Əli Səfəroğlu olduqca həssas, kövrək və diqqətcil bir şair, insan idi. Çox erkən atasını itirmişdi. Atası Səfər müəllim dil və ədəbiyyatdan dərs deyirdi. Çox hörmətli, nüfuzlu bir adam olmaqla bərabər yazı-pozu ilə məşğul olardı. Elə bir yığıncaq, təntənə, bayram olmazdı ki, o orada iştirak etməsin. Çıxışlarını da şeirlə yekunlaşdırardı. Səfər müəllim 36 yaşında vəfat etdi. Orta məktəbi yenicə bitirən Əli ailənin böyük övladı idi. Yeddi uşaqla qoca və əlil babasının himayəsi ilə birtəhər təhsil alır... Bəlkə də qədərindən artıq kövrək olması, həssas və diqqətcil olması bu səbəblərdən idi... Sonralar cavan övladını itirməsi onsuz da “nazik” olan qəlbini bir az da “nazikləşdirdi”.
Bu dünya sinəmə vurdu çox yara,
Kimə neyləmişdim mən bəxti qara?
Xəstə uşağıma olmadı çara,
Davasız-dərmansız qalanda bildim.
Əli Səfəroğlu gördüklərinə, müşahidə etdiklərinə biganə qala bilməyən kövrək qəlbi ilə oxucunu da duyğulandırır. Ağlama şəhid balası şeirinə nəzər yetirək:
Bu dünyanın işlərinə,
Qara-qara daşlarına,
Güc gəlib göz yaşlarına
Ağlama, şəhid balası!
Sənin atan cavan gedib,
Ürəyində güman gedib.
Bu torpağa qurban gedib,
Ağlama, şəhid balası!
Yetim qalan körpə quzu,
Səsin tutub çölü, düzü.
Ağlayıb ağlatma bizi,
Ağlama, şəhid balası!
Nə qismətdir götürüb ye,
Öz yurdunda oturub ye.
Bir quru əlcə çörəyi,
Göz yaşına batırıb ye,
Ağlama, şəhid balası!
Mətin olar yetim qalan,
Vətən sənin anan-atan.
Səfəroğlu sənə qurban,
Ağlama, şəhid balası!
Ağlama, şəhid balası!
Xalq dastanları poeziyanın cövhəridir, onun damarlarının qanıdır, onun qollarıdır. Bu dastanlar xalqın düşüncələri, arzuları, niyyətləri, yaşadıqları real həyatdakı münasibətləri, ağrıları, acıları xalqın əbədiyaşar şifahi bədii sənətinin inciləridir. Bütün bunlara münasibətdə adekvat olmalıdır. Gözəl, yaxşı şeyə sevinərlər, ağrıya-acıya kədərlənərlər. İlahi təbiətdən, Tanrıdan verilmiş fitri qabiliyyətli Ə.Səfəroğlu “Yanıq Kərəmi”yə oynama, qardaş” şeirində də məhz bunu arzulayır, istəyir və tələb edir. Ağrıya, acıya, kədərə oynamazlar axı.
Başınıza dönüm, toya gələnlər,
Ay gözəl xanımlar, qızlar, gəlinlər.
Ay igid oğullar, ərlər, ərənlər,
Dinləyin dərdimi siz yavaş-yavaş,
“Yanıq Kərəmi”yə oynama qardaş!..
Zalım fələk yaman qəsdə durubdu,
Sevgi yolu çox yolçular yorubdu,
Qara keşiş elə qurğu qurubdu,
Bu boyda məmləkət qalıbdı çaş-baş,
“Yanıq Kərəmi”yə oynama qardaş!..
Neçə əsrdir ki, bir bədbəxt yanır,
İlahi bir sevgi, məhəbbət yanır.
Kərəm libasında Ədalət yanır,
Soyuq könülləri soyudaydı kaş,
“Yanıq Kərəmi”yə oynama qardaş!..
Sinələri çarpaz dağlamaq gərək,
Başımıza qara bağlamaq gərək,
“Yanıq Kərəmi”yə ağlamaq gərək,
Saz da haray salıb, tökür qanlı yaş,
“Yanıq Kərəmi”yə oynama qardaş!..
Təkcə Kərəm deyil, xalqdı bu yanan,
Külünün içindən qalxdı bu yanan.
Əli Səfəroğlu, haqdı bu yana.
Allah qeyzə gələr, göydən yağar daş,
“Yanıq Kərəmi”yə oynama qardaş!..
“Yanıq Kərəmi”yə oynama qardaş!..
Əli Səfəroğlu yaradıcılığında həqiqət işıq kimi səmimidir, onun yaradıcılığında həqiqət bəzəyi, təmtərağı sevmir, necə var eləcə də oxucuya çatdırmağa çalışır. Həqiqət sərt gözəllikdir, çox vaxt o rəğbətə malik olmasa belə. Gördüyünü olduğu kimi yazmaq, çatdırmaq qabiliyyəti, istedadı elə bir uca dağ zirvəsidir ki, hətta yalanlar, böhtanlar nə qədər böyük olsa da, “ustalıqla” səsləndirilsə də uca dağ zirvəsinin kölgəsində qalmağa məhkumdur.
Qəribə zəmanə gəlib, a dostlar,
Təpəni çəkirlər dağ hesabına,
Allahın qoyduğu qayda pozulur,
Qaranı yazırlar ağ hesabına.
Kimə güvənirsən, itirir zəndi,
Çoxları işlədir fitnəni, fəndi.
Hələ mən demirəm şəkəri, qəndi,
Şoru da satırlar yağ hesabına.
Səfəroğlu deyər hey yana-yana,
Haramxorluq nə vaxt çıxıb meydana?
Saxtalıq o qədər işləyib qana,
Ölülər pul alır sağ hesabına.
Şairə görə şirin həqiqət və şirin dərman yoxdur. Bütün dövrlərdə belə olub, həqiqəti boğmaq üçün qəzəb ən yaxşı üsul kimi seçilib. Yaradıcılıqda düz və dəqiq olmaq elə yüksək əxlaqi keyfiyyətdir ki, oxucu bir meyar kimi – kompasın əqrəbləri qütb istiqamətinə meylli olduğu kimi – həmin şairin, sənətkarın yaradıcılığına meylli olur.
Həyatda hər şeyə faciə demə,
Faciə gözlərdə yaş olmasıdır.
Saçın olmaması faciə deyil,
Faciə kəllənin boş olmasıdır.
Faciə odur ki, azala qeyrət,
Tapdana heysiyyət, şərəf, ləyaqət.
Faciə odur ki, itə ədalət,
Faciə ürəyin daş olmasıdır.
Faciə odur ki sönə ulduzun,
Üzünə qayıda oğulun, qızın,
Faciə odur ki, kəsilə ruzun,
Faciə baharın qış olmasıdır.
Faciə odur ki, dərdimiz çoxdur,
Səfəroğlunu da yandırıb-yaxdı.
Faciə odur ki, güc gəlib vaxtı,
Faciə nadanın baş olmasıdır.
Həqiqət qızıl gül kimi tikanlıdır. Tikanlı olduğu üçün hər adam onu üzmək iqtidarında deyil.
İnsan bu dünyaya gəldiyi zaman,
Əvvəlcə gözünə yaş qoyur fələk.
Kiminin naxışı bəd gəlir, heyif,
Kiminin zərinə şeş qoyur fələk...
Belə davam edir həyat əzəldən,
Öləndə seçilir kifir gözəldən.
Papaqlar olsa da vallah qızıldan,
Yenə də axırda boş qoyur fələk.
Hamımızı ələk kimi ələyir,
Öləndə də uşaq kimi bələyir.
Məzar var ki, ziyarətgah eyləyir,
Məzar var bir əlcə daş qoyur fələk.
Əli Səfəroğlu Vətənimizdə - müstəqil Azərbaycanda, onun ayrılmaz bir parçası, gözəl bir guşəsi olan Qarabağ torpaqlarında ədalətsizcəsinə, vəhşicəsinə axan qanlara, Xocalı qırğınına, tökülən qanlı göz yaşlarına dözə bilmir, fəryad qoparır, qaniçən erməni cəlladlarını lənətləyir, onların iç üzlərini məharətlə açıb göstərir. Özgə torpağına göz dikən, erməni qəsbkarlarının hansı sifətin, mənəviyyatın, sahibi olduğunu qələmə alır.
Mənim torpağımda yurd-yuva qurdu,
Səfalı yerlərdə yedi, qudurdu.
Axırda yabı tək üzümə durdu,
Dedi ki, mənimdir yer köpəyoğlu.
Azəri yurdudur bu yurdun adı,
Qalıb damağında deyəsən dadı.
İvana, Petroya verdin arvadı,
Üstəlik qızı da ver köpəyoğlu.
İgityan, Dadamyan, bir də Paqosyan,
Saldı ortalığa gör nə boyda qan?!
Çoxuna zor gəlib Zori Balayan,
Bizə gələ bilməz zor köpəyoğlu.
Keçdi var-dövlətdən, keçdi daş-qaşdan,
Rayanı, Mişanı elədi başdan.
Gördü bir şey çıxmır bu yönsüz işdən,
Axırda gətirib çəp köpəyoğlu.
Bu dərdi götürməz dəvə də, nər də,
Atdılar xalqıma böhtan da, şər də.
Ələsgərin qəbri dağlan yerdə.
Gələydi gözünə tor köpəyoğlu.
Bunların fikri var, tutsun cahanı,
Tökdülər nə qədər günahsız qanı.
Basıb yeyirdilər Azərbaycanı,
Daşnak törəməsi, hər köpəyoğlu.
Haqsızlıq götürməz qanun, şəriət,
Bu zülmü görməyib dünya, təbiət.
Allahın qəzəbi coşdu nəhayət.
Gəldi təlatümə yer, köpəyoğlu.
Xəzinə-xəzinə pul tapıbdılar,
Neçə vicdansızla dil tapıbdılar.
Gedib senata da yol tapıbdılar,
İndi də Ağ evdən hür, köpəyoğlu.
Səfəroğlu deyir etsə də zülmün,
Keçirdə bilmədi fitnəsin, felin.
Koroğlu yurdudur, bu torpaq, bilin,
Onu ala bilməz hər köpəyoğlu!
Vətənini, torpağını sevən şair gec-tez alınan torpaqların geriyə qaytarılmasına inanır. Ona görə də bu gözəl məqsədlər və müqəddəs əməllər naminə, ölüm qarşısında belə əyilməyərək cəngavər iradəsiylə ləyaqətlə mübarizə aparmağa hazır olan milli ordumuzun igid əsgərlərinə xitabən yazır:
Ey Vətəni ana bilən oğullar,
Bu ananın qeyrətini qoruyun!
Yurdumuzun əsrlərlə yaşayan,
Dürlü-dürlü adətini qoruyun.
Qoymayın ki ləkə gəlsin bizlərə,
Sadiq olun çörəklərə, duzlara.
Qardaş gözü ilə baxın qızlara,
Gəlinlərin ismətini qoruyun.
Talançılar aşıbdırlar son həddi,
Qazanc yolu eləyiblər sərhəddi.
Sərhəd gərək bir hədd ola – Çin səddi,
Məmləkətin sərvətini qoruyun.
Səfəroğlu sizinlədir, mərd olun,
Namərdlərin ürəyinə dərd olun.
Döyüşlərdə pələng olun, qurd olun,
Azərbaycan dövlətini qoruyun!
Şairin anası Mehri xanım çox cavan ikən ömür-gün yoldaşını itirsə də, əyilmədi, sınmadı, bütün əzabları, əziyyətləri yaşaya-yaşaya, uşaqlarını böyüdüb ərsəyə çatdırdı, təhsil verdi onlara, hər birinin ev-eşik yiyəsi olmaqdan ötrü bacardığı hər şeyi etdi. Əli Səfəroğlu ömrünü, gününü onlara həsr edən bu böyük qadına həsr elədiyi şeirdə onu qiymətləndirməyə çalışır:
Nə böyük ipəyin var imiş sənin,
Sənsən ürəyimin ləyaqəti, ana!
Qəm-qüssə içində keçdi günlərin,
Könlümün, gözümün həsrəti, ana!
İsti qucağında yer verdin mənə,
Nurlu baxışından nur verdin mənə.
O şirin dilindən dil verdin mənə,
Heç nəylə ölçülməz qiymətin ana!
“Ana” kəlməsindən gəlirəm vəcdə,
Ana dərgahıdır Kəbə də, Həcc də.
Peyğəmbərlər sənə ediblər səcdə,
Sənsən bu dünyanın zinəti, ana!
Ulusan, gözəlsən, paksan, təmizsən,
Canımdan min dəfə mənə əzizsən.
Sən hikmət xanısan, ümman, dənizsən,
İlahi veribdir qüdrəti, ana!
Səfəroğlu düşüb qəm diyarına,
Uymadım dünyanın dövlət, varına.
Qoy durum, döşənim ayaqlarına,
Bəlkə mən də görüm Cənnəti, Ana!
Əli Səfəroğlu xalqının, elinin-obasının ruhu ilə yaşayan sənətkar idi. Heç vaxt özünü gözə soxmağı xoşlamazdı, kiminsə qapısını döyüb nəsə ummazdı. Çətinliklə yaşayırdı. Hər bir kəsə, o cümlədən hər şairə nəsib olmayan gözəl ömür sürdü. Onun qəzəlləri, şeirləri, gözəl sözləri indi toylarımızda, şənliklərimizdə daima oxunur, deyilir, səslənir...
Kökü güclü və dərinlikdə olan ağaclar çox yaşadığı kimi, ruhu xalqın ruhu ilə yaşayan, özünü xalqdan ayırmayan sənətkarlar da çox yaşayırlar. Əli Səfəroğlu da belə əbədi yaşam haqqını qazanan az-az şairlərdən biridir. Dünyasını çox cavan dəyişsə də, o çox dirilərdən fərqli olaraq yaşayır və yaşayacaqdır. Daima xatırlanır və xatırlanacaqdır! Onu yaşadacaq çoxlu gəraylıları, qoşmaları, təcnisləri, qəzəlləri, müxəmməsləri, poemaları var. Bir qismi çap olunsa da, böyük bir qismi çap olunmayıb. Yəqin ki, hansısa sözə, sənətə qiymət verə bilən bir imkanlı adam bu işə yardımçı olar. Ləyaqətli şair ömrü sürən Əli Səfəroğlunun da ruhunu şad edər, Əli Səfəroğlu sevənlərin də könlünü, qəlbini sevindirər.
Bütün həyatını dərd-sər, qəm-qüssə ilə “qol-boyun” yaşamış böyük şairə Allahdan qəni-qəni rəhmət diləyirik.
Dərdlər də müxtəlif olur dünyada,
Mənimki hər dərddən nəs olan dərddir.
Dərd var ki qonşu da bilməyir onu,
Dərd var ki yayılıb, səs olan dərddir.
Dərd var ömür boyu qalarsan darda,
Dərd var ki yandırar olsan da harda.
Dərd vr kömək etməz dövlət də, var da,
Qaralar bağlanıb yas olan dərddir.
Əli Səfəroğlu deyər müxtəsər,
Dərd var ki ağladar, bilin, sərasər.
Yüzü bir nəfərə eyləməz əsər,
Dərd var ki yüzlərə bəs olan dərddir.
Sahib Mürsəloğlu