Nabokovun hekayəsi: Unudulmuş bir şair - Dilimizdə ilk dəfə

Nabokovun hekayəsi: Unudulmuş bir şair - Dilimizdə ilk dəfə
30 mart 2021
# 09:01

Nabokovun bu hekayəsi ilk dəfə 1944-cü ildə “Atlantic Monthly”də çap olunub, daha sonra 1958-ci ildə müəllifin öz seçdiyi 13 ən yaxşı hekayəsindən ibarət olan “Nabokovdan seçmələr”də yayımlanıb. Hekayə Azərbaycan dilində ilk dəfə Kulis.az-da təqdim olunur. Mətni dilimizə Qismət tərcümə edib.


1899-cu ildə Rus Ədəbiyyatını İnkişafetdirmə Dərnəyi adlı qabaqcıl bir mədəniyyət müəssisəsi o dövrün passiv, sakit Sankt-Peterburqunda, yarım əsr əvvəl gəncliyinin ən parlaq çağında – iyirmi dörd yaşında ölmüş şair Konstantin Perovun xatirəsini təntənəli şəkildə əbədiləşdirməyə qərar verdi. Perova Rusiyanın Artur Rembosu deyirdilər, fransız cavanın dühası ondan üstün olsa da, bu müqayisə çox da yersiz deyildi. Bəzi pasajları ənənəvi şərq mühitinin qəlibini yırtaraq həqiqi şeir duyğusunu insanın onurğasında hiss etdirən, bənzərsiz bir cənnət layihəsi olan, uzun, mürəkkəb “xəyal dastanı”nı – möhtəşəm “Gürcü gecələri”ini hələ on səkkiz yaşında yazmışdı.

Üç il sonra bir şeir kitabı da çıxdı: görünür Perov alman mütəfəkkirlərdən birinin təsirində qalmışdı ki, şeirlərindən bir neçəsi orijinal lirik duyğu ilə kainatın metafizik açıqlamasını birləşdirmək kimi mənasız və qəribə bir cəhd ucbatından narahatlıq doğururdu, amma o qəribə cavanın digər şeirləri poeziyanın cəh-cəh vurmaq əvəzinə, çığırtıyla hayqırması üçün rus dilinin lüğət tərkibini silkələrəyək şablon epitetlərin quluncunu qırdığı dövrdəki qədər canlı və fövqəladə idi. Oxucuların əksəriyyəti onun daha çox 50-ci illərin Rusiyasına xas olan azadlıq fikrini üstüörtülü, ancaq əzəmətli bəlağət fırtınasıyla ifadə etdiyi, bir tənqidçinin dediyi kimi, “sizə düşməni göstərməyən, ancaq savaşmaq hissiylə alışdıran” şeirlərini bəyənirdilər. Şəxsən mən “Qaraçı”, ya da “Yarasa” kimi daha saf, daha təsirli şeirlərini bəyənirəm.

Perovla bağlı bildiyimiz yeganə şey o idi ki, Luqa yaxınlığındakı ərazisində çay yetişdirən kiçik torpaq sahibinin oğludur. Gənc Konstantinin (bioqrafik ovqat yaratmaq üçün belə deyirəm) vaxtının çoxunu universitetə gedərək, katiblik işi axtararaq keçirdiyini az-çox bilirik – doğurdan da onun kimilərin ümumi meyillərindən çıxarılan bu cür əhəmiyyətsiz detallardan başqa əlimizdə heç nə yoxdur. Bir kitab evində onunla rastlaşmış olan məşhur şair Nekrasov məktublarındakı bir hissədə onu “uşaq kimi gözləri və hambal kimi çiyinləri olan”, qaradinməz, nataraz, “kobud və əsəbi” bir gənc şəklində təsvir edir.

Bir polis raportunda isə onun adı Nevski bulvarındakı bir kafedə “iki tələbəylə pıçıldaşaraq danışırdı” şəklində keçir. Deyilənə görə, Riqalı bir tacirlə evli olan bacısı da qardaşının dərzi və camaşırçı qızlarla gəzməyindən giley-güzar edirmiş. O, 1849-cu ilin payızında İspaniyaya səyahət etmək üçün atasından pul istəməyə gedib. Reaksiyası birbaşa olan atası onun sifətinə yağlı bir şillə vurub; bir neçə gün sonra isə zavallı oğlan yaxınlıqdakı bir çayda çimərkən boğulub. Paltarları və ağcaqayın ağacının dibində yarısı yeyilmiş bir alma tapılsa da, cəsədini heç vaxt tapa bilməyiblər.

Şöhrəti də çox yayılmayıb: bütün antologiyalarda “Gürcü gecələri”ndən sitat gətirilən eyni hissə; 1859-cu ildə onun ən zəif şeirlərindəki üstüörtülü inqilabi ruhu tərifləyən radikal tənqidçi Dobrolyubovun yazdığı sərt bir məqalə; 80-cı illərdəki mürtəce, mühafizəkar atmosferin özünü yaxşı ifadə edə bilməyən bir istedadın qabağını kəsdiyini və nəhayət onu məhv etdiyini deyən şablon fikirlər – vəssalam, vur-tut elə bunlar.

Bəzən sərt və darıxdırıcı siyasi dövrlərdə olduğu kimi, şeirə göstərilən marağın daha sağlam şəkildə formalaşdığı 90-cı illərdə də Perovun şeirlərini yenidən kəşf etmək təlaşı başladı, digər tərəfdən liberal düşüncəlilər də Dobrolyubovun nişan verdiyi istiqamətə qarşı çıxmadılar. Parklardan birində Perovun xatirəsinə bir abidə ucaltmaq üçün təşkil edilən xeyriyyə kampaniyası çox uğurlu oldu. Əhəmiyyətli naşirlərdən biri Perovun həyatıyla bağlı əldə olan yarım-yarımçıq məlumatları topladı və bütün əsərlərini xeyli qalın bircildlik şəklində çap etdi. Aylıq jurnallar bir neçə elmi məqalə ilə bu işə öz töhfələrini verdilər. Paytaxtın ən yaxşı salonlarından birində keçirilən anım gecəsinə xeyli adam yığışdı.

2.
Anım gecəsinin başlamasına bir neçə dəqiqə qalmış, çıxışçılar hələ komitənin səhnə arxasındakı otağında müzakirə apararkən qapı sərt şəkildə açıldı, (özünün, ya da başqasının çiynində daha gözəl günlər görmüş) bir pencək geymiş, sağlam bir qoca otağa daxil oldu. Qoca yaxasına lentli kart taxmış tələbə-nəzarətçinin onu dayandırmaq üçün etdiyi xəbərdarlığı bu qulağından alıb o biri qulağından verərək əmin addımlarla komitə nümayəndələrinə tərəf yeridi, əyilib salam verdi və “Mən Perovam” – dedi.

Məndən az qala iki dəfə yaşlı olan və hadisənin bugün yaşayan yeganə şahidi olan bir dostum (dəvətsiz qonaqlar məsələsində xeyli təcrübəli qəzet redaktorudur) komitə sədrinin başını belə qaldırmadan, “Bu qoca çölə çıxardın” deməsini xatırlayır. Heç kim onu çölə çıxarmadı – yəqin düşündülər ki, sərxoş bir qocaya hörmət etmək lazımdır. Qoca başa keçib oturdu və ən mülayim görünən adamı – Lonqfello, Heyne və Sulli-Prüdomun tərcüməçisi (sonradan terrorist bir təşkilatın nümayəndəsi olan) Slavinskini qaraladı, adi bir şeydən danışırmış kimi “abidə üçün pul”un yığılıb-yığılmadığını, əgər yığılıbsa, pulu nə vaxt götürə biləcəyini soruşdu.

Deyilənlərə görə, qoca bu tələbi fövqəladə bir sükunət içində etmişdi. İsrar da etmirdi. Yalançı hesab edilmək ehtimalının qəti fərqində deyilmiş kimi istəyindən söz saldı. Adama təsir eləyən bu qəribə hadisənin əvvəlində həmin qocanın hörmətə layiq saqqalı, işığı öləzimiş gözləri, içkidən qızarmış burnuyla qapalı qapılar arxasındakı bir otaqda, say-seçmə adamlar arasında oturaraq, xırda bir fırıldaqçı kimi saxta sübutlar səsləndirməyə belə ehtiyac hiss etmədən, sakitcə ianələrdən əlinə keçəcək məbləği soruşmasıydı.

Kimsə, “Qohumusunuz?” – deyə soruşdu. Qoca səbrlə cavab verdi: “Mənim adım Konstantin Konstantinoviç Perovdur. Deyilənə görə, qohumlarından kimsə salondadır, amma nə burada, nə salonda tanış kimisə gördüm. ”

Slavski soruşdu: “Neçə yaşındasınız?”

Qoca, “Yetmiş dörd, dalbadal bir neçə dəfə fələyə qurban getmişəm” – dedi.

Aktyor Yermakov, “Bu gecə yad etmək üçün yığışdığımız şairin bunda düz əlli il qabaq Ordej çayında boğulduğunu bilirsiniz, yəqin” – deyə dilləndi.

Qoca, “Cəfəngiyyatdır” – deyərək sərt cavab verdi. “Mən o fırıldağı bəzi xüsusi səbəblərə görə özüm uydurmuşdum.”

Sədr, “Əziz dostum, məncə, artıq həqiqətən getsəniz, pis olmaz.” – dedi.

Komitə üzvləri onu yaddan çıxardılar və həddindən artıq işıqlandırılmış səhnəyə, üzərində bir müddətdir parıltısı ilə tamaşaçıları hipnoz edən ənənəvi sürahisi, lazımlı sayda oturacağı olan, təntənəli qırmızı örtüklə bəzənmiş toplantı masasına tərəf addımladılar. Masanın sol tərəfində Şeremetevski Sənət Qalereyasının bu toplantı üçün borca verdiyi yağlı boya ilə çəkilmiş möhtəşəm bir tablo vardı: Şəkildə iyirmi iki yaşındakı Perov romantik tərzdə daranmış saçları, yaxası açıq köynəyiylə qaraşın bir dəliqanlı kimi görünürdü. Tablonun yerləşdirildiyi miz gözə batsın deyə çiçəklər və yarpaqlarla bəzədilmişdi. Qabaqda üstündə başqa bir sürahinin olduğu kürsü vardı, proqramın musiqili hissəsinə sıra gələndə səhnəyə qoyulacaq piano da yan tərəfdəki kulisdə gözləməkdəydi.

Salon ədəbiyyatçılar, ziyalı hüquqşünaslar, müəllimlər, elm adamları, qızlı-oğlanlı enerjili universitet tələbələri və bir-birinə oxşayan adamlarla dolu idi. Hökumət ən ciddi mədəni tədbirlərin belə qəfildən inqilabi propaqanda tamaşasına çevrilmək kimi qəribə şakəri olduğunu bildiyi üçün salonun ən gözə dəyməyən yerlərinə bir neçə mülkü polis yerləşdirmişdi. Perovun ilk şeirlərindən birində 1825-ci il üsyanına üstüörtülü də olsa, başa düşülən bir eyhamın olması müəyyən tədbirlərin görülməsinə ehtiyac yaratmışdı: “Sibir qarağaclarının kədərli uğultusu ilə yeraltındakı cövhərlər söhbətləşirlər” kimi misraların bir toplantıda dilə gətirilməsindən sonra nələrin ola biləcəyinə heç kim proqnoz verə bilməzdi.

Raportlardan birində dedildiyi kimi, “Çox geçmədən anlaşıldı ki, Dostoyevski xaosunu xatırladan vəziyyət (müəllif burada “Şeytanlar” romanındakı məşhur bir səhnəni düşünür) problem və gərginlik yaradıb.” Yaşlı kişinin bilərəkdən anım komitəsinin yeddi üzvünün dalınca düşərək səhnəyə çıxması, sonra isə onlarla birlikdə masaya oturmağa çalışması vəziyyəti qəlizləşdirdi. Tamaşaçıların qarşısında mübahisə etmək istəməyən komitə sədri qocanı masadan uzaqlaşdırmaq üçün əlindən gələni etdi. Sədr vəziyyəti salondakılara hiss etdirməmək üçün mədəni tərzdə gülümsədi və Slavskinin sakitcə, amma dəmir qısqac kimi möhkəm-möhkəm tutduğu və altdan-altdan qocanın köpəş, əyri-üyrü barmaqlarından qoparmağa çalışdığı stuldan əlini çəkməsə, onu çölə atacaqlarını pıçıldadı. Qoca deyiləni etmədi, ancaq stul əlindən çıxanda oturmağa yer tapmadı. Ətrafına boylandı, yan kulisdəki pianonun taburetini gördü və pərdə arxasındakı nəzarətçiyə fürsət vermədən, qaşla-göz arasında, soyuqqanlı şəkildə tabureti səhnəyə çəkdi. Komitənin masasından bir az aralıda əyləşdi və dərhal diqqət mərkəzinə çevrildi.

Komitə üzvləri ona fikir verməməklə ölümcül səhv etdilər: təkrar etməkdə fayda var, komitə üzvləri baş verə biləcək hər hansı hadisənin qarşısını almaq üçün çox canfəşanlıq edirdilər, üstəlik, tablonun düz yanındakı iriyarpaqlı mavi hortenziya çiçəyi də qocanı görməklərinə yarı-yarıya mane olurdu. Fəqət (fırlanan taburet olması dəqiqə başı cırıldamağından bəlli olan) özünə uyğun gəlməyən postamentdə əyləşmiş, eynəyinin sallaşan iplərini ağzını yumub-açaraq balıq kimi dala-qabağa üfürən, xeyli sakit və rahat görünüşü, hörmətə layiq başı, əprimiş qara kostyumu, yanları rezinli çəkmələriylə kasıb bir rus professorunu və imkanlı bir rus podratçısını xatırladan qoca kişi diqqət mərkəzindəydi.

Komitə sədri kürsüyə çıxdı və açılış nitqinə başladı. Tamaşaçılar arasında pıçhapıç düşmüşdü, çünki hamı bu qocanın kim olmasıyla maraqlanırdı. Eynəyini düzəldib əllərini dizlərində cütləyən qoca kişi çəpəki-çəpəki portretə baxdı, sonra başını çevirdi, baxışlarını qabaq sıralarda gəzdirdi. Onunla göz-gözə gələnlərin baxışları da istər-istəməz qocanın parıldayan keçəl başı ilə portretdəki qıvırcıq saçlı baş arasında gedib-gəlirdi; sədrin uzun çıxışı boyunca dəvətsiz qonağın xüsusiyyətləri yavaş-yavaş ortaya çıxırdı, bəzilərinin fikrində az qala əfsanəvi bir dövrə aid olan və dərs kitablarında da asanlıqla həmin dövrə sürgün edilmiş bir şair təsəvvürü, başqa əsrə aid bir məxluq, cahil bir balıqçının toruna düşmüş canlı bir fosil, ixtiyar çağında cavanlığının parıltısına həsr edilmiş darıxdırıcı toplantıya gələn Rip Van Vinkl obrazı canlanmağa başladı.

“...Perovun adı” – deyə çıxışının axırına gəldi komitə sədri, “düşünən Rusiyada heç unudulmasın. Tütçev demişdi ki, Puşkin ölkəmizdə həmişə ilk məhəbbət kimi xatırlanacaq. Perov üçün isə Rusiyanın azadlıq yollarındakı ilk təcrübəsi deyə bilərik. Mövzuya səthi yanaşan bir adama elə görünə bilər ki, bu azadlıq hissi Perovun xalqdan çox sənətçilərə cazibədar gələn poetik obrazlarındakı qroteskdən ibarətdir. Amma daha rasional bir nəslin təmsilçiləri olan bizlər onun bu misralarındakı dərin, həyati, humanist və ictimai mənanı çözməyə qadirik:

“Sonuncu qar qəbristanlıq divarının kölgəsində gizlənərək
qonşumun qaraşın atının tüklərini qısa ömürlü aprel günəşində
bir anlıq masmavi parıldadanda
və gölməçələr Torpağın Zənci ovuclarında
çoxsaylı cənnətlər kimi çoxalanda,
bax onda, ürəyim sıyrılar nimdaş mantiyasından
və qaçar yoxsullara, korlara, axmaqlara,
qaçar yekə qarınlara köləlik edən qozbel kürəklərə,
qaçar qardakı deşikləri, mavi atı, möcüzəvi gölməçələri görməyən
qayğıdan, ya da qəzəbdən kor olmuş bütün gözlərə tərəf".

Bu sözlər böyük alqış tufanıyla qarşılandı, amma birdənbirə alqış kəsildi, bir-iki yerdə pıqqıltı başladı; çünki bir az qabaq dediyi sözlərə görə hələ də vəcd içində olan sədr masaya qayıdarkən saqqallı qoca ayağa qalxdı, başını sarsaq-sarsaq əyərək, əlini nətər gəldi sallayaraq, formal təşəkkür ilə səbrsizliyi birləşdirən formada alqışlayanları salamladı. Slavski ilə bir neçə məsul şəxs onu səhnədən uzaqlaşdırmaq üçün ümidsizcəsinə cəhd etsələr də, tamaşaçıların arasından “Ayıbdır, ayıb!” və “Qocaya dəyməyin!” səsləri yüksəldi.

Raportlardan birində oxudum ki, tamaşaçıların arasında onun cinayət ortaqları vardı, amma məncə kütləvi qəzəb kimi birdən birə üzə çıxan kütləvi mərhəmət baş verənləri açıqlamaq üçün kifayətdir. Üç nəfərlə boğuşmalı olan qoca təmkinini qorudu və könülsüz müdaxiləçilər geri çəkiləndən və qoca boğuşma vaxtı aşan tabureti yerdən qaldırandan sonra salonda razılıq dolu bir pıçıltı gəzişdi. Ancaq həqiqət budur ki, yığıncağın atmosferi ümidsizcəsinə pozulmuşdu. Tamaşaçıların daha gənc və daha lağlağı olanları mırt tutmağa başladı. Əsəbdən burun deşikləri titrəyən sədr özünə böyük stəkanda su süzdü. İki mülkü polis salonun iki ayrı küncündən heç kimə bildirmədən baxışmağa başladı.

3.

Sədrin çıxışından sonra şəhəryanı parklardan birinə Perovun abidəsini qoymaq üçün müxtəlif müəssisələrdən və şəxslərdən yığılan məbləğ açıqlandı. Qoca qəti tələsmədən bir kağız-bir qələm çıxardıb dizlərinin üstündə açıqlanan məbləği yazmağa başladı. Sonra Perovun bacısı nəvəsinin qızını səhnəyə çıxartdılar. Bu qadın psixiatriya klinikasında melanxoliyadan müalicə alan, gonbul, bərəlmiş gözləri olan, mum kimi solğun bənizli olduğu üçün yığıncağı təşkil edənlər proqramın bu hissəsində bəzi problemlərlə qarşılaşdılar. Dodaqlarını büzən, başdan ayağacan adamın ürəyini sıxan çəhrayı paltar geyinmiş bu qadını tamaşaçılara qısa müddətlik göstərdikdən sonra, klinikanın təyin etdiyi bazburutlu bir qadın onu dartaraq içəri apardı.

O vaxtlar teatrsevərlərin sevimlisi, dram sənətinin əziz tenoru olan Yermakov krem-şokolad tamı verən səsiylə “Gürcü gecələri”ndən şahzadənin monoloqunu oxumağa başlayanda, onun ən böyük fanatlarının belə qiraətin gözəlliyindən çox qocanın reaksiyalarına diqqət kəsildiyi ortaya çıxdı.

Əgər mədən ölümsüzdürsə, onda hardasa bir yerdədir
Yeddinci doğum günümdə bağçada
İtirdiyim par-par parıldayan düyməm.
Haydı tapın o düyməni, tapın ki, ruhum anlasın
Hər ruhun xilas edildiyini, xatırlandığını və qiymətini aldığını – misralarını oxuyarkən, qoca ilk dəfə özünü saxlaya bilmədi, yavaşca iri bir dəsmal çıxarıb yüksək səslə burnunu təmizlədi – o səsdən sonra Yermakov duyğu dolu, almaz parlaqlığındakı gözlərini ürkək bir köhlən kimi qısaraq yanpörtü qocaya baxdı.

Dəsmalı pencəyini cibinə basdı və yalnız bundan sonra qabaq sırada əyləşənlər qocanın eynəyi altından axan göz yaşlarını gördülər. Qoca kişi göz yaşlarını silməyə çalışmadı, barmaqlarını pəncə kimi açaraq əllərini bir neçə dəfə eynəyinə tərəf aparsa da, (düz əsərin kuliminasiya nöqtəsində) salondakıların diqqətini göz yaşlarına çəkməkdən qorxaraq əllərini aşağı saldı. Şeir bitdikdən sonra qopan alqış fırtınası Yermakovun qiraətindəki ustalığa yox, qocanın hərəkətlərinə göstərilən hörmətin işarəsiydi. Alqışlar kəsən kimi qoca ayağa qalxdı, səhnəni qabağına addımladı.

Komitədəkilər onu dayandırmaq üçün heç bir cəhd göstərmədilər, bunun iki səbəbi vardı. Birincisi, qocanın gözə batan davranışları ucbatından əsəb keçirən sədr qısa müddətliyinə salondan çıxmış və kiməsə əmr vermişdi. İkincisi isə bu qəribə şübhələr xaosu yığıncağın təşkilatçılarını heydən salmış, cəsarətlərini qırmışdı, buna görə də qoca kürsüyə dirsəklərini qoyanda salon sükuta qərq oldu.

Qoca, “Bax, şöhrət budur” deyə boğuq səslə danışmağa başlayanda, arxa sıralardan “Eşidilmir, bir az bərkdən!” xəbərdarlığı gəldi.

Qoca eynəyinin altından tamaşaçılara tərs-tərs baxaraq, “Deyirəm ki, bax şöhrət budur; bir neçə əhəmiyyətsiz şeir, təmtəraqlı söz və beləcə, bir insanın adı bəşəriyyətə faydalı kəs kimi çəkilir! Xeyr, bəylər, özünüzü aldatmayın. İmperiyamız və Çar atamız dondurucu şimşəyə bənzəyən zəbt olunmaz gücüylə indiyə qədər olduğu kimi, bundan sonra da dimdik ayaqda qalacaq, yarım əsr əvvəl üsyankar misralar qaralayan o yolunu azmış gənc isə indi dürüst vətəndaşların hörmət etdiyi, özü də qayda-qanuna hörmət bir qocadır. Bunu da əlavə edim ki, sizin qayğınıza ehtiyacı olan bir qoca. Mən təbiət qüvvələrinin qurbanıyam: alın tərimlə şumladığım torpağın, yedirtdiyim quzuların, qızılı sünbüllərini yelləyərkən tamaşa etdiyim buğdanın...”

Bu vaxt div kimi bazburutlu iki polis tez-bazar şəkildə və asanlıqla qocanı ordan uzaqlaşdırdı. Tamaşaçılar bircə anın içində köynəyinin yaxalığı bir yanda, saqqalı o biri yanda, qolundan manjeti süzülmüş, amma baxışları hələ də təmkinini və sakitliyini qoruyan qocanın çölə atılmağını seyr etdilər.

Qabaqcıl gündəlik qəzetlər anım tədbirindəki qanqaraçılıq yaradan “üzücü hadisə”ni bir cümlə ilə ötüşdürdülər. Amma Xerstov Qardaşlarının alt-orta sinfə və savadlılığı aşağı olan fəhlə təbəqəsinə xitab edən, sərt və reaksioner olduğu üçün etibarsız hesab edilən “Sankt-Peterburq raportu” qəzeti silsilə məqalələr çap edərək “üzücü hadisə”nin elə-belə məsələ olmadığını yazdı.

4.

Bu ərəfədə evi səyyar keşişlər, şarlatan həkimlər və Yəhudilərə qarşı zorakılıq göstərən “poqromçu”larla dolu olan, xeyli dərəcədə imkanlı, xeyli dərəcədə görməmiş və ekssentrik bir tip olan tacir Qromov qocanı himayəsinə götürmüşdü. “Raport” qəzetində saxta şairlə müsahibələr çap olundu. Qoca bu müsahibələrdə kimliyinə böhtan ataraq pulunu oğurlayan “inqilabçı partiyanın” çəpik çalanlarına sərt sözlər demişdi. Qoca iddia edirdi ki, yığılan pul seçilmiş əsərlərinin qanuni müəllifi kimi ona çatmalıdır. Qromovun evində yaşayanlardan əyyaş bir elm adamı qocanın həyatdakə sifət cizgiləri ilə portretdəki cizgiləri arasındakı (tərs kimi xeyli maraqlı olan) oxşarlığa diqqət çəkdi.

Qocanın Müqəddəs Rusiyanın bağrında xristian həyatı sürmək üçün intihar fırıldağına əl atması kimi inanılmaz, məntiqsiz bir iddia da detallı şəkildə mətbuatda özünə yer tapdı. Görmədiyi iş qalmamışdı: səyyar satıcılıq, quşçuluq, Volqa üzərindəki bir təknədə avarçəkən və nəhayət uzaq bir qəsəbədə kiçik bir ərazi satın almışdı. Dilənçilərin küçədə titrəyə-titrəyə “Markiz de Sadın macəraları”, “Bir Amazonun xatirələri” ilə birlikdə satdığı “Konstantin Perovun ölməsi və dirilməsi” adlı kitabçanı şəxsən özüm görmüşəm.

Amma köhnə sənədləri qurdalayanda tapdığım ən maraqlı şey saqqallı şarlatanı yarpaqsız bir parkdakı yarımçıq Perov abidəsinin pyedestalı üstündə göstərən ləkəli fotodur. Qollarını cütləyib dimdik dayanmışdı, başında kürk kalpak, ayağında təzə rezin çəkmələr vardı, amma paltosuz idi; dəstəkçilərindən bir qrup dizinin dibində oturmuş və balaca, ağappaq sifətlərini daş-qalaq etməyə hazır olan kütlələri təsvir edən köhnə fotolardakı kimi özlərindən əmin şəkildə kameraya çevirmişdilər.

Bu ədəbaz sərsərilik və əks-inqilabi özünəvurğunluq atmosferində (Çarın adı istər Aleksandr, istər Nikolay, istərsə də Co olsun, Rusiyanı idarə edənlərin dünyagörüşləriylə yaxından bağlı olan bu atmosferdə) şeirlərində atəşli, saf, inqilabi fikirləri ifadə edən Perov ilə əhənglənmiş bir donuz damında yatıb-duran bayağı bir qocanı eyniləşdirmək ziyalılara inanılmaz gəlirdi. İşin faciə tərəfi Qromov da, Xerstov Qardaşları da əylənib keflərini açan qocanın həqiqi Perov olduğunu həqiqətən inanmazdırlar, ancaq xeyli dürüst, mədəni insan göz ardı edilənin, çölə qovulanın əslində Həqiqət və Ədalət olduğuna özlərini inanmışdılar.

Slavskinin qısa müddət əvvəl Korolenkoya yazdığı məktubda dediyi kimi: “İnsan keçmişdəki böyük bir şairi Lazar kimi dirildən taleyin tarixdə tayı-bərabəri olmayan lütfünün nankorcasına göz ardı edildiyini – daha da betəri, yeganə günahı yarım əsr susmaq və bir neçə dəqiqə şövqlə danışmaq olan birinin saxtakarlıqla ittiham edildiyini düşünəndə dəhşətə gəlir.” Sözlər bir az qarışıq olsa da, mahiyyət aydındır: İntellektual Rusiya dəhşətli bir səhvi qəbul etmək əvəzinə, heç nəyə baxmadan bir fırıldağın qurbanı olmağı seçmişdi. Amma o Rusiyanın hələ də qorxduğu bir şey vardı, o da idealın yox olmasıydı; çünki sizin radikal fikirliləriniz, nə qədər şübhəli və məchul olsa da, radikalizmin müqəddəsləşdirdiyi bir neçə əhəmiyyətsiz, dəyərsiz şeydən başqa hər şeyi dağıtmağa hazırdır.

Şayiələrə görə, Rus Ədəbiyyatını İnkişafetdirmə Dərnəyinin gizli yığıncaqlarından birində mütəxəssislər qocanın fasiləsiz şəkildə göndərməyə davam etdiyi həqarət dolu məktublarla şairin gəncliyində yazdığı çox köhnə bir məktubu diqqətlə tutuşdurdular. Belə hesab edilirdi ki, xüsusi arxivdə olan məktub Perovun yeganə əl yazısıdır və diqqətlə məktubun solmuş mürəkkəbinə fokuslanan elm adamlarından başqa heç kim bu məktubun varlığından xəbərdar deyildi. Onların araşdırmasının nəticəsini biz də bilmirik.

Bir başqa şayiəyə görə, böyük məbləğdə pul yığıldı və onun abırsız dostlarından xəbərsiz şəkildə qocanın özünə çatdırıldı. Görünür, dərhal kəndə qayıtması və sakitcə özünü unutdurması üçün ona heç də az olmayan aylıq maaş təklif edilmişdi. Yenə deyilənə görə, qoca bu təklifi qəbul etdi, çünki qəfildən ortaya çıxdığı kimi, qəfildən qeybə çəkildi; Qromov bu ev heyvanının yoxa çıxmasından yaşadığı kədəri unutmaq, özünü ovutmaq üçün bir-iki ildən sonra Sarayda müəyyən uğur qazanacaq fransız əsilli, mübahisəli bir hipnozçunu evində saxlamağa başladı.

Şairin abidəsi planlaşdırıldığı kimi təntənəylə açıldı və oralardakı göyərçinlər sevimli yerinə çevrildi. Seçilmiş əsərlərinin dördüncü nəşrinin satışı sakitcə yekunlaşdı. Nəhayət bir neçə il sonra Perovun anadan olduğu bölgənin ən ağıllısı olmasa da, ən qocası olan bir kişi jurnalist bir xanıma atasının çayın qamışlıq hissəsində bir skelet tapmasından danışdı.

5.
Əgər torpağın altında mürgüləyən körpə bitkilərin bəyaz kökləri və iri, göy qurdlarıyla birlikdə məhsuldar torpaqları alt-üst İnqilab gəlməsəydi, iş elə belə də qalacaqdı. İyirminci illərin əvvəllərində tutqun, ac-yalavac, ancaq anormal bir hərəkətlilik içində olan şəhərdə (məşhur, ancaq yoxsul yazıçıların öz kitablarını satdığı kitab evləri və oxşar yerlər) müxtəlif mədəni qurumlar göbələk kimi ortaya çıxanda, kimsə balaca bir Perov muzeyi düzəldərək bir neçə ay özünə dolanışıq düz-qoş elədi, bu da şairin yenidən dirilməyinə təkan verdi.

Muzeydə nə sərgilənirdi? Ağlınız gələn hər şey, məktubdan başqa. Köhnə-külüş bir salonda sərgilənən nimdaş keçmiş. Dəyərli Şeremetevskinin çəkdiyi portretdəki (yaxasının açıq yerindən görünən boğazında şairin başını qopartmaq niyyəti sezilən bir cızıq var idi) kəllənin oval gözləri və qəhvəyi tellər; “Gürcü gecələri”nin Nekrasova aid olduğu fərz edilən kopyası; şairin ata evininin və bostanının olduğu yerdə tikilmiş kənd məktəbinin solğun fotosu. Muzeyə gələn bir ziyarətçinin yaddan çıxartdığı köhnə bir əlcək. Perovun kitabının mümkün qədər geniş sahəni əhatə etmək üçün dağınıq şəkildə ora-bura atılmış müxtəlif nəşrləri.

Bütün bu dəyərsiz qalıqlar xoşbəxt bir tablo əmələ gətirmədiyi üçün məşhur bir radikal tənqidçinin rokoko üslubundakı otağında geyindiyi xalat və ona Sibirdəki taxta həbsxanada taxılan qandallar kimi həmin dövrə aid bir neçə başqa əşya da eksponatlara əlavə olunmuşdu. Ancaq bunlar da, dövrün müxtəlif yazıçılarının portretləri də muzeyi doldurmağa kifayət etmədiyi üçün Rusiyada (qırxıncı illərdə Sankt-Peterburq ilə Çarskoye Selo arasında) işə salınan ilk qatarın böyük maketi də o tutqun otağın tən ortasına yerləşdirilmişdi.

Artıq doxsanı keçmiş, ancaq hələ də səlis danışan, dik qamətini saxlayan qoca bir kişi oranın nəzarətçisi yox, ev sahibi kimi sizə muzeyi gəzdirirdi. Adama elə gəlirdi ki, qoca sizi bir azdan şam yeməyi veriləcək (mövcud olmayan) növbəti otağa aparacaq. Halbuki əslində bütün var-yoxu bir şırmanın arxasındakı bir soba və üstündə yatdığı sədirdən ibarət idi, amma muzeyin girişində satılan kitablardan birini alsanız çox təbii ədayla onu sizin üçün imzalayardı.

Bir səhər yemək gətirən qadın onu sədirin üstündə ölü tapdı. Muzeydə bir müddət üç dalaşqan ailə yaşadı, çox keçmədi ki, ordakı eskponatlardan heç nə qalmadı. Sanki azman bir əl qulaqbatıran bir səslə kitablardan topa-topa səhifələri qoparmış, ya da sanki ağlı havada olan bir hekayə müəllifi reallığın mayasına bədiiliyin dəcəlliyini qatmışdı, ya da sanki...

Amma qəti əhəmiyyəti yoxdur. Sonrakı iyirmi il içində Rusiya bu ya da digər şəkildə Perovun şeirləriylə olan bütün əlaqəsini itirdi. Gənc Sovet vətəndaşları onun əsərləri haqqında mənim əsərlərindən də az şey bilirlər. Heç şübhəsiz ki, əsərlərinin yenidən çap olunacağı və yenidən heyranlıq oyandıracağı bir dövr gələcək, yenə də bugünkü şəraitdə insanların çox şey itirdiklərini düşünməmək olmur. Üstəlik, adama maraqlı gəlir ki, görəsən gələcək tarixçilər o qoca kişiyə və onun qeyri-adi iddiasına hansı mənaları yükləyəcəklər. Ancaq təbii ki, bu ikinci dərəcəli məsələdir.

Tərcümə edən: Qismət

# 2770 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #