Bu yağan yağışlar sevgidən yağır

Bu yağan yağışlar sevgidən yağır
27 oktyabr 2014
# 14:04


Təsadüf görüş

Təsadüfən yenə gəldik üz-üzə,

Yerişlərin, baxışların tanışdı.

Hər ikimiz lal olduq, danışmadıq,

Dilin susdu, o gözlərin danışdı.

Necə keçdi ömrümüzdən, bilmədik,

O həftələr, o fəsillər, əzizim.

Sanki illər ömrümüzdən ötməyə,

Can atırlar, tələsirlər, əzizim.

Keçən keçdi, olan oldu bizlərə,

Təkcə bizə xatirələr qalacaq.

Şirin sevgi...acı hicran...göz yaşı,

Bax taleyə, gör ki nələr qalacaq.

Təsadüfən yenə gəldik üz-üzə,

Bu gözlərim gözlərimlə baxışdı.

Çətin yenə biz görüşək, əzizim,

Ürək oda düşüb, yanıb, alışdı.

Sevgi yağışları

Yenə yağış yağır-narın yağışlar,
Görüşə gedirəm əllərimdə gül.
Yenə qara gözlər, yenə baxışlar,
Tələsir görüşə, tələsir könül.

Bu yağan yağışlar sevgidən yağır,
Sanki yağışlar da yerlə danışır.
Görüşə gedirəm, yollar nə ağır.
Ürək təbiətlə küsüb, barışır.

Bu yağan yağışlar birdən isladar,
Yolumu gözləyən gözəl yarımı.
Mən qurban edərəm-nə qədər eşq var,
O gəzəl yarıma dövlət, varımı.

Yağan yağışlar da nəğmə oxuyur,
Bizim eşqimizə, saf məhəbbətə.
Sanki göyün üzü çələng toxuyur,
Bu günüm dönübdür bir hekayətə.

Buludla örtülüb göylərin üzü,
Yağışlar da yağır, yenə yağacaq.
Bu yağan yağışlar sevginin özü,
Sevgi olan yerdə günəş doğacaq.

Yenə yağış yağır-narın yağışlar,
Nə yollar yorulur, nə göy yuxulu.
Hər yağış damlası sevgi bağışlar,
Məhəbbət qoxulu, sevda qoxulu.

Bu yağan yağışlar sevən qəlbimin,
Göydən yerə düşən yağışlarıdır.
Bəlkə yağış deyil, bu, sevgilimin,
Yolumu gözləyən baxışlarıdır.

Mən həqiqət yazdım, yalan yazmadım,
Bu dünya özü də həqiqət imiş.
Getdiyim bu yolda bir an azmadım,
Dünyada doğru yol məhəbbət imiş.

Dünyada sözüm qalacaq

Bu müqəddəs torpağa söz səpəcəm,

Bu Vətənin hər daşından öpəcəm.

Qartal kimi göylərindən ötəcəm,

Mənim bu dünyada sözüm qalacaq.

Günəş tək qəlbləri isindirəcəm,

Ağlayan gözləri sevindirəcəm.

Nəğmə olub, dodaqlarda gəzəcəm,

Mənim bu dünyada sözüm qalacaq.

Ümidlərim çiçək olub, açacaq

Arzularım qanad çalıb, uçacaq.

Vətən mənə öz qoynunu açacaq,

Mənim bu dünyada sözüm qalacaq.

Hər yağış damlası mənim səsimdir,

Bu taleyin hər qisməti bəsimdir.

Dünyada silinməz qalan izimdir,

Mənim bu dünyada sözüm qalacaq.

Ey insan!

Bir insan qəlbini qırmağa nə var?

Bir acı söz ilə qırılar gedər.

Çalış ki, hər kəsə sevinc bəxş elə,

Dünyada heç kəsə vermə qəm, kədər.

Bu dünya mülayim, həm də sərt olur,

Əzaba dözən kəs təkcə mərd olur.

Həyat beş gün şirin, beş gün dərd olur,

Ağılla, kamalla yaşa bir təhər.

Elə qur, elə gör həyatda işi,

Fəxrlə xatırla ötən keçmişi.

Mərd olsun həyatda gərək hər kişi,

Heç kəsin suyuna qatma sən zəhər.

Dünyada hər işə səbir edənlər,

Ömür yollarını doğru gedənlər,

Qəlbində Tanrıya şükür deyənlər,

Demək ki ömrünü sürməyib hədər.

Bəzən rast gəlirik böhtan atana,

Mələk donundakı neçə şeytana.

Anar haray çəkir bütün cahana,

İblislik, şeytanlıq daha bəs, yetər!

# 1962 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #