Fevraldı... Qələmə sarıl da ağla... - Nobeldən imtina edən şairin şeirləri 

Fevraldı... Qələmə sarıl da ağla... - Nobeldən imtina edən şairin şeirləri 
10 fevral 2021
# 17:15

Bu gün Nobel mükafatından imtina edən dahi şair Boris Pasternakın doğum günüdür. Kulis.az bu münasibətlə onun dilimizə tərcümə edilmiş şeirlərindən bir neçəsini təqdim edir.

Qış gecəsi

Ağarırdı, ağarırdı yer üzü,
ağarırdı başdan-başa.
Stol üstə şam yanırdı,
Yanırdı, yanırdı şam.

Yayda hünü beçələri
necə ki oda çırpılar –
Pəncərənin işığına
çırpılırdı yağan qar.

Aynalarda iz qalırdı
Ürəyə, oxa oxşar.
Stol üstə şam yanırdı,
Yanırdı, yanırdı şam.

Çarpazlaşan əl-ayağın,
Çarpazlaşan talelərin
İşıqlaşmış tavan boyu
Uzanırdı kölgələri.

Bir cüt başmaq düşürdü
Döşəməyə ahəstə.
Axırdı şamın göz yaşı
Bir qadın donu üstə...

Qarlı çəndə itirdi
Ağ da, boz da hər axşam.
Stol üstə şam yanırdı,
Yanırdı, yanırdı şam...

Hər dəfə çəkilən ah
Dəyincə şamın oduna;
Od dönürdü xaç şəkilli
bir cüt mələk qanadına...

Yer üzü fevral boyunca
Ağarırdı başdan-başa.
Stol üstə şam yanırdı,
Yanırdı, yanırdı şam...

Tərcümə: Zahid Sarıtorpaq

No description available.

Hamlet

Küy bitdi. Çıxdım mən səhnəyə,
Qapının tirinə söykəli durdum.
Qulaq kəsilərək uzaq bir səsə
Nolacaq əsrimin taleyi duydum.

Mənə zillənibdi qaranlıq gecə
Min durbin gözünün zərrəbiniylə.
Əgər mümkündürsə, sən, Avva Otçe
Uzaq tut qədəri, məndən dəf elə.

Sevirəm sənin bu inad yazını,
Hazıram hər rolu oynamağa da.
Amma bu indiki başqa yazıdır
Bu dəfə məzur tut, məni bağışla.

Bəllidi hər kəsin hər bir addımı,
Həm də mümkün deyil sonluqdan qaçmaq.
Mən təkəm, şəbehdə boğulur hamı,
Yol adlamaq deyil ömür yaşamaq.

Tərcümə: Səlim Babullaoğlu

Nobel

Qovulub üzülmüş vəhşiyəm daha,
Hardasa insanlar işıqda, sərbəst.
Düşüblər dalıma hayla, harayla,
Qaldıra bilmirəm başımı mənsə.

Gölməçə qırağı, meşə qaranlıq,
Kəsilib yıxılmış küknarın tiri.
Hər yerdən, hər yerə yolum bağlanıb,
Nə olur, qoy olsun, vecimə deyil.

Axı nə xəbislik törətmişəm mən,
Bəlkə bədəmələm, qatiləm ya da?
Doğma torpağımı tərənnüm edən,
Şeirimi oxuyub aləm ağladı.

Dursam da məzarın astanasında,
Fəqət inanıram, gələr bir zaman –
Xeyir, xeyirxahlıq ruhu sarsıdar,
Rəzillik və kinin gücünü hökmən.

Tərcümə: Xeyrulla Xəyal

***

Fevraldı... Qələmə sarıl da ağla...
Hönkürə-hönkürə yaz fevral haqda.
Hələ ki, tökülən yağmur da yanır,
Qaralır qara yaz çatan ocaqda.

Yenə fayton saxla altı quruşa
Kilsə zənglərindən keçib meh tək əs...
Yenə mürəkkəbdən, göz yaşlarından,
Leysanlar gur olan yerlərə tələs...

Harda ki, qurumuş meyvələr kimi,
Yağır budaqlardan min-min dolaşa;
Gözlərin dibində quruyan kədər
Bir göz qırpımında düşür yağışa.

Harda ki, küləklər çırpınır, ötür,
Qaralır bir ucdan qar əriyən yer.
Təsadüf olsa da orda nə qədər,
Haqdır hönkürtüylə yazılan şeir.

Tərcümə: Zahid Sarıtorpaq

Eh, əgər bilsəydim mən o sıralar

Eh, əgər bilsəydim mən o sıralar,
Hələ lap əvvəldən belə olurmuş,
Qanlıymış, qatilmiş demə misralar,
Dolub boğazına səni boğurmuş.

Belə iç üzüylə bu zarafatdan
Qəti vaz keçərdim onda əlbəttə.
İndi çox keçibdi həmin o vaxtdan,
Keçmişdə qalan o ürkək həvəsdən.

Amma qocalıq da sanki Romadır:
Nə hap-gop istəyir, o aktyordan,
Nə bərkdən, ürəkdən mətn oxumağı -
Canı fəda istər gerçək, doğurdan.

Misranın sahibi hisslər olanda
O sanki meydana qara qul salır.
Qurtarır hər yapma sənət o anda,
Torpaq nəfəs alır, tale yaşanır.

Tərcümə: Səlim Babullaoğlu

# 2750 dəfə oxunub

Müəllifin son yazıları

# # #