Füzuli əruzun özünü belə ram edib, dilimizə uyğunlaşdırıb - Gülyaz Əliyeva

Füzuli əruzun özünü belə ram edib, dilimizə uyğunlaşdırıb - Gülyaz Əliyeva
1 avqust 2024
# 10:46

Kulis.az Gülyaz Əliyevanın Azərbaycan Dili və Əlifbası Gününə həsr etdiyi "Tikandan bərgi-gül..." adlı yeni məqaləsini təqdim edir.

1 Avqust Azərbaycan Dili və Azərbaycan Əlifbası Günüdür. Nədənsə, mən bu gün həmişə İzzəddin Həsənoğlunu, Qazi Bürhanəddini, İmadəddin Nəsimini, Şah İsmayıl Xətaini, Cahan şah Həqiqini, Həbibini, Məhəmməd Füzulini və Ana dili uğrunda mübariz Mərziyyə Üskülünü hörmət və qürurla, minnətdarlıqla xatırlayıram. Və Məmməd Arazın sözü olmasın, elə bilirəm ki, Ana Dili Günü Füzulini xatırlayıb ayağa durmasaq, ana yurdun da, ana dilimizin də ürəyinə toxunmuş olarıq...
Keçən dəfəki 1 Avqust yazımızda dil fədaisi Mərziyyə Üskülüdən bəhs etmişdik. Bu dəfə isə dövrün tələblərindən irəli gələrək, ərəb və fars dilində əsərlər yazmağa məcbur olsa da, daha çox və ən gözəl əsərlərini mənsub olduğu xalqın ana dilində yazmış, qəzəlləri ilə Azərbaycan dilini zirvələrə qadırmış, onun hüdudlarını genişləndirmiş Füzuli haqqında danışacağıq.
Füzuli... Bu ad söz sərrafları üçün özü boyda bir dünya, bir sanbal, bir məhək daşı, bir çəkidir. Füzuli Sözün Allahıdır, desək, yanılmarıq, Allaha da ağır getməz, məncə... O, Sözü dirildən, "ehya ver"ənlərdəndir ki, bu baxımdan, ana dilimizdə "nəzmi-nazik" yaradan Füzulini bir söz Allahı adlandırmaq bizim üçün qüsur sayılmaz, sanırıq. Diriltdiyi, can verib "ol" dediyi sözlərin hesabına Füzuli də ölməzdir, fövqəlbəşərdir. O da ehya verib yaratdığı Sözün hesabına özünü əbədilik ölüm yuxusundan oyaq - bidar tutmağı bacarandır. Bu böyük şeir dühasının yaratdıqları ilə dərindən tanış olanda, ondakı Sözün qüdrətinə heyran qalmamaq, heyrət etməmək mümkün deyil. Füzuli sözünün mənasının dərin qatlarına endikcə, özü demiş, bu Söz bütünün qarşısında heyrətdən donub lal olmaya bilmirsən...
(Heyrət, ey büt, surətin gördükdə lal eylər məni...)
Biz bu hər sözü bir pəhləvan gücündə olan, qansız-qadasız, tədriclə suyun və torpağın hökmdarına çevrilmiş, "könüllər mülkünün sultanının" hətta ayrı-ayrı lirik əsərlərinə səcdə etməkdən özümüzü saxlaya bilmirik.
Mənim müəllimim olmuş, mərhum füzulişünas Sabir Əliyev deyirdi ki, Füzuli sözünün qüdrəti həm də onda idi ki, o, yaradıcılığında bədiiliklə yanaşı, elmiliyə söykənirdi. Füzuli elmsiz şeiri özülsüz divara bənzədirdi. Sabir Əliyevin fikrinə görə: "Şair Füzuli poeziyasında alimdir, alim Füzuli də elmi mülahizələrində şairdir".
