"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi
1 oktyabr 2026
# 15:00

Kulis.az Alpay Azərin "Naməhrəm" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

İlham Əziz:

Alpayın bu hekayəsini ümidlə oxudum. Həqiqətən, istəyirəm ki, o, gözəl hekayə yazsın. Çünki çox yazır, əmək sərf edir, vaxt itirir. Amma yenə də eyni təəssüf hissi ilə bitirdim. Çox şeylər yaza bilərəm. Hekayə janrı çox incə damarları olan bir orqanizmdir. Alpayın mətnində damarların hamısı partlayıb, hər yer qançırdır. Hər şey bir cümlə əvvəldən bəllidir. Sirr yox, sehr yox, ədəbiyyat yox. O vaxt “Sirlər dünyası” serialı vardı, ağıllı, hikmətli söhbətlər səhnələşdirilirdi. Bu mətn onların pis versiyasıdır. Hekayə deyil, ədəbiyyatla yaxından-uzaqdan əlaqəsi yoxdur.

Məncə, Alpay fasilə verib dayanmalıdır. Bu konveyer hekayələr fiaskodur. Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz... Bunları yazmaq mənə çətindir, amma neyləmək olar, ədəbiyyatın qarşısında boynumuz qıldan incədir”.

Vatsap statusları - Sevinc Elsevərin yeni hekayəsi

Sevinc Elsevər:

“Alpay bəy çox məhsuldar və həvəslidir. İlk növbədə yazı eşqinə görə həm qibtə etdim, həm sayğı duydum. Çünki zamanla yazı eşqini itirir adam. Bizim ölkədəki şərtlərlə axıra qədər motivasiyanı qoruyub saxlamaq olmur. Yaş artdıqca səhhət problemləri də artır. Adam canının hayında olur. Alpay bəyə möhkəm can sağlığı və ruh yüksəkliyini həmişə belə qoruyub saxlamağı arzu edirəm.

O ki qaldı hekayəyə, təvazökar, xüsusi iddiası ilə gözümüzü deşməyə çalışmayan, sadə bir hekayə oxudum. Xatırladım ki, bizim insanların doğrudan da ən yaxşı xüsusiyyətləri, fədakarlığı məhz o çətin vaxtlarda üzə çıxır. Əhlikef bildiyimiz bir adam birdən ən çətin zamanımızda köməyimizə çatır. Güvəndiyimiz adam isə əksinə, qaçıb gizlənir. Bu sadə reallığı müəllif belə aydın və açıq dillə ifadə edib”.

Sara İbrahimin yeni kitabı çap olundu

Sara İbrahim:

“Hekayə günah-cəza, yaxşılıq-nankorluq mövzusundadır. Bu mövzuda yazılmış hekayələr çoxdur, yəni işlənmiş, hətta köhnəlmiş mövzudur. Müəllif də bu mövzuya müraciət edib və məncə, hekayə alınıb. Hekayəni oxumağa başlayanda sonrakı gedişatı təxmin etmək olurdu. Bəlkə də mətnin giriş hissəsində “Sübhanallah silsiləsindən” sözlərini oxuduğuma görəydi, yəni din elementləri olan hekayənin necə bitəcəyini bilmək çətin deyil.

“Kranda gələn su şırıltısıyla bir yerdə inəyin başını kəsəndən sonra xırıltıya bənzəyən səs eşidəndə, ürəyi tez-tez döyünməyə başladı”.

Buna bənzər nahamar cümlələr gözümə dəydi.

Bu cümləni belə də yazmaq olardı:

“İçəridən su şırıltısıyla birgə başı kəsilmiş inək xırıltısına bənzəyən səs eşidəndə ürəyi tez-tez döyünməyə başladı”.

Ya iki cümlə şəklində:

“İçəridən suyun şırıltısı eşidilirdi. Başı kəsilmiş inək xırıltısına bənzər səs eşidəndə ürəyi tez-tez döyünməyə başladı”.

Hekayə bir qədər tələsik, səthi yazılıb, obrazların xarakteri açılmamış qalıb. Sonda İmranın Aqilə zəng etmədiyinə görə ağlaması inandırıcı deyildi. Bu qüsurlarına baxmayaraq, maraqlı, oxunaqlı hekayədir.

Alpay Azəri təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram”.

Sevgi şərhi - Fərhad Amurun hekayəsi

Fərhad Amur:

“Hekayəni çox bəyəndim. Ustalıqla yazılıb. Yığcam və axıcıdır. Ağıllı və sadə gözəlliyi, kövrək ruhu var. Artıq, yorucu heç nə hiss etmədim. Qadın inadının təsvirini xüsusilə bəyəndim. Final həllini də uğurla tapıb. Bu cür hekayələr Alpay bəydə çox yaxşı alınır”.

# 73 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər