danışmaq mümkün deyil, hətta əksər məqamlarda sətri tərcümə belə yanlışlıqlarla doludur.

Yeri gəlmişkən, məşhur “Mahmud və Məryəm” romanınız bu yaxınlarda Türkiyə kinematoqrafçıları tərəfindən ekranlaşdırılıb. Bilmək maraqlı olardı, Azərbaycan türkcəsində yazıb, Türkiyə türkcəsində səsləndirmədə baxdığınız roman-kino dil və tərcümə baxımından Sizdə hansı təəssüratları oyatdı? Dublyaj peşəkarlığı ilə bağlı bu iki qardaş ölkə arasında hansı keyfiyyət fərqlərini görə bildiz? Ümumiyyətlə, bizdə bu sahədəki vəziyyəti necə dəyərləndirərdiz?

- Doğrusunu deyim ki, “Mahmud və Məryəm”ə ilk dəfə Türkiyə türkcəsində baxanda mənə bir az qeyri-adi gəldi, ancaq o qeyri-adilik tez də doğmalaşdı. O ki qaldı dublyaj məsələsinə, bizdə Türkiyədən fərqli olaraq, peşəkar dublyaj tərcüməçiləri yoxdur. Dublyaj təhkiyə deyil, canlı danışıqdır. Əgər fikir vermisənsə, Avropa, Amerika filmlərində ssenari müəlliflərindən əlavə, çox zaman ayrıca dialoq müəllifləri də olur. Elə bilirəm ki, Mərkəz sırf dublyaj tərcüməçilərinin yetişdirilməsində də effektli fəaliyyət göstərməlidir.

- Tərcümə nəzəriyyəsi ədəbiyyatın olduqca zəngin və maraqlı sahəsi olsa da, bizdə diqqətdən kənarda qalıb. Odur ki, əksər bədii tərcüməçilərimiz sırf intuisiya və yaradıcı təxəyyüllə işləyir. Siz ədəbiyyatşünas-alim kimi də xeyli əsərlər müəllifisiz. Bizdə tərcümə nəzəriyyəsi sahəsində olan boşluqları doldurmaq üçün hansı təklifləriniz var?

- Tərcümə nəzəriyyəsi ədəbiyyat nəzəriyyəsinin mühüm və tərcümənin miqyası artdıqca, yeni keyfiyyətlər əldə edildikcə, get-gedə müstəqilləşən bir qoludur. Bizdə tərcümə problemləri ilə məşğul olan, misal üçün, Fəridə Vəlixanlı kimi ayrı-ayrı səriştəli ədəbiyyatşünaslar var, ancaq ümumilikdə tərcüməni onun tarixindən tutmuş müasir təcrübələrinəcən ehtiva edəcək tərcümə nəzəriyyəsi istənilən səviyyədə deyil. Güman edirəm ki, bu işdə də Mərkəz öz sözünü deməlidir və deyəcək.

- Bu bir həqiqətdir ki, Azərbaycan dilinə tərcümələrin böyük əksəriyyəti məhz yazıçılar tərəfindən edilib. Necə deyərlər, zər qədrini zərgər bilər. Peşəkar tərcüməçidən fərqli olaraq, yazıçı əsəri təkcə çevirmir, həm də yaradır. Bu zaman o, yenə də peşəkar tərcüməçidən fərqli olaraq “meydanda”, mətn­lə “ünsiyyət qurmaqda” daha sərbəstdir.

Elçin müəllim, necə bilirsiz, tərcüməçi təxəyyülünün hüdudlarına sədd, sərhəd qoyulmalıdırmı və yaxud ümumiyyətlə, tərcüməçinin mətndən kənar təxəyyülü ola bilərmi?

- Tar kamançanın müşayiəti ilə hansısa bir muğamatı çalanda kamança onu təkrar edir. Tarçı virtuozdursa, kamançaçı da eyni virtuozluqla onu təkrarlayır. Bu kontekstdə tar müəllifdir, kamança isə tərcüməçi. Yazıçı tərcümə edirsə, artıq o, müstəqil deyil, özünü yox, tərcümə etdiyi müəllifi oxucuya təqdim etməlidir. Oxucu tərcümə edən yazıçının üslubunu yox, tərcümə olunan müəllifin üslubunu görməlidir. Burda, əlbəttə, bir sıra suallar meydana çıxır. Misal üçün, müəllifin dili qurudur, tərcümə edən yazıçının isə dili şirindir. İndi necə olsun? Quru təhkiyə ilə yazılmış bir roman şirin dilli bir roman nümunəsinə çevrilməlidir? Bax, tərcümə nəzəriyyəsi bu yerdə öz sözünü deməlidir.