Məlum olduğu kimi, orta əsrlər fars və ərəb dillərinin hökmran olduğu bir dövrdür. Yuxarı təbəqə - saray əyanları, zadəganlar fars və ərəb dilində yazmağı, danışmağı, bu dildə qəzəl, qəsidə, qitə və s. yaratmağı şairlik qüdrəti hesab edirdilər. "Nəzmi-nazik" dedikdə, əruz vəznində yazılan bu şeir janrları nəzərdə tutulurdu. Fars, ərəb dili saray dili idi və sarayda əruz vəzni aparıcı hesab olunurdu. Zənginlik içində olanlar ərəb-fars dillərini özlərinə yaraşdırırdılar. Onlara görə, Azərbaycan (türk) dili isə "qara camaat" - geniş xalq kütləsi üçün idi. Azərbaycan (türk) dili saray dili hesab olunmurdu. Doğrudur, şah babamız Xətai ana dilimizi saraya gətirdi, bu dildə gözəl əsərlər yazdı, dövlət dili səviyyəsinə qaldırdısa da, ondan sonra, orta çağda fars dili yenə hakimiyyətini əldən verməyərək, sarayda möhkəmləndi. Ədəbiyyatda da əruz aparıcılığını saxladı. Azərbaycan (türk) dili o dövr üçün leksikası zəif, şeir, elm dili kimi qəbul olunmamış dil hesab olunurdu. Ana dilində şeir yazmağı saray, yuxarı təbəqə şairləri özlərinə rəva bilmirdilər. Həm də ona görə ki, əruz vəznində şeir yazmağın çoxillik təcrübəsi vardı, onun yolu geniş və hamar, daş-kəsəkdən təmizlənmiş yol idi. Bu dildə klassik şeir - qəzəl, qəsidə, qitə və s. yazmaq asan idi. Şairdən elə bir böyük məharət, söz oyunu tələb etmirdi. Ana dilimiz isə əruz vəzni üçün yararlı hesab olunmurdu. Ana dilində əruzda mükəmməl şeir yazmaq cəngəllikdə təzəcə açılmış cığırla yol getməyə bənzəyirdi. Bu yol hamar deyildi, tikanlı-qanqallı, daşlı-kəsəkli idi. Bu yolda yeriyən şairdən çətinlikləri gözə almaq və ana dilindəki sözləri xam qızıl kimi əridib şəkilləndirmək, cilalayıb formaya salmaq, qəlibə uyğunlaşdırmaq məharəti tələb olunurdu. Ana dilimizin tələblərinə heca vəzni daha yaxşı cavab verirdi. Sözlərimiz heca vəzni uçün hazır şəkildə idi, üzərində işləməyə ehtiyac yox idi. Belə bir zamanda Füzuli özündən əvvəlki şairlərin – İzzəddin Həsənoğlunun, Qazi Bürhanəddinin, İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin, Həbibinın açdığı cığırla addımlayaraq, Azərbaycan (türk) dilində sözdən bir möcüzə, bir xarüqə yaratdı. Bu baxımdan Füzuli yaradıcılığını Azərbaycan ədəbi dilinin xüsusi bir mərhələsi hesab etmək olar. Doğrudur, Füzulinin ərəbcə, farsca divanı və bu dillərdə başqa əsərləri də vardır. Ancaq o, yaradıcılığının şah əsərlərini məhz ana dilində yazmaqla, bu sahədə, Nihad Sami Banarlının təbirincə desək: "tam bir milli həssaslıq göstərmiş və bir milli heysiyyət əks etdirmişdir". Əsərlərindəki ayrı-ayrı fikirlərdən aydın olur ki, Füzuli başqa dillərin türkcədən üstün olmasına qarşı bir milli duyğu içindəydi, öz dilinin təəssübünü çəkirdi:

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur...
Məndə tovfiq olsa, bu düşvarı asan eylərəm,
Novbahar olğac tikəndən bərgi-gül izhar olur...


Farsca çoxlu sayda şeir yazılmasının səbəbi bu dilin əruz vəzni üçün ideal vəziyyətdə olması, onun tələblərinə cavab verməsi idi. Qalın və incə saitlərin söz daxilində növbələşməsi bu dildə qanunayuyğun bir haldır, "Ol səbəbdən farsi ləfzillə çoxdur nəzm".
Azərbaycan (türk) dilində "nəzmi-nazik" yazmaq, isə, doğrudan da, o dövrdə də, elə bu dövrdə də çətindir. Dilimizin morfoloji quruluşu tamamilə ərəb-fars dillərinin əksinə olaraq, aqlütativ dildir. Sözlər daxili fleksiya ilə deyil, kök-şəkilçi əsasında formalaşıb, uzun saitlilik dilimizə xas xüsusiyyət deyil. Odur ki, türk (Azərbaycan) dili ilə incə şeir yazmaq çox çətindir. Lakin Füzuli Allahın yardımı ilə bu çətinliyi yenmək fikrində olduğunu bildirir və tövfiq olsa, bu çətinliyi yenəcəyinə inanırdı. İlk bahar gəldiyi zaman quru tikanlar necə yarpaqlayırsa, onlardan incə zərif çiçəklər açılırsa, mən də tikan kimi sərt, ordu dili hesab olunan türkcə ilə gül yarpağı kimi incə sözlər toxuyaraq, şeirlər yazacağam - deməsi və dediyinə nail olması bu istəkdən irəli gəlirdi. Özünün də dediyi kimi, Allahın köməyinə və istedadına arxalanaraq bu çətin, kələ-kötür, yonulmamış, əruz üçün münasib olmayan sözləri bir zərgər dəqiqliyi ilə elə yonub, yontalayıb, cilaladı ki, sapa inci, mirvari kimi sözlər düzə, əruzun qəlibinə sığdıra, uyğunlaşdıra bildi... Sanki ana dili kəlmələrini mahir bir qəvvas kimi okeanın dərinliklərinə baş vuraraq arayıb-axtarıb seçdi, cilalayıb xam ləldən cəvahirat yaratdı. "Qəvvasi bəhri-mərifət" - mərifət dənizinin qəvvası olmayan arif ola bilməz. Məhz bu məziyyətlərə malik arifin sayəsində biz "hər dəm niqabi qeybdən rüxsar göstərən" Söz, "könüllər alanbir nigari-ənbərinxət" gördük.
Bildiyimiz kimi, heca vəzni bizim milli şeir ölçümüzdür və dilimiz üçün çox münasib, oynaq bir vəzndir. Dilimizin qrammatik quruluşuna tam uyğun bir vəzndir. Heca vəznində sözlərdəki hecaların sayının bərabər olması əsasdır. Və nəzərə alsaq ki, dilimizdəki sözlərdə sait-samit ardıcıllığı gözlənilib, heca uzanması yoxdur, bu baxımdan heca vəznində yazmaq çox asan və münasibdir. Amma hecadan fərqli olaraq, əruzun əsas tələbi misralardakı hecaların sayının bərabərliyi deyil, uzun və qısa saitlərin, açıq və qapalı hecaların bir-birini izləməsi, növbələşməsidir. VIII əshrdə yaşamış Xəlil ibn Əhməd ilk dəfə feil sözünü müxtəlif şəkillərə salaraq bu vəznin bəhrlərinin təfilələrini, yəni qəliblərini yaratmışdır. Əruzda şeir yazan şair bu təfilələrdən kənara çıxa bilməz. Məsələn, əruzun ən işlək bəhrlərindən olan həzəcin (mənası - gözəl avaz, xoşagələn cəh-cəhdir) birinci təfiləsi "Mafaülin" sözünün dörd dəfə təkrarıdır. Bu bəhrdə şeir yazan şair elə etməlidir ki, təfilənin tələbinə tam əməl olunsun. Yəni, elə sözlər seçməlidir ki, bir misrada harada uzun sait və ya qısa sait gəlibsə, onlar şeir boyu növbələşsin, bir-birini izləsin. Fars və ərəb dilləri üçün bu asandır. Çünki onlar flektiv dillərdir və bu vəzn onların dillərinə tam uyğundur. Həmçinin, Füzuliyə qədərki zaman ərzində əruzda çoxillik şeir təcrübəsi vardı. Amma bir də var, Azərbaycan dilində əruzda yazasan. Elə də çoxillik bir təcrübə olmadan onda həm gözəl məna, həm də yüksək texnika işlədəsən. Bu, o qədər də asan məsələ deyil. Bunu etmək fars və ya ərəb dilində nə qədər asandırsa, bizim ana dilimizdə o qədər "düşvar" - çətindir. Çünki dilimizdə elə sözlər var ki, əruzun elm aləminə məlum olan on səkkiz bəhrindən heç birinin təfiləsinə uyğun gəlmir. Belə bir çətinlik, belə bir kasadlıq içində şairdən gör nə dərəcədə böyük məharət, ana dilinə sevgi tələb olunur ki, o, əruzda möcüzələr - o cür sənət əsərlərini yarada bilsin. Göstərsin ki, bizim dilimiz də kasıb deyil, zəngindir, onu məişət dili sanmaq olmaz. Şair cəhd etsə, onda istək olsa, bu dildə də klassik şeir şəkillərində mükəmməl əsərlər yazmaq olar. Yetər ki, şairdə cəsarət, istək olsun, Allahın köməyi də bu işdə vacibdir. Bu məharəti, bu istedafı onda görən türk zərifləri Füzuliyə müraciət edərək ana dilində "Leyli və Məcnun" yazmağı xahiş etmişdilər. Təkcə o məharətin Füzulidə olduğunu bildiklərinə görəmi? Yox. Onlar da dil təəssübkeşləri idi. Nəyə görə ərəbdə, farsda bu məşhur əfsanə olsun, bizim dildə yox? Bu çətin işin öhdəsindən isə yalnız Füzuli gələ bilərdi, o buna qadir idi:

Bir neçə zərifi-xütteyi-Rum,
Rumi ki dedin, qəziyyə məlum.
Həm elm fənində nüktədalar,
Həm söz rəvişində dürfəşanlar...
Bilmişlər idi ki, hüsnü-göftar,
Qədrim qədərincə məndə var...
"Lütf eylə! - dedilər, ey süxənsənc!
Faş eylə cəhanə bir nihan gənc!
Leyli-Məcnun əcəmdə çoxdur,
Ətrakdə ol fəsanə yoxdur.
Təqrirə gətir bu dastanı,
Qıl tazə bu əski dastanı".


Demək, Rumi, yəni dəqiqlik, hər işdə həqiqət axtaranların, həm elmdə incə mənalar bilən, həm də söz danışmaqda incilər saçan adamlar Füzulinin dəyərini bilirdilər. Ona görə də ondan türk (Azərbaycan) dilində "Leyli və Məcnun" yazmasını xahiş edirlər.
Füzulinin əruz vəznində ana dilində necə mükəmməl sənət əsəri yatdığının, məharətinin, böyüklüyünün şahidi olmaq üçün uzağa getmək lazım deyil. Elə hamımızın bildiyi əruzun həzəc bəhrinin “Məfaülün, məfaülün, məfaülün, fəilün” təfiləsindəki "Məni candan usandırdı..." qəzəlinə diqqət etmək kifayətdir.
İlahi, bu necə bir ahəng, bu necə bir söz düzülüşü, bu necə böyük bir məna və mətləbi özündə ehtiva edən, içində gizlədən bir qəzəldir! Füzuli dühası özünü necə də heyrətamiz şəkildə büruzə verir. Poemada Füzulinin şah əsəri "Leyli və Məcnun" hesab olunursa, ahəngdarlığına, musiqililiyinə, axıcılığına görə də bu qəzəli onun qəzəllərinin şahı hesab etmək olar. Füzuli əsərləri ilə əruzun özünü belə ram edib, bizim dilə uyğunlaşdırıb. Sanki heca vəznində dördlük formasında yazılmış bir şeir oxuyursan:

Şəbi hicran yanar canım,
Tökər qan çeşmi-giryanım,
Oyadar xalqı əfğanım,
Qara bəxtim oyanmazmı?!


Ədəbiyyat gözəl yalan sənətidir, demişdi Aristotel. Bundan gözəl bədii yalan ola bilərmi? Fələklər yandı ahimdən, amma muradımın şamı yanmadı.
Gülü rüxsarına qarşu gözümdən qanlı axar su - Şair gözəlin üzünü fəsli-gül - gül fəsli yaza bənzədir. Məlumdur ki, yaz gələndə çaylar bulanar, aşar-daşar, gözəlin o yaz çöhrəsini, gül üzünü görəndə Aşiqin gözlərindən qan-yaş axması da təbiidir. Çünki həbibim, fəsli-güldür bu, axar sular bulanar. Yazda axar suların bulanması labüddür, təbiidir.
Mən sənə meyilli deyildim, amna neyləyim ki, sən mənim ağlımı zail etdin, zəlil etdin, məni Məcnuna döndərdin. Səni görüb gözəlliyin qarşısında ağlı itirməmək mümkün deyil. İndi mənə tənə vuran qafil, dünyadan bixəbər səni görəndə onun da ağlı başından çıxanda utanmazmı, dediyindən peşman olub mənə haqq qazandırmazmı?
Zəngin daxili qafiyə, incə lirizm, bədii təsvir və ifadə vasitələri o qədər məharətlə seçilib ki, bunu ancaq Allahın "tövfiq" verdikləri yarada bilər, bu düşvarı - çətinliyi asanlaşdıra, tikandan da "bərgi-gül izhar" edə bilərdilər ki, Füzuli bunu etdi.

# 1490 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #