"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13 noyabr 2024
# 13:00

Kulis.az İlham Əzizin "Krossvord" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.



Samirə Əşrəf:

"Sınaqdan çıxmış imzaların mətnlərində qüsur axtarmaq yersizdir. Bilirsən ki, bu müəllif ortaya yaxşı mətn qoyacaq, xüsusən, söhbət hekayədən gedirsə. Bu mənada İlham Əziz mənim üçün bişmiş, bitkin bir imzadır. Hətta bir az da dərinə getsək, usta imzalardandır, deyərəm. Baxmayaraq ki, yazmağa gec başlayıb, ya da biz onunla bir az gec tanış olmuşuq. Bu hekayəsi də mənim xoşuma gəldi. Çox yaxşı hekayədir. İlhamda ənənəvi hekayə nəqli var, o bu hekayədə də öz ənənəsinə sadiqdir. Xoşuma gəldi, üç iş yoldaşının krossvord həll etməyindən müxtəlif hekayələrə, dövrlərə səyahət edir. Yeganə xoşuma gəlməyən şey o oldu ki, hekayəni oxuyanda elə bildim altmışıncılar nəslindən kiminsə hekayəsini oxuyuram. Məncə, internet dövründə yazıçı oxucusuna belə hiss yaşatmamalıdır. İlham özü də modern düşünən insandır, amma onun hekayələrində atmosfer elədir ki, oxuyanda köhnəlik hiss edirsən. Bəzi hadisələrə keçidləri daha çox işləsəydi, daha çox həll etsəydi, daha uğurlu alınardı. Məsələn, həbsxana məsələsi mətnlə çox da iç-içə girə bilməmişdi sanki. Amma ümumilikdə, yenə də qeyd edirəm, İlham Əziz bitkin imzadır, bu hekayəsini də kamil, bütöv mətn kimi oxudum. Mənim əsərlərdə də, filmlərdə də xoşuma gələn şey heç nədən nəsə yaratmaqdır. Bu, çox böyük ustalıq, məharət tələb edir.
İlhamı təbrik edirəm. Arzu edirəm ki, modern zamanla ayaqlaşan hekayələr də yazsın..."

Babək Məmmədli:

"Ortada krossvord olmasaydı, özlərini bədbəxt hesab etmək üçün kifayət qədər tutarlı səbəbləri olan hər üç obrazın məzmunca bir-birinə bənzəyən kədəri sızıltıdan zoqqultuya çevrilib oxucuya əzab verərdi. Bu mənada krossvord anesteziya rolunu oynayır; həkim, yəni müəllif oxucunun özünün də içində olduğu mühitin mental düşüncələrinin təsirindən çürüyüb üfunət iyi verən dişini hər bir halda çəkəcək, sadəcə olaraq, dövrünün kultoloji hadisəsi, tapıntısı sayılan krossvord vasitəsi ilə oxucunu uyuşdurub əməliyyatı mümkün qədər az ağrılı yerinə yetirəcək. Bu mətn mənə aid olsa idi, bir yerinə mütləq müdaxilə edərdim. Tapılmayan sözə görə obrazların münasibətlərini soyutmaq yerinə, onları əksinə, bir-birinə yaxınlaşdırardım. Çünki krossvord burda oxucudan əvvəl obrazların da uyuşdurucusudur axı.
Uzun olsa da, dinamik, oxunaqlı mətndir. Bu tip çoxkameralı hekayələrdə vəziyyətə nəzarət etmək çətin olur, İlham bunun öhdəsindən uğurla gələ bilib, yüyəni əlində sonacan bərk saxlayıb. Xoşuma gələn tərəflərindən biri də bu oldu ki, 90-cı illərin atmosferini yarada bilib, dekorasiyasını uğurlu qurub. Ağacın payıza müqavimət göstərən yaşıl, cavan yarpağına yapışdırdığı “həyasız” yarlığı istisna, bənzətmələrini, epitetlərini də bəyəndim. Və bir də, “yeknəsəq” sözünü “yeknəsək” kimi yazdığına sevindim..."

Şəhriyar del Gerani:

"Əvvəla ondan başlayaq. Ki, müəllif olmağın ən pis tərəfi oxu kefini, oxucu ləzzətini biryolluq itirməkdir. Sözüm ona, bir mətni müəllif olaraq oxuyanda çoxlu sayda redaktə problemləri adamı girinc edir, narahat olursan, tekst nevrozu baş qaldırır və aləm dəyir bir-birinə. Redaktə demişkən, bizim qələm dostlarımızın ən ciddi çatışmazlığı da məhz redaktorsuzluqdur. Bu, ayrıca bir köşənin mövzusu. Gələk İlhamın hekayəsinə. Yaxşı olar qanuni olaraq detallaşdıraq, maraqlı olsun.