Bizim Beydulla Musayev və Cahanbaxş, İshaq İbrahimov, yaxud Mustafa Əfəndiyev kimi peşəkar tərcüməçilərimizlə bərabər, Məmməd Arif Dadaşzadə və Mikayıl Rəfili, Əkbər Ağayev və Məmmədağa Sultanov, Mübariz Əlizadə kimi ədəbiyyatşünas alimlərimiz, Mirzə İbrahimov, yaxud Ənvər Məmmədxanlı, yaxud da Əhməd Cəmil, Əliağa Kürçaylı, Böyükağa Qasımzadə və bir çox başqaları kimi yazıçı və şairlərimiz də tərcümə ilə məşğul olublar. Onların qələmindən çıxmış “Faust”dan, “Şahnamə”dən tutmuş “Anna Karenina”ya, “Səfillər”ə, “Sakit Don”a qədər o tərcümələr xüsusən qiymətlidir ki, həmin tərcümələrdə tərcüməçilər yox, tərcüməçilərin vasitəsilə müəlliflər özlərini ifadə ediblər.

Mən Cabbar Məcnunbəyovun tərcüməsində “Başsız atlı”nı az qala altmış il bundan qabaq oxumuşam, sonralar çox xoşladığım həmin romanı bir neçə dəfə rus dilində oxumuşam, ancaq bu gün də “Başsız atlı”nın məhz Azərbaycan dilindəki ab-havası mənimlədir. Çünki Cabbar Məcnunbə­yov Mayn Ridi duyub, hiss edib və məhz onu oxuculara təqdim edib.

- Nobel mükafatı böyük ədəbiyyat müstəvisində bəlkə də çox cılız görünür. Hətta bu mükafat təsis olunandan bəri onlarla, bəlkə də yüzlərlə nəhəng yazıçı bu addan kənarda qalıb. Amma istəsək də, istəməsək də, bu addan böyüyü hələ ki, yoxdur. Və qəribəsi də budur ki, ədəbiyyat üzrə yüzdən artıq Nobelçidən cəmi ikisi müsəlmandır. Necə bilirsiz, bu məsələdə də dini ayrıseçkilik var? Bir də son Nobel mükafatçısı Patrik Modianonun yaradıcılığı haqqında fikirlərinizi öyrənmək istərdik.

- Mən əvvəllər də demişəm, indi də təkrar edirəm ki, Nobel mükafatı almaq, əlbəttə, şərəfli bir hadisədir, bu mükafat müəllifə də, onun xalqına da başucalığı gətirir, ancaq bu mükafat heç vəchlə ədəbi meyar deyil. Bu baxımdan yüzlərlə misal gətirib, müqayisələr aparmaq olar. Elə sonuncu mükafatı götürək. Mən Modianonun yalnız bir romanını – “Qaranlıq dükanlar küçəsi” romanını rus dilində hələ sovet vaxtı, 80-ci illərin sonlarında oxumuşam və bildiyim dərəcədə bu əsər onun ən yaxşı romanı he­sab olunur. Yadımdadır ki, o roman qısa bir cümlə ilə başlayırdı: “Mən heç kiməm” (rusca: “Ya nikto”).

Sonralar onun kiçik povestlərini oxudum, gördüm ki, həqiqətən “heç kimlər”in istedadlı yazıçısıdır, yəni onun əsərlərinin, hər halda mən oxuduqlarımın, qəhrəmanları “heç kim” olsa da, olmasa da, alt qatında “heç kimlər”in həyatı, düşüncəsi, taleyi durur. Bu əsərlər, heç şübhəsiz ki, ciddi ədəbiyyat nümunələridir. Ancaq Modianoda, mənə görə, Murakami dərinliyi yoxdur. Murakami xislətin elə dərinlərinə gedə bilir ki, ora, yenə də mənə görə, Modiano girən kol deyil. Ancaq Nobeli Murakami yox, Modiano aldı.

Mən Nobel mükafatının əhəmiyyətini və miqyasını qətiyyən azaltmaq fikrində deyiləm, sadəcə, Nobel mükafatı da bütün başqa mükafatlar kimi ədəbi meyar deyil. O ki qaldı dini ayrı-seçkilik məsələsinə, güman etmirəm ki, belə bir ayrı-seçkilik var. Ayrı-ayrı hallarda başqa bir ayrı-seçkilikdən danışmaq olar – siyasi-ideoloji ayrı-seçkilik. Baxın, rus ədəbiy­yatının beş nümayəndəsi Nobel mükafatı alıb: Bunin, Pasternak, Şoloxov, Soljenitsın, Brodski. Mən Soljenitsını tam oxumuşam, ancaq böyük ədəbiyyat nümunəsi kimi mənim üçün onun ikicə əsəri var: “İvan Denisoviçin bir günü” povesti və “Matryonanın həyəti” hekayəsi.

Soljenitsın böyük rus vətəndaşıdır, buna söz yox, ancaq Bulqakov, Platonov, Paustovski, Qrossman, Rasputin – ilk ağlıma gələnlərin adını çəkirəm – onlar bəyəm Soljenitsından aşağı yazıçılardır? Mən hələ Nobeldən kənarda qalmış Tolstoyu, Çexovu, elə Qorkinin özünü demirəm. Yaxud, Blok, Mayakovski, Yesenin, Axmatova, Axmadulina, Voznesenski Brodskidən aşağı şairlərdir? Əlbəttə, yox. Mən “siyasi-ideoloji ayrı-seçkilik” dedim, ancaq bunu da qeyd edək ki, belə bir ayrı-seçkilik, misal üçün, SSRİ-dəki üç dərəcəli Stalin mükafatlarından fərqli olaraq Nobel mükafatlarında mütəmadi xarakter daşımır, tək-tük hadisələrdəndir. Stalin müka­fatları (Stalin ifşa olunduqdan sonra SSRİ Dövlət mükafatları adlandı) çox zaman bədiiliyə görə yox, mövzuya görə verilirdi. Kommunist partiyasını, rəhbərləri vəsf edən, xislətdən yox, “sosializm quruculuğu”ndan, pambıqçılıqdan, neftdən, metallurgiyadan, heyvandarlıqdan və sairdən bəhs edən əsərlər Stalin mükafatı alırdı. Əlbəttə, istisnalar var idi, ancaq bunlar məhz istisna idi. Stalin mükafatlarının imtiyazları da Nobel mükafatından az deyildi ki, çox idi. O əsərlər dərsliklərə salınırdı, klassika elan edilirdi, müəlliflər deputat təyin olunurdu və sair.

Semyon Babayevski romanlarına görə altı-yeddi dəfə Stalin mükafatı almışdı, indi o, hardadır və kimdir? Aydındır ki, bu baxımdan Nobel mükafatları qat-qat artıq dərəcədə elitardır, mötəbərdir, müstəqildir. Bir cəhəti də qeyd edim ki, dil məsələsi də ciddi faktordur. Ərəb, yaxud fars dilində yazırsan, səni ərəblər, yaxud farslar oxuyur. İngilis dilində yazırsansa, səni dünyanın yarısı tanıyır. İstisnalar var, ancaq küll halında dil məsələsi çox ciddi amildir.

- Söhbətimizin sonunda dəyərli vaxtınızı bizə ayırdığınıza görə bir daha Sizə dərin təşəkkürümüzü bildirir, Tərcümə Mərkəzinin, onun mətbu orqan­larının gələcək fəaliyyətiylə bağlı təklif və məsləhətlərinizi eşitmək istəyirik.

- Yaşar, təklifim də, məsləhətim də, istəyim də budur ki, Tərcümə Mərkəzi bizim Mənəvi Mərkəzimizə çevrilsin. Biz səninlə əsasən bədii ədəbiyyatdan danışdıq, ancaq aydındır ki, Tərcümə Mərkəzi yalnız bədii ədəbiyyatla məşğul olmayacq. Elmi, siyasi, fəlsəfi ədəbiyyat da eyni diqqət mərkəzində olacaq. Eyni zamanda, yəqin ki, klassik və müasir Azərbaycan ədəbiyyatının, elminin ən yaxşı nümunələrinin də xarici dillərə çevrilməsi Mərkəzin əsas funksiyalarından biri olacaq. Uzun sözün qısası, uğurlar, uğurlar və bir daha uğurlar!

Söhbətləşdi: YAŞAR

# 1587 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #