"Sub-incəsənət " kiçik xaotik esselər
Hər dəfə Köhnə Bayıl, sökülməkdə olan Sovetski, Bakı kəndləri və bu kimi yaddan çıxmış, unudulmuş məkanlardan keçəndə ara mədəniyyətinin hələ də var olduğunu görürsən. Tarix qoxuyan, yeraltı auralı küçələrdə qraffitilər, müxtəlif səpkili rəsmlər və ilaxır. Birdən araya göydələnlər girir, bütün "ara" mədəniyyətini, subkulturanı məhv edir. Metropolitan şəhərlər urban ərazilərə alternativ olaraq yaradılır, alt mədəniyyəti məhvə doğru gedir. Kapitalizm də elə bunu istəmirmi ? Həyat, sənət yeraltı küçələrdən inkişafa başlayır. Meşşanlar, ütülənmiş insanlar, burjuaziya tarixdə heç bir yeri tutmur.
Sənət cərəyanları, xaotik konseptlər və ilaxırlar, sizcə, oliqarx poetikanın nəticəsidirmi ? Qəti olaraq deyirəm: Xeyr.
Birləşmiş Ştatlarda kənardan yalançı "şəhərkənarı" görüntüsünü yaradan suburban, "ailə kəndləri" kimi tanınan ərazilər salınır. Underground ərazilər məsələn: Westside kimi ərazilər yox edilməyə çalışır. Mafiyanın, narkobiznesin inkişaf etdiyi bu ərazilərdə paralel olaraq sənət də inkişaf edir. Amerikada və ya dünyada repə qulaq asanların düşüncə səviyyəsi, sənət anlayışı, İQ-su açıq-aşkar tele-şoulara, pop musiqiyə qulaq asanlardan bir neçə baş üstündür. Yeri gəlmişkən, asta-asta üst kulturaya addımlayan "Jazz" da subkultura ənənəsidir. Məncə, bəsdir.
***
Ədəbiyyat. Müharibə. Xaotika.
Orta qeydi: Bilirəm, müharibə mövzusu unudulub. Amma yeni bir müharibə yeni ədəbiyyat deməkdir. Bir növ öncəgörmə.
Hadisə və hadisənin fəsadları. Müharibə və müharibənin fəsadları. Bu iki sənət konsepti yaradıcılar arasında bölünüb. Yazıçılar bu keyfiyyətə görə bir növ parçalanıblar.
Klassik və avanqard.
Həmişə yazıçıların öngörücü olmalarından şübhələnmişəm. Bir növ hipotezdir və bir növ də aksiomdur.
Dostoyevski müharibənin fəsadlarının olacağından, Tolstoy isə müharibənin olacağından xəbər verirdi.
Dostoyevski subkulturadan, xaosdan, Tolstoy isə burjuaziyadan yazırdı.
Artıq 20-ci əsr idi. Xəbərdarlıqdan sonrakı dövr idi. Bekket, İonesko və s. hadisənin fəsadlarından yazırdı. Heminquey isə hadisədən yazırdı. Müharibədən.
Heminquey və Tolstoy klassikdir. Dostoyevski isə avanqardçıların atasıdır.
Son olaraq. Sənət bizə müharibəni yox, onun estetikasını göstərir.
***
Şekspirə göndəri.
Qaranlıq otağa, kənar bir aləmə baxmağa oxşar sənət. Stolun üzərində növbənöv musiqi valları, dahilərin divardan asılmış rəsm əsərləri, televizorda möhtəşəm filmlər.
- Bəs teatr ?
- Sən elə teatrdasan.
***
Mədəniyyət, tarix yaranmalıdır və sonra hərə öz seçimini etməlidir. Cərəyanlar da bunu deyir. Hərənin sənətə bir baxış üslubu var. Amma bunun üçün ilk öncə mədəniyyət yaranıb, bitməlidir. Situasiyaya girməli, situasiyada olmalı və situasiyadan çıxmalısan. Sonra özünə kənardan baxmalısan. Özünü tapdınsa davam etməlisən. Öz üslubunu müəyyənləşdirməlisən. Öz həyat fəlsəfəni.
***
Təsəvvüf və fəlsəfə
Nəsihət və dini fəlsəfə adı ilə itələyib atmaq istəyirik dünya nəzəriyyəsinə. Sizcə, ağır proseslərdən keçmiş, xaosdan nizam yaradan bir dünya buna aldanarmı ?
Yaxın Şərqdə dərinlik illüziyası yaratmış nəsnələr əslində çox dayazdır. Qərb bu vəziyyətə yalnız gülür.
Emin Əliyev