Əli Şirin Şükürlü
Qış nağılı – mücərrədlik
(şeir-esse)
X1. 2013-cü il yanvarın biri. gözlənilmədən üz alıram təbiətə
bakı – astara şossesi boyu. asta-asta sürürəm avtomobili.
yavaş-yavaş yaşayıram sakitlik içində. sükunətdən
zaman sızır varlığıma yenə də. çoxluqdan azlığa qaçıram.
amma azlığın da çoxluq olduğunu bilirəm. elə nöqtənin də.
hər şey nöqtədir əslində, nöqtədir – çoxluq şəklində.
X2. rayonun girişində plakat cəlb edir diqqətimi. doğrusu,
əvvəlcə kölgəsi dəyir gözümə iri bir nöqtə şəklində.
hər şeyin təsviri var. bəzən görünür, bəzən gizlənir
qeyri-müəyyənlikdə. görünür, hər şey kölgədir həm də. necə ki.
ölənlər yox olur kölgə şəklində ölüm adlı qeyri-müəyyənlikdə.
X3. dayanıram istisu yolundakı məzarlığın yanında. Sarəngi ziyarət
edirəm. Mir Kazım Bəy Aslanlı (1912 – 1975). unudulan şair, alim,
bəstəkar. əslində tamam unudulmayıb deyəsən. ağ büstün önündə
solmuş çiçəklər. ağ büstlü, qara taleli şair – kəlməsi qaçır dilimdən.
büstün önündəki solmuş çiçəklər yayındırır fikrimi. bir də məzar daşına
həkk olunmuş misralar:
ey yolçu, demə bu məzar kimindir,
ya bir məhkumun, ya hakimindir,
ölüm qabağına vüqarla çıxan,
sənin tanıdığın bir həkimindir.
X4. dolanbac yollardan keçirəm asta-asta. meşəni yaran yollardan.
yarıb əyilən yollardan. əyilib enən, enib sıçrayan yollardan. sonu
olmaz yolların, başlanğıcı da. sadəcə, qırılar hardasa. sonsuz uzanmaq
istəsə də düz xətt boyunca sınar hansısa nöqtədə. sındığı nöqtədə yeni
yol başlar. dağ, meşə, çay, dərə başlar. “geriyədönmə” ümidi yaşayar
keçilən yolların taleyində.
X5. dağların ətəyinə səpələnmiş ağaclar, ağaclar arasına səpələnmiş qar.
ağaclar – darıxmaq. “darıxmaq” çoxluq şəklində - meşə. qar dənələri – fanilik.
“fanilik” çoxluq şəklində - bəyazlıq. həsrət dilində danışır ağaclar, fanilik
dilində qar. həsrət və fanilik çox gözəl görünür buralarda. dayanıb qibtəylə
baxır sonsuz uzanan yollara ağaclar. ağaclar arasında əriyir qar, qoşulub
yollara gedir yenidən yağmur olmağa.
X6. çayın səsinə qulaq asıram. balaca bir körpü ayırır sudan
ayaqlarımı. çay axır, bir istiqamətli gedişlərdən xəbər verir.
“geriyədönməzlik” yazılıb taleyinə. balaca körpü – ayırır adamı
biristiqamətli gedişlərdən. əsil ayrılığın fəlsəfəsini açır aydınca.
çay axır şırıltıyla, nəsə söyləyir qaçaraq. ayrılığa tələsir sanki.
əbədi qəriblik – sürətlə ötüb keçən qatarın pəncərəsindən havaya
dağılan sədalar canlanır gözlərim qarşısında nədənsə.
dayanıb körpünün üstündə baxıram bir-birinin bənzəri, bir-birinin
təkrarı olmayan gedişlərə. nisgil dilində danışır körpü, vida dilində çay.
X7. bir neçə gün sonra ayrılıram qış nağılından.
azlıqdan çoxluğa üz alıram yaddaşımda X-ların
doğurduğu suallar. ağlımda sonsuz sualların cəmi -
vahid məchulluq: X = X1 + X2 + X3 + ...
X. vahid məchulluqdan doğar bütün suallar.