Sənin harana yaraşır qadın olmaq?!

Sənin harana yaraşır qadın olmaq?!
1 oktyabr 2014
# 13:00

Sus, qadın…

düzünü demə, doğrunu danışma,

sən yalanlarınla sevimlisən…

doğulandan yalanı boyuna biçiblər sənin-

için qan ağlasa da, gül yalandan…

kimə lazımdı doğruların?

dillənmə,

zilləmə baxışlarını

gözünün altına tuşlanan yumruğa.

kimsəyə danışma dərdini,

yuvarla köhnə xalı kimi,

gizlət-qəlbinin nəm olmayan tərəfinə.

kimə gərək düşüncələrin, arzuların?!

qatla, at, maraqsız kitab kimi

ürəyinin uşaq əli çatmayan uzaq rəfinə…

sus, qadın…

söylədiyin həqiqətin sayı qədər

qaraltılar «bəzəyəcək» vücudunu,

sənin yalnız adın -QADIN…

kimə gərəkdi haqq deyən dilin,

savadın,

istedadın…?!

mətbəx robotu,

surroqat ana,

qulluqçu və dayə-

budur,

budur,

budur və budur təyinatın…!

sənin harana yaraşır əsl qadın olmaq?!

sənin «borcundu»-

biş-düş,

paltar-yamaq,

ərin istəməsə- “uşaq salmaq”,

istəsə- oğul doğmaq…

sənin ağlından və dilindən başqa

hər yerin işlək cihaz olmalı…

vaxtaşırı qulağının dibində yumruq,

başının üstündə qapaz olmalı…

sus, qadın…

sən yalanlarınla sevimlisən…

susss…

# 2570 dəfə oxunub

Müəllifin son yazıları

# # #