Seymur da, Ayxan da yalan danışır – Tərcüməçidən sərt etiraz  

Seymur da, Ayxan da yalan danışır – Tərcüməçidən sərt etiraz   
20 may 2020
# 17:01

Yazıçı-publisist Ayxan Ayvazın tərcüməçilərlə bağlı yazdığı tənqidi yazı polemikaya səbəb olub. Kulis.az yazıda adı çəkilən və tənqid olunan tanınmış tərcüməçi Nadir Qocabəylinin mövzu ilə bağlı yazısını təqdim edir.

Məqalə qeyri-elmi, məntiqsiz və qərəzlidir. Belə başlayır: “Bizim ən böyük problemlərimizdən biri də tərcümədir.” Tamamilə yanlış yanaşmadır. Ən böyük problem kapitalizm, bazar iqtisadiyyatı, hər şeyin əmtəəyə çevrilməsidir. Kapitalist istehsal münasibətləri bizim kimi kiçik, qlobal istismara məruz qalan ölkələrdə sənəti, ədəbiyyatı məhv edir. Çünki sənət və ədəbiyyat bazar üçün istehsal oluna bilməz.

İkincisi, müəllifin tərcümə təsərrüfatından xəbəri yoxdur. Yazıb: “Sovet vaxtı pis-yaxşı tərcümə ənənəsi vardı.” Sovet vaxtı mövcud olan “yaxşı-pis tərcümə ənənəsindən” mənim də az-çox xəbərim var və tam məsuliyyətimlə deyirəm ki, o vaxt edilən tərcümələrin keyfiyyəti mənim etdiyim tərcümələrdən üstün deyil. Bir üstünlük ola bilər: o da orfoqrafik səhvlərin azlığı. Çünki o zaman yaxşı-pis redaktorluq institutu vardı. Kitabların məsuliyyəti tərcüməçilərin və yazıçıların yox, nəşriyyatların üzərindəydi.

Sual oluna bilər: necə olur ki, sizin kapitalizm şəraitində etdiyiniz tərcümələr sovet dövrünün tərcümələrindən keyfiyyətli olur? Bununla öz-özünüzü təkzib etmirsiniz ki? Yox! Mən özümü istisna sayıram.

Müəllif mənim tərcümə etdiyim “Mən necə idiot oldum” romanı ilə bağlı da yalan danışıb. Yalanı da qərəzindən irəli gəlib.

Əvvəla, onu bildirim ki, mən o romanı “Mən necə axmaq oldum" şəklində tərcümə etmişəm. Əsərin adını redaktor (tanınmış adamdır, amma adını hazırda xatırlaya bilmədim) dəyişib və kitab redaktə olunduqdan sonra təkrar baxmaq üçün mənə verilməyib. Bu kitabdan sonra mən nəşriyyatdan tələb etdim ki, kitabları çapa getməzdən qabaq bir daha oxumaq üçün mənə versinlər. Çünki redaktorlar mənim tərcümə etdiyim mətnlərə ağıllarına gələn dəyişikliklər edirlər. İki kitabı verdilər və oxuyub gördüm ki, dəhşətli və absurd dəyişikliklər var. Məsələn, redaktor “yatağına ağnadı” ifadəsini “yatağında ağladı" etmişdi. “Quruldadı” sözünü “ciyildədi” düzəltmişdilər və s.

Ayxan Ayvazın yalanının nədə olduğunu yazıb, keçirəm tərcümə ilə bağlı problemlərin qısa şərhinə. Ərz edim ki, o, ya kitabı oxumayıb, ya da sadəcə qərəzli oxuyub. Çünki bu kitab haqqında ilk qərəzli yazını mərhum Mövlud Mövlud yazmışdı. Çünki ondan əvvəl mən mediada tərifi göylərə qaldırılan “Çərpələng uçuran” romanının pis tərcümə olunması ilə bağlı feysbukda bir-iki cümlə yazmışdım. Kitabı Xədicə İsmayıl ingilis dilindən tərcümə edib. Mən yazmışdım ki, “südü ananın döşündən içmirlər, əmirlər...” Sonra da kitabı oxuya bilmədiyimi və kənara atdığımı qeyd etmişdim. Xədicə xanım mənə cavab vermişdi ki, tərcümə tənqidçisi Mövlud Mövlud onun tərcüməsi haqda müsbət rəy verib...

Bundan sonra Seymur Baycan da yazmışdı ki, əsərin adı “Mən necə axmaq oldum” olmalıdır və kitabı guya azərbaycanca yox, rusca oxuyub.

Bu yazının da həmin münasibətlərin və fikirlərin təsiri altında yazıldığını düşünürəm. Eyni zamanda “Yaxşı ki, azdan-çoxdan rus dilində bilirəm, getdim, oxudum və əsərdən ləzzət aldım. Bu haqda yazıçı Seymur Baycanla dialoqumuza baxın...” yazan müəllifin “azdan-çoxdan bildiyi” rusca həmin əsərdən zövq almağa yetməz. Seymur da, Ayxan da yalan danışır və bir-birini təkrarlayırlar.

Keçirəm ölkəmizdəki tərcümə təsərrüfatının problemlərinə. Bəli, pis tərcüməçilər və pis tərcümələr var. Amma mən başqa tərcümələri o qədər də oxumadığımdan konkret nəsə söyləyə bilmərəm. Bircə onu bilirəm ki, şəxsən məni o tərcüməçilərin gözünə qatmaq savadsızlıq, zövqsüzlük və insafsızlıqdır. Mən tərcümələrimi ideal saymıram, ancaq onlar yaxşıdır. Qüsurları var, inkar etmirəm, ancaq bu, təkcə mənim günahım deyil. Bu məsələdə əsas məsuliyyət nəşriyyatların üzərinə düşür. Nəşriyyat redaktə, korrektura, tərcüməçinin öz məhsulunu təkrar oxuması məsələlərinə ciddi yanaşsa və bunlara görə normal haqq ödəsə, bu problemlər böyük faizlə aradan qalxar. O zaman tərcüməçi də, redaktor da, korrektor da tələsmək zorunda qalmazlar.

Sonda onu da qeyd etmək istərdim ki, mühafizəkar baxışlarımdan dolayı cəmiyyətimizin liberal, kosmopolit, feminist, LGBT-çi (daha çox liberal görünmək istəyən) çevrələrində mənə qarşı mənfi münasibət var. Bu məsələlərdə mənimlə açıq polemikaya girməyə cürəti çatmayanlar tərcüməçiliyimi qabardır və guya heç yaxşı tərcüməçi olmadığımı isbatlamağa çalışırlar. Bir də ki, saytlar izləyici toplamaq üçün zaman-zaman mənim kimi “emosional” insanları danışdırmağa ehtiyac duyurlar. Doğrudur, bir ara yada salmırdılar. Amma görünür, yeni ictimai-siyasi şərait yaranıb.

# 4371 dəfə oxunub

Müəllifin son yazıları

# # #