"Bu, ədəbiyyata embarqo deməkdi"

"Bu, ədəbiyyata embarqo deməkdi"
1 iyun 2015
# 13:52

“Əli və Nino”nun Qan Turalının yeni çap edilmiş “Doqquz hekayə” kitabı satmaqdan imtina etməsi ədəbi ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Kulis yazıçıların məsələyə münasibətini təqdim edir.

Aqil Abbas: Qan Turalı mənim Azərbaycanda ən çox sevdiyim gənc yazarlardan biridir. Turalın “Mustafa” romanını oxumuşdum, o belə getsə çox gözəl yazıçı olacaq. Mən “Ədalət” qəzetinin baş redaktoru olmuşam. Tutalım sən hekayə, şeir yazmısan, deyirəm çap eləmirəm. Kimin nə işinə?

O vaxtı mən “Əli və Nino”nun timsalında bir özəl təşkilatın kitab mükafat təşkil etməyinə qarşı çıxmışdım, bu haqda məqalə yazmışdım. Amma bu məsələdə onu qınamaq olmaz. Bakıda Qan Turalının kitabını satacaq qədər kitab mağazaları var. Və onun kitabı ortalıqda qalmayacaq. Çünki oxucular Qan Turalını tanıyırlar, sevirlər. “Əli və Nino” satmır, cəhənnəmə satsın”

Rəşad Məcid: “Əli və Nino” kitab şəbəkəsinin Azərbaycanda kitabın satışında, təbliğatında böyük rolu var. Həm Milli Kitab Mükafatını keçirməsi kitaba böyük maraq oyatmışdı. Həm də son vaxtlar “Qanun” nəşriyyatı ilə birlikdə yarmarkalarında iştirak, kitabların satışı mənə məqbul görünür.

Onlar əsasən “Qanun” nəşriyyatı ilə işləyirlər. Buna görə də vitrinlərində əsasən “Qanun”un kitablarının yer alması normaldır. Məsələn, mənim “Qanun”da çap olunan kitabım “Əli və Nino”da var, amma “Təhsil” və digər nəşriyyatlarda çap olunan kitablarım yoxdur. Mən buna məqbul baxıram. Türkiyədə hər bir nəşriyyatın özünə yaxın yayın evləri var və o mağazalarda öz kitablarının satılmasında maraqlıdırlar. Bu da bazar rəqabəti şəraitində tamamilə normaldır. “Əli və Nino” nəşrlər evi “Qanun” nəşriyyatı ilə işləmək istəyir, onun kitablarını satmaq istəyir, burda qeyri-adi heç nə yoxdur.”

Sevinc Elsevər: Çox adam belə fikir səsləndirdi ki, problem çoxdan vardı, amma səslərini çıxarmırdılar. Şəxsən mən elə bilirdim bir-iki nəfərə belə münasibət var. Özüm üçün isə zatən səs çıxarmazdım. Bu işlərdə bir az utancağam. “Satmır-satmır da, gedib dalaşmayacam ki” deyirdim öz-özümə. Neçə dəfə mağazalarına girmişdim. “Biz o kitabları satmırıq” demişdilər. Park Bulvarda da sərgilənmirdi. Adamlar “Kitabı necə almaq olar?” deyə soruşanda birinci növbədə “Əli və Nino”ya istiqamətləndirirdim. Kor-peşman qayıdıb gəlirdilər.

Axı adam necə hər dəfə oxucusunu nəşriyyata göndərə bilər? Görünür problem bütün yerli yazarları əhatə edirmiş. Düşünürəm ki, bu da məqsədli edilir. Məqsəd yerli yazarları sındırmaq, pisikdirməkdi. Yeni ədəbiyyatın böyüməsinə, daha böyük kütləyə çatmasına əngəl yaratmaqdı. Axı öz ölkəmizdə bu cür mənasız sınaqlarla üzləşiriksə, deməli biz yel dəyirmanlarıyla döyüşən Don Kixotlarıq. Biz xaricə çıxmağın xəyalı ilə hələ çox yaşayacağıq. Maarifçilik adı altında bizim işimizi ləngidirlər. Xarici müəllif çox satılır söhbəti də bəhanədi. Satılır, ona görə ki, yerli müəllifi gözdən salırsan. Elə kitabını satmamaq kifayətdi. Bu yerli ədəbiyyata, onun inkişafına embarqo deməkdi.

Səhər Əhməd: Düzü, mənim heç bir kitabım “Əli və Nino”da yoxdu. Cəmi bir dəfə müraciət elədim. Onda da nəsə prosedur lazım oldu, mən də dalıyca düşmədim. Bilmirəm, ora layiq olmaq üçün neyləmək lazımdı. Özlərini elə aparırlar, sanki hansısa xarici ölkədə bizi təbliğ edirlər. Məqsəd ədəbiyyata xidmət etmək deyil, bu aydındı, amma ədəbiyyatın da inhisarının şahidi olmaq adamı incidir.

# 1085 dəfə oxunub

Müəllifin son yazıları

# # #