Almaniya Federativ Respublikasının Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfirinin müavini Tərcümə Mərkəzinin direktoru Afaq Məsudla görüşüb. Kulis.Az-ın məlumatına görə görüş zamanı Mərkəzin direktoru yeni yaradılmış qurumun fəaliyyəti barədə qısa məlumat verərək, ədəbiyyatlararası mübadilələrin xalqlararası qarşılıqlı anlaşmaya müsbət təsirindən, tərcümə sənətinin unikallığından, bədii tərcüməyə gəlincə isə, bunun, ciddi sənət hadisəsi olduğundan danışıb. Alman-Azərbaycan ədəbiyyatlarının qarşılıqlı mübadiləsi zəmnində vacib bilinən işlərdən söz açaraq, rəsmini Mərkəzin bu günə qədər tərcümə etdiyi alman ədəbiyyatı nümunələri ilə, tərcüməsi gələn ildə nəzərdə tutulan növbəti layihələrlə tanış edib. “Mərkəz Azərbaycan ədəbiyyatının və dilinin dünya müstəvisinə mükəmməl formatda və tərcümədə çıxarılmasında, milli ədəbiyyatımızın beynəlxalq aləmdə malik olduğu səviyyədə tanıdılmasında maraqlıdır. Tərcümənin, əsərin bədii dəyərinin göstəricisi və təyinatçısı olduğunu nəzərə alaraq, bu prosesə tərcümə olunan dilin daşıyıcılarının – bədii tərcümə ustalarının, şair və yazıçıların cəlb edilməsi vacibdir”. Tərcümə sahəsində mövcud olan əngəlliklərin aradan qaldırılması məsələsinə gəlincə, direktor bu sahənin təhsil mərhələsindən başlayaraq təşkili, tərcümə spesifikliyinin aktuallaşdırılması, Azərbaycan dilinin tərcümə və yazı prosesində aşınmaya uğradılmasının qarşısının alınması üzrə nəzərdə tutulan işlərdən danışıb. “Bu sahədə daha fundamental sahman yaratmaq üçün ölkədə fəaliyyət göstərən tərcüməçilərin və əlaqədar tərcümə qurumlarının peşəkarlığı müəyyən olunmalıdır”.
Volfanq Mössinger öz növbəsində Azərbaycanda belə bir dövlət qurumunun yaradılmasının əlamətdar hadisə olduğunu qeyd edərək, tərcümə prosesinə dair bir sıra fikirlərini bölüşdü: “Biz burda tərcümədə yol verilən xətalarla tez-tez rastlaşırıq. Belə halların aradan qaldırılması üçün, əlbəttə ki, mütləq şəkildə ölkənin peşəkar tərcüməçiləri müəyyən olunmalıdır. Almaniyada tərcüməçilərə tərcüməçilik fəaliyyəti göstərmək üçün lisenziya verilir, onların şəxsi möhürü olur və belə bir möhürü olmayan tərcüməçilərin tərcümələri qəbul edilmir. Bu qaydanın, bir dövlət qurumu olaraq, sizin Mərkəz tərəfindən tətbiq edilməsi tərcümə sahəsində baş verən yalnışlıqların qarşısını alardı”. Səfir müavini, həmçinin, Tərcümə Mərkəzi ilə Höte İnstitutunun birgə həyata keçirə biləcəyi tərcümə layihələrindən söz açaraq, institutun hər il keçirdiyi tərcümə seminarlarına gənc azərbaycanlı tərcüməçilərin qatılmasını da, vacib sayıb. “Bu gün Almaniyada Azərbaycan dilini yüksək səviyyədə bilən peşəkar mütəxəssislər azdır. Ancaq Berlin Universitetində “Azərbaycan dili və ədəbiyyatı” kafedrası mövcuddur. Siz onlarla da əlaqə saxlaya, təcrübə mübadiləsi apara, həmin mütəxəssislərin köməyindən yararlana bilərsiniz. Bədii tərcümə çox çətin və incə prosesdir, bu işi sıravi tərcüməçilərə etibar etmək olmaz. Belə demək mümkünsə, tərcümə – incəsənət növüdür, yaradıcı münasibət tələb edir. Bu səbəbdən hər iki dilə tərcümə olunacaq əsərlər üzərində qarşılıqlı əməkdaşlıq vacibdir. Düşünürəm bu iş, əsasən, yazıçı-şairlərə həvalə edilməlidir”.
Daha sonra səfirlik rəsmisi Tərcümə Mərkəzinin Azərbaycanda fəaliyyət göstərən xarici vətəndaşlar üçün təşkil etdiyi kurslardan söz açaraq, bunun təqdirəlayiq hadisə olduğunu qeyd etdi. “Bu cür kurslara böyük ehtiyac var. Xarici ölkələrin Azərbaycandakı səfirliklərində çalışan vətəndaşları, müxtəlif xarici qurumların Azərbaycanda fəaliyyət göstərən nümayəndələri, xarici şirkətlərin rəhbərləri və əməkdaşları Azərbaycan dilini öyrənmək üçün ayrı-ayrı şəxslərə, yaxud, aşağı səviyyəli özəl kurslara müraciət etməli olurlar. İndi isə bu iş peşəkar bir qurum tərəfindən təşkil olunacaq. Və biz inanırıq ki, Tərcümə Mərkəzi ölkənin dil və tərcümə sahəsində hələ çox-çox təqdirəlayiq işlər görəcək”.