1. Hekayədə zaman problemləri: İlk abzaslardan belə məlum olur ki, söhbət 90-larda baş verir. Müəllif özü qeyd edib: “Krossvord xəstəliyi ölkəyə müstəqillikdən sonra ayaq açmışdı”. Yaxud, “Moskviç”, “Jiquli” avtomobil markaları, “Viceroy” siqareti, xülasə, ümumi ab-hava 90-lardır. Amma sonra nə çıxır ortaya; Müəllif dialoqda belə bir replika atır: “Qədeş, manatlıq adam düşdü, dedim, əlimdən çıxmasın, - Səxavət dedi”. Azərbaycanda pul nişanlarının denominasiyası 2005-də oldu, 2006-nın 1 yanvarından etibarən artıq manat o manat deyildi. Yəni yeni 1 manatlıq əskinas köhnə 5 000 manata bərabər idi. 90-larda 1 manata saqqız da ala bilmirdik heç. Bu, belə. Digər tərəfdən, lap tutaq 90-lar deyil, 2006-cı ildir; Hekayədə bu hadisə Azadlıq prospektində yaşanır. Azadlıq prospektinin tarixində isə “manatlıq taksi” fəaliyyəti yerli-dibli olmayıb. Manatlıq taksilərin Bakıda konkret məkanları var. Azadlıq prospekti o məkanların siyahısında yoxdur. Odur ki, “manatlıq adam” replikası havada qalır, yeyilmir, tutmur.

2. Hekayədə bircə ədəd də olsun doğru-dürüst dialoq əlaməti tapmadım. Məsələn, “Çay qurtarıb ki... Qaçım, alım, gətirim”. Biz belə danışmırıq. Belə deyirik: “Çay qurtarıb ki. Gedim alım”. Bu qədər sadə. “Alım gətirim” nədir? Alıb evə aparası deyil ki? Yaxud, “Ağlın çatmır, vallah. Biz siqaret çəkirik?” Biz belə danışmırıq. Belə deyirik: “Sənin, deyəsən, başın qaçır, biz siqaret çəkirik?!” Və ya: “Ay Xədicə, bir şey var?” Biz belə soruşmuruq. Belə sual edirik: “Ay Xədicə, bi şey-mişey var?”

3. Qəti şəkildə anlaşılmayan təsvir problemləri: Məsələn, “Bankanın qapağı açılan kimi otağa yarpaq ətri yayıldı, üzlərinə sevinc qondu”. Qeyd etməkdə fayda var, yarpağın ətri olmaz, olsa-olsa iyi, qoxusu olar. Ondan sonra, söhbət yarpaq dolmasından gedirsə, yarpaq dolmasından yarpaq qoxusu gəlmir axı. Digər dolma məsələsi; Müəllif yazır: “Rafael siyirməni açıb qəzeti götürəndə gördü ki, dolma bankası aşıb, siyirmənin içi yamyaşıldı”. Dolma və yamyaşıl? Nəsə inandırıcı görünmədi, düzü. Bilmədim, nə demək istəyib. Yaxud, daha başqa bir naqis təsvir: “Aqilin içinə isti qurğuşun damcıladı, içi-içalatı istiləndi, ağırlaşdı, zindana döndü”. Qeyd etməkdə fayda var, qurğuşun 327 dərəcədə əriyir. Əgər qurğuşun damcılayırsa, deməli, istidən də o tərəfədir, qaynardır. “İsti qurğuşun damcılayır” yazmaq dilin məntiq xətasıdır. Amma qurğuşun heç bir halda zindana çevrilmir. Zindan poladdan olur. Qüsurlu təsvirlərdən daha biri: “Rəis danışığını bitirdi, yerini rahatladı, çaya baxdı, stəkanı götürən kimi isti əlini yandırdı”. Anlamadım, istidən başqa əli nə yandıra bilir? Birini də deyim, keçək əsas mətləbə. Müəllif təsviri: “Aqil quş cələsi kimi hörgülərdən göylərə baxdı”. Qeyd etməkdə fayda var, “Cələ” hörülmür, cələ qurulur, toxunur. İstəsəniz, birini də deyim. Yaxşı. Müəllif yazır: “Rafael yola tərəf təzəcə bir addım atanda maşın onun yanından sivişib keçdi”. Qeyd etməkdə fayda var, bəli, maşın sivişmir. Sivişmək canlıya aid edilən feildir.

4. Bir də var heç cürə aydın olmayan məsələlər. Misal, “Rafaellə Səxavət göz-gözə gəldi. Aqil şən görünürdü, amma onun intihar edə biləcəyindən çox qorxurdular. İkisi də eyni vaxtda eyni şeyləri düşündülər”. Aqil və intihar. Maraqlıdır, nə baş verdi ki? Hardan çıxdı bu intihar söhbəti? Necə gəldik bura? Və necə oldu? Hara getdi o intihar? Yaxud, “Aqil qəzeti hirslə müdirin stolunun üstünə atıb kompüterləri toka taxdı”. Niyə “tok”a? Və ya: “Başda şöbə rəisinin üç barmaq hündürlüyündə "T" hərfli stolu, bir də işçilərin üç balaca stol və stulları vardı”. Necə yəni “üç barmaq hündürlüyündə?”

5. Hekayədə Ramazan ayından söhbət gedir. Qeyd etməkdə fayda var, Azərbaycan təqvimində Ramazan adında ay yoxdur. Amma necəsə işlətmək olar, sadəcə, ustalıqla konteksti tapmalısan. Yaxşı yadıma düşdü, 97-ci ildə orucluq Yeni İlə düşmüşdü. Bilməyənlər üçün qeyd edək, Hicri təqvimində aylar daha qısa (29-30 gün) olması səbəbi ilə Miladi təqvimində qərinədə bir dəfə belə vəziyyət yaranır. Bir də 2030-cu ildə Yeni İlə tuş gələcək Ramazan. Bunları deməkdə məqsədim var. Hekayədə fəsil olaraq da payızdan söz açılır, dəqiq olsaq, payızın axırlarından. 97-də Ramazan qışa düşübsə, deməli, 2001-2002-ci illərdə payıza düşüb. Vəssalam. Hekayənin dövrünü tapdıq - 2001-2002! Əla. Belə çıxır, yuxarıda “manatlıq taksi” mövzusunda tam olaraq haqlı imişik.

6. Hekayədə Şəhla tipini tamamilə artıq hesab edirəm. Bir də ən vacib detal - yumor, ironiya müstəvisi. "Gencinin Hekayəsi"ndən "Don Kixot"a, "Don Kixot"dan "And Dağlarında Terror"a qədər bütün böyük nəsr nümulərini həm də bu müstəvidə səciyyələndirir modern ədəbiyyatşünaslıq. “Krossvord”u bu müstəvidən tamamilə uzaqda gördüm.

Bütün bunlara baxmayaraq, İlham Əzizin bu hekayəsini uğurlu axtarış hesab edirəm. Buraqədərki hekayələrindən demək olar, tamam fərqli bir mətnlə çıxış edən dostumu təbrik edirəm. Düşünürəm, İlham axtarışlarını davam etdirib öz hekayə dilini, öz təhkiyəsini tapa bilsə, çox gözəl hekayələr yazacaq. Çünki onun ən gözəl hekayələri yaza biləcək həyat baqajı, mətn duyumu və ən əsası, yazıçı xarakteri, ədəbiyyat iddiası var. Eşqlər!"


Sevinc Elsevər:

"Strukturunu əla qurub. Maraqla oxudum. Təbrik edirəm. Son vaxtlar oxuduğum ən maraqlı mətnlərdən oldu..."

Orxan Cuvarlı:

"İlham Əzizin "Krossvord" hekayəsi xoşbəxtliyi tapa bilməyənlərin hekayəsidir. Hekayədə müxtəlif dünyaları olan üç dostu təkcə eyni idarədə işləmək yox, həm də müştərək axtarışlar birləşdirir, eyniləşdirir… Müəllifin ümumidən xüsusiyə, əhvalatlardan obrazların daxilinə qədər uzanan əli neçə insan taleyini bir-bir sapa düzür, hadisələr düyünlənir, finalda ustalıqla çözələnir… Bu hekayə sağlam ürək kimi döyünür, bircə dənə də tıxanıq damarı yoxdur.

İlham obrazlarının daxilinə enən, onların içindəkiləri saf-çürük edə bilən, giley-güzarını, incikliklərini, umu-küsülərini, təəssüflərini, təəccüblərini bəzək-düzəksiz, ən yalın halıyla qələmə ala bilən müəllifdir.

Həm əziz dostumu, dəyərli yazıçımızı, həm də özümüzü bu gözəl hekayə münasibəti ilə təbrik edirəm..."

# 685 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